Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1396/2021 23.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin – Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC – Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11530.72 (on bir min beş yüz otuz dollar yetmiş iki sent) ABŞ dolları əsas borc və 7115.10 (yeddi min yüz on beş dollar on sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 18645.82 (on səkkiz min altı yüz qırx beş dollar səksən iki) ABŞ dolları borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 18.05.2015-ci il tarixdə 19-15-11-022417 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh şəxsi məqsədləri üçün illik 29% olmaqla 48 ay müddətinədək 14325 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin Cavabdeh tərəfindən 18.05.2015-ci il tarixli, 19-15-11- 022417 nömrəli kredit müqaviləsinin müddəalarını pozularaq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. Bildirmək istəyirlər ki, aralarında bağlanmış 18.05.2015-ci il tarixli, 19-15-11-022417 saylı kredit müqaviləsinin şərtləri Cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, 18.05.2015-ci il tarixli, 19-15-11- 022417 saylı kredit müqaviləsinin 4.5-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Gecikdirilmiş borc yarandıqda borc alan borc verənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0,16% miqdarında dəbbə (penya) pulu ödəyir. Həmin müqavilənin 4.6cı bəndinə əsasən, müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi ümumiyyətlə icra edilmədikdə Borcalan Borcverənə verilmiş kredit məbləğinin 58% miqdarında cərimə faiz ödəyir. 18.05.2015-ci il tarixli, 19-15-11-022417 saylı kredit müqaviləsinin 5.4.1-ci bəndinə əsasən cavabdeh bu müqavilənin 1 saylı əlavəsindəki cədvələ uyğun olaraq ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməlidir. Həmin müqavilənin 5.4.5-ci bəndində əsasən cavabdeh bu müqavilənin 4.5, 4.6, 4.7-ci bəndlərində nəzərdə tutulan hallar baş verdikdə müvafiq olaraq hesablanmış cəriməni, penyanı və zərəri Borc verənin nəfinə ödəməlidir. 30.03.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 30.03.2021ci il tarixinə İddiaçı ASC-yə 11530.72 (on bir min beş yüz otuz dollar yetmiş iki sent) ABŞ dolları əsas borc və 7115.10 (yeddi min yüz on beş dollar on sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 18645.82 (on səkkiz min altı yüz qırx beş dollar səksən iki) ABŞ dolları borcu vardır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, 2014-cü ilin dekabrında hazırda yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 35-ci küçə, 1528-ci sahədə yerləşən evinin tikintisinə başlamışdır. Tikintiyə əlavə pul tələb edildiyindən 15000 (on beş min) manat kredit götürmək qərarına gəlmişdir. 2015-ci ilin mayında İddiaçı ASC-yə müraciət etmiş və ona ancaq dollarla kredit verə biləcəklərini bildirmişlər. O, 18.05.2015-ci il tarixli, 19-15-11- 022417 saylı kredit müqaviləsi üzrə illik 29 faiz dərəcəsi ilə 48 ay müddətinə 14325 ABŞ dolları kredit götürmüşdür. O, götürdüyü 14325 ABŞ dolları (15041.25 manat) əvəzinə əsas borc + 10034.38 ABŞ dolları (10536.1 manat) faiz borcu ödəməli idi. Qrafik üzrə o, banka 48 ay müddətində hər ay 507.49 ABŞ dolları, yaxud 534 manat ödəməli idi. Əgər dolların kursu dəyişməsə idi o, sonda (18.05.2019-cu il tarixə) Banka 24359.38 ABŞ dolları yaxud 25577.35 manat ödəməli idi. O, 48 ay müddətində götürdüyü kreditin cəmi 3 ayını 1-3 gün gecikməklə, 10 ayda vaxtında, 35 ayda 161 gün vaxtından əvvəl ödəmişdir. 13.05.2019-cu il tarixə o, Banka 25632 manat ödəmişdir. Dollar kursu ilə ödəmə hesablansa o, banka 18.06.2015-ci il tarixdən 13.05.2019-cu il tarixinədək 16912.63 dolları (14325 $ əsas borc + 2587.63 manat əsas borcdan artıq) ödəmişdir. Bildiyi kimi, Mərkəzi Bankın 21.12.2015-ci il tarixli qərarı ilə dolların manata nisbətdə kursu 1.05 dən əvvəlcə 1.50, daha sonra 1.70 manata qaldırılmışdır. Həmin vaxt 22.12.2015-ci il tarixdə o, Bakı Apellyasiya Məhkəməsində olarkən beyin insultu keçirmiş və 4 ay ərzində müalicə olunmuşdur. Bir balaca özünə gələn kimi, 22 fevral 2016-ci il tarixdə “Muğanbank» ASC-yə müqavilənin 4.4-cü bəndinin dəyişdirilməsi ilə bağlı təkliflər vermişdir ki, «Bu Müqavilə üzrə annuitet ödəmə üzrə əsas borc və aylıq faizlər müqavilə bağlanan gün qüvvədə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə ödənilməlidir və 1$= 1.05 manatdan artıq, yaxud aşağı olmamalıdır». Bu təkliflə əlaqədar Bankdan heç bir cavab almamışdır. Lakin, 27.05.2016-cı il tarixdə poçtdan Bank adından xəbərdarlıq məktubu təqdim edilmişdir. Xəbərdarlıq məktubunun 2-ci abzasında göstərilirdi ki, “o, 18.05.2015-ci il tarixli 19-15-11- 022417 saylı kredit müqaviləsinin şərtlərini pozaraq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir”. Daha sonra Mülki Məcəllənin bir neçə maddəsinə istinadən ona xəbərdarlıq edirlər ki, öhdəliyini icra etsin, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edəcəklərini bildirmişlər. Lakin, Bankla onun arasında müqavilə annuitet qaydasında bağlanmışdır. Annuitet ödənişinin mahiyyəti özünü onda göstərir ki, kredit ödənişinin ilk ilində (və ya illərində, müqavilənin müddətindən asılı olaraq) aylıq ödənişlərin tərkibində əsas payı borc üzrə faizlər tutur. Amma əsas borc məbləği (kreditin əsas hissəsi) çox cüzi hissədə azalır və ya ümumiyyətlə azalmır. Kredit müqaviləsinin son aylarında (və ya illərində) ödənilir. Banklar üçün annuitet ödəniş sistemindən istifadə zamanı faizlərdə daha çox mənfəət qazanırlar. Azərbaycan Respublikası MM-nin “borc üzrə faizlər” adlanan 741-ci maddəsi göstərir: “Əgər müqavilə iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir”. Bu qanun norması imperativ xarakter daşıyır, yəni kiminsə istəyi ilə bu tələb dəyişdirilə bilməz. Qanunverici ona görə belə etmişdir ki, belə formada ödəmə əsas borcun, yəni kredit yükünün azalmasına, son nəticədə vətəndaşın götürdüyü kreditə görə daha az faiz ödənməsinə gətirsin. İmperativ qanun norması - qanunvericinin qəti şəkildə ifadə olunmuş iradəsini bildirir və dəyişdirilə bilməyəcəyi qəti olaraq müəyyən olunmuş qaydanı ehtiva edən bir qanundur, yəni tərəflərin təşəbbüsü ilə dəyişdirilə bilməz. Lakin bank qanunun bu imperativ tələbini pozaraq avtomatik olaraq müqavilənin etibarsız hesab edilməsi üçün əvvəlcədən zəmin yaratmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Deməli, o cümlədən, Mülki Məcəllənin 741-ci maddəsində müəyyənləşdirilmiş imperativ hüquq normasını pozmaqla 18.05.2015-ci il tarixdə bağlanmış 19-15-11-022417 saylı kredit müqaviləsi də etibarsızdır. Xəbərdarlıq məktubu ilə əlaqədar 31.05.2016-cı il tarixdə banka ikinci məktub göndərərək bunları qeyd etmişdir. Daha sonra həmin məktubda qeyd etmişdir ki, ondan asılı olmayan səbəblərdən dolların kursu 21.12.2015-ci il tarixdə Mərkəzi Bank tərəfindən manata nisbətdə qəflətən 50 faizdən yuxarı qaldırılmışdır. Xüsusilə qeyd etmişdir ki, bu onun təqsiri üzündən baş verməmişdir. Onun manatın əvvəlki kursu ilə ödəməyi bankdan götürülmüş əsas krediti tam qaytarmaqla bərabər, yalnız kreditə görə faiz gəlirlərini azaltmış olur. Sadəcə, bankın faiz gəlirləri azalır. Bunu yuxarıda “işin faktiki halları” bölümünün 7-8-ci bəndlərində göstərmişdir. Bankın faiz gəlirinin azalmasının səbəbkarı isə o, yox, bilavasitə Mərkəzi Bankdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 557.1-ci maddəsinə əsasən dövlət... orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası... qismən qeyri-mümkün olduqda ...öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir...bunun nəticəsində zərərçəkmiş tərəf (burada İddiaçı) reqressanta (Mərkəzi Banka) qarşı həmin Məcəllənin 19 və 21-ci maddələrinə uyğun olaraq zərərin əvəzinin ödənilməsi tələbi ilə Mərkəzi Banka qarşı iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Qanunun 2-1-ci maddəsinə görə X3 orqanıdır. 04 mart 2016-cı il tarixli 139-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 2.1-ci maddədə “dövlət orqanıdır” sözləri “publik hüquqi şəxsdir” sözləri ilə əvəz edilmişdir, yəni manatın devalvasiyası barədə qərar verərkən X3 orqanı olmuşdur. Onun yuxarıda qeyd etdiyi 31.05.2016-cı il tarixli ikinci məktubunda o, götürdüyü krediti 1.05 kursu ilə ödəyəcəyini bildirdikdən sonra həmin vaxtdan banka məlum olmuşdur ki, o, dolların kursunun dəyişməsi ilə əlaqədar artmış məbləğdə krediti ödəməyəcəkdir. Bundan sonra ona heç bir təklif gəlməmiş, bank susmaqla razılığını bildirmiş və o, hər ay 534 manat ödəməkdə davam etmişdir. Əgər Bank razı deyildisə, hələ Müqavilə bağlandığı tarixdən bir il keçməmiş onu məhkəməyə verməli və borcu tələb etməli idi. Onda o, da müqavilənin Azərbaycan Respublikası MMnin 741-ci maddəsinin tələbinə uyğunlaşdırılmasını tələb edərdi. Lakin, Bank ödədiyi pulları faizlərə və s silərək, əsas borcu nəinki azaltmamış, hətta ona qarşı əsassız və qanunsuz olaraq fantastik bir məbləğdə 18000 dollardan yuxarı bu iddianı qaldırmışdır. Azərbaycan Respublikası MM-nin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. O, dolların kursunun dəyişməsindən sonra dərhal banka məlumat və təkliflərini vermişdir. İddia müddəti ilə bağlı qeyd edir ki, Bank iddia müddəti keçdikdən sonra aprel 2021-ci il tarixdə ona qarşı iddia qaldırmışdır. Bundan başqa kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə müəyyən edilmiş güzəştli şərtlərin təsiri altına düşür. Fərmanın 1-ci bəndinə görə fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğ, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Banklara tövsiyə edilsin ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Bu Fərmanın məqsədləri üçün bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəminin müəyyən edilməsi göstərilmişdir. Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüsusi həlli qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilmədən analoji iddialara məhkəmədə baxıla bilməz. Hazırda bankların icraatında olan adıçəkilən müqavilələr üzrə Fərmanın müddəaları tətbiq olunduqdan sonra məhkəmədə iddia qaldırıla bilər. Beləliklə, 18.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə o, Bankdan 14325 ABŞ dolları götürmüş, 13.05.2019-cu il tarixinədək dollar kursu ilə ödəmə hesablansa banka 16912.63 dollar ödəmişdir. Qeyd edilən Fərman 28.02.2019-cu il tarixinə əsas kredit borcunun qalıq məbləğini nəzərdə tutur. O, isə Fərman qüvvəyə mindiyi günə əsas borcdan (14325 ABŞ dolları) artıq 2587.63 ABŞ dolları ödəmişdir. Bank, Prezident Fərmanını da tətbiq etməmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “müddətin başlandığını bildirən vaxt” adlanan 368-ci maddəsinə əsasən “vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır”. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri, habelə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Bankla onun tərəfindən bağlanmış Kredit Müqaviləsinin 4.2-ci bəndində göstərilir: Borc alan tərəfindən kreditin qaytarılması 18 iyun 2015-ci il tarixdən başlayaraq 18 may 2019-cu il tarixə kimi qaytarılması hər ayın 18-dan gec olmayaraq qaytarılması, 507.49 ABŞ dolları məbləğində olmaqla bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsinə uyğun olaraq həyata keçiriləcəkdir. Kreditorun hüququ bu müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq kredit və faizlər vaxtında ödənilmədikdə və yaxud qismən ödənildikdə Borcalana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etməkdir. «Borcalan Bu müqaviləyə əsasən öhdəliyini vaxtında və ya lazımınca icra etmədikdə, Borcverən verilmiş krediti və ona hesablanmış faiz məbləğini tam olaraq kredit müqaviləsinin müddəti bitmədən Borcalandan vaxtından əvvəl tələb edə bilər. Bank öz hüquqlarının “pozulduğunu” 2016-cı ilin fevralından bildiyi halda iddianı yalnız 2021-ci ilin aprelində, yəni faktiki 5 il sonra qaldırmaqla iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən “Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır”. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MM-nin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03.06.2013-cü il tarixli Plenumunun Qərarında göstərilir ki, «İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarını müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin ...qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. ...Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. ...MM-in 385.1ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Konstitusiya Məhkəməsi həmin Qərarında qeyd edir: «... Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər». Bankla onun arasında bağlanmış sözügedən Müqavilədə də 7.3-cü bəndə görə: - Müqavilənin qüvvədə olma müddəti “Tərəflər bu müqavilədən irəli gələn vəzifələrini tam olaraq icra edənədək müqavilənin şərtlərii öz qüvvəsini saxlayır”. – kreditin (əsas məbləğ və faizlərin) müddəti isə Müqavilənin 4.2-ci bəndində göstərildiyi kimi, hər ayın 18-dən gec olmayaraq qaytarılması, 507.49 ABŞ dolları (beş yüz yeddi ABŞ dolları, qırx doqquz sent) məbləğində olmaqla bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsinə uyğun olaraq həyata keçiriləcəkdir. Müqaviləyə 1 saylı əlavə ödəniş planına uyğun olaraq kreditin və faizin Banka qaytarılmasının günlərlə müddətini özündə əks etdirmişdir. Konstitusiya Məhkəməsi həmin Qərarında daha sonra qeyd edir: «Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anım, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin verinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur». Bankla onun arasında olan müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsi «ödəniş planına uyğun olaraq kreditin və faizin ödənmə öhdəliyinin günbəgün müddətini özündə əks etdirmişdir». Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarından maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. MM-in 377-ci maddəsinin müddəaları öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir. Onun qeydi Azərbaycan Respublikası MM-nin öhdəliyin icrası müddəti adlanan 427-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Bankla onun arasında olan müqavilənin 1 saylı əlavəsində öhdəliyin icra edilməsi vaxtı günbəgün göstərilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarından: «MM-in 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir». Onun qeydi - Konstitusiya Məhkəməsi onu nəzərdə tutur ki, kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması ücün kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi vacib deyildir. Ona görə ki, imperativ hüquq norması olan MM-nin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Eynilə imperativ hüquq norması olan Azərbaycan Respublikası MM-nin 377.3-cü maddəsinə əsasəe icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Bunları nəzərdə tutaraq Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilən qərarında daha sonra qeyd edir ki, bu hüquqi vəziyyət həm MM-in 377.2 və 377.3-cü maddələrində, həm də bütövlükdə MM-in ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Onun qeydi - Azərbaycan Respublikası MM-nin 427.3-cü maddəsinə əsasən Bankla onun arasında bağlanmış müqavilədə kredit öhdəliyinin icrası günbəgün göstərildiyindən, öhdəlik həmin gün Azərbaycan Respublikası MM-nin 442-ci maddəsində göstərilən qaydada icra edilmirsə, iddia müddətinin axımı da Azərbaycan Respublikası MM-nin 377.2-ci maddəsinə əsasən həmin gündən başlanır. Dolların kursunun 21.12.2015-ci il tarixdə dəyişməsi ilə əlaqədar (1$=1.55 manat) o, banka müqavilədə göstərilmiş aylıq 507.49 $ əvəzinə 534 manat (1$=1.05 manat) deyil, 2016-cı ildə hər ay 797.21 manat (1$=1.5709 manat) 2017-ci və sonrakı illər 862.8 manat (1$=1.7 manat) ödəməli idi. Lakin o, 534 manat ödəməkdə davam edirdi. Deməli, o, bankın fikrincə, 2016-ci ilin fevral ayından öz öhdəliyini Azərbaycan Respublikası MM-nin 442-ci maddəsində göstərilən qaydada icra etmirdi, aylıq ödəmələr də bunu sübut edirdi. Müqavilənin 4.2-ci bəndinin onun tərəfindən “lazımınca icra edilməməsi” nəticəsində Müqavilənin 5.1.2 və 5.1.15-ci bəndlərində göstərilən hallar baş verdiyindən, həmin bəndlər kredit məbləğini, faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri Bank tərəfindən Kredit Alandan tələb etmək hüququnu yaradırdı. Yuxarıda qeyd etdiyi kimi, Azərbaycan Respublikası MM-nin 377.3-cü maddəsi də bunu imperativ qaydada nəzərdə tutur: İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır...». Dolların kursu qalxandan sonra,18.02.2016ci il tarixdən, o, ardıcıl olaraq öhdəliyini “yerinə yetirə bilmirdi”. Azərbaycan Respublikası MM-nin həm 377.2-ci, həm də 377.3-cü maddələrinə əsasən tələb etmə üzrə iddia müddətinin axımının başlanmasına baxmayaraq, bank heç bir tədbir görməyərək, iddia qaldırmamış, ona irad bildirməyərək, ödədiyi pulları silməkdə və ona borc yükləməkdə davam etmiş və iddia müddəti keçdikdən, yəni 5 il keçdikdən, sonra ona fantastik məbləğdə borc hesablamaqla məhkəmədə iddia qaldırmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunur ki, «...MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır». Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən İddiaçı ASC-nin ona qarşı «borcun ödənilməsi» tələbinə dair iş üzrə iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib belə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18.05.2015-ci il tarixli, 19-15-11-022417 nömrəli Kredit Müqaviləsindən görünür ki, Bank borcluya 48 ay müddətinə, illik 29 faiz hesablanmaqla 14325 (on dörd min üç yüz iyirmi beş) ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən verilmiş 30.03.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Muğanbank” ASC ilə Cavabdeh arasında bağlanmış 18.05.2015-ci il tarixli, 19-15-11-022417 nömrəli Kredit Müqaviləsinə əsasən Cavabdeh 18.05.2019-cu il tarixə 11530.72 (on bir min beş yüz otuz dollar yetmiş iki sent) ABŞ dolları əsas borc və 7115.10 (yeddi min yüz on beş dollar on sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 18645.82 (on səkkiz min altı yüz qırx beş dollar səksən iki) ABŞ dolları borcu vardır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 02.02.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh Banka olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit almış, tərəflər arasında borc-kredit münasibətləri və öhdəlikləri yaranmış, lakin cavabdeh kredit üzrə əsas borcu və ona hesablanmış faizləri ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 9/4775 saylı, 11.08.2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh 18.05.2019-cu il tarixə İddiaçı ASC-yə əsas borcu 11.773,33 ABŞ dolları, faiz borcu 47,42 ABŞ dolları təşkil edir. Məhkəmə əsas borcun tutulması ilə bağlı hissədə iddia tələbini və maliyyə arayışını əsas götürərək əsas borcun hesablanmasını məqsədə müvafiq hesab edir və belə qənaətə gəlir ki, əsas borc 11530,72 (on bir min beş yüz otuz dollar yetmiş iki sent) ABŞ dolları məbləğində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə ekspert rəyinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 9/4775 saylı, 11.08.2021-ci il tarixli rəyi ilə 18.05.2019-cu il tarixə hesablanan faiz borcunun 47,42 (qırx yeddi dollar qırx iki sent) ABŞ dolları həcmində olması müəyyən edilmişdir. Məhkəmə hazırki ekspert rəyi ilə ilə razılaşır və onun faiz borcuna aid hissədə sübut növü kimi qəbul edir. Belə ki, ekspert rəyinin əsaslılığını şübhə altına ala bilən hər hansı bir sübut növü məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə faiz borcunun həcmini müəyyən edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 9/4775 saylı, 11.08.2021-ci il tarixli rəyi ilə 18.05.2019-cu il tarixə olan faiz borcunun 47,42 (qırx yeddi dollar qırx iki sent) ABŞ dolları həcmində müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh 47,42 (qırx yeddi dollar qırx iki sent) ABŞ dolları məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. (MM-377.2) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli Plenum Qərarında göstərilir ki, “kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.” Məhkəmə qeyd edilənləri, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19-15-11- 022417 nömrəli Kredit müqaviləsinin 18.05.2015-ci il tarixdə 48 (qırx səkkiz) ay müddətinə bağlandığını, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18.05.2015-ci il tarixli, 19-15- 11-022417 nömrəli kredit müqaviləsi üzrə icra müddətinin 18.05.2019-cu il tarixdə bitməli olduğunu, iddiaçının isə hazırki iddia tələbi ilə məhkəməyə 27.04.2021-ci il tarixində, yəni icra müddətinin bitdiyi vaxtdan 3 il müddət daxilində məhkəməyə müraciət etməsini nəzərə alaraq, cavabdeh tərəfin iddia müdətinin tətbiqi barədə ərizəsinin əsassız olması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. İş materialları ilə müəyyən edilmişdir ki, iddianın verilməsi ilə bağlı İddiaçı ASC tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, 10 (on) manat hissəsi iddiaçıya aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməmühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 60 (altmış) manat hissəsi cavabdehdən, 40 (qırx) manat hissəsi iddiaçıdan tutularaq müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18.05.2015-ci il tarixli, 19-15-11-022417 nömrəli kredit müqaviləsi üzrə 11530,72 (on bir min beş yüz otuz dollar yetmiş iki sent) ABŞ dolları əsas borc və 47,42 (qırx yeddi dollar qırx iki sent) ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 11578,14 (on bir min beş yüz yetmiş səkkiz dollar on dörd sent) ABŞ dolları borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, 10 (on) manat hissəsi iddiaçıya aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 60 (altmış) manat hissəsi cavabdehdən, 40 (qırx) manat hissəsi iddiaçıdan tutulmaqla müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18.05.2015-ci il tarixli, 19-15-11- 022417 nömrəli kredit müqaviləsi üzrə 11530,72 (on bir min beş yüz otuz dollar yetmiş iki sent) ABŞ dolları əsas borc və 47,42 (qırx yeddi dollar qırx iki sent) ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 11578,14 (on bir min beş yüz yetmiş səkkiz dollar on dörd sent) ABŞ dolları borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddiaçı ASC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manat hissəsi İddiaçı ASC-yə aid edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 60 (altmış) manat hissəsi cavabdehdən, 40 (qırx) manat hissəsi iddiaçıdan tutulmaqla müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1396/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1396/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver