Məhkəmə qərarları › İş №2(009)-1354/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1354/2021

31.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1354/2021 31.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 542.80 manat məbləğində dəymiş ziyanın, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 572.80 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 04.05.2020-ci il tarixində 06/416 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00071 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı **********2 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2 yarımbəndinin (Müqavilənin və «X1»nın tələblərinə əməl etmək) və «X1»nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərində, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz saygacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən «Təbii X1nın pozulması haqqında» müvafiq aktlra tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında: 1) 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 399.60 manat; 2) 30.04.2020-ci il tarixli ******* saylı akt əsasında 144 manat, ümumilikdə 543.60 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 542.80 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçınə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndə, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, əsassız olduğundan rədd olunmasını xahiş etdi və izah etdi ki, o, özünün inşa etdiyi özbaşına 1 otaqlı tikilidə ailəsi ilə birlikdə yaşayır. Onun evinə qaz sayğacı iddiaçı ilə aralarında 04.05.2020-ci il tarixdə bağlanmış qazın alqı-satqısı müqaviləsi əsasında quraşdırılmış və ona abonent kodu verilmişdir. Həmin vaxta qədər onun evində qaz olmamış və o, odundan istifadə etmişdir. İddiaçı əməkdaşları tərəfindən onun ünvanına akt yazılmasından onun məlumatı olmamışdır, əks təqdirdə o, həmin aktları məhkəmə qaydasında mübahisələndirərdi, həmin əməkdaşlar onun mənzilində heç vaxt olmamışlar. Digər tərəfdən, onun tərəfindən qazdan sayğacsız qeyri-qanuni istifadə halları ümumiyyətlə olmamışdır. İddiaçının əməkdaşlarının məhkəməyə təqdim etdikləri fotoşəkildən də, həmin hal öz təsdiqini tapmır. Belə ki, həmin fotoşəkildə yalnız onun evə giriş qapısı və qapının yanında quraşdırılmış elektrik sayğacı görünür. Qaza qeyri-qanuni qoşulma olsa idi, İddiaçı əməkdaşları tərəfindən həmin yerin foto şəkli təqdim olunmalı idi. Onun tərəfindən qaza qeyri-qanuni qoşulma olmadığı üçün belə bir sübut da məhkəməyə təqdim olunmamışdır. Ona görə də, iddia tələbini əsassız hesab edir və onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04.05.2020-ci tarixli, 06/416 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı Müqaviləsi”nə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Qeyd edilən müqavilənin 2.2.2-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir. Həmin müqavilənin 2.3.1-ci və 2.3.6-cı bəndlərinə əsasən istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Adı çəkilən müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikası Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər bir kub.metr üçün 0,10 manat məbləğində müəyyən edilir. İş materiallarında olan abonentin saldosundan aydın olur ki, Cavabdeh ünvanına qaz sayğacı 04.05.2020-ci il tarixdə quraşdırılmışdır. İş materiallarında olan təbii X1nın pozulması haqqında ******* nömrəli, 30.05.2019-cu il tarixli aktdan görünür ki, abonent mənzildə sayğacsız qeyri-qanuni təbii qazdan istifadə edir. İş üzrə İddiaçı Bakı Regional qazın Satışı Dapertamenti tərəfindən verilmiş 30.05.2019-cu il tarixli qərara əsasən Cavabdeh 028936 saylı 30.05.2019-cu il tarixli akt əsasında 3996 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan təbii X1nın pozulması haqqında ******* nömrəli, 30.04.2020-ci il tarixli aktdan görünür ki, abonentin mənzilinə baxış keçirilən zamanı təbii qazdan qeyri-qanuni sayğacsız istifadə etdiyi aşkar edildi. İş üzrə İddiaçı Bakı Regional qazın Satışı Dapertamenti tərəfindən verilmiş 30.04.2020-ci il tarixli qərara əsasən Cavabdeh ******* saylı 30.04.2020-ci il tarixli akt əsasında 1440 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazoaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı struktur vahidi olan Səbail QİS arasında 04.05.2020-ci tarixli, 06/416 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi” bağlanmış və cavabdehin ünvanına 04.05.2020-ci il tarixdə qaz sayğacı quraşdırılmışdır. Cavabdehin ünvanına İddiaçı əməkdaşları tərəfindən təbii X1nın pozulması haqqında ******* nömrəli, 30.05.2019-cu il tarixli və ******* nömrəli, 30.04.2020-ci il tarixli aktlar tərtib olunmuş və həmin aktlarda abonentin mənzilinə baxış keçirilən zamanı təbii qazdan qeyri-qanuni sayğacsız istifadə etdiyinin aşkar edildiyi göstərilmişdir. Qeyd olunan aktlar əsasında İddiaçı Bakı Regional qazın Satışı Dapertamenti tərəfindən 3996 kub metr və 1440 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, qeyri-qanuni şəkildə təbii qazı talaması faktlarına dair sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddia ərizəsinə lavə edilmiş fotoşəkildən isə görünür ki, cavabdehin yaşadığı fərdi yaşayış evinə işıq sayğacı quraşdırılmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, iddia tələbinin göstərilən hissəsinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPMin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə” və ya onlardan yayınmaqla” çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən” ədalətli hesab edilə bilməz”. İddiaçı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı tələbinin əsası kimi istinad etdiyi sübutları təqdim edə bilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, cavabdehdən “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə tələb əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar