Məhkəmə qərarları › İş №2(009)-133/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-133/2022

18.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-133/2022 18.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oqtay oğlunun katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 26.04.2012-ci il tarixdən 26.09.2021-ci il tarixə kimi olan dövr üçün 66489,5 manat maddi zərərin və 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MTK arasında 26.04.2012-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən kooperativin ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 196,1 kv.metr olan mənzilin hər 1 kv.metr üçün 707 manat, cəmi 138643 manat pulu payçı kimi Cavabdeh MTK-ya 6 ay müddətində ödəməyi, Cavabdeh MTK isə həmin mənzili tikinti quraşdırma işlərini layihə sənədlərinə uyğun qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq edilmiş tikinti norma və qaydalarına, qəbul edilmiş standartlara uyğun yerinə yetirməklə, binanın bütün dəmir-beton və hörgü suvaq işlərini, binanın daxili divar və arakəsmələrin hörülməsi və suvanması, binaya xarici elektrik xətlərinin çəkilməsi və avtonom transformator mərkəzinin quraşdırılması, binanı fasadındakı pəncərə və eyvan qapılarının plastikdən hazırlanması və şüşə paketlə şüşələnməsi, mənzillərin giriş qapılarının metoplastik materiallardan hazırlanması və qıfılların qoyulması, binanın daxili su kəməri və kanalizasiya xətləri (stoykaların) quraşdırılması, xarici su kəməri və kanalizasiya xətlərinin quraşdırılması və magistral şəbəkəyə qoşulması, məhəllədaxili su anbarı nasos stansiyalarının quraşdırılması, məhəllənin mühafizə zolağının yaradılması, ərazinin abadiaşdırılmasmı üzərinə götürmüşdür. Müqavilə üzrə tərəfindən ödənilmiş 138643 manat pul vəsaiti Cavabdeh MTK-nin kassasına mədaxil edilmiş və bu barədə ona 192 saylı, 26.04.2012-ci il tarixli kassa mədaxil qəbzi verilmişdir. Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməyinə baxmayaraq Cavabdeh MTK ötən 6 ildən artıq müddət ərzində müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, müqavilənin 2-ci bəndində göstərilən, yuxarıda qeyd edilən işləri görməmiş, binada yaşayış üçün zərurəti olan şəraiti yaratmamış, mənzili ona təhvil verməmiş, mənzilin təmiri işlərinə başlamağa icazə verməmişdir. Bununla bağlı iddiası Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim: N.A.Bağırov 2(009)-2707/2018) iddia qismən təmin edilmişdir. ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, sahəsi 196.1 kv.m olan mənzildə 26.04.2012-ci il tarixli müqavilənin İİ bəndində əks olunmuş işləri yəni, ‘'Podratçı" aşağıdakı tikinti quraşdırma işlərini (binanın bütün dəmirbeton və hörgü-suvaq işləri, binanın daxili divar və arakəsmələrin hörülməsi və suvanması, binaya xarici elektrik xətlərinin çəkilməsi və avtonom transformator mərkəziin quraşdırılması, binanın fasadındakı pəncərə və eyvan qapılarının plastikdən hazırlanması və şüşə paketlə şüşələnməsi, mənzillərin giriş qapılarının metoplastik materiallardan hazırlanması və qıfılların qoyulması, binanın daxili su kəməri və kanalizasiya xətləri (stoykaların) quraşdırılması və sınması, xarici su kəməri və kanalizasiya xətlərinin quraşdırılması və magistral şəbəkəyə qoşulması, məhəllədaxili su anbarı nasosstansiyaların quraşdırılması, məhəllənin mühafizə zolağının yaradılması və ərazinin abadlaşdırılması) yerinə yetirməklə həmin mənzilin İddiaçı istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi qət edilmiş, iddiaçı “Mars-A" Mənzil Tikinti Kooperativinin mənə qarşı «müqavilənin ləğvi, ödənilmiş məbləğin qaytarılması» barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.Ə.Hüseyn: 2(103)-4474/2019) ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Mars-A" MTK-nın apellyasiya şikayəti təmin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddaçı İddiaçı cavabdehi "xxxx" MTK-ya qarşı ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli binanın 5 ci mərtəbəsində yerləşən sahəsi 196,1 kv.metr olan mənzillə bağlı bağlanmış 26.04.2012-ci il tarixli müqavilə üzrə "xxxx" MTK-nın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, mənzilin onun istifadəsinə verilməsi, müqavilənin 2-ci bəndində göstərilən işləri görməyin qaz, su, elektrik təchizatını təmin etməklə binada yaşayış üçün zərurəti olan bütün şəraitlərin yaradılmasının, mənzilin ona təhvil verilməsinin, mənzilin təmiri işlərinə başlamağa icazə verilməsinin cavabdehə həvalə edilməsi, 216000 manat (72ayX3000manat) əldən çıxmış gəlirin və 72000 manat mənəvi ziyanın (72ayX1000manat), 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair ilk iddiası rədd edilmişdir. İddiaçı "xxxx" MTK-nın cavabdeh İddiaçı qarşı 26 aprel 2012-ci il tarixli müqavilənin və 192 saylı 26 aprel 2012-ci il tarixli kassa mədaxil qəbzinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqli iddiası təmin edilmiş, İddiaçı ilə "Mars-A” MTK (podratçı adlandırılacaq) arasında bağlanmış 26 aprel 2012-ci il tarixli müqaviləsi və 192 saylı 26 aprel 2012-ci il tarixli kassa mədaxil qəbzinin etibarsız hesab edilməsi, "xxxx" MTK- dan İddiaçı xeyrinə 108.643 manat (yüz səkkiz min yüz qırx üç ) manat məbləğində pulun tutulması qət edilmişdir. Bu qərar Ali Məhkəmənin 05.09.2019-cu il tarixli. 2(102)-5691/2019 saylı qərarı ilə qüvvəsində saxlanılmışdır. Məhkəmə araşdırmaları ilə sübuta yetirilmişdir ki, cavabdeh 26 aprel 2012-ci il tarixdən 108.643 manat vəsaiti özündə saxlamaqla ona zərər vurmuşdur. 2012-ci ildən sonra manat bir neçə dəfə devalvasiyaya uğramış, dəyərdən düşmüşdür, qiymətlər bir neçə dəfə artmışdır. Cavabdeh isə bu vəsaiti hələ də qaytarmamış, məhkəmə qərarını da icra etməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh MTK-ya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxb, iddiaçının izahatını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22.10.2018-ci il tarixli, 2 (009)-2707/2018 saylı qətnaməsindən görünür ki, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, sahəsi 196.1 kv.m olan mənzildə 26.04.2012-ci il tarixli müqavilənin İİ bəndində əks olunmuş işləri, yəni «Podratçı» aşağıdakı tikinti quraşdırma işlərini (binanın bütün dəmir-beton və hörgü-suvaq işləri, binanın daxili diva rvə arakəsmələrin hörülməsi və suvanması, binaya xarici elektrik xətlərinin çəkilməsi və avtonom transformator mərkəzin quraşdırılması, binanın fasadındakı pəncərə aə euvan qapılarının plastikdən hazırlanması və şüşə paketlə şüşələnmiş, mənzillərin giriş qapılarının metoplastik materiallardan hazırlanması və qıfılların qoyulması, binanın daxili su kəməri və kanalizasiya xətləri (stoykaların) quraşdırılması və sınması, xarici su kəməri və kanalizasiya xətlərinin quraşdırılması və magistral şəbəkəyə qoşulması, məhəllədaxili su anbarı nasosstansiyaların quraşdırılması, məhəllənin mühafizə zolağının yaradılması və ərazinin abadlaşdırılması) yerinə yetirməklə həmin mənzilin İddiaçı istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbi təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 15.04.2019-cu il tarixli, 2(103)-4474/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul olunması, İddiaçı Cavabdeh MTK-ya qarşı ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 196.1 kv.metr olan mənzillə bağlı bağlanmış 26.04.2012-ci il tarixli müqavilə üzrə "xxxx" MTK-nın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, mənzilin onun istifadəsinə verilməsi, müqavilənin 2-ci bəndində göstərilən işləri görməyin, qaz, su, elektrik təchizatını təmin etməklə binada yaşayış üçün zərurəti olan bütün şəraitlərin yaradılmasının, mənzilin oan təhvil verilməsinin, mənzilin təmiri işlərinə başlamağa icazə verilməsinin cavabdehə həvalə edilməsi, 216000 manat (72ay x 3000 manat) əldən çıxmış gəlirin və 72000 manat mənəvi ziyanın (72ay x 1000 manat), 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair ilk iddiası rədd edilməsi, idddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı 26 aprel 20212-ci il tarixli müqavilənin və 192 saylı 26 aprel 2012-ci il tarixli kassa mədaxil qəbzinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, İddiaçı ilə Cavabdeh MTK (podratçı adlandırılacaq) arasında bağlanmış 26 aprel 2012-ci il tarixli müqaviləsinin və 192 saylı 26 aprel 2012-ci il tarixli kassa mədaxil qəbzinin etibarsız hesab edilməsi, Cavabdeh MTK-dan İddiaçı xeyrinə 108.643 manat məbləğində pulun tutulması qət edilmişdir. İş materiallaırnda olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.09.2019-cu il tarixli, 2(102)-5691/2019 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə 15.04.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 31.03.2022-ci il tarixli, 9/9570 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi faizlərinə əsasən hal hazıra İddiaçı Cavabdeh MTK-dan alacağı maddi zərəri aşağıdakı kimi müəyyən olunur: 01.09.2019-cu ildən 01.02.2022-ci il tarixə - 108.643,00 (AZN)+19.7%=21.402,67 manat; 26.04.2021-ci ildən 26.09.2021-ci il tarixə - 108.643,00 (AZN)+57,8%=62.795,65 manat. Məhkəmə qeyd edir ki, həmin tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə istinad edən iddiaçı, tələbini onunla əsaslandırmışdır ki, cavabdeh borc aldığı pulu qaytarmalı olduğu tarixdə qaytarmadığı və ona məxsus pul vəsaitini qanunsuz şəkildə özündə saxladığı üçün gecikdirilməyə görə bank uçot dərəcəsinə uyğun olaraq məbləğinin ödənilməsinə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, “..həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama....Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-nin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-nin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MMnin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsi Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir... Bu baxımdan, MM-nin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər”. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh MTK-dan İddiaçı xeyrinə 108.643 manat məbləğində pulun tutulması qət edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə 15.04.2019-cu il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.09.2019-cu il tarixli, 2(102)-5691/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Eləcə də, məhkəmə-mühasibatlıq ekspertizasının 31.03.2022-ci il tarixli, 9/9570 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi faizlərinə əsasən 108.643 manat məbləğin 01.09.2019-cu ildən 01.02.2022-ci il tarixə hesablanmalı cari dəyəri 21.402,67 manat (108.643,00(AZN)+19.7%) təşkil edir. Məhkəmə hesab edir ki, cavabdeh yuxarıda qeyd olunan tarixdən iddiaçıya məxsus 108643 manat pulu qanunsuz olaraq özündə saxladığı üçün bu müddətə uyğun olaraq iddia tələbi qismən təmin olunmalı və gecikdirməyə görə iddiaçıya dəymiş 21.402,67 manat məbləğində maddi zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan İddiaçı xeyrinə 21402,67 (iyirmi bir min dörd yüz iki manat altmış yeddi qəpik) manat maddi zərər və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh MTK-dan tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar