Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1441/2021 16.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh (Purqurban) Kazımova Nigar Əliş qızına qarşı «pul tələbinə» dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı ASC cavabdeh (Purqurban) Kazımova Nigar Əliş qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh (Purqurban) Kazımova Nigar Əliş qızından 13 sentyabr 2019-cu il tarixli, SBNPU-0388 KMP saylı müqaviləsi üzrə 2516,6 manat əsas borc, 13,33 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Səbail filialı ilə cavabdeh (Purqurban) Kazımova Nigar Əliş qızı arasında bağlanmış 13 sentyabr 2019-cu il tarixli, SBNPU-0388 KMP saylı kredit müqaviləsinə əsasən illik 1% faiz dərəcəsi olmaqla 60 ay müddətinə 2569,12 manat məbləğində cavabdehə kredit verilmişdir. 13 sentyabr 2019-cu il tarixli, SBNPU-0388 KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan cavabdeh (Purqurban) Kazımova Nigar Əliş qızı kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 13 sentyabr 2019-cu il tarixli, SBNPU-0388 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 13-dən gec olmayaraq hər ay 43,92 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh (Purqurban) Kazımova Nigar Əliş qızının 13 sentyabr 2019-cu il tarixli, SBNPU-0388 KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 2516,6 manat, faiz borcuna görə 13,33 manat borcun cəmi məbləği 2529,93 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə olunmuş 27 aprel 2021-ci il tarixli maliyyə arayışdan görünür ki, cavabdeh (Purqurban) Kazımova Nigar Əliş qızı ilə İddiaçı ASC arasında bağlanmış 13.09.2019-cu il tarixli, SBNPU-0388 saylı müqaviləsi üzrə 26 aprel 2021-ci il tarixinə olan borcu 2516,6 manat əsas, 13.33 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən,icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, borclu cavabdeh (Purqurban) Kazımova Nigar Əliş qızı ilə İddiaçı ASC arasında bağlanmış 13.09.2019-cu il tarixdə imzalanmış kredit müqaviləsinə əsasən cavabdehə 2569,12 manat məbləğində kredit verilmişdir. Cavabdeh borcunu ödəməmişdir. Beləliklə, cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliklərinin pozulması halı baş vermişdir. Məhkəmə hesab edir ki, müqavilə öhdəlikləri cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyinə görə ondan 2516,6 manat məbləğində əsas borcun və 13,33 manat faiz borcunun bankın xeyrinə tutulması barədə tələb əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı ASC tərəfindən ümumilikdə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (Purqurban) Kazımova Nigar Əliş qızından İddiaçı» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 13 sentyabr 2019-cu il tarixli, SBNPU-0388 KMP saylı müqaviləsi üzrə 2516,6 (iki min beş yüz on altı manat altmış qəpik) manat əsas borc, 13,33 (on üç manat otuz üç qəpik) manat faiz borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1441/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1441/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver