Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1429/2020 19.06.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Tələbkar Kreditor MMC-nin borclu X1 qarşı kredit müqavilələri üzrə yaranmış borcun tutulmasına dair məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: Tələbkar Kreditor MMC borclu X1 qarşı xx.xx.2016-cı il tarixli kredit müqavilələri üzrə yaranmış 330 manat borcun və xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə yaranmış 875 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Hakim ərizəni araşdıraraq qeyd edir ki, tələbkar tərəfindən verilmiş tələb mübahisəli olduğundan, məhkəmə əmri verilə bilməz və bu səbəbdən ərizənin qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Tələbkarın tələbindən görünür ki, o kredit müqavilələri üzrə yaranmış borcun tutulmasını xahiş edir. Həmin müqavilələrdən görünür ki, bir müqavilə üzrə (xx.xx.2016-cı il) müddət 8 ay müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hakim qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən borclunun tələbkarın xx.xx.2016cı il tarixli kredit müqaviləsi üzrə irəli sürdüyü tələbə qarşı iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə vermək hüququ nəzərdə tutulduğundan, bununla da tələb mübahisəli olduğundan və bu tələb çəkişmə prinsipinə riayət etməklə baxılmalı olduğundan, tələbkarın irəli sürdüyü tələb üzrə məhkəmə əmri çıxarılması yolverilməzdir. Həmin tələbə iddia icraatı qaydasında baxılmalıdır. Digər tərəfdən hakim qeyd edir ki, ərizəçi bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirmişdir. Belə ki, ərizədən görünür ki, ərizəçi borcludan ayrı-ayrı müqavilələr üzrə yaranmış borcun tutulmasını xahiş edir və həmin müqavilələr arasında heç bir bağlılıq yoxdur. Bu səbəbdən hakim hesab edir ki, hər müqavilə üzrə tələb ayrı şəkildə verilməlidir. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Qeyd edilən Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hakim hesab edir ki, kreditorun tələbinə əmr icraatı qaydasında baxılması qeyrimümkün olduğundan, ərizə geri qaytarılmalıdır. AR MPM-nin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Gösətərilənlərə əsasən və AR MPM-nin 279-cu maddəsini rəhbər tutaraq… QƏRARA ALDİ : Tələbkar Kreditor MMC-nin borclu X1 qarşı kredit müqavilələri üzrə yaranmış borcun tutulması ilə bağlı məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Tələbkara həmin tələblə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1429/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1429/2020
19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver