Məhkəmə qərarları › İş №2(009)-1369/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1369/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1369/2021 21.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5754 manat əsas, 1512 manat cərimə borcu, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 7296 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə 16.07.2018-ci il və 05.07.2019-cu il tarixli müqavilələrə əsasən GENOVA KUNC TERS, VENETSİYA, FS- 5( KREM), YENİ LOCA MASA, VENUS CARPAYİ, VENUS TUMBA və Lora-Yataq- Carpayı, Lora-Yataq-Dolabı, Lora-Yataq-Termosu, Lora-Yataq-Tumbası, Mira-Mətbəx- Masası, Mira-Metbex-Stul, Elegant-Yumşaq-3 yerli-Sungerli almış və nəticədə 7266 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.07.2018-ci il tarixli müqaviləyə əsasən ağqı-satqı qiyməti 4992 manat ( 24 ay*208 manat + 0 manat ilkin ödəniş) olan GENOVA KUNC TERS VENETSİYA FS-5( krem) YENİ LOCA MASA, VENUS ÇARPAYİ, VENUS TUMBA üçün ümumilikdə, 2033 manat ödənilməmiş hissə, 499 manat dəbbə; 05.07.2019-cu müqaviləyə əsasən alğı satqı qiyməti 5128 manat (24 ay*211 manat + 0 manat ilkin ödəniş) olan Lora-X3 Dolab-4 qapılı, Lora-Yataq-Termo, Lora-Yataq-Tumba, Mira-Metbex-Masa, Mira-Metbex-Stul, Elegant-Yumsaq -3 yerli- Sungerli üçün isə ümumilikdə, 5233 manat olmaqla, 4220 manat ödənilməmiş hissə və 1013 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh 16.07.2018-ci il tarixli müqavilə üzrə aldığı HİTACHİ markalı souducu və HOFFMAN markalı plitə üzrə borc öhdəliyini yerinə yetirmişdir. Cavabdehin cəmi ödədiyi məbləğ 4366 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE No0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.1971-ci il tarixdə Azərbaycan Respublikası Əlİ Bayramlı şəhərində anadan olmuşdur və qeydiyyatda olduğu yer Bakı şəhəri, Çernyaxovski küçəsi, ev 16, mənzil 4. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16.07.2018ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC-dən 8.568 manat məbləğində əşya əldə etmiş və 24 ay müddətinə aylıq 484 manat olmaqla ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05.07.2019cu il tarixli müqaviləyə əsasən İddiaçı MMC-dən 5128 manat məbləğində əşya əldə etmiş və 24 ay müddətinə aylıq 211 manat olmaqla ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materillarında olan 13 aprel 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 16.07.2018-ci il tarixli müqavilə üzrə Cavabdeh əsas borca ödənilmiş məbləğ 3458 manat, əsas borca ödənilməmiş məbləğ 1534 manat, dəbbə pulu 499 manat olmaqla ümumilikdə 2033 manat borcu var. 05.07.2019-cu il tarixli müqavilə üzrə isə Cavabdeh əsas borca ödənilmiş məbləğ 908 manat, əsas borca ödənilməmiş məbləğ 4220 manat, dəbbə pulu 1013 manat olmaqla ümumilikdə 5233 manat borcu var. İş materiallarında olan 05.07.2019-cu il tarixli müqavilənin 3.1-ci bəndinə əsasən müştəri bu müqavilənin şərtini( şərtlərini) pozduğu halda malı ( habelə güzəştli şərtlərlə ( ödənişsiz) təqdim edilmiş malı ABC-nin tələbi ilə geri qaytarmalıdır. İş materiallarında olan 05.07.2019-cu il tarixli bildirişə əsasən 05.07.2019-cu il tarixində bağlanmış 00763270 saylı müqavilənin bütün şərtləri tam yetirilənə qədər əşya ABC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yerildiyi təqdirdə, mala tam sahiblik hüququ müştəriyə keçir. İş materiallarında olan əşyaların təhvil-təslim aktından görünür ki Cavabdeh 00763270 nömrəli müqavilə ilə həmin aktda qeyd olunan məhsulları tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 16.07.2018-ci il tarixli 132 saylı əlavə ödəniş cədvəlindən görünür ki Cavabdeh 16.07.2018-ci il tarixli Koo215528 nömrəli müqavilə üzrə 2 il olaraq ilk 12 ay üçün nəzərdə tutulmuş aylıq kredit borcu 484 manat növbəti 12 ay üçün nəzərdə tutulmuş aylıq kredit borcu 208 manatdır. Həmin əlavə ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavə ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İş materiallarında olan 29.04.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki ABC Telecom cavabdehi müqavilənin icrasını gecikdirdiyinə görə əşyanın tam dəyərini və gecikmə günlərinə müfaviq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməsi ilə bağlı xəbərdar etmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600-ci maddəsinə əsasən alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Ödəniş qəbzi (№ 7********) və ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 425.1ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən müqavilənin şərtlərinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, müqavilə üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. İddiaçının cərimə tələbi ilə bağlı məhkəmə bildirir ki, 16.07.2018-ci il tarixli müqaviləsinə əsasən 1534 manat əsas borca görə 499 manat cərimə (dəbbə pulu), 05.07.2019-cu il tarixli müqaviləsinə əsasən 4220 manat əsas borca görə 1013 manat cərimə (dəbbə pulu), tənasübsüz sürətdə yüksək məbləğdir. Odur ki, tərəfin əmlak mənafeləri nəzərə alınmaqla cavabdehdən 16.07.2018-ci il tarixli müqavilə üzrə 150 manat, 05.07.2019-cu il tarixli müqavilə üzrə 420 manat cərimə tutulmalı, həmin tələb qalan hissədə rədd edilməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, məhkəməyə müraciət etmək üçün iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərcin 20 manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16.07.2018-ci il tarixli müqavilə üzrə 1534 (min beş yüz otuz dörd) manat əsas, 150 (yüz əlli) manat cərimə borcu, 05.09.2019cu il tarixli müqavilə üzrə 4220 (dörd min iki yüz iyirmi) manat əsas, 420 (dörd yüz iyirmi) manat cərimə borcu ümumilikdə 6324 (altı min üç yüz iyirmi dörd) manat borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16.07.2018-ci il tarixli müqavilə üzrə 1534 (min beş yüz otuz dörd) manat əsas, 150 (yüz əlli) manat cərimə borcu, 05.09.2019-cu il tarixli müqavilə üzrə 4220 (dörd min iki yüz iyirmi) manat əsas, 420 (dörd yüz iyirmi) manat cərimə borcu ümumilikdə 6324 (altı min üç yüz iyirmi dörd) manat borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar