Məhkəmə qərarları › İş №2(009)-1343/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1343/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1343/2021 23.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı oğlunun (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Cavabdeh2 ASC işə cəlb olunmaqla) Cavabdeh1 qarşı geriyə tələb hüquqreqres qaydasında pul tələbinə barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti işə cəlb edilməklə Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC -nin Xəzər filialı ilə Cavabdeh1 arasında bağlanmış 30 avqust 2017-ci il tarixli, 117GTKR172420503 saylı kredit müqaviləsi üzrə onun tərəfindən ödənilmiş 1851.16 manat məbləğində pul vəsaitinin, eləcə də pulunu vaxtında qaytarmadığına görə qətnamənin çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürməklə 1851,16 manat pula hesablanmış faiz məbləğinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul vəsaitinin Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, tanışı, hazırki iş üzrə Cavabdeh1 Cavabdeh2 ASC-dən kredit yolu ilə pul götürmək istədiyini və bunun üçün ona zamin durmağını ondan xahiş etdi. 30 avqust 2017-ci il tarixdə o, Cavabdeh1 ilə birlikdə Cavabdeh2 ASC-nin Xəzər filialına getmişlər. Bankla cavabdeh arasında 30 avqust 2017-ci il tarixdə, 117GTKR172420503 saylı kredit müqaviləsi bağlandı. Kredit müqaviləsinin təminatı kimi onunla Cavabdeh2 ASC-nin Xəzər filialı arasında 30 avqust 2017-ci il tarixdə zaminlik müqaviləsi bağlandı. Bundan sonra, bank tərəfindən Cavabdeh1 2700 manat məbləğində kredit verildi. Müqavilənin şərtrinə əsasən Cavabdeh1 Cavabdeh2 ASC-nin Xəzər filialından götürdüyü kredit məbləğini ödəniş cədvəlinə uyğun olaraq, aylar üzrə ödəməli idi. Lakin o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, Cavabdeh2 ASC-yə olan borcunu ödəməkdən yayındı. Cavabdeh2 ASC-dən ona zəng vurularaq, bildirildi ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 banka olan borcunu ödəməkdən yayınmışdır. Cavabdeh1 banka olan borcunu ödəməkdən yayındığına görə həmin məbləği o ödəməli idi. Əks təqdirdə Cavabdeh2 ASC Cavabdeh1 və ona qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəkdi. O, Cavabdeh1 ilə əlaqə saxlayıb banka olan borcunu ödəməsini xahiş etmək istəsə də, onunla əlaqə saxlaya bilməmişdir. Məcburiyyət qarşısında qalıb Cavabdeh1 Cavabdeh2 ASC-yə olan borcunu aylar üzrə o ödəməli oldu. Ödənişlər hər ay onun Bank kartına yüklənən pulundan tutuldu. Ümumilkdə ondan 1851,16 manat məbləğində pul tutuldu. Hesab edir ki, zamin durduğu Cavabdeh1 görə Cavabdeh2 ASC-nin Xəzər filialına ödədiyi 1851,16 manat, eləcə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən onun pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırdığına görə qətnamənin çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə 1851,16 manat pula hesablanmış faiz borcu və məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti də mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh1 tutularaq ona qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxx» ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxx» ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, tərəfləri dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh2 ASC-nin 21 iyul 2020-ci il tarixli, 1781A nömrəli arayışından görünür ki, Cavabdeh2 ASC-nin Xəzər filialının müştərisi Cavabdeh1 30.08.2017-ci il tarixində 2700 manat məbləğində 117GTKR172420503 saylı müqavilə üzrə zamin qismində çıxış etdiyi nağd krediti 29.11.2019-cu il tarixlərdə tam bağlanmışdır. Halhazırda müştəri İddiaçı zamin durduğu kredit müqaviləsi üzrə əsas və faiz borcu tam ödənilib. İş materiallarında 20.11.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, borcalan və zaminə 1432,06 manat məbləğində ümumi borcun və gecikmə günü 74 gün olmaqla 419,1 manat məbləğində gecikmə pulunun qaytarılması ilə bağlı müraciət olunmuş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, iddiaçı Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən cavabdehin kredit borcu ilə əlaqədar zamin kimi ondan tutulan borcun cavabdehdən alınaraq ona qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh2 ASC-nin Xəzər filialı ilə Cavabdeh1 arasında bağlanmış 117GTKR172420503 saylı, 30.08.2017-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 29,84% ödəmək şərti ilə 2700 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədilə Cavabdeh2 ASC ilə İddiaçı arasında 20.08.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən o, yuxarıda qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra olunması üçün zamin durmuşdur. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq olaraq müəyyən edilmiş miqdarda və vaxtda tam ödəniş etməmiş və bununla da, öhdəliyin lazımınca icra etməmiş və müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh2 ASC-nin 21.07.2020-ci il tarixli arayışına əsasən borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyinin icrasına zamin olan İddiaçı cəmi 1851,16 manat məbləğində vəsait tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 Cavabdeh2 ASC-yə olan borcu İddiaçı hər ay Bank kartına yüklənən pulundan tutulmuşdur. Ümumilkdə ondan 1851,16 manat məbləğində pul tutularaq bankın borcu tam ödənilmişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi borc məbləğinin tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh1 1851,16 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Bununla yanaşı, məhkəmə iddia tələbinin “cavabdehdən pulunu vaxtında qaytarmadığına görə qətnamənin çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürməklə 1851,16 manat pula hesablanmış faiz məbləğinin tutulması” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, həmin tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə istinad edən iddiaçı, tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona məxsus pul vəsaitini qanunsuz şəkildə özündə saxladığı üçün gecikdirilməyə görə bank uçot dərəcəsinə uyğun olaraq məbləğin ödənilməsinə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə hesab edir ki, tələbin qeyd olunan hissəsiiə təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edilmədiyi üçün iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 1851,16 (bir min səkkiz yüz əlli bir manat on altı qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı X1 ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar