Məhkəmə qərarları › İş №2(009)-1314/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1314/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1314/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə Cavabdehin nümayəndəsi T.C.Quliyevin iştirakı ilə İddiaçı cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-na qarşı pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-na qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Prezdentinin “Azərbaycan Republikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli, 551 nömrəli Fərmanının icrası nəticəsində İddiaçı “xxxx” ASC-dəki xarici valyutada olan kredit borcu üzrə 1099.05 manat məbləğində kompensasiya məbləği hesablanmışdır. Eyni zamanda hesablanmış həmin kompensasiya guya İddiaçı QSC “Bank Standard” KB-na olan və ödəniş müddəti keçmiş 5883 manat əsas kredit borcunun ödənilməsieə yönəldilmiş və beləliklə də həmin pul məbləği İddiaçı verilməmişdir. Halbuki iddiaçının QSC “Bank Standard” KB-na hər hansı borcu olmamış və kompensasiya məbləğinin mövcud kredit borcuna görə silinməsi qanunsuz olmuşdur. Buna görə də o, cavabdeh “xxxx” ASC və QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13.01.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Daşa sonra o, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.03.2020-ci il tarixli, 2(103)-2981/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, İddiaçı banka borcunun olmaması əsası ilə iddia tələbi qismən təmin edilərək, onun kredit öhdəliklərinə xitam verilmişdir. Bu qətnamədən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26.10.2020-ci il tarixli, 2(102)-4653/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra 28.10.2020-ci il tarixdə iddiaçı ərizə ilə ləğv prosesində olan QSC “Bank Standard” KB-na müraciət edərək, 1099,05 manat pulun ona ödənilməsini xahiş etmiş, lakin iddiaçının həmin müraciəti bu günədək cavablandırılmamışdır. Ona görə də bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, İddiaçı QSC “Bank Standard” Kommesriya Bankı qarşısında hər hansı kredit öhdəliyi olmadığı halda mübahisələndirilən pul cavabdehin hesabına qanunsuz və əsassız olaraq ödənilmiş və bununla da o, İddiaçı hesabına əsassız varlanmışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xxxx MMC-nin və problemli kreditlərin kompensasiya haqqında çıxarışlardan da göründüyü kimi, 19.04.2019-cu il tarixdə 1099,05 manat pul ləğv prosesində olan QSC “Bank Standard” KB-nın borclarının ödənilməsinə yönəldilmişdir. Ona görə də sözügedən kompensasiya məbləği cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-dan iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-dan 1099,05 manat, həmin pulun gecikdirilməsinə görə hesablanmış 109 manat və ödənilmiş dövlət rüsumuna görə isə 30 manat olmaqla, cəmi 1.238,95 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə ünvanlandığı notariat qaydada təsdiq edilmiş ərizəsində işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının “xxxx” ASC-də xarici valyutada olan kredit borcu üzrə X1 uyğun hesablanmış kompensasiya məbləği 1099 manat qanuni əsaslarla iddiaçının “Bank Standard” KB-də olan və ödənilməmiş 5883 manat borcun bir hissəsinə yönəldilmişdir. Bu ödənişdən sonra 4783 manat iddiaçının borcu qalmışdır. Yəni kompensasiyanın digər bankda olan öhdəliyə yönəldilməsi2019-cu ildə tam qanuni olmuşdur. Bundan sonra iddiaçının iddia tələbinə baxarkən məhkəmələr qətnamə qəbul etmiş, qətnamə qanuni qüvvəsini 2020-ci ildə almışdır. Yəni pulun köçürülməsi məhkəmə qətnamələrindən əvvəl həyata keçirilmişdir. Bu səbəbdən hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasının “Problemli kreditlərin kompensasiyası” haqqında çıxarışdan görünür ki, İddiaçı “xxxx” ASC ilə bağlanmış müqavilə əsasında xarici valyutada əsas kredit borcları üzrə 21.02.2015-ci il tarixə ödənilməli olan 1099,05 manat kompensasiya məbləği hesablanmış və həmin borc ləğv prosesində olan QSC “Bank Standard” KB-yə olan ödəniş müddəti keçmiş əsas kredit borclarına yönəldilmişdir. İş üzrə xxxxnun Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışdan görünür ki, İddiaçıla QSC “Bank Standard” KB arasında 18.11.2008-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən onun 21.10.2019-cu il tarixə banka 4783,95 manat əsas, 2610,62 manat faiz borcu olmaqla, ümumilikdə 7394,57 manat borcu yaranmışdır. İş üzrə Nəsimi rayon Məhkəməsinin 2(009)-842/2020 saylı, 13.01.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bank və “xxxx” MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və “xxxx” ASC-yə qarşı “kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi və kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası təmin ediməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2981/2020 saylı, 12.03.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-842/2020 saylı iş üzrə 13.01.2020-ci il tarixli qətnaməsi “18.11.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə kredit öhdəliklərinə, həmin müqavilənin təminatı olaraq bağlanmış ipoteka müqaviləsi əsasında “Mercedes 180” markalı, ** CJ *** dövlət nömrə nişanlı avtomobil üzərində olan ipotekaya xitam verilməsi, kredit və ipoteka müqavilələri üzrə aktiv öhdəliklərinin olmasına dair xxxxnun Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyici hesabatın AKB MKR-yə təqdim edilməsi vəzifəsinin Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi” tələblərinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunmuş, həmin iddia tələbləri təmin edilmiş, İddiaçı ilə QSC “Bank Standard” KB arasında bağlanmış 18.11.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə kredit öhdəliklərinə, həmin müqavilənin təminatı olaraq bağlanmış ipoteka müqaviləsi əsasında İddiaçı məxsus “Mercedes 180” markalı, ** CJ *** dövlət nömrə nişanlı avtomobil üzərində olan ipotekaya xitam verilmiş, kredit və ipoteka müqavilələri üzrə aktiv öhdəliklərinin olmasına dair xxxxnun Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyici hesabatın AKB MKR-yə təqdim edilməsi vəzifəsi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumlarının əvəzi qismində (bank xidmət xərci ilə birlikdə) 25,80 manat Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilmişd ir.Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçının cavabdeh qismində göstərdiyi subyektlərin heç biri – nə Əmanətlərin Sığortalanması Fondu, nə də “xxxx” ASC – müvafiq kompensasiya məbləğinin hesablanmasında (köçürülməsində) iştirak etmirlər və iddiaçının qarşısında məsuliyyət daşıya bilməzlər. İddiaçının “xxxx” ASC qarşısında xarici valyutadakı əsas kredit borcu üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının icrası qaydasında hesablanmış 1099,05 manat kompensasiya Əmanətlərin Sığortalanması Fonduna deyil, ləğvetmə prosesində olan QSC “Bank Standard” KB-yə ödənilmiş, lakin iddiaçı həmin banka qarşı tələb irəli sürməmişdir; hər hansı iddia tələbi isə məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürdüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4653/2020 saylı, 26.10.2020-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2981/2020 nömrəli iş üzrə 12.03.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin edilməmiş hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının “xxxx” ASC qarşısında xarici valyutadakı əsas kredit borcu üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemləri kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 28.02.2019-cu il tarixli 551 No-li Fərmanın icrası qaydasında 1099,05 manat kompensasiya hesablanmış və həmin məbləğ onun ləğv prosesində olan QSC “Bank Standard” KB-yə olan irəli sürülməsi üçün ödəniş müddəti keçmiş əsas kredit borcuna yönəldilmişdir. Məhkəmə iclasında eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, İddiaçı 18.11.2018-ci il tarixdə QSC “Bank Standard” KB ilə bağladığı kredit müqaviləsi üzrə öhdəliklərə icra müddətinin başa çatması əsası ilə xitam verilmiş olduğu nəticəsinə gəlinmişdir. Belə ki, həmin qətnamələrlə “xxxx” mərkəzləşdirilmiş kredit reyestrində çıxarışda iddiaçıya dair əks olunan məlumatların məhz banklar tərəfindən ötürülən informasiya əsasında formalaşması və düzgünlüyünün başqa sübutlarla təsdiq olunmadığı halda mötəbər sübut qismində çıxış edə bilməməsi qeyd edilmiş, Mülki Məcəllənin 385, 527.1, 552.1-ci maddələrin tələblərini əsas tutmaqla iddiaçının cavabdeh bank qarşısında öhdəliyinin olmaması qənaətinə gəlinmişdir. Həmin mülki iş üzrə tələb eyni zamanda kompensasiyanın hesablanmış məbləğinin mövcud olmayan öhdəliklərə əsassız olaraq yönəldiyindən, həmin məbləğin Əmanətlərin Sığortalanması Fondundan tələb edilmə hissəsi üzrə təmin edilməməsinin əsası kimi ƏSF-nun həmin tələbə cavabdehlik daşıyan hüquqi şəxs olmaması qənaətinə gəlinməsi olmuşdur. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Həmçinin qeyd edilməlidir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir. Mülki Prosessual Məcəllənin sübut etməkdən azad olmaq üçün əsasları müəyyən edən 82.3cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsinin formalaşan hüquqi mövqeyindən göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi eyni tərəflər arasında eyni predmet barəsində olan mübahisəyə dair çıxarılmış qərarın preyudisial əhəmiyyətə malik olduğu müəyyən edir. Eyni tərəflər arasında baxılan işdə müəyyən edilmiş faktlar isə başqa işdə baxılarkən yenidən sübut olunmur və həmin faktlar sübut edilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə iddiaçının “xxxx” ASC qarşısında xarici valyutadakı əsas kredit borcu üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemləri kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 28.02.2019-cu il tarixli 551 No-li Fərmanın icrası qaydasında 1099,05 manat hesablanmış kompensasiya məbləğinin icra müddəti başa çatmasına görə öhdəliklərə xitam verilməli olan ləğv prosesində olan QSC “Bank Standard” KB-dəki borcuna yönəldiyindən, iddiaçının həmin pul məbləğinin cavabdehdən geri tələb edilməsi əsaslı hesab edilməlidir. AR Mülki Məcəllənin 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir(maddə 1091.2). Qeyd edilən Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə məhkəmə yuxarıda göstərilən halları, o cümlədən qanunvericilik aktlarının qeyd edilən normalarını rəhbər tuturaq hesab edir ki, qaldırılan iddia 1099,05 manat pulun qaytarılması hissəsində tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin iddianın rədd edilməsi əsası kimi gətirdiyi dəlilləri üzrə, yəni 1099,05 manat pulun iddiaçının LPO “Bank Standard” KB-də olan öhdəliklərin bir hissəsinə yönəldilməsi məhkəmə qətnamələrinin qüvvəyə minməsindən əvvəl baş verməsi səbəbindən iddianın əsaslı olmaması barədə dəlilləri üzrə qeyd edir ki, məhkəmə qənamələri ilə müəyyən edilən məhz ondan ibarət olmuşdur ki, artıq 2015-ci ildə iddiaçı ilə bank təşkilatı arasında bağlanılmış kredit müqaviləsi üzrə yaranan öhdəliklərə müddətin keçməsinə görə xitam verilmişdir. Belə olan halda 2015-ci ildən sonra xitam edilməli olan və həmin vaxtdan sonra mövcud olmayan öhdəliklərə görə hər hansı pul vəsaitinin yönəldilməsi əsassız olmuşdur və bu səbəbdən cavabdehin nümayəndəsinin dəlilləri qəbul edilməməlidir. Məhkəmə iddia tələbinin gecikdirilmiş vaxa görə cavabdeh tərəfindən həmin pul vəsaitinin qanunsuz saxlanılmasına görə illik 5% hesabı ilə cavabdehdən əlavə 109,9 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Məhkəmə ləğv prosesində olan cavabdeh kredit təşkilatının 1099,05 manat puldan faydalınması ilə bağlı sübutların mövcud olmamasını, eyni zamanda ləğv prosesində olan kredit təşkilatının həmin puldan faydalanmasının qeyri-mümkün olmasını nəzərə alaraq hesab edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 1099,05 manat pulun tutulması hissəsində təmin edilidyindən, dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Ləğv prosesində olan QSC“ Bank Standard” KB-dən İddiaçı xeyrinə 1099,05 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 1129,05 (bir min yüz iyirmi doqquz manat beş qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar