Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-131/2023 27.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, İddiaçı Süleyman qızının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Süleyman qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Süleyman qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hundayi Sonata markalı, EL-033 İK dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhdud Məsuliyyəti Cəmiyyətindən müştərək qaydada 20.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində, saat 14:00 radələrində, iddiaçıya məxsus Hundayi Sonata markalı, EL-033-İK nömrəli avtomobili etbarnamə ilə idarə edən X5 Bakı şəhəri, H.Əliyev prospektində, Sabunçu rayon ərazisində mərkəz istiqamətində 90 km/saat sürətlə öz hərəkət zolağı ilə hərəkətdə olarkən Cavabdeh1 idarə etdiyi KİA Oprima ** CK *** dövlət qeydiyyat nişanlı avtomobili yüksək sürətlə idarə edərək, iddiaçıya məxsus avtomobili arxa hissəsindən vurmuş, nəticədə X2 idarə etdiyi avtomobil yolun ortasında dövrə vuraraq sağ tərəfində quraşdırılmış dəmir dirəklərə çırpılmışdır. Hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə maddi zərər dəymişdir. Hadisə ilə bağlı Bakı şəhəri DYPİ əməkdaşı araşdırma aparmış və müəyyən olunmuşdur ki, baş vermiş yol nəqliyyat hadisəsində təqsirkar Cavabdeh1dur. Bakı şəhəri DYPİ əməkdaşı tərəfindən tərtib edilən protokol və qərarla cavabdehin əməli İXM-nin 327.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Qəza zamanı iddiaçıya məxsus Hundayi Sonata markalı, EL- 033-İK nömrəli avtomobilə 20.000 manat ziyan dəymişdir. Toplanmış sənədlərdən sübut olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsində təqsirkar Cavabdeh1dur. Həmçinin sənədlərdən görünür ki, Tərtər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh1 nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətində - xx.xx.2020-ci il tarixinədək məhdudlaşdırılmışdır. Lakin, Cavabdeh1 sürücülük vəsiqəsini təqdim etmədiyi üçün həmin qərar icra olunmamışdır. Qərar ica olunmadığı üçün də Cavabdeh1 tətbiq edilən intizam tənbehi hələ qüvvədədir, yəni o, intizam tənbehini icra etməmişdir, bu səbəbdən o, hadisəni törətdiyi xx.xx.2022-ci il tarixdə də qüvvədə olan məhkəmə qərarına əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs hesab olunur. Cavabdeh1 sürücülük hüququ olmamasına baxmayaraq, Cavabdeh2 MMC şirkətə məxsus olan KİA optima markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 idarəçiliyinə verərək qanunvericiliyin tələbini pozmuşdur. Sürücülük hüququ olmayan şəxsə avtomobili verən BAKU CARS 066MMC yüksək təhlükə mənbəyinin avtomobilin sahibi kimi vurulmuş zərər üzrə maddi məsuliyyət daşıyır. Odur ki, iddia tələbini hər iki cavabdehə qarşı yönəldir. Hundayi Sonata markalı, EL-033 İK dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətndən müştərək qaydada 20.000 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, ona məxsus avtomobilə dəymiş maddi ziyana görə 20 000 manat və mənəvi ziyanın əvəzi olaraq 5000 manat məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməyərək, lakin öz iddia tələbinə qarşı etirazını təqdim edərək bildirmişdir ki, həmin işdə cavabdeh qismində Baku Cars 066 MMC-nin qoyulması qanunsuzdur. Belə ki, həmin yol nəqliyyat hadisəsi zamanı Kia Optima markalı **-CK-*** Dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortasının olmaması Baku Cars 066 MMC-nin yox, nəqliyyat vasitəsinin mülkiyyətçisi olan X3 öhdəliyinə düşür. Əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Sığorta Haqqında qanuna əsasən İcbari qaydada sığortalanmış nəqliyyat vasitəsinə dəymiş zərər 5000 (beş min) manata qədər olarsa həmin zərər sığorta tərəfdən qarşılanır. Qalan məbləğ isə qanunvericiliyə uyğun olaraq sığorta hadisəsində təqsiri olan şəxsdən alınır. İddiaçı Süleyman qızının iddiasını rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan 202 nömrəli, xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 MMC şirkəti ona məxsus olan Kia Optima markalı **-CK-*** qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının hüdudlarında AE 238130 nömrəli sürücülük vəsiqəsinin sahibi Cavabdeh1 xx.xx.2022-ci il saat 18-00 tarixindən, xx.xx.2022 saat 21-00 tarixinədək idarə etməyi həvalə etmişdir. İş materiallarında olan DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən DİN Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol polisi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 016-38214-1222 saylı məktubdan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh1 xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AE 238130 nömrəli «VC» kateqoriyalı sürücülük vəsiqəsi vermiş, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2020-ci il tarixdə Tərtər Rayon Məhkəməsi tərəfindən 6 ay xx.xx.2020-ci il tarixədək məhdudlaşdırılsa da, sürücülük vəsiqəsi qərara əlavə edilməmişdir. Cavabdeh1 sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə vermədiyinə, eləcə də sürücülük vəsiqəsini aidiyyatı üzrə təqdim etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 153.3-cü maddəsinin tələblərinə əsasən onun sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmış və müddətinə axımı həmin sürücülük vəsiqəsi ondan alındıqdan sonra başlayacaqdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP ******* №-li qərardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan “Auto Azərbaycan” şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, Hundayi Sonata markalı, EL-033-İK dövlət qeydiyyat nişanlı avtomaşının cəmi təmir xərcləri 17 237,00 manat məbləğində təşkil edir. İş üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizsıa Mərkəzinin xx.xx.2023-ci il tarixli, 9/9414 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan «Auto Azərbaycan» şirkətinin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Hyundai Sonata” markalı, EL-033 İK dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 15437,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfındən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fıziki və hüquqi əxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fıziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, xx.xx.2022-ci il tarixində, iddiaçıya məxsus Hundayi Sonata markalı, EL-033-İK nömrəli avtomobili etbarnamə ilə idarə edən X5 Bakı şəhəri, H.Əliyev prospektində, Sabunçu rayon ərazisində mərkəz istiqamətində hərəkətdə olarkən Cavabdeh1 Cavabdeh2 MMC şirkətinə məxsus olan KİA Oprima ** CK *** dövlət qeydiyyat nişanlı avtomobili yüksək sürətlə idarə edərək, iddiaçıya məxsus avtomobili arxa hissəsindən vurmuş, nəticədə X2 idarə etdiyi avtomobil yolun ortasında dövrə vuraraq sağ tərəfində quraşdırılmış dəmir dirəklərə çırpılaraq əzilmışdır. Avtomaşının əzilməsi nəticəsində iddiaçıya ziyan dəymişdir. İddiaçıya məxsus avtomobilə dəymiş ziyanla bağlı məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-ci il tarixli, 9/9414 saylı rəyindən görünür ki, iş materiallarında olan «Auto Azərbaycan» şirkətinin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Hyundai Sonata” markalı, EL-033 İK dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 15437,0 manat müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus 2012-ci il buraxılışlı “Hyundai Sonata” markalı, EL-033 İK dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği, eksper rəyi ilə müəyyən olunmuş məbləğ, yəni 15437,0 manat əsas götürülməklə müəyyən olunmalı və həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın mənəvi ziyan tələbi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izah etdi ki, cavabdehlərin hərəkəti nəticəsində iddiaçıya mənəvi ziyan dəymişdir ki, həmin ziyanın əvəzi kimi 5000 manat onun xeyrinə tutulmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X4 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, iddiaçı mənəvi zərərə görə cavabdehlərdən onun xeyrinə 5000 manat tutulması barədə tələb irəli sürsə də, bununla yanaşı, cavabdehin hərəkətləri ilə bağlı mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir, ona görə də, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən 15437,0 manat tutularaq İddiaçı Süleyman qızına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada maddi zərərə görə 15437 (on beş min dörd yüz otuz yeddi) manat tutularaq İddiaçı Süleyman qızına ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SWİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №2(009)-131/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-131/2023
27.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver