Məhkəmə qərarları › İş №2(009)-1307/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1307/2022

05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1307/2022 05.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 1750 (min yeddi yüz əlli) manat məbləğində borcun və ödənilmiş 40 (qırx) manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə hərbi xidmət dövründə tanış olmuşdur. Belə ki, cavabdeh onunla bir yerdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət etmişdir. Onlar xidmət etdikləri dövrdə aralarında səmimi münasibətlər yaranmışdır. Belə ki, Cavabdeh ona özünə toy edəcəyini və bunun üçün ona borc pul lazım olduğunu və ona borc pul verməsini xahiş etmişdir. O, da cavabdehlə aralarında olan səmimi münasibətə görə ona inanmış və ona 2021-ci ilin may ayında onun istədiyi məbləğdə, yəni 1750 manat pul vermişdir. Cavabdeh ona toy etdikdən dərhal sonra ona olan borcunu qaytaracağını bildirmişdir. Bir müddət sonra Cavabdeh işdən çıxmış və bundan sonra onun zənglərinə cavab verməmişdir. Bununla bağlı, yəni ondan 1750 manat pul alması barədə Cavabdeh rəsmi qəbz də vermişdir. Lakin, bu günə qədər Cavabdeh ona olan borcunu qaytarmamışdır. Odur ki, məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı və nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən yazılmış və imzalanmış xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, o, İddiaçı qaytaracağını qeyd etməklə ümumilikdə 1750 (bir min yeddi yüz əlli) manat məbləğində borc pul almışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə yazdığı və imzaladığı qəbzə əsasən İddiaçı avqustun 15-də qaytaracağını qeyd etməklə 1750 (bir min yeddi yüz əlli) manat məbləğində borc pul almış və hazırkı vaxtadək həmin borcu qaytarmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi tərəflər aralarında razılığa gəlməklə Cavabdeh xx.xx.2021-ci il tarixdə yazdığı və imzaladığı qəbzə əsasən İddiaçı yaxın zamanda - 15 avqustda qaytaracağını qeyd etməklə 1750 (bir min yeddi yüz əlli) manat məbləğində borc pul almış və qaytaracağına dair öhdəlik götürmüşdür. Məhkəmə tərəflər arasında tərtib edilmiş qəbzi, onlar arasında bağlanmış maddi məsuliyyət – borc haqqında müqavilə kimi qiymətləndirir və hesab edir ki, tərəflər arasında borc müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmış, cavabdeh həmin öhdəliyi yerinə yetirməmiş və 1750 (bir min yeddi yüz əlli) manat məbləğində borcunu iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. (MM 427.2.) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, Cavabdeh 1750 (bir min yeddi yüz əlli) manat məbləğində pulu iddiaçıya qaytarmasına dair öhdəlik götürməsi, həmin məbləği hazıradək qaytarmaması məhkəmə iclasında tədqiq edilmiş sübutlar və iş materialları ilə, o cümlədən iddiaçının izahatı, yazılı formada tərtib edilmiş və imzalanmış qəbzlə öz təsdiqini tapır. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı 1750 (bir min yeddi yüz əlli) manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır və 1750 (bir min yeddi yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1750 (bir min yeddi yüz əlli) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 40 (qırx) manat pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1750 (bir min yeddi yüz əlli) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 40 (qırx) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar