Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1435/2021 16.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 37 000 ABŞ dolları məbləğində pul və ödədiyi günə qədər Mərkəzi Bankın müəyyənləşdirdiyi bank faizinin uçot dərəcəsinə uyğun olaraq hər ay üçün 0,01% olmaqla həmin məbləğə görə faizin ödənilməsinə, adi dövriyyədə əldən çıxmış fayda kimi 40 000 ABŞ dolları zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona qartarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, “Mərkəzi Univermaq”da sahibkar-zərgər işləyir. Cavabdeh təxminən 8-9 il olar ki, tanıyır. Belə ki, univermaqda işləməyə başlamazdan əvvəl Gəncədən tez-tez qızıl almaq üçün Bakıya gəlib-gedəndə onunla görüşüb tanış olmuşdur, univermaqda işləməyə başlayana kimi bir-iki dəfə ondan mal almışdır. Univermaqda sex açıb işləməyə başlayanda Ceyhun sexin qarşısındakı başqa sexdə işləyirdi, hadisədən təxminən 2 il yarim əvvəl Ceyhun onun sexində işləməyə başlamışdır. Əvvəllər Ceyhun ondan bir neçə dəfə qızıl-zinət əşyaları götürüb sataraq vaxtında pulunu vermişdi. Elə hallar olmuşdu ki, bir az puldan qalmışdı, sonra işləyərək həmin pulu da vermişdir. Beləliklə də, Ceyhun onun etibarını qazanmışdır. Yəni əslində borcu qalsa da, ödəmək niyyətində olduğunu göstərirdi. Lakin qeyd edilən malların məbləğləri hazırkı məbləğdən kifayət qədər az idi. Bundan sonra, Ceyhun ondan çoxlu miqdarda mal götürdü, lakin malların pulunu qaytarmadı, o tələb etdikcə, pulu tezliklə qaytaracağını bildirirdi. Vəziyyəti belə görüb ona mal verməməyə başladı, onun ona ödəməli olduğu məbləğ 37 000 ABŞ dolları həcmində idi. Ondan pulu tələb etməyə başladıqda, o, müxtəlif bəhanələrlə vaxtı uzatmağa başladı, atası Tahir ona dedi ki, pulun əvəzində rayonda olan torpağını verəcəkdir. Sonra isə dedi ki, həmin torpağı satıb pulunu verəcək. Daha sonra pambıq becərib onu satıb hər ay 1000-1500 manat verəcəyinə söz vermiş və xahiş etmişdir ki, şikayət etməsin. Ona görə də, ona inanıb şikayət etmədi. İki dəfə Tahir oğlunun onun etibarından sui-istifadə edərək əldə etdiyi pulun məbləğini azaltmaq məqsədilə onu Salyan rayonuna apardı, hər dəfə bir sənəd lazım olduğunu dedi, ona görə də, geri qayıtdı. Həmin vaxt, Salyandan ikinci dəfə gələndən sonra Tahir zəng vurub dedi ki, torpağın sənədlərinin düzəlməsi üçün 200 manat pul lazımdır, yenə də ona inanıb 2017-ci ilin sentyabr ayında həmin pulu onlara vermək üçün Atabəy adlı oğlana verdi, o da həmin pulu Univermağın böyründə onlara verdi. Onlar 200 manatı aldıqdan sonra vədinə əməl etmədilər, bundan sonra şikayət etməməyi üçün evlərinin plana düşdüyünü bildirib, onu daha iki-üç ay ləngitdi, sonra isə dedi ki, “o heç nəyə qarışmır, oğlu ilə özü bilər”. Bundan sonra artıq onların pulu vermək niyyətlərinin olmamasını, aldatdıqlarını başa düşmüşdür. Ceyhun ondan 2016-cı ilin oktyabr-noyabr aylarında götürdüyü 900 qram çəkidə 585 əyarlı, 27 000 ABŞ dolları dəyərində müxtəlif modelli qızıl-zinət əşyalarının pulunu verməmişdir. Həmin qızıl-zinət əşyaları çirkon qaşlarla olmuş, onları adbaad sadalaya bilmir, çünki onları ümumi çəki ilə vermişdir. Həmin vaxtlarda Ceyhun ondan dəfələrlə 750 və 585 əyyarlı, 10 000 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları götürmüş və onların da pulunu verməmişdir. Bu qızılzinət əşyaları qaşsız qarnitur olmuşdur. Beləliklə də, Ceyhunun ona 37 000 ABŞ dolları məbləğində borcu vardır. Onun onu aldatdığını gördükdən sonra etdiyi şikayətə əsasən araşdırma başlanıldı. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh AR CM-nin 178.3.2. maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin Cavabdeh AR CM-nin 178.3.2. maddəsi ilə məhkum edilməsinə dair 10 yanvar 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin 11 mart 2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 01 iyul 2019-cu il tarixli qərarı ləğv edilmiş, cinayət işi apelyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 1(103)-41/2021 saylı, 03 mart 2021-ci il tarixli hökmü ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Cavabdeh AR CM-nin 178.3.2. maddəsi ilə məhkum edilməsinə dair 10 yanvar 2019-cu il tarixli hökmü ləğv edilmiş, AR CPM-nin 42.1.3. maddəsinə əsasən, Cavabdeh təqsirli bilindiyi AR CM-nin 178.3.2. maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona AR CM-nin 178.3.2. maddəsi ilə bəraət verilmişdir. Məhkəmədə onların qaldırdıqları mülki iddia baxılmamış saxlanılmış, məhkəmədə eyni tələblə iddia qaldırmaq tövsiyə edilmişdir. İddiaçıya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə görə isə, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Cavabdeh tərəfindən işə iddiaçının iştirakı olmadan baxılması tələb edildiyindən məhkəmə, mübahisəyə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh Mərhəmət oğlu iddia tələbini qəbul etməyərək, iddiaçının tələbi ilə bağlı heç bir sübut olmadığından, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilmişdir. Bu iddia tələbində də heç bir sübut olmadığından iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-41/2021 saylı, 03.03.2021-ci il tarixli hökmündən görünür ki, apellyasiya şikayəti təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair 10 yanvar 2019-cu il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası CPM-nin 42.1.3-cü maddəsinə əsasən Cavabdeh təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, iddia tələbinin göstərilən hissəsinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. İddiaçı 37 000 ABŞ dolları məbləğində pul ilə bağlı tələbinin əsası kimi istinad etdiyi sübutları təqdim edə bilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, cavabdehdən 37 000 ABŞ dolları məbləğində pul və ödədiyi günə qədər Mərkəzi Bankın müəyyənləşdirdiyi bank faizinin uçot dərəcəsinə uyğun olaraq hər ay üçün 0,01% olmaqla həmin məbləğə görə faizin ödənilməsinə, adi dövriyyədə əldən çıxmış fayda kimi 40 000 ABŞ dolları zərərin alınıb iddiaçıya verilməsi barədə tələb əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1435/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1435/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver