Məhkəmə qərarları › İş №2(009)-1414/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1414/2022

29.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1414/2022 29.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 17.10 radələrində, mülkiyyətində olan “Kia Rio” minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisində, Kürdəxanı tərəfdən üzü Zabrat dairəsi istiqamətində hərəkətdə olan zaman yol kənarında dayanıb gözləyən Cavabdeh görüb avtomobilini saxlamışdır ki, onu da götürsün, xanımdır, yol kənarında qalmasın. O, avtomobili saxlamış, Cavabdeh da maşınına minmişdir. O, avtomobilinin arxa sol oturacağında əyləşmişdir. Zabrat dairəsinə az qalmış onu düşürtməsini istəmişdir. O, da avtomobili yolun sağ kənarına vermiş, qəza işıqlarını yandırmış, avtomobili durdurmuşdur. O, Cavabdeh demişdir ki, böyürdən nəqliyyat vasitələri keçir, avtomobilinin qapısını açanda ehtiyatlı olsun. Lakin cavabdeh onu dinləmədən avtomobilin arxa sol qapısını açmışdır. Bu zaman hərəkətdə olan avtobus onun maşınının arxa sol qapısını vuraraq yararsız hala salmışdır. Baş vermiş hadisə ilə əlaqədar olaraq qəbul edilmiş TP 5048570, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh İXM-nin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 30 manat cərimə edilmişdir. Avtomobilinə vurduğu zərərin aradan qaldırılması üçün o, Cavabdeh müraciət etsə də, sonuncu avtomobilini təmir etdirməkdən, eləcə də təmir xərcini ödəməkdən imtina etmişdir. Bu hadisədən sonra o, məcbur olub avtomobilini özü təmir etdirmək üçün ustalara müraciət etmişdir. Avtomobilinin arxa sol qapısı yararsız hala düşdüyündən onun təmirlə bərpa edilməsi mümkün olmamış və o, işlənmiş arxa sol qapı alıb onu dəyişdirməli olmuşdur. Həmin qapını 460 manata almışdır. 100 manat dəmirçiyə, 50 manat rəngə, 100 manat da rəngsaza verib avtomobilini təmir etdirmişdir. Ümumilikdə avtomobilinə vurulmuş zərəri aradan qaldırmaq üçün 710 manat pul xərcləmişdir. Cavabdeh mülkiyyətində olan “Kia Rio” minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurduğu maddi zərəri ödəməkdən yayındığını nəzərə alaraq hesab edir ki, həmin zərər məbləği məhkəmə qərarı ilə Cavabdeh tutularaq ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı “Kia Rio” minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurduğu maddi zərərin əvəzi olaraq 710 manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitlərinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki,avtomobili yolun hərəkət hissəsində saxlasa da, cavabdehdən düşərkən ehtiyatlı olmasını xahiş etmişdir. Lakin cavabdeh düşərkən buna riayət etməmiş, avtomaşının qapısı zədələnmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz ərizəsi məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17.10 radələrində “Kia Rio” minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Bakı şəhəri, Sabunçu rayonu ərazisində, Kürdəxanı tərəfdən üzü Zabrat dairəsi istiqamətində hərəkətdə olarkən həmin avtomobili qarşısında saxlayaraq hansı istiqamətdə getməsini soruşduqdan sonra 2 manat müqabilində Zabrat dairəsi istiqamətində apara biləcəyini təklif etmişdir. Həmin qiymətlə razılaşaraq avtomobilə əyləşmişdir. Ön oturacaq hissəsində sürücünün yanında 6-8 aylıq körpə uşağı ön oturacaqda uzandığı üçün və ön oturacağı tam arxaya çəkildiyi üçün o, yolda dayandığı istiqamətdən deyil, sürücünün oturacağının arxa hissəsində məcburən əyləşməli olmuşdur. Zabrat dairəsinə çatmamış iddiaçı avtomobili tam yolun ortasında hərəkət hissəsində saxlayaraq ona düşə biləcəyini bildirmişdir. 2 manat məbləğində xidmət haqqını ona uzadaraq “düşə bilərəm” sualını ünvanlamış, iddiaçı “düşə bilərsən düş problem yoxdur” demişdir. Qapını açarkən qəfl gələn avtobusu görməmiş, səbəb iddiaçının saxladığı ərazidə görmə bucağının daralmasıdır. O, 5-6 saniyə tez düşsəydi, onun həyat və sağlamlığı təhlükə altında olacaqdı. Hadisədən qorxduğu və özünü itirdiyi üçün qapını təcili bağlaya bilməmiş və nəticədə avtobus maşının arxa yan qapısına dəyərək qapıya zərər yetirmişdir. O, bir anlıq şok vəziyyətinə düşsə də, sonradan özünü ələ alaraq iddiaçıya istəməsə də, DİN 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat verməsini və sığorta çağırmağını bildirmişdir. Hadisə yerinə gələn DYP əməkdaşları hər ikisi barədə inzibati xəta haqqında protokol tərtib etmişlər (xx.xx.2022-ci il tarixli, İXP4663117 nömrəli protokola əsasən iddiaçı nəqliyyat vasitəsinin yolların hərəkət hissəsində yerləşdirilməsi qaydasını pozaraq İXM-nin 327.1-ci maddəsi ilə inzibati xətanın törədilməsində təqsirli bilinmişdir və 40 manat dəyərində cərimə edilmişdir). Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmasa da, şikayət etməmiş və cərimə məbləğini ödəmişdir. Baş vermiş qəzanın onun səhvi nəticəsində olmasına baxmayaraq (avtomobili müəyyənləşdirilməmiş yerdə saxladığına görə) ona və yoldaşına zənglər etmişdir. Təmir xərcləri ilə əlaqədar yoldaşı iddiaçıya könüllü olaraq 100 manat yardım etməsi təklif etmişdir. Lakin avtomobilin təmir xərcləri ilə əlaqədar ona təsdiqedici sənədləri (ziyan aktı, mütəxəssis rəyi, ödəniş qəbzləri və digər sənədləri) təqdim edə bilmədiyi üçün ona pul ödəməmişdir. Yalnız şifahi sözlərlə olan xərcləri barədə məlumat verdiyindən və ona inandırıcı gəlmədiyindən ödəniş etməmişdir. Məhkəməyə təqdim edilən iddia ərizəsinin qoşma hissəsində də həmin sənədlərin təqdim edilmədiyi görünür. Göstərilənləri nəzərə alaraq cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, İddiaçı 2-3 ildir ki, tanıyır. O, avtomobil ustasıdır. Elnarə qapısı zədələnmiş halda avtomobili gətirərək onun düzəlməsinə köməklik göstərməsini xahiş etmiş, qapının dəyişdirilməli olmasını Elnarəyə demiş, işlənmiş 460 manat qapı alınmışdır, Elnarə dəmir işi üçün 100 manat, rəngə görə 50 manat, rəngsaza 100 manat pul vermişdir. Lakin bu halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmir. Onlar sənədsiz işləyirlər. Elnarəyə də demişdir ki, sübut üçün heç bir sənədimiz yoxdur. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Kia Rio» markalı 90NU699 dövlət nömrə nişanlı avtomaşın Quliyeva (Əkbərova) Elnarə Afəddin qızının adına qeydiyyata alınmışdır. İş üzrə Sabunçu RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 17.10-da baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli hesab olunaraq AR İXM-nin 338.3-ci maddəsi ilə (sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə miqmə və düşmə qaydalarının pozulması) inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 30 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş üzrə Bakı şəhəri Sabunçu RPİ DYRŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, X1 xx.xx.2022-ci il tarixdə saat 17.10 radələrində «Kia Rio» minik markalı 90NU699 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi qaydasının pozulması nəticəsində X1 AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı özünə məxsus “Kia Rio” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun hərəkət hissəsində saxlayarkən, həmin avtomobildə arxa sol oturacaqda əyləşmiş sərnişin Cavabdeh avtomobilin arxa sol qapısını açarkən avtomaşından düşmək istəmiş, həmin zaman hərəkətdə olan avtobus maşının arxa sol qapısını vuraraq iddiaçıya məxsus avtomaşına ziyan dəymişdir. Həmin hadisə nəticəsində “Kia Rio” markalı, 90NU699 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində, sərnişin Cavabdeh AR İXM-nin 338.3-cü maddəsi ilə təqsirli bilinib 30 manat məbləğində cərimə edilmişlər. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, avtomaşına vurduğu zərərin aradan qaldırılması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh avtomobilini təmir etdirməkdən, eləcə də təmir xərcini ödəməkdən imtina etmişdir. O, məcbur olub avtomaşını təmir etdirmək üçün ustalara müraciət etmişdir. Avtomobilinin arxa sol qapısı yararsız hala düşdüyündən onun təmirlə bərpa edilməsi mümkün olmamış və o, işlənmiş arxa sol qapı alıb onu dəyişdirməli olmuş,həmin qapını 460 manata almışdır. Həmçinin 100 manat dəmirçiyə, 50 manat rəngə, 100 manat rəngsaza verib avtomobilini təmir etdirmişdir. Ümumilikdə avtomaşına vurulmuş zərərin aradan qaldırılması üçün 710 manat pul xərcləmişdir. Bu səbəbdən iddiaçı cavabdehdən dəymiş maddi ziyanın tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında“ Qanununun 1-ci maddəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin təhlükəsizliyi - yol hərəkəti iştirakçılarının və cəmiyyətin yol-nəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunma dərəcəsini göstərən yol hərəkəti vəziyyətidir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci bəndinin 1-ci hissəsinə əsasən yol hərəkəti sahəsində fiziki şəxslərin yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək vəzifələri vardır. Göstərilən Qanunun 41-ci maddəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitəsinə yalnız xüsusi minik meydançasından, belə meydança olmadıqda isə, səkidən və ya yolun çiyini tərəfdən yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra minib-düşməlidir (sərnişinlərin səki və ya yolun çiyini tərəfdən minib-düşməsi mümkün olmayan halda, onlar yolun hərəkət hissəsindən o şərtlə minibdüşə bilər ki, bu, təhlükəli olmasın və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın). Qeyd edilən Qanunun 52-ci maddəsinin 1-ci bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən Qanunun normalarının tələbləri baxımından sürücü idarə etdiyi nəqliyyat vasitəsinin yalnız yolun sağ tərəfində saxlamalı, sərnişin isə nəqliyyat vasitəsi tam dayandıqdan sonra təhlükəsizliyə tam riayət etməklə və hərəkətin digər iştirakçılarına maneə yaratmadan düşməlidir. İş materiallarından və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı nəqliyyat vasitəsini yolun sağ tərəfində deyil, yolun orta hərəkət hissəsində saxlamış, bununla da “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmuş, sərnişin isə tam təhlükəsizliyə riayət edilmədən yolun hərəkət hissəsində dayanan nəqliyyat vasitəsindən düşmüşdür ki, qapı açılarkən arxadan gələn nəqliyyat vasitəsi tərəfindən həmin qapı zədələnmişdir. Həm sürücünün, həm sərnişinin müəyyən edilmiş qaydalara riayət edilməməsi onların hər ikisinin inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olmuşdur. Yəni baş verən hadisə və avtomaşına dəyən ziyan həm sürücü, həm sərnişinin təqsiri nəticəsində olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, baş vermiş yolnəqliyyat hadisəsinə görə həm iddiaçı, həm cavabdeh məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. AR Mülki Məcəllənin 1096-ci maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Bu səbəbdən də mülki hüquqi məsuliyyətin əsasında şəxsin qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətləri dayanır. Kobud ehtiyatsızlıqda şəxs öz hərəkətinin və ya hərəkətsizliyinin zərərli nəticələr baş verə biləcəyi aşkar göründüyü halda etinasızlıq göstərərə onların qarşısını almır, adi ehtiyatsızlıqda isə baş verə biləcək zərərli nəticələr aşkar görünmür, onların aşkarlanması üçün xüsusi diqqət və qayğı tələb olunur. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması üçün bir sıra əsasların mövcudluğu tələb olunur. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün, bir qayda olaraq, mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Yalnız zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş ziyanı tələb edə bilər. Ziyanın isə tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlmiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. Beləliklə, mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir:

1. Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır.

2. Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur.

3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir.

4. Hüququpozan şəxsin təqsirinin olması. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülki hüquq pozuntusunun yaranması üçün dörd şərtin olması vacibdir. Eyni zamanda zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqə olmalıdır. Yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. Beləliklə məhkəmə tərəfindən baş verən yol-nəqliyyat hadisəsində həm sürücü, həm sərnişinin təqsirlərinin olması, bununla da həmin hadisə ilə əlaqədar dəymiş ziyana görə hər iki şəxsin məsuliyyətinin olması müəyyən edilmişdir. Lakin məhkəmə iddiaçının avtomaşına dəymiş ziyanın 710 manat məbləği həddində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməsini nəzərə alaraq hesab edir ki, qaldırılan iddia əsaslı hesab edilə bilməz. Məhkəmə şahid qismində ifadə vermiş şəxsin – X2 ifadəsinə tənqidi yanaşaraq, verdiyi ifadədə göstərilən halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməsini, onun avtomaşın təmir ustası kimi fəaliyyət göstərməsi ilə əlaqədar sübutların mövcud olmamasını nəzərə alaraq hesab edir ki, həmin şahid ifadəsi sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməlidir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bu səbəbdən dövlət rüsumunun əvəzi kimi cavabdehdən 30 manat məbləğində pulun tutulması barədə tələb də təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “Kia Rio” minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurduğu maddi zərərin əvəzi olaraq 710 (yeddi yüz on) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitlərinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar