Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1302/2021 11.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçı Ahmed Haytaoğlunun iştirakı ilə, İddiaçı Ahmed Haytaoğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ahmet Haytaoğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10095 manat vurulmuş zərər məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin noyabr ayının 15 və 16-da Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi 21 nömrəli evin 2-ci mərtəbəsində yerləşən ona məxsus olan mənzilə yuxarı mərtəbədən su axıdılmışdır. Bunun nəticəsində ona külli miqdarda zərər dəymişdir. Mənzilin sahibi Cavabdeh2dır, fakitiki olaraq mənzildə onun qızı Cavabdeh1 yaşayır. Su axıdılması nəticəsində onun evinin bütün sahələrinə çox ciddi zərər vurulmuşdur. Dərhal bu barədə 8 saylı MKİ Sahəsinə müraciət etdi. 8 saylı MKİS rəisi və mühəndisi gəlib onun evinə baxış keçirdilər. Həqiqətən də su axıdılması və bunun nəticəsində maddi zərər vurulması faktı ilə bağlı müvafiq akt tərtib etdilər. Aktda qeyd olunmuşdur ki, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka üst mərtəbədən su axması nəticəsində təmirdə qabarmalar əmələ gəlmişdir, pol yararsız hala düşmüşdür. Kənardan vizual görünüşə görə də suyun axması cavabdehlərə məxsus mənzildən olmuşdur, cavabdeh mənzilinin su təchizatının vəziyyətinə nəzarət etməməsi nəticəsində, cavabdehin mənzilinin düz altında yerləşən ikinci mərtəbədəki onun mənzilini su basmışdır. Onun mənzilini su basması nəticəsində hər iki otaqdakı və girişdəki divarlar yararsız hala gəlmişdir, həmçinin buradakı alçıpan tavan da yararsız hala gəlmişdir. Ona vurulmuş zərər aşağıda qeyd olunmuş məbləğdədir: 1) 3 ədəd qapı - bir ədədin qiyməti 400 manat olmaqla cəmi 1200 manat; 2) 45 kv. metr parket bir kv.metr 25 manat olmaqla cəmi 1125 manat; 3) Usta üçün xidmət haqqı 270 manat; 4) Qaz üçün boruların alınması xərci 150 manat; 5) Qaz üçün usta xidmət haqqı 200 manat; 6) Hamam üçün paroq 50 manat; 7) Plintus 150 manat; 8) Kollektor sisteminin qurulması 150 manat; 9) Lak şlifovka usta pulu 400 manat; 10) Eyvanda mərmər 100 manat; 11) Mətbəxin tavanı və mətbəxin döşəməsi 3000 manat; 12) 45 ədəd razetka bir ədədin qiyməti 3 manat olmaqla cəmi 150 manat. Cavabdehin təqsirkar hərəkətləri nəticəsində o öz evində yaşaya bilmir. Cavabdehin ona vuruduğu zərərə görə ümumilikdə 10095 manat borcu vardır. 8 saylı MKİS nümayəndələrinin tərtib etdiyi aktla müəyyən olunmuşdur ki, cavabdehin mənzilindən onun mülkiyyətində olan və yaşadığı yaşayış sahəsinə su sızması təsdiq olunduğundan, müvafiq olaraq həmin sızıntı nəticəsində onun əmlakına vurulmuş maddi zərərə görə də cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Buna görə də, məhkəmə cavabdehlərin iclasa gəlməməsini üzrsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan MH seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bünyat Sərdarov küçəsində istifadədə olan 0.025 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 3 mərtəbəli binada yerləşən 66.5 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 4 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Ahmed Haytaoğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 689 nömərli reyestr kitabının 64983 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddia tələbinə mahiyyəti üzrə baxılması və obyektiv qərar qəbul edilməsi üçün xüsusi bilik tələb olunduğundan məhkəmənin 02.06.2021-ci il tarixli qərardadı ilə iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Bünyat Sərdarov küçəsi, ev 21, mənzil 4-də yerləşən mənzilənə ziyan dəyməsini, əgər dəymişdirsə, həmin ziyan üst mərtəbədə yerləşən Cavabdeh2 məxsus mənzildən su axıdılması nəticəsində yaranmasını, təmir xərcinin nə qədər təşkil etməsi və ziyan dəymişdirsə həmin əşyaların dəyəri və usta xərcini müəyyən etmək məqsədilə iş üzrə kompleks məhkəmə tikinti-texniki və əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişşdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin iş materiallarına əlavə olunmuş 10/3429 saylı 01.09.2021-ci il tarixli rəyindən görünür ki, iddiaçıya məxsus 4 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 6 saylı mənzilin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 4 saylı mənzilin yaşayış otaqları və yardımçı tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 21 saylı evin 4 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 6 saylı mənzildən su axıdılığı və nəticədə 4 saylı mənzilin yaşayış otağı, dəhliz və sanitar-qovşağı tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 21 saylı evin 4 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmin tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 4566,0 manat məbləğində müəyyən olunmuşdur. Əmlak Ekspert Mərkəzinin iş materiallarına əlavə olunmuş ƏEM/S 53-904/21 saylı 20.09.2021-ci il tarixli rəyindən görünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 21 saylı evin 4 saylı mənzilində yerləşən aşağıdakı əşyalara: 1 ədəd qapıya, 6 metr qaz borusuna, hamam üçün 1 metr paroqa, 1 ədəd kollektor sisteminə, 5 ədəd razetkaya dəyən ziyan 649,0 manat təşkil edir, o cümlədən qeyd olunan əşyaların bazar dəyəri 479 manat, usta xərci 170,0 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə görə isə əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə verilmiş ekspertiza rəyi əsas götürülməklə iddia qismən təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Həmçinin qeyd olunmalıdır ki, Azərbayjan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) və 150 (yüz əlli) manat pul vəsaiti də cavabdehlərdən tutulmalıdır. Beləliklə, iş üzrə toplanmış sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehlərin mənzilindən iddiaçının mənzilinə su axıdılması nəticəsində iddiaçıya dəymiş zərəin əvəzi olaraq 5215 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzilə dəymiş zərərin əvəzi olaraq 5215 (beş min iki yüz on beş) manat tutularaq iddiaçı Haytaoğlu Ahmedə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" MMC-nin aşağıdakı hesabına köçürülsün: VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY Bank ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAA22. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1302/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1302/2021
11.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver