Məhkəmə qərarları › İş №2(009)-1406/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1406/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1406/2021 22.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05.04.2019-cu il tarixli müqavilə üzrə 2154 (iki min yüz əlli dörd) manat əsas, 662 (altı yüz altmış iki) manat cərimə borcu, 18.04.2019-cu il tarixli müqavilə üzrə 403 (dörd yüz üç) manat əsas, 120 (yüz iyirmi) manat cərimə borcu ümumilikdə 3339 (üç min üç yüz otuz doqquz) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC ilə 05.04.2019cu il və 18.04.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung” LED markalı televizor, HP markalı komputer və Samsung Led markalı televizor, “SONY” markalı PLAYSTATİON-4 almış və nəticədə 3339 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.04.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 3356 (24ay*138 manat+44 manat ilkin ödəniş) olan “SAMSUNG” LED markalı televizor və “HP” markalı komputer üçün ümumilikdə 2816 manat olmaqla, 2154 manat ödənilməmiş hissə, 120 manat dəbbə pulu, 18.04.2019-cu il tarixli müqaviləyə əsasən isə, alqı-satqı qiyməti 2466 manat (18 ay*133+72 manat ilkin ödəniş) olan Samsung Led markalı televizor və “SONY” markalı PLAYSTATİON-4 üçün ümumilikdə, 523 manat olmaqla, 403 manat ödənilməmiş hissə, 120 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3265 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinion ödədiyi məbləğin 50%-nə qədər hissəsii penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə adı çəkilən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 05.04.2019cu il tarixli, 00599480 nömrəli müqavilədən görünür ki, Cavabdeh 3356 manat məbləğində “Samsung” LED markalı televizor, HP markalı komputer almışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 18.04.2019cu il tarixli, 00619946 nömrəli müqavilədən görünür ki, Cavabdeh 2466 manat məbləğində Samsung Led markalı televizor, “SONY” markalı PLAYSTATİON-4 almışdır. İş materiallarında olan 15 aprel 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavbdehin ödənişləri gecikdirməsi ilə müqavilə şərtlərini pozduğuna görə müqavilənin ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, 1-ci müqavilə üşün 662 manat, (1.38 manat*480 gün) cərimə, 2-ci müqavilə üçün 120 manat (1.33 manat *90 gün) dəbbə pulu hesablanmışdır. İş materiallarında olan 18.04.2019-cu il tarixli 00619946 nömrəli müqavilənin 2.5-ci bəndinə əsasən, müqavilənin bütün şərtləri yerinə yetirilənə qədər mal “ABC”-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə, mala tam sahiblik hüququ müştəriyə keçir. İş materiallarında olan AZE No ******** serialı şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.1976-cı il tarixində Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuşdur və qeydiyyatda olduğu yer Bakı şəhəri, Səbail rayonu,Nizami küçəsi, ev4,m.18dir. İş materiallarında olan 18.04.2019-cu il tarixli bildirişin 1-ci bəndinə əsasən, 18.04.2019-cu il tarixində bağlanmış müqavilənin bütün şərtləri tam yetirilənə qədər əşya ABC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə, mala tam sahiblik hüququ müştəriyə keçir. İş materiallarında olan təhvil-təslim aktından görünür ki, Cavabdeh 00619946 nömrəli müqavilə üzrə “Samsung” Led markalı televizor və “SONY” markalı PLAYSTATİON-4 adlı məhsulları tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 18.04.2019-cu il tarixli 72 saylı ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18.04.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 2466 manat(18 ay*133+72 manat ilkin ödəniş) olan “Samsung” Led markalı televizor və “SONY” markalı PLAYSTATİON-4 məhsullarını almışdır. Həmin ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Həmin ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İş materiallarında olan 05.04.2019-cu il tarixli ********* nömrəli müqavilənin 2.5-ci bəndinə əsasən, müavilənin bütün şərtləri yerinə yetirilənə qədər mal ABC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə, mala tam sahiblik hüququ müştəriyə keçir. İş materiallarında olan 00599480 nömrəli müqavilə üzrə təhvil təslim aktından görünür ki, Cavabdeh “SAMSUNG” LED markalı televizor və “HP” markalı komputer məhsullarını tam qüsursuz şəkildə təhvil almışdır. İş materiallarında olan 05.04.2019-cu il tarixli 44 saylı ödəniş cədvəlindən görünür ki, 00599480 nömrəli müqavilə üzrə ağlı-satqı qiyməti 3356 manat olan “SAMSUNG” LED markalı televizor və “HP” markalı komputer məhsullarını almışdır. Həmin ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Həmin ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İş materiallarında olan 08.06.2020-ci il tarixli 1 saylı xəbərdarlıqdan görünür ki, Cavabdeh “xxxx” MMC-nin Hüquq Departamenti tərəfindən 05.04.2019-cu il və 18.04.2019-cu il tarixli müqavilələr üzrə 2 ədəd “Samsung” markalı televizor, “HP” markalı komputer “SONY” markalı playsation məhsullarının tam dəyərini və onlar üçün gecikmə günlərinə müfaviq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməsi ilə bağlı xəbərdar edilmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600-ci maddəsinə əsasən alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Ödəniş qəbzi (№ 7********) və ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 425.1ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən müqavilənin şərtlərinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, müqavilə üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. İddiaçının cərimə tələbi ilə bağlı məhkəmə bildirir ki, 05.04.2019-cu il tarixli müqaviləsinə əsasən 2154 manat əsas borca görə 662 manat cərimə (dəbbə pulu), 18.04.2019-cu il tarixli müqaviləsinə əsasən 403 manat əsas borca görə 120 manat cərimə (dəbbə pulu), tənasübsüz sürətdə yüksək məbləğdir. Odur ki, tərəfin əmlak mənafeləri nəzərə alınmaqla cavabdehdən 05.04.2019-cu il tarixli müqavilə üzrə 210 manat, 18.04.2019-cu il tarixli müqavilə üzrə 40 manat cərimə tutulmalı, həmin tələb qalan hissədə rədd edilməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, məhkəməyə müraciət etmək üçün iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərcin 20 manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 05.04.2019-cu il tarixli müqavilə üzrə 2154 (iki min yüz əlli dörd) manat əsas, 210 (iki yüz on) manat cərimə borcu, 18.04.2019cu il tarixli müqavilə üzrə 403 (dörd yüz üç) manat əsas, 40 (qırx) manat cərimə borcu ümumilikdə 2807 (iki min səkkiz yüz yeddi) manat borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 05.04.2019-cu il tarixli müqavilə üzrə 2154 (iki min yüz əlli dörd) manat əsas, 210 (iki yüz on) manat cərimə borcu, 18.04.2019-cu il tarixli müqavilə üzrə 403 (dörd yüz üç) manat əsas, 40 (qırx) manat cərimə borcu ümumilikdə 2807 (iki min səkkiz yüz yeddi) manat borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar