Məhkəmə qərarları › İş №2(009)-1428/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1428/2021

31.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1428/2021 31.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə 02.04.2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan 18.06.2012-ci il tarixdə X2 dünyaya gəlmişdir. Bir ata kimi Cavabdeh onları saxlanılması üçün heç nə etmir. Buna görə də birgə nikahdan olan övladların normal yaşayışını o, şəxsən heç cür təmin edə bilmir. Qızının səhhətində bir sıra problemlər vardır. Belə ki, Nuray anadangəlmə ürək qüsuru, tez-tez təkrarlanan epilepsiya qıcolmaları, ürəyin mitral qarağının qeyri-normal fəaliyyətləri, emosional label pozuntusu beyin inkişafının ləngiməsi və digər xəstəliklərdən əziyyət çəkir. Ona isə ağırlaşmış kron xəstəliyi diaqnozu qoyulmuşdur, həmçinin ikinci qrup əlildir. Əvvəllər təyin olunmuş aliment miqdarını mütəmadi şəkildə və tam olaraq ödəməsə də, anası ilə razılaşdıqları üçün ona güzəştə getmişdir. Daha sonra yenə də alimentin ödənilməsini ləngidirdi. Ona görə də hesab edir ki, cavabdehdən məhkəmə qaydasında uşağın saxlanılması üçün tutulan alimentin miqdarı artırılmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehdən məhkəmə qaydasında övladları X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək hər ay 175 sabit pul məbləğinin təyin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdeh 2014-2018-ci illər üçün müəyyən edilmiş 130 manat alimenti ödəməmiş, sonra cavabdehin valideynlərinin xahişini nəzərə alaraq o şikayəti geri götürmüşdür. 2018-ci ildən sonra da cavabdehin alimentlə əlaqədar ödənilməyən 890 manat borcu qalıb. Cavabdeh həmin borcu ödəmək iqtidarındadır, lakin qəsdən ödəməkdən yayınır. Uşağı xəstədir, ürək əməliyyatı keçirmiş, cavabdeh bankdan kredit götürməsini təklif etmiş və demişdir ki, hər ay 130 manat alimenti vaxtında ödəyəcəkdir. Lakin bu ödənişi etməmişdir. Uşağın müalicə xərclərini tək qarşılaya bilmir. Özü işləsə də, əmək haqqısı 345 manat təşkil edir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh Şükürlü İlqar Mehman oğlu iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, heç bir yerdə işləmir, ikinci dəfə ailə həyatı qurmuşdur, həmin nikahdan iki uşağı var. Hər ikisi məktəblidir. Məhkəmənin 2014-cü ildə müəyyən etdiyi alimenti ödəyə bilmir. Hazırda 890 manat aliment borcu var. Keçən ay birtəhər 150 manat pul tapıb borcdan ödəmişdir. Aliment borcuna görə 10 gün ona inzibati həbs də tətbiq edilmişdir. İddiaçı aliment məbləğini artırmaqla təkrar onu həbs etdirmək istəyir. Kirayədə yaşayır. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X2 18.06.2012-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş üzrə Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 18.10.2013-cü il tarixli nikahın pozulması haqqnda şəhadətnamənin kserosurətindən görünür ki, Cavabdeh və İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 18.10.2013cü ildə 38 No ilə qeyd edilmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-302/2014 saylı, 04.02.2014-cü il tarixli qətnaməsinin kserosurətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 24.01.2013-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh 03.09.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulmuş 180 manat məbləğində alimentin miqdarı azaldaraq 130 manat müəyyən edilməsi, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2577/2014 saylı, 28.04.2014-cü il tarixli qətnaməsinin kserosurətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 04.02.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan 18.06.2012-ci il təvəllüdlü Nuray adlı uşağı var. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş, uşağın ananın yanında qalması müəyyən edilmiş və cavabdehdən uşağın saxlanılması üçün sabit pul məbləğində 180 manat aliment tutulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, Səbail rayon Məhkəməsinin 04.02.2014cü il tarixli qətnaməsi ilə alimentin miqdarı azaldılaraq cavabdehdən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün iddiaçının xeyrinə 130 manat məbləğində aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment miqdarı uşağın saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuş və bu səbəbdən iddiaçı məhkəmədən uşağın saxlanılması üçün cavabdehdən 175 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı cavabdehin işləməməsi, iddiaçının isə işləyib müvafiq əmək haqqı alması, cavabdehin yeni ailə qurduğu, cavabdehin yeni ailədən uşağı dünyaya gəldiyi və məhkəmə qətnaməsi ilə 16.09.2013-cü il təvəllüdlü Akşin adlı uşağın saxlanılması üçün hər ay 100 manat sabit məbləğində alimentin tutulması, həmçinin cavabdehin hazırda hələ də ödənilməmiş aliment öhəlliyinin olması (iddiaçının özünün izahatı ilə də) müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, alimentin tutulması ilə bağlı mübahisələr davam edən xarakter daşıdığı üçün, həmin tələblə yenidən məhkəməyə müraciət edilməsinə yol verilir. Lakin məhkəmə qeyd edir ki, cavabdeh işləmir, mövcud qətnamə qəbul edildikdən sonra hər hansı maddi dəyişiklik olmamışdır, bununla da alimentin ödənilməsini çətinləşdirən hallar baş vermişdir. Digər tərəfdən məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı işləyir. AR Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi alimentin artırılmasına o halda yol verilir ki, tərəflərdən birinin maddi vəziyyətində hər hansı dəyişiklik olsun. İddiaçı aliment miqdarının artırılmasını tələb etsə də, cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin olması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Yəni cavabdehin maddi vəziyyətində dəyişikliyin olması, onun qazancının və gəlirlərinin daha da yaxşılaşması və artması məhkəmə tərəfindən müəyyən olunmadığından, iddiaçının yalnız yaşayış minimumunun artırılmasına istinad edərək aliment məbləğinin artırılmasını tələb etməsi əsaslı hesab oluna bilməz. Məhkəmə digər tərəfdən qeyd edir ki, qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin 04.02.2014-cü il tarixli qətnaməsi ilə cavabdehin maddi vəziyyətinin pisləşməsi səbəbindən ondan tutulmalı olan 180 manat alimentin miqdarı azaldılmış və 130 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, 130 manat alimentin uşağın saxlanılması üçün yetərli olmamasını əsas tutaraq onun artırılmasını və 175 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin 04.02.2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunan halları, yəni alimentin azaldılmasına əsas olmuş halların hazırda da aradan qalxmamasını, yəni cavabdeh heç bir yerdə işləməsini, tutulması müəyyən edilən aliment öhdəliyinin cavabdeh tərəfindən hazırda da tam ödənilməməsini, öhdəsində ikinci nikahdan başqa övladlarının olmasını, digər tərəfdən cavabdehin maddi vəziyyətində dəyişikliyin baş verməsini təsdiq edən hər hansı sübutlar da məhkəməyə təqdim olunmamasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 18.06.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04.02.2014-cü il tarixli 2(009)-302/2014 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarının artırılaraq 175 manat sabit pul məbləğində müəyyən edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar