Məhkəmə qərarları › İş №2(009)-1359/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1359/2020

09.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1359/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Səbail Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər uşaq üçün 200 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2779 №li nikah qeydi Səbail Rayon Məhkəməsinin 2(009)-3462/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, xx.xx.2017-ci ildən başlayaraq Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 137 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Sonradan Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq hər uşaq üçün 160 manat məbləğində müəyyən edilmişdir. Hal-hazırda uşağın yaşının və xərclərinin artması ilə əlaqədar olaraq cavabdehdən tərəflərin yetkinlik yaşına çatmayan uşaqları üçün tutulan alimentin artırılaraq, hər ay 200 manat müəyyən olunması barədə qətnamə çıxarılması xahiş olunur. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, eyni zamanda xx.xx.2005-ci il təvəllüdlü X4 müayinə və müalicəsi ilə əlaqədar sərf etdiyi 120 manat pulun və hər ay müalicə xərci olaraq alimentin məbləğindən əlavə 100 manat pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən aydın olur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2779 №li nikah qeydi Səbail Rayon Məhkəməsinin 2(009)-3462/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, xx.xx.2017-ci ildən başlayaraq Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 saxlanılması üçün yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 137 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Sonradan Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq hər uşaq üçün 160 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından anadan olmuş övladı iddiaçının himayəsindədir, cavabdehdən tutulan alimentin məbləği iddiaçının uşağının saxlanması üçün artan tələbatlarını ödəmək üçün kifayət etmir. Az. Resp. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nın 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında» xx.xx.2019-cu il tarixli 1699-VQ №-li Qanuna əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə alimentin tutulmasına dair qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, respublikada 2020-ci il üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, halhazırda yetkinlik yaşına çatmayan uşağın iddiaçının himayəsində olmasını və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər orta səviyyədə saxlanılması zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-1667/2019 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 160 manat alimentin həcmi artırılmalı, xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iddia tələbinin əlavə xərcin cavabdehdən tutulmasına münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hər ay 170 manat (cəmi 340) aliment məbləğindən əlavə olaraq 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Belə ki, AMT klinikanın arayışında xx.xx.2005-ci il təvəllüdlü X4 mürəkkəb miopik astiqmatizm, ambliopiya diaqnozu ilə ambulator nəzarətdə olduğu və xəstənin 18 yaşınadək mütəmadi olaraq baxış və müvafiq müalicə almalı olduğu qeyd edilmişdir. Belə ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Şərh olunanlara əsasən və Az. Resp. MPM-nın 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-1667/2019 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 160 manat alimentin həcmi artırılaraq, hər uşaq üçün 170 manat ( 2 uşağa görə cəmi 340 manat) sabit pul məbləğində müəyyən edilsin və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı verilsin. Əlavə xərclərlə bağlı hər uşaq üçün 170 manat ( 2 uşağa görə cəmi 340 manat) sabit pul məbləğində alimentdən əlavə olaraq xx.xx.2005-ci il təvəllüdlü X4 müalicəsi üçün hər ay 50 manat məbləğində aliment Cavabdeh tutulub (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar