Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1365/2024 22.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 8303,2 manat əsas, 1267,14 manat faiz, 282,02 manat cərimə olmaqla, cəmi 9852,36 manat borcun və 118,53 manat məbləğində ödənillmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2003-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 25% ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 5 iyun 2024, çərşənbə tarixinə "xxxx" KB ASC-yə 8303.2 manat əsas, 1267,14 manat faiz, 282.02 manat cərimə borcu olmaqla, cəmi 9852,36 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmiş və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmiş və izah etmişdir ki, o, krediti azyaşlı oğlunun xəstəliyi ilə əlaqədar götürmüş, əvvəllər krediti ödəyə bilmiş, lakin uşağın vəziyyəti pisləşdiyi və hər iki böyrəyi işləmədiyi üçün uşağın müalicəsi ilə bağlı xərclər artdığı üçün maddi vəziyyəti pisləşmiş və ödəmələrdə gecikmələr yaranmışdır. O, krediti ödəməkdən imtina etmir, lakin maddi durumunda yaranmış vəziyyət krediti ödəməyə imkan vermir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2003-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 25% ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1798mieXRD/23 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. İş materiallarında olan kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, tərəflər arasında kreditin və ona hesablanmış faizlərin xx.xx.2023-cü il tarixdən başlayıb, hər ay 534.00 manat ödəməklə xx.xx.2025-ci il tarixdə bitməli olmasını göstərən ödəniş qrafiki tərtib edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə 8303,2 manat əsas borc, 1267,14 manat faiz borcu, 282,02 manat cərim borcu vardır. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2003-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 25% ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 5 iyun 2024, çərşənbə tarixinə "xxxx" KB ASC-yə 8303.2 manat əsas, 1267,14 manat faiz, 282.02 manat cərimə borcu olmaqla, cəmi 9852,36 manat borcu yaranmışdır. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıda sadalanan qanunvericilik normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh1 ilə iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2023-ci il tarixli kredit müqaviləsi bağlanmış, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 eyni tarixli müqavilə ilə Cavabdeh1 öhdəliyinin icrasına zamin durmaqla təminat vermişdir. Kredit müqaviləsinə uyğun olaraq iddiaçı tərəfindən öhdəlik yerinə yetirilmiş və cavabdehə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə dövri ödənişlər etməli olduğu halda, müəyyən miqdarda ödəniş etmiş, sonradan öhdəliyini pozaraq borcunu vaxtında qaytarmamışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdeh və zaminlərə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. Eyni zamanda Cavabdeh2 Babaverdi qızı və Cavabdeh3 zaminlik müqaviləsindən irəli gələn öhdəliklərini icra etməmişlər, bununla da müqavilənin şərtlərini pozmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehdən “X1” ASCnin xeyrinə 25 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış qaydada 8303,2 (səkkiz min üç yüz üç manat iyirmi qəpik) manat əsas borc, 1267,14 (bir min iki yüz altmış yeddi manat on dörd qəpik) manat faiz borcu, 282,02 (iki yüz səksən iki manat iki qəpik) manat cərimə borc və iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün ödənilmiş 118,53 manat dövlət rüsumunun əvəzi olaraq pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8303,2 (səkkiz min üç yüz üç manat iyirmi qəpik) manat əsas borc, 1267,14 (bir min iki yüz altmış yeddi manat on dörd qəpik) manat faiz borcu, 282,02 (iki yüz səksən iki manat iki qəpik) manat cərimə borcu və ödənilmiş 118,53 (yüz on səkkiz manat əlli üç qəpik) dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1365/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1365/2024
22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver