Məhkəmə qərarları › İş №2(009)-1323/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1323/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1323/2022 19.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi F.R.Ələkbərovun iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh3 və Cavabdeh2 qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh3 və Cavabdeh2 qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “Haval Jolion” minik markalı, ağ rəngli **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən onun mülkiyyətindədir. Həmin avtomobilin idarə edilməsi üçün X1 etibarnamə vermişdir. xx.xx.2022-ci il tarixdə “Mercedes Benz ML500” minik markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 sola manevr edərkən ona məxsus olan “Haval Jolion” minik markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma zamanı ona məxsus avtomobilin qabaq sağ hissəsi vurulmuşdur. Cavabdeh2 həmin avtomobili mülkiyyətçi Cavabdeh3 ona verdiyi etibarnamə əsasında idarə etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraat başlanmış, Cavabdeh2 barəsində xx.xx.2022-ci il tarixli İXP4516175 No-li protokol tərtib edilmişdir. Bundan sonra inzibati tənbeh vermə haqqında TP4909950 nömrəli xx.xx.2022-ci il tarixli qərara əsasən Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Cavabdeh2 barəsində inzibati xəta haqqında icraat aparılan zaman izahatı alınmış və həmin izahatında ona məxsus olan “Haval Jolion” minik markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili vurduğunu bildirmişdir. Daha sonra ona vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi üçün cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən ona məxsus “Haval Jolion” minik markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 220 manat müəyyən edilmişdir. Lakin bildirir ki, "xxxx" ASC tərəfindən müəyyən edilmiş dəymiş ziyan məbləği çox aşağıdır. Belə ki, ona məxsus “Haval Jolion” minik markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil 2021-ci il buraxılışlı olmaqla, avtomobilin rəsmi satış yeri olan Haval Azərbaijan "xxxx" QSC-dən alınmışdır. xx.xx.2022-ci il tarixdə Haval Azərbaijan "xxxx" QSC-də ilkin qiymətləndirmə aktı tərtib edilmiş, avtomobilinə vurulmuş ziyan 2214,00 manat müəyyən edilmişdir. Həmin yeni model avtomobilin istehsal müddətindən cəmi 1 il keçdiyinə görə avtomobilin ehtiyyat hissələri çox yüksək qiymətədir. Belə olduğu halda avtomobilin hər bir ehtiyyat hissələrinin də dəyəri köhnə model avtomobillərə nisbətən çox bahadır. Haval Azərbaijan "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ilkin qiymətləndirmə aktında avtomobilin sağ farasının qiymətinin 1500 manat, düyməsinin qiymətinin 20 manat olması qeyd olunmuşdur. Cavabdeh "xxxx" ASC isə avtomobilin 2021-ci il buraxılışlı olmasını, ehtiyyat hissələrinin yüksək keyfiyyətli olmasını, ümumiyyətlə avtomobilin istismar müddətinin çox az olmasını nəzərə almadan avtomobilə dəymiş zərəri 220 manat məbləğində müəyyən etmişdir. Əlavə olaraq bildirir ki, ona məxsus avtomobil yeni model olduğuna görə ehtiyat hissələrinin hər biri də yenidir. Cavabdeh "xxxx" ASC tərəfindən ona ünvanlanmış HD-385/22 nömrəli məktubla avtomobilin vurulmuş ehtiyyat hissələrində təmir-bərpa işləri aparılmasını istədiyi halda cavabdehə müraciət edə biləcəyi göstərilmişdir. Göründüyü kimi, cavabdeh avtomobilinin farasını yeni ilə əvəz etmək əvəzinə, təmir-bərpa işləri görəcəyini bildirmişdir. Eyni zamanda bildirir ki, avtomobilin farasının təmir-bərpa edilməsi gələcəkdə həmin faranın yenidən nasaz vəziyyətə düşməsinə, bu hal isə ondan asılı olmayan səbəblərdən qəza törətməsinə ola bilər. Avtomobili rəsmi satış yeri olan Haval Azərbaijan "xxxx" QSC-dən zəmanətli şərtlərlə almışdır. Avtomobilinin başqa bir yerdə ehtiyyat hissələrinin dəyişdirilməsi, təmir-bərpa edilməsi hallarında zəmanət şərtləri qüvvədən düşəcəkdir. Bu səbəbdən avtomobilinin sağ farası və düyməsi yalnız Haval Azərbaijan "xxxx" QSCdə dəyişdirilməlidir. Odur ki, ona dəymiş 2214 manat ziyan məbləğinin cavabdehlər tərəfindən müştərək qaydada birbaşa ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı dəymiş zərərin 2214 manat məbləğində pulun müştərək qaydada cavabdehlər "xxxx" ASC, Cavabdeh3 və Cavabdeh2 tərəfindən birbaşa olaraq ona ödənilməsi, eyni zamanda məhkəməyə müraciət etmək üçün ödənilmiş 43 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, mülkiyyətinə olan “Haval” markalı avtomaşın 5 illik zəmanətlidir. “Haval” şirkəti bildirir ki, əgər avtomaşın digər yerdə təmir olunarsa, zəmanət müddəti də bitəcəkdir. Ona görə də avtomaşını həmin şirkətdə təmir etdirməlidir. Təmirə görə də şirkət xərcin 2214 manat olmasını müəyyən etmişdir. Həmin pul sığorta şirkəti tərəfindən ona verilə bilər və yaxud da ki, təmir olunması üçün “Haval” şirkətinə keçirilə bilər. Avtomaşının farasının dəyişmə zəruriliyi onunla əlaqədardır ki, günün axşam vaxtı fara yanarkən daxildən zədələndiyi üçün içərisi tərləyir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, iddiaçının mülkiyyətində olan avtomaşına hadisə ilə bağlı cüzi ziyan dəymişdir. Onlar tərəfindən müəyyən edilən ziyan məbləği 220 manat həddindədir, həmin məbləği ödəməkdən imtina olunmur. Digər tərəfdən avtomaşının farası sınmamışdır, cüzi təmir nəticəsində saz vəziyyətə gətirilə bilər, dəyişməyə zərurət yoxdur. Məhkəmədən iddianın qismən 220 manat həddində təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, o, iddia tələbini qəbul etmir, maşının icbari sığortası var, hadisə vaxtı maşına cüzi zərər dəymişdir,təxminən dəyən ziyan 300-400 manat civarında olar və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, «Haval Jolion» markalı 99DV788 dövlət nömrə nişanlı avtomaşın İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, «Mercedes Benz ML500» minik markalı **-OM-*** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh3 adına qeydiyyata alınmışdır. İş üzrə xx.xx.2021-ci il tarixli etibarnamənin surətinə əsasən Cavabdeh3 tərəfindən «Mercedes Benz ML500» minik markalı **-OM-*** dövlət nömrə minik avtomaşının idarə edilməsi, bağışlaması, ipoteka qoyması, sərəncam verməsi və digər hərəkətlər, qeydiyyata salması, qeydiyyatdan çıxarması, ərizə verməsi üçün xx.xx.2022-ci il tarixədək Cavabdeh2 etibarnamə verilmişdir. İş üzrə Bakı şəhəri DYPİ YHN tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə saat 12.30 radələrində «Mercedes Benz ML500» minik markalı **-OM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi nəticəsində Cavabdeh2 AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən tərtib edilmiş dəymiş zərərin hesablanmasına dair xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, «Haval Jolion» markalı 99DV788 dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 220 manat vəsait hesablanmışdır. İş üzrə "xxxx" QSC-nin Haval Azerbaijan texniki xilmət mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, «Haval» markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 2214 manat vəsait hesablanmışdır. İş üzrə "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmış “Mercedes Benz” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Haval” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2021-ci il tarixdə yolnəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2021-ci il tarixində tərtib edilmiş akta əsasən “Haval” markalı 99DV788 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 220 manat müəyyən edilmişdir. Odur ki, bank hesabını təqdim etməsini xahiş edirlər. Təmir-bərpa işlərinin aparılması istəyi olarsa, Cəmiyyətə müraciət edə bilər. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi ilə sığortalanmış “Mersedes Benz” markalı, 99OM410 dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçının mülkiyyətində olan «Haval Jolion» markalı 99DV788 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh sığorta təşkilatı sığorta hadisəsi ilə əlaqədar iddiaçıya 220 manat məbləğində sığorta ödənişinin edilməsini təklif etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun avtomaşınına cəmi 2214 manat məbləğində ziyan dəymişdir. Lakin sığorta şirkəti tərəfindən cəmi 220 manat sığorta ödənişi təklif edilmişdir. Belə ki, nəqliyyat vasitələrinin təmirinə dair qiymətləndirmə aktına əsasən ona məxsus avtomaşına dəymiş ziyanın 2214 manat təşkil etməsi tam təsdiq olunur. Bu səbəbdən iddiaçı avtomaşınına dəymiş ziyana uyğun olaraq sığorta ödənişinin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur. Yəni sığorta hadisəsinin baş verməsi işin mübahisəsiz halıdır. Məhkəmə digər tərəfdən qeyd edir ki, sığorta şirkəti tərəfindən iddiaçıya sığorta ödənişinin ödənilməsi təklif olunsa da, həmin ödənişlə iddiaçı razı olmadığından, o vurulmuş ziyanın tam həcmdə ona ödənilməsi ilə bağlı tələb irəli sürməkdə haqlı hesab edilməlidir. Belə ki, yuxarıda qeyd olunduğu kimi sığorta şirkəti iddiaçının mülkiyyətində olan avtomaşına vurulmuş ziyan məbləğini 220 manat hesablanmışdır. "xxxx" QSC-nin Haval Azerbaijan servis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktına əsasən iddiaçının mülkiyyətində olan avtomaşına dəymiş ziyanın məbləği 2214 manat təşkil edir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya sığorta ödənişi kimi 220 manat məbləğində pul təklif etsə də, həmin məbləğ vurulmuş ziyanın tam aradan qaldırılması üçün yetərli olmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, sığorta şirkəti tərəfindən ziyan məbləği hesablanarkən xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanması aktı əsas tutulsa da, həmin akt mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, aktdan görünür ki, həmin akt sığorta şirkətinin əməkdaşları tərəfindən tərtib edilərək təsdiq edilmişdir. Sığorta şirkəti kommersiya təşkilatı kimi sığorta ödənişi ödəyən tərəf olduğu üçün, ziyan məbləğinin hesablanmasında maraqlı tərəf hesab olunur. Digər tərəfdən sığorta şirkəti avtomaşına vurulmuş ziyanı müəyyən edərkən yalnız vizual baxış keçirmiş və üzdən görünən ehtiyat hissələrinə vurulmuş ziyanı müəyyən etmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilən qüsur aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi zamanı avtomaşının sığorta şirkətinin aktından göstərilməyən xidmətlər də yerinə yetirilməlidir. Bu səbəbdən məhkəmə həmin qüsur aktını daha mötəbər qəbul edir, lakin məhkəmə eyni zamanda avtomaşının sağ farasının dəyişmə zəruriliyini təsdiq edən sübutların mövcud olmamasını, yəni xırda təmirlə deyil, onun mütləq dəyişdirilməli olmasına dair sübutların məhkəməyə təqdim edilə bilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçının təqdim etdiyi qiymətləndirmə aktındakı ümumi ziyan məbləğindən faranın dəyəri çıxılmaqla yerdə qalan məbləğ (2214-1500=714 manat) real ziyan məbləği kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “İcbari sığortalan haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Həmin Qanunun 4.1-ci maddəsiən əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Beləliklə məhkəmə iddiaçıya məxsus avtomaşına dəymiş ziyan məbləğinin 714 manat həddində olmasını və belə olan halda sığorta şirkəti tərəfindən təklif olunan sığorta ödənişinin sığortalı əmlaka vurulmuş ziyanın aradan qaldırılması üçün kifayət etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi sığorta ödənişinin tutulması hissəsində qismən təmin edilməli və cavabdeh "xxxx" ASC-dən vurulmuş ziyanın əvəzi sığorta ödənişi kimi iddiaçının xeyrinə 714 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin dəymiş zərərin eyni zamanda digər cavabdehlərdən də müştərək qaydada tutulması üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, qəzaya səbəb olan avtomobil “Mercedes Benz” markalı, 99OM410 dövlət nömrə nişanlı avtomobil sahibinin mülki məsuliyyəti sığorta şirkətində 5000 (beş min) manatadək məbləğə sığortalanmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Məhkəmə qeyd edir ki, 5000 manat həddində icbari sığorta ilə sığortalanmış nəqliyyat vasitəsinin sürücüsünün AR İXM-nin tələblərini pozması nəticəsində digər nəqliyyat vasitəsinə yetirilmiş ziyan məbləği ödənilməli olan sığorta məbləğinin həddini aşmadığından, belə halda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı dəymiş ziyanın ödənilməsi sığorta təşkilatının üzərinə düşən məsuliyyət olduğundan, həmin ziyan məbləğinin sığorta təşkilatı ilə yanaşı eyni zamanda zərər yetirən nəqliyyat vasitəsinin mülkiyyətçisi və onu idarə edən şəxsdən də tələb edilməsi əsaslı hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh3 və Cavabdeh2 münasibətdə təmin edilməməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi vurulmuş ziyanın tutulması hissəsində qismən təmin olunduğu üçün, məhkəmə xərci - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (30 manat) cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar «Haval Jolion» markalı 99DV788 dövlət nömrə nişanlı avtomaşına vurulmuş ziyanla bağlı "xxxx" Acıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə sığorta ödənişi kimi 714 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 744 (yeddi yüz qırx dörd) manat məbləğində pul tutulsun. İddia tələbi digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar