Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-143/2022 19.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızını sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “su sızıntısının aradan qaldırılması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “su sızıntısının aradan qaldırılması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, hazırda ünvan 1 ünvanında yaşayır. Qeyd edilən mənzilin üst mərtəbəsi-3-cü mərtəbənin 36 saylı mənzili isə Cavabdeh məxsusdur. Artıq uzun müddətdir ki, cavabdehə məxsus olan mənzildən su axıntısı nəticəsində ona məxsus olan mənzilə su axır və bu davamlı hala çevrilib. O, su axıntısının aradan qaldırılması üçün dəfələrlə cavabdehə müraciət etsə də, bu günə kimi heç bir nəticə olmamışdır. Sonuncu dəfə 2021-ci ilin sentyabr ayının 17-də iddiaçının yaşadığı mənzilə yenə su sızıntısı olmuş və elektrik xəttində qısa qapanma olmaqla elektrik xətti, işıqlandırma sistemi və çilçıraq yararsız vəziyyətə düşmüşdür. Yaranmış vəziyyət nəticəsində iddiaçı elektrik cərəyanının onu vurması təhlükəsi ilə üzüzə qalmışdır. Yaranmış əziyyətlə əlaqədər o, iki həftə işıqsız qalmışdır. Cavabdehə məxsus mənzildən su sızıntının olması ilə əlaqədar iddiaçıya maddi ziyan dəymişdir. Qonaq otağının tavanı, mətbəxin tavanı və divarları yararsız olmaqla tam qopmuş və yararsız hala düşmüşdür. Evinin giriş koridorunun tavanı və döşəməsi divar kağızları ilə birlikdə çirkab suyun tökülməsiilə yararsız hala düşmüşdür və təmirə ehtiyacı vardır. İddiaçı bu səbəbdən mənzilin divar kağızlarını dəyişdirmiş, tavanı təmir etdirmişdir. Amma su sızıntısının yenidən olması ehtimalı üçün mənzili tam təmir etdirməkdən çəkinmişdir. Ustalar tərəfindən mənzilə baxış keçirilərkən mənzil sahəsinin yenidən təmir və bərpa işləri üçün 2650 manat məbləğində pulun lazım olduğunu bildirmişlər. Cavabdeh tez-tez xarici ölkəyə getdiyi üçün onu evdə tapmaq çətin olur, bununla belə sonuncu hadisədən sonra mənzilə dəymiş ziyan barədə mənzildə qalan şəxsə məlumat versə də, o, bu xərcləri ödəməkdən imtina etmişdir. 5 saylı MKİS tərəfindən 30.09.2021-ci il tarixdə tərtib edilmiş akta əsasən 36 saylı mənzilin hamam otağında su kranının, mətbəxdə isə kanalizasiya qoşulan sifonun sıradan çıxdığı, çirkab suyun 13 saylı mənzilə axması müəyyən edilmişdir. 13 saylı mənzilə baxış keçirərkən məlum olmuşdur ki, axan çirkab su nəticəsində tavanın bir hissəsində sarı ləkələr var, divar kağızları sıradan çıxıb və elektrik xəttində qısa qapanma olmuşdur. Göstərilənləri nəzərə alaraq, iddiaçı iş üzrə cavabdehin üzərinə mənzildə yaranmış su sızıntısı problemini aradan qaldırması (təmiri) öhdəliyini qoymaqla, dəymiş zərərin əvəzi olaraq 2650 (iki min altı yüz manat, əlli qəpik) manat pulun və ödənilmiş 47 (qırx yeddi) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini tam müdafiə edərək bildirmişdir ki, mənzildə cavabdehin bacısı oğlu yaşayır. Psixoloji problemləri olduğuna görə bir neçə dəfə psixiatrik müalicə mərkəzlərinə yerləşdirilmişdir. Evin açarının belə birinə verilməsi onda təəccüb yaradır. Ekspert rəyi ilə razılaşaraq iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə bildirişi qaydasında və vaxtında göndərilsə də, zərf “bu ünvanda yaşamır” qeyd edilərək geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi (indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi) tərəfindən verilmiş ÖM seriyalı 046367 №-li qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 3 saylı evin 13 saylı mənzili X2 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İş üzrə MAPS şöbəsi tərəfindən verilmiş 12.10.2021-ci il tarixli arayışa əsasən Cavabdeh Rezvanovna Bakı şəh., Səbail ray., Xəqani küçəsi, ev 4, 36 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. İş üzrə Səbail rayon 5 saylı MKİS tərəfindən tərtib edilmiş 30.09.2021-ci il tarixli akta əsasən 36 saylı mənzilin hamam otağında su kranının, mətbəxdə isə kanalizasiya qoşulan sifonun sıradan çıxdığı, çirkab suyun 13 saylı mənzilə axması müəyyən edilmişdir. 13 saylı mənzilə baxış keçirərkən məlum olmuşdur ki, axan çirkab su nəticəsində tavanın bir hissəsində sarı ləkələr var, divar kağızları sıradan çıxıb və elektrik xəttində qısa qapanma olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/6721 saylı 11.02.2022-ci il tarixli rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 13 saylı mənzilin binasının 2ci mərtəbəsində, cavabdehə məxsus 36 saylı mənzilin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 13 saylı mənzilin yaşayış otaqları tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən 13 saylı mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən 36 saylı mənzildən su axıdılıdğı və nəticədə 13 saylı mənzilin yaşayış otaqları tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. (ekspertizanın dəyəri 50 manat) ünvan 2 ünvanında yerləşən 13 saylı mənzil üzrə su sızma nəticəsində yaranan qüsurların nələrdən ibarət olduğu və həmin qüsurların bərpası üçün görüləcək işlərin ümumi dəyəri rəyə əlavə edilmiş smetada ətraflı göstərilmişdir. Aparılan hesablamalar nəticəsində ünvan 2 ünvanında yerləşən 13 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmirtikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2409,0 manat məbləğində müəyyən olunmuşdur. Smetadan görünür ki, divarlara vurulmuş şpaklyovka və divar kağızının daşınması üçün 512 manat (128 kv.m x 4=512 manat), divarlara şpaklyovkanın çəkilməsi, hamarlanması və divar kağızının vurulması üçün 810 manat (162 kv.m x 5=810 manat), şpaklyovka üçün 154 manat (22 kisə x 7=154 manat), divar kağızı üçün 195 manat (13 rulon x 15=195 manat), yapışqan üçün 36 manat (4 qutu x 9=36 manat), tavanın boyanması üçün 170 manat (34 kv.m x 5=170 manat), 10 kq-lıq boya üçün 32 manat, elektrik xəttinin təmiri üçün 300 manat, əlavə xərclər üçün 200 manat, cəmi 2409 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə verilmiş tələb üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 3 saylı evin 13 saylı mənzili iddiaçının, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 3 saylı evin 36 saylı mənzili isə cavabdehin mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan 13 saylı mənzilinə su axıdılması nəticəsində mənzilin yaşayış otaqları tikilisinə ziyan vurulmuşdur. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, iddiaçının mənzilinə su sızması nəticəsində mənzildə yaranmış qüsurlar ərazi üzrə 5 saylı MKİS tərəfindən tərtib edilmiş aktla və məhkəmə ekspertizasının rəyi ilə də öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə iddiaçının mülkiyyətində olan 13 saylı mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən, cavabdehə məxsus olan 36 saylı mənzildən su axıdıldığı və nəticədə 13 saylı mənzilin yaşayış otaqları tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Eyni zamanda su sızması nəticəsində iddiaçının mülkiyyətində olan mənzildə yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2409,0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzilinə suyun cavabdehə məxsus olmuş mənzildən axıdılması və həmin su axıdılması nəticəsində iddiaçının mənzilinə ziyanın vurulması təsdiq olunduğundan, iddiaçı həmin su axıdılmanın dayandırılması və su sızıntısı nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlıdır. Məhkəmə qeyd edir ki, cavabdehdən vurulmuş ziyanın əvəzi kimi iddiaçının xeyrinə tutulacaq pul məbləği iddiaçının tələb etdiyi 2650 manat məbləğində deyil, ekspertiza tədqiqatı ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır. Belə ki, ekspert tədqiqatında vurulmuş maddi ziyanın ümumi məbləği 2409 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus əmlaka ziyan cavabdehin təqsiri, hüquqa zidd əməlləri nəticəsində vurulması iş üzrə toplanmış sübutlarla təsdiq olunduğundan və ziyan məbləğinin 2409 manat olması müəyyən edildiyindən, cavabdeh həmin ziyanla bağlı mülki-hüquq məsuliyyəti daşıyır. Bu səbəbdən iddia tələbi maddi ziyanın tutulması hissədə qismən təmin edilməli və cavabdehdən vurulmuş ziyanın əvəzi kimi iddiaçının xeyrinə 2409 manat məbləğində pul tutulmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən iddia üzrə ödənilmiş dövlət rüsumunun 35 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, iş üzrə keçirilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 2409 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 manat, cəmi 2444 (iki min dörd yüz qırx dörd) manat məbləğində pul tutulsun. Cavabdeh su sızıntısı problemini həll etsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-143/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-143/2022
19.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver