Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1306/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh «Atəşgah Sığorta Şirkəti” ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh «Atəşgah Sığorta Şirkəti” ASC-yə qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 29 fevral 2020cı il tarixdə saat 21:00 radələrində İddiaçı evində baş vermiş yanğın nəticəsində evinə ciddi maddi ziyan dəymişdir. O, evini RAT********** nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası şəhadətnaməsi əsasında «Atəşgah Sığorta Şirkəti” ASC tərəfindən sığorta məbləği 15000.00 manat olmaqla 31.01.2019-30.12.2020-ci il tarixlərə sığorta elətdirmişdir. Sığorta haqqı 30 manat olmaqla İddiaçı tərəfindən «Atəşgah Sığorta Şirkəti” ASC -yə ödənilmiş və Şəhadətnamə ona təqdim olunmuşdur. Lakin «Atəşgah Sığorta Şirkəti” ASC tərəfindən İddiaçı sığorta etdirdiyi evə dəymiş maddi ziyan ödənilməmişdir. Dəfələrlə «Atəşgah Sığorta Şirkəti” ASC-yə rəsmi məktubla müraciət etməyinə baxmayaraq sığorta şirkəti məktubuna cavab verməmiş və beləliklə də sığorta pulunu ödəməkdən imtina etmişdir. Bütün bunları nəzərə alaraq İddiaçı məhkəmədən RAT********** nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası şəhadətnaməsi əsasında «Atəşgah Sığorta Şirkəti” ASC tərəfindən sığorta məbləği 15 000.00 manat olmaqla dəymiş maddi ziyan üzrə pul vəsaitinin «Atəşgah Sığorta Şirkəti” ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh «Atəşgah Sığorta Şirkəti” ASC etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “dəymiş ziyan üzrə pul vəsaitinin ödənilməsinə dair” iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazını belə əsaslandırmışdır ki, «Atəşgah Sığorta Şirkəti” ASC nümayəndələri tərəfindən iddiaçıya məxsus əmlaka baxış keçirilmiş və dəymiş zərər 364 manat məbləğində müəyyən edilmişdir. Sığorta şəhadətnaməsində göstərilən 150 AZN azadolma məbləği və 0,19 AZN bərpa məbləği zərər məbləğindən çıxarılaraq, 213,81 AZN sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı məhkəməyə təqim etdiyi zərər aktında dəyən zərərin həcmi 4385 manat olduğunu bildirsə də, iddia ərizəsinin xahiş hissəsində iddianın sığorta şəhadətnaməsində göstərilən 15000 manat sığorta məbləği həddində təmin edilməsini əsassız olaraq xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 etiraz ərizəsinə uyğun izahat verərək, təmin olunacaq məbləğdən ödənilmiş məbləğin çıxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 21 iyun 2021-ci il tarixli iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, Sığorta şirkətinin əməkdaşları hadisədən sonra gəlib çəkiliş edib getmişlər. Sonra 217 manat pul hesabladılar. 42 saylı TTS-nin rəisi gəlib baxış keçirdərək 4385 manat pul hesablamışdır. Qanunla dövlət tərəfindən qeydiyyatdan keçmiş şəxsdir. Lakin sığorta şirkətinin nümayəndəsi düzgün hesablamamışdır. Əgər 200 manata təmir etmək olursa gəlib etsinlər, yemək-içməklərini o qarşılayacaq. Ev tamamilə yanıb, hələ də təmir olunmayıb. Ona görə də, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, cavabdehin nümayəndəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə RAT********** nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası şəhadətnaməsindən görünür ki, İddiaçı məxsus Qax rayonu, Əmircan ərazi dairəsi, Əmbərçay kəndində yerləşən yaşayış evi "xxxx" ASC tərəfindən sığorta məbləği 15000 manat olmaqla 31.01.2019-30.12.2020-ci il tarixlərə sığorta edilmişdir. İş üzrə İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 22.07.2020 və 15.09.2020-ci il tarixli ərizələrdən görünür ki, İddiaçı 29 fevral 2020-ci il tarixdə saat 21:00 radələrində evində baş vermiş yanğın nəticəsində dəymiş ziyanın ödənilməsini "xxxx" ASC-dən tələb etmişdir. İş üzrə Qax rayon İcra Hakimiyyəti Əmircan kənd inzibati dairəsi üzrə nümayəndəliyinin 29.12.2019-cu il tarixli, 719 saylı Arayışından görünür ki, İddiaçı Əmbərçay kəndində 2003-cü ildə tikilmiş, 4 otaqlı, ümumi sahəsi 162 m2 olan fərdi yaşayış evi vardır. İş üzrə 05.03.2020-ci il tarixli Zərər aktından görünür ki, İddiaçı məxsus yaşayış evinə yanğın nəticəsində dəymiş zərərin məbləği 4385 manatdır. İş üzrə 10 mart 2020-ci il tarixli Hadisə nəticəsində əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabatdan görünür ki, yanğın nəticəsində dəymiş zərər 364 manat məbləğində müəyyən edilmişdir. İş üzrə "xxxx" ASC-nin 086899 saylı Sığorta aktından görünür ki, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 364 AZN-dir. Sığorta ödənişinin məbləği isə 150 AZN azadolma məbləği və 0,19 AZN bərpa məbləği zərər məbləğindən çıxarılaraq, 213,81 AZN təşkil edir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06.10.2021-ci il tarixli, 10/3425 saylı Rəyindən görünür ki, Qax rayonu, Əmbərçay kəndi ərazisində yerləşən fərdi yaşayış evində yanğın hadisəsi nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği bazar qiymətlərinə uyğun olaraq təqribən 3278.00 manat məbləğində müəyyən edilmişdir. (təhqiqatın dəyəri 50 manat) İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş sığorta hadisəsi zamanı onun əmlakına 15000 manat ziyan dəydiyi üçün 15000 manatın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Qanunun 35.1-ci maddəsinə görə daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisə daşınmaz əmlakın icbarı sığortası ilə bağlıdır. Həmçinin məhkəmə qeyd edir ki, baş vermiş hadisənin sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mənzilin təmirinə 15000 manatdan artıq xərc çəkiləcəyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, vurulmuş real ziyan məbləğinin 3278 manat olması müəyyən edildiyindən, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı hesabına köçürülmüş 213,81 manat çıxılaraq ödənilməli olan sığorta ödənişi məbləği 3064.19 manat həddində olmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Sığorta Şirkəti ASC-dən 3064.19 manat sığorta ödənişi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci, 50 manat Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Sığorta Şirkəti ASC-dən 3064.19 manat sığorta ödənişi və 20 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Keçirilmiş məhkəmə tikinti-texnikası ekspertizası xərci, 50 manat Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1306/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1306/2021
29.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver