Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1340/2021 22.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili X.R.Məmmədovun Cavabdeh1 və onun vəkili T.N.Məmmədovun iştirakları ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı MMC-nin adından bu şirkətə heç bir bağlılığı olmayan şəxslər Tatyana və Cavabdeh1 adlı şəxslər saxta sənədlər əsasında iddia qaldırıblar. Mübahisə predmeti isə cavabdeh X10 qarşı “mülkiyyətin qanunsuz istifadədən geri alınması” tələbinə dair olmuşdur. Bu mülki iş Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olmuşdur. Bu iş üzrə ilkin olaraq iddia tələbi üzrə məhkəməyə müraciət edən şəxs iddiaçı X9 adlı şəxsdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya o, “Silver Transport Limited” MMC-nin səlahiyyətli şəxsdir və bu şirkətin adına olan 32 ədəd nəqliyyat vasitəsi hazırda qanunsuz sahiblikdə olduğu üçün qanunsuz istifadəsində alınaraq şirkətin nümayəndəsi X5 təhvil verilsin. Daha sonra isə işə saxta sənədlər əlavə edərək məhkəməni aldadan bu şəxslər yeni ərizə verərək həmin işdə iddiaçını X2 İddiaçı MMC-yə dəyişdirmişlər. Daha sonra isə bu saxta sənədlər üzrə verilmiş ərizə üzrə çıxarılmış qərardada əsasən İddiaçı MMC-nin adında olan və olmayan 32 ədəd nəqliyyat vasitələrinin (qoşquların) üzərinə həbs qoyulmuş və Baş Dövlət Yol Polisinin xüsusi dayanacağına yerləşdirilməsi müəyyən edilmişdir. Hazırda həmin qanunsuz qərardad Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra şöbəsinin icra məmuru Səbuhi Bağırov tərəfindən icra olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1458/2020 saylı, 14.01.2020-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3589/2019 saylı iş üzrə 24.10.2019-cu il tarixli qərardadı ləğv olunmuş, iddianın təmini tədbiri ilə bağlı iddiaçının ərizəsi təkrarən baxılmış və təmin olunmamışdır. Həmin qərardaddan şikayət verilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərarına əsasən şikayət mümkünsüz hesab edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.07.2020-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin qərardadı qüvvədə saxlanılmışdır. Hazırda 2(007)-3589/2019 saylı iş üzrə icraata xitam verilmiş işə mahiyyəti üzrə baxan Nizami rayon Məhkəməsinin hakimi iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən verildiyi üçün baxılmamış saxlanılmışdır. Bu çox dəhşətli və utanverici mənzərədir. Necə ola bilər ki, məhkəmə həmin saxta sənədləri görməsin və müəyyən etməsin. Necə ola bilər ki, saxta sənədlər əsasında onlara məxsus əmlaklar əllərindən qanunsuz alınsın. Bu şəxslərin törətdiyi cinayət hadisəsi ortadadır və ona dərhal hüquqi qiymət verilməlidir. İddia ərizəsinə əlavə olunmuş X7 dövlət reyestr məlumatlarını özündə əks etdirən çıxarışdan görünür ki, “xxxx” MMC-nin əvvəlki qanuni təmsilçisi (rəhbəri, direktoru) mərhum X15. Belə olan halda aydın olur ki, İddiaçı MMC-nin adından yalnız onun səlahiyyətli nümayəndəsi Teylor David adlı şəxs və ya bu şəxsin imzası ilə verilmiş etibarnamə əsasında İddiaçı MMC-nin nümayəndəsi çıxış edə bilərdi. Amma göründüyü kimi, iddia ərizəsini Teylor Tatyana tərəfindən imzalanmış etibarnamə əsasında vəkil Tural Məmmədov imzalanmışdır. Belə olan halda hesab edirlər ki, bu şəxslərin İddiaçı MMC-nin adından iddia qaldırmaq üçün subyektiv hüquq olmadığı üçün iddia tələbi icraata götürülməməli idi. Bu halları nəzərə alaraq Tatyana və Cavabdeh1 Şirkətin adından saxta möhur və sənədlər hazırlayaraq məhkəməyə təqdim ediblər. Çox təəssüflər olsun ki, bu sənədlər əsasında iddia ərizəsi icraata götürülmüş və şirkətin bir çox əmlakı üzərinə həbs qoyulmuşdur. İş üzrə iddianın təmin tədbiri kimi çıxarılmış qanunsuz qərardadın Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Bağırov tərəfindən icra olunması nəticəsində şirkətin iqtisadi fəaliyyəti iflic vəziyyətinə düşmüş, nəticədə cəmiyyətə külli miqdarda 158.000 manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə tərəfindən Sahibkarlıq subyektinə vurulmuş bu amansız zərbəni ürək ağrısı ilə qeyd edir və bu halı sahibkarlığın inkişafına göstərilən dəstəyə olan düşmənçilik kimi qəbul edirlər. İş materiallarına əlavə edilmiş etibarnamənin üstündəki möhür və bu etibarnaməni vermək üçün məhkəməyə təqdim edilmiş əmr saxta olsa da, məhkəmə tərəfindən bu hallara göz yumulmuşdur. Bu şirkətin möhürü və hüquqi sənədləri cəmiyyətin direktoru Əhməd Nəsirovdur. Belə bir sual ortaya çıxır. Vəkil verilmiş etibarnaməni təsdiq edən Cavabdeh2 möhürü hardan alıb. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 158.000 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehlərin hərəkətlərində cinayət əlamətləri mövcud olduğundan barələrində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək uzun çəkən əsassız məhkəmə prosesləri nəticəsində şirkətin işgüzar nüfuzuna zərər dəyməsini qeyd edərək məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 158.000 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə, iddiaçının işgüzar nüfuzuna dəyən zərər olaraq cavabdehlərdən müştərək qaydada 40000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini və cavabdehlərin hərəkətlərində cinayət əlamətlərinin olduğu mövcud olduğundan barələrində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X11 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, qanunsuz olaraq qəbul edilmiş qərardad ləğv edildikdən sonra avtomaşınların dayanacaqdar çıxarılması üçün hər avtomaşına görə 480 manat məbləğində dayancaq haqqı alınmış, eyni zamanda “Slkvay GMbh” şirkəti ilə daşımalarla bağlı müqavilə bağlanılmış, lakin avtoamşınlar xüsusi dayanacağı yerləşdirildiyindən həmin müqavilə öhdəliyi icra edilməmiş və şirkət ziyan çəkmişdir. Ümumiyyətlə cavabdehlər əsassız olaraq məhkəmələrdə iddia qaldırmaqla iddiaçı şirkətin işgüzar nüfuzuna da ziyan yetirmişlər. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, onun şirkət adından çıxış etməyə səlahiyyət verən etibarnaməsi mövcud olmuşdur. Məhkəmədə iddia qaldırılarkən cavabdehi təmsil edən şəxs şirkətə onun hər hansı əlaqəsinin olmamasını, belə olan halda şirkətin avadanlıqlarından istifadə edilməsi məhkəmə tərəfindən müəyyən edildiyindən qərardad qəbul edilmiş və səlahiyyəti olmayan şəxslərə həmin avadanlıqlardan istifadəsinə qadağa qoyulmuşdur. Sonradan hansısa yollarla şirkətin Azərbaycandakı qanuni təmsilçisi müəyyən edilmişdir. Hansı ki İngiltərədə həmin şirkət özü ləğv olunmuşdur. Hazırda onlar tərəfindən bu hal inzibati məhkəmədə mübahisələndirilmişdir. İddiaçı şirkətin bank hesabı yoxdur, hər hansı gəlirdən söhbət gedə bilməz, qaldırılan iddia tam əsassızdır və məhkəmədən iddianın rədd edilməsini xahiş edir . Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Cavabdeh2 məhkəmə iclasına gəlməmidir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş üzrə 08.01.2020-ci il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin Kommersiya qurumunun dövlət reyestrindən çıxarışın surətinə əsasən İddiaçı MMC-nin (Anguilla) 100% pay hüququ var, qanuni təmsilçi (əvvəlki) Devid Teylordur, qanuni təmçilsi (hazırki) X12r. İş üzrə Nizami rayon Məhkəməsinin 2(007)-3589/2019 saylı, 24.10.2019-cu il tarixli qərardadı ilə iddiaçı “X13” MMC-nin cavabdeh X1 qarşı “mülkiyyətin qanunsuz istifadədən geri alınması” tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsinin ərizəsinin təmin edilməsi, 10ZB866, 10ZX812, 10ZB816, 10ZX815, 10ZB864, 10ZX817, 10ZB766, 10ZB753, 10ZB763, H006012, 9227AU, 10ZB764, 10ZB765, H005839, H010798, H010067, 10ZB865, H012140, 10ZB021, H006019, H010797, H008968, 10ZB249, H009050, H008894, 10ZB755, H008792, 10ZB463, H005245, 10ZB464, H008791 dövlət qeydiyyat nişanlı qeydiyyat vasitələrinin (yarımqoşquların) üzərinə həbs qoyulması, onların cavabdeh X6 tərəfindən istifadəsinə qadağanın qoyulması və nəqliyyat vasitələri (yarımqoşqular) Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi dayanacağına yerləşdirilməsi, qərardadın icrası Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1458/2020 saylı, 14.10.2020-ci il tarixli qərardadı ilə Əhməd Nəsirovun şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3589/2019 saylı iş üzrə 24.10.2019-cu il tarixli qərardadı ləğv olunmuş və iş İddiaçı MMC-nin nümayəndəsi qismində çıxış edən X4 iddianın təmin etmə tədbirinə dair ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iş üzrə cavabdehlər saxta sənədlər əsasında İddiaçı MMC-yə qarşı iddia qaldırmışlar və iddianı təmini tədbiri kimi Nizami rayon Məhkəməsinin 24.10.2019-cu il tarixli qərardadı ilə şirkətə məxsus olan və olmayan 32 ədəd avtomaşına həbs qoyduraraq onların müvəqqəti olaraq Baş Dövlət Yol Polisinin xüsusi dayanacağına yerləşdirilməsi qərara alınmışdır. Həmin qərardaddan sonradan iddiaçı tərəfindən şikayət verilmiş və həmin şikayət əsasında qərardad ləğv edilmişdir. Məhkəmənin qəbul etdiyi qanunsuz və əsassız iddianı təmini tədbirinin icrası nəticəsində şirkətin iqtisadi fəaliyyəti iflic vəziyyətə düşmüş və nəticədə şirkətə 158000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəməyə verilmiş iddia saxta sənədlərə istinad edilərək qaldırılmışdır və məhkəmə tərəfindən bu hallara göz yumulmuşdur. Bu səbəbdən iddiaçı şirkətə vurulmuş ziyanın əvəzi kimi cavabdehlərdən müştərək qaydada 158000 manat, işgüzar nüfuza vurulan ziyana görə 40000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC-nin cavabdeh X1 qarşı mülkiyyətin qanunsuz istifadədən geri alınması tələbinə dair iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət etmiş və iddianı təmini tədbiri kimi 32 dəd nəqliyyat vasitələrinin (yarımqoşquların) üzərinə həbs qoyularaq onların cavabdeh X6 tərəfindən istifadəsinə qadağa qoyulması və nəqliyyat vasitələrinin (yarımqoşquların) Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi dayanacağına yerləşdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 14.01.2021-ci il tarixli qərardadı ilə həmin qərardadan İddiaçı MMC tərəfindən verilmiş şikayət qismən təmin olunmuş və Nizami rayon Məhkəməsinin 24.10.2019-cu il tarixli qərardadı ləğv olunaraq iddianı təmini tədbiri barədə ərizəyə yenidən baxılması qərara alınmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh1 tərəfindən İddiaçı MMC-yə qarşı məhkəmədə hər hansı iddianın qaldırılması ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş məhkəmə qərarlarından görünür ki, Nizami rayon Məhkəməsində qaldırılan iddia üzrə Cavabdeh1 tərəf kimi çıxış etməmiş və ümumiyyətlə onun adından məhkəməyə hər hansı ərizənin verilməsi müəyyən edilməmişdir. Bu səbəbdən hazırki iddia tələbi üzrə Cavabdeh1 tərəfindən iddiaçıya ziyan vurulması faktını təsdiq edən sübutlar olmadığı üçün ona qarşı irəli sürülmüş iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə Cavabdeh2 qarşı münasibətdə qeyd edir ki, ona qarşı olan tələb də təmin edilməməlidir. Belə ki, məhkəmə qərardadlarından görünür ki, iddia tələbi əvvəl X9 tərəfindən irəli sürülmüş, sonradan isə əsl iddiaçı kimi İddiaçı MMC ilə əvəz edilmiş və həmin MMC adından iddianı təmini təbiri barədə ərizəni imzalamış Tural Məmmədova etibarnamə verilmişdir. Məhz adı çəkilən nümayəndə müvafiq ərizəni imzalayaraq məhkəməyə təqdim etmişdir. Lakin sonradan X3 MMC-ni təmsil etmək səlahiyyətinin olmadığı müəyyən edilmiş və bu səbəbdən iddianı təmini tədbiri barədə qərardad ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı Nizami rayon Məhkəməsinin 24.10.2019-cu il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş nəqliyyat vasitələrinin (yarımqoşquların) ”İddiaçı” MMC-nin mülkiyyətində olmasına dair hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən iddiaçı özü də iddia ərizəsində qeyd etmişdir ki, məhkəmə ”İddiaçı” MMC-nin adına olan və olmayan avtomaşınlar üzərinə həbs qoymuşdur. Məhkəmə qeyd edir ki, məhkəmənin qərardadı ilə üzərinə həbs qoyulmuş nəqliyyat vasitələrin “xxxx” MMC-yə məxsus olması ilə bağlı hər hansı sübutlar təqdim olunmadığı üçün, iddiaçı həmin nəqliyyat vasitələrinə vurulmuş ziyanın ödənilməsini tələb etməkdə haqlı hesab edilə bilməz. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçı 32 ədəd nəqilyyat vasitələrinin üzərinə məhkəmənin qərardadı ilə həbs qoyulması nəticəsində şirkətə 158000 manat maddi ziyanın vurulmasını iddia etsə də, bu halları təsdiq edən mötəbər sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Məhkəməyə yalnız 05.08.2020-ci il tarixli akt və birdəfəlik dayanacaq haqqı kimi 15 avtomaşının hər biri üçün 480 manat məbləğində pulun dayanacağa ödənilməsi barədə qəbz, həmçinin “xxxx” Şirkəti ilə 28.000 manat xidmət haqqı təşkil edən xidmət müqaviləsinin kserosurəti təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, avtoamşınların dayanacaqdan çıxarılması üçün haqqın ödənilməsi təsdiq olunsa da, həmin avtomaşınların məhz iddiaçı şirkətə məxsusluğu hər hansı sübutla təsdiq olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. «Məhkəmə və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinin 2-ci hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Göründüyü kimi həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərdən görünüdyü kimi məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsası təşkil edən halları və bununla əlaqədar sübutları məhkəməyə təqdim etmədiyi üçün, iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin işgüzar nüfuza dəymiş ziyana görə 40000 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassızdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində şirkətin işgüzar nüfuzuna mənəvi ziyan vurulmasını göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə də tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının cavabdehlərin hərəkətlərində cinayət əlamətləri mövcud olduğundan barələrində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi barədə tələbi üzrə aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər. Azərbaycan Respublikası CPM-nin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Eyni Məcəllənin 205.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır. Xüsusi qərardad öz hüquqi mahiyyətinə görə cinayət təqibini həyata keçirən orqana müraciət formasıdır və istər xüsusi qərardad müraciətinin, istər fiziki şəxsin müraciətinin nəticəsi kimi bu müraciətlərə AR CPM-nin 207-ci maddəsi qaydasında baxılaraq müvafiq qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılmasından imtina olunması iddiaçının müstəqil şəkildə cinayət təqibini həyata keçirən orqana AR CPM-nin 204-cü maddəsinə əsasən müraciət etməsi hüququnu istisna etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi zərərin əvəzi kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 158.000 manat pulun, işgüzar nüfuza vurulmuş ziyana görə 40000 manat məbləğində pulun tutulması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1340/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1340/2021
22.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver