Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1321/2025 16.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi M.A.Yücelin, Cavabdeh, 3-cü şəxsin nümayəndəsi Y.Ə.Hüseynovun iştirakları ilə İddiaçı Cavabdeh qarşı (Azərbaycan Dövlət X5nin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 Səbail rayon Sukanal İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə) evə kanalizasiya xətlərinin çəkilməsinə maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (Azərbaycan Dövlət X5nin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 Səbail rayon Sukanal İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə) evə kanalizasiya xətlərinin çəkilməsinə maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1-cci döngə, Ə.Ağakişiyev küçəsi 17 ünvanında olan torpaq sahəsini və onun üzərində yerləşən sahəsi 132,4 kv.m. olan fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX ******* nömrəli çıxarışı əldə etmişdir. O, xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə fasiləsiz və etirazsız sahiblik edir. Onunla birgə evdə ailə üzvləri də yaşayırlar. Fərdi yaşayış evinin kanalizasiya boruları həyətyanı sahəsindən keçmiş və mülkiyyətində olan torpaq sahəsindən çıxaraq küçədə yerləşən quyuya birləşmişdir. Fərdi yaşayış evinə yaxın həyətyanı torpaq sahəsinin daxilində qanunsuz tikilidə Cavabdeh yaşayır. Həyətyanı sahəsindən keçən kanalizasiya boruları da onun atası tərəfindən inşa edilmiş və hazırda da onların xüsusi mülkiyyətindədir. Lakin cavabdeh adıçəkilən torpaq sahəsində qazıntı işlərini aparmış və quraşdırılmış kanalizasiya borularını zədələyərək yararsız vəziyyətə gətirmişdir. Bu gün kanalizasiya boruları istifadəyə yararsızdır. Yararsız vəziyyətə gəlmiş boruları bərpa etməyə cəhd göstərsələr də, C.Bayramovun həyat yoldaşı Cavabdeh maneə törədərək xətlərin bərpa edilməsini mümkünsüz edirdi. Cavabdehlə dəfələrlə razılığa gəlməyə çalışsalar da alındıra bilməmişlər. xx.xx.2025-ci il tarixdə onun evinin sakini X13 X5 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 Səbail rayon Sukanal İdarəsinə yazılı müraciət edərək zədələnmiş kanalizasiya borularının bərpa edilməsini xahiş etmişdir. 2025-ci ilin may ayında İdarə onlara rəsmi məktub verməklə bildirmişdir ki, yaşadıqları sahədə üç fərdi yaşayış evlərini aşkar etmiş və kanalizasiya boruları qonşu tərəfindən yararsız vəziyyətə gətirildiyini müəyyən etmiş və yaranmış problemin çözülməsi üçün sakinlər qarşılıqlı razılığa gəlməli və əvvəlki kanalizasiya xətti bərpa olunmalıdır. Bundan sonra cavabdehlə danışıqlar aparsalar da razılığa gələ bilmirlər, nədə ki Səbail rayon Sukanal İdarəsinin əməkdaşlarına əvvəlki kanalizasiya xətlərinin bərpa edilməsinə imkan vermir, hər cür maneə törədir. Məcburiyyət qarşısında qalaraq o, məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1-ci döngə, Ə.Ağakişiyev küçəsi,17 ünvanında yerləşən fərdi yaşayış evinə kanalizasiya xətlərinin çəkilməsinə hər hansı tərzdə maneə törədilməsinə Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X3 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdehin yoldaşı onun əmisi olmuşdur. Kanalizasiya xəttini atası çəkib. Onun 47 yaşı var, ağlı kəsəndən o, həmin həyətdən gedib-gəlir. Xətti bir dəfə qardaşı düzəltmək istəyəndə cavabdeh polis çağırmışdır. Kanalizasiya xəttinin kəsilməsinə səbəb əmisinin Samirlə torpaq üstündə mübahisə etmələri olmuşdur. Dəfələrlə kanalizasiya xəttinin bərpası ilə bağlı tədbir görsələr də, hər dəfə cavabdeh çəkilişə mane olaraq polis çağırmışdır. “Şambo” məcburiyyət qarşısında tikilmiş, Badamdar sürüşkən zonadır, “sambo” sistemindən istifadə torpaq sürüşməsi ilə nəticələrə bilər. Alternativ kanalizasiya xəttinə qoşulma mümkün deyil. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisəli ev qaynatasından qalıb. Köhnə evdir. İddiaçı evi alqı-satqı ilə qonşudan almışdır. Həmin evdən kanalizasiya xəttinə qoşulan boru mövcud olmamışdır, “Şambo”dan istifadə etmişlər, onlar tərəfindən kanalizasiya xətti bağlanılmayıbdır. Kanalizasiya xəttinin onların həyətindən keçən xəttə qoşulmasına razı deyil. Olmayan xəttə o, neçə mane ola bilər. Kanalizasiya xətti onun həyətindən keçir. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış 3-cü şəxsin nümayəndəsi X4 izahatında göstərmişdir ki, mübahisəli evlərə yerli baxış keçirilmiş, kanalizasiya xəttinin cavabdehin yaşadığı evin həyətindən keçməsi, cavabdeh tərəfindən borunun yararsız hala salınması müəyyən edilmiş, bu səbəbindən iddiaçı “sambo” sistemindən istifadə etmiş, ev küçə səviyyəsindən aşağı yerləşdiyi üçün alternativ kanalizasiya xəttinin çəkilməsi mümkünsüzdür, bu yalnız mövcud olmuş kanalizasiya xəttinin bərpası yolu ilə mümkündür. Yerində müayinə zamanı iddiaçının evindən cavabdehin həyətindən keçən kanalizasiya xəttinə qoşulan xəttin əvvəllər mövcud olması müəyyən edilmişdir. Həmin xətt hazırda bağlanmışdır. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* seriyalı çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1-ci döngədə yerləşən 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 132,4 kv.m. olan 17A saylı fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2017-ci il tarixdə X1 ünvanlanmış Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli 1290a saylı sərəncamından çıxarışından görünür ki, Badamdar qəsəbəsində fərdi ev tikmək üçün X2 600 kv.m. torpaq sahəsi ayrılmışdır. İş üzrə Azərbaycan Dövlət X5nin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 Səbail rayon Sukanal İdarəsi tərəfindən Yücel Mətanətə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Ə.Atakişiyev ev 17 saylı ünvanda küçə və həyət kanalizasiya xətləri əməkdaşları tərəfindən yerində müvafiq qaydada araşdırılmışdır. Yoxlama zamanı bu ünvanda bir həyətdə üç fərdi yaşayış evinin mövcud olduğu və bu evlərdən yalnız birinin kanalizasiya şəbəkəsinə qoşulduğu, digər iki evin isə qonşu tərəfindən borunun yararsız hala salınması səbəbindən “şambo” qurğusundan istifadə etdiyi müəyyən olunmuşdur. İki fərdi yaşayış evinin küçə səviyyəsindən aşağı nöqtədə yerləşdiyini nəzərə alsalar alternativ kanalizasiya xəttinin çəkilməsi texniki cəhətdən mümkün deyil. Yaranmış probemin çözülməsi üçün sakinlər qarşılıqlı kompromisə getməli və əvvəlki kanalizasiya xətti bərpa olunmalıdır, çünki insan sağlamlığı faktoru ümdə məsələ olduğu üçün “şambo” qurğusundan istifadə yol verilməzdir, əkss halda bu durum məhkəmə predmeti olduğu üçün məhkəməyə müraciət olunmalıdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1-ci döngədə yerləşən ümumi sahəsi 132,4 kv.m. olan 17A saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan evin qonşuluğunda yerləşən və cavabdehin yaşadığı evin həyətindən kanalizasiya şəbəkəsinə qoşulmaq üçün xətt gedir və xəttə yalnız cavabdehin yaşadığı mənzilin kanalizasiya borusu qoşulmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, əvvəllər iddiaçının mülkiyyətində olan evdən də çıxan kanalizasiya borusu cavabdehin yaşadığı evin həyətindən keçən kanalizasiya xəttinə qoşulmuş, həmin xətt cavabdeh tərəfindən sonradan bağlanılmış, bu hal cavabdehin özü tərəfindən də etiraf edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, küçədən keçən kanalizasiya şəbəkəsinə yalnız cavabdehin yaşadığı evin həyətindən keçməklə qoşulma mümkündür. İddiaçının evindən alternativ kanalizasiya xəttinin çəkilməsi texniki cəhətdən mümkün deyil. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1-ci döngə, Ə.Ağakişiyev küçəsi 17 ünvanında olan torpaq sahəsini və onun üzərində yerləşən sahəsi 132,4 kv.m. olan fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. O, xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə fasiləsiz və etirazsız sahiblik edir. Onunla birgə evdə ailə üzvləri də yaşayırlar. Fərdi yaşayış evinin kanalizasiya boruları həyətyanı sahəsindən keçmiş və mülkiyyətində olan torpaq sahəsindən çıxaraq küçədə yerləşən quyuya birləşmişdir. Fərdi yaşayış evinə yaxın həyətyanı torpaq sahəsinin daxilində qanunsuz tikilidə Cavabdeh yaşayır. Həyətyanı sahəsindən keçən kanalizasiya boruları da onun atası tərəfindən inşa edilmiş və hazırda da onların xüsusi mülkiyyətindədir. Lakin cavabdeh adıçəkilən torpaq sahəsində qazıntı işlərini aparmış və quraşdırılmış kanalizasiya borularını zədələyərək yararsız vəziyyətə gətirmişdir. Bu gün kanalizasiya boruları istifadəyə yararsızdır. Yararsız vəziyyətə gəlmiş boruları bərpa etməyə cəhd göstərsələr də, Cavabdeh maneə törədərək xətlərin bərpa edilməsini mümkünsüz edirdi. xx.xx.2025-ci il tarixdə Dövlət X5 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 Səbail rayon Sukanal İdarəsinə yazılı müraciət edərək zədələnmiş kanalizasiya borularının bərpa edilməsini xahiş etmiş, 2025-ci ilin may ayında İdarə onlara rəsmi məktub verməklə bildirmişdir ki, yaşadıqları sahədə üç fərdi yaşayış evlərini aşkar etmiş və kanalizasiya boruları qonşu tərəfindən yararsız vəziyyətə gətirildiyini müəyyən etmiş və yaranmış problemin çözülməsi üçün sakinlər qarşılıqlı razılığa gəlməli və əvvəlki kanalizasiya xətti bərpa olunmalıdır. Lakin cavabdehlə razılığa gələ bilməmişlər. Bu səbəbdən iddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1-ci döngə, Ə.Ağakişiyev küçəsi,17 ünvanında yerləşən fərdi yaşayış evinə kanalizasiya xətlərinin çəkilməsinə hər hansı tərzdə maneə törədilməsinə Cavabdeh qadağan edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Göstərilən Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göstərilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Həmin Məcəllənin 25.1.4-ci və 25.1.5-ci maddələrinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla) və yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının razılaşdırmasından imtina edilir. Məhkəmə qeyd edir ki, iddiaçının evindən gedən və cavabdehin yaşadığı evin həyətindən keçən əvvəllər mövcud olmuş kanalizasiya xətti cavabdeh tərəfindən bağlandığından, bununla bağlı iddiaçı yalnız “sambo” sistemindən istifadə etmə məcburiyyətində qaldığından, iddiaçının mülkiyyətində olan evdən kanalizasiya şəbəkəsinə alternativ xəttin çəkilməsi mümkünsüz olduğundan, cavabdehin yaşadığı evin həyətindən keçən kanalizasiya xəttinin bərpası cavabdehin hər hansı bir hüququnun məhdudlaşdırılmasına səbəb olmadığından, məhkəmə hesab edir ki, qaldırılan iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 1-ci döngə, Ə.Ağakişiyev küçəsi, 17 ünvanında yerləşən fərdi yaşayış evinə kanalizasiya xətlərinin çəkilməsinə (Cavabdeh yaşadığı evin həyətindən keçməklə) hər hansı tərzdə maneənin törədilməsinə Cavabdeh qadağan edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1321/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1321/2025
16.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver