Məhkəmə qərarları › İş №2(009)-1460/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1460/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1460/2020 28.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nikon D7500” markalı fotoaparat, “Samsung Micros” aksesuar üçün 2652 (iki min altı yüz əlli iki) ödənilməmiş hissə, 597 (beş yüz doxsan yeddi) manat dəbbə pulu, ümumilikdə 3249 manat borc, 30 manat dövlət rüsumu olmaqla, cəmi 3279 manat məbləğində pul Cavabdeh alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,cavabdeh «xxxxxxxxxxx» MMC ilə xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən “Nikon D7500” markalı fotoaparat, “Samsung Micros” aksesuar almış və nəticədə 3249 (üç min iki yüz qırx doqquz) manat borc yaranmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh alqı-satqı qiyməti 2652 (iki min altı yüz əlli iki) manat (12 ay x 221 manat + 0 manat ilkin ödəniş ) olan “Nikon D7500” markalı fotoaparat, “Samsung Micros” aksesuar üçün ümumilikdə 3249 (üç min iki yüz qırx doqquz) manat olmaqla, ondan 2652 (iki min altı yüz əlli iki) ödənilməmiş hissə, 597 (beş yüz doxsan yeddi) dəbbə pulu, (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında dəbbə pulu) borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Sonradan iddiaçının nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə “Nikon D7500” markalı fotoaparat və “Samsung Micros” aksesuar üçün 902 (doqquz yüz iki) manat ödənilməmiş hissə, 265 manat dəbbə pulu, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1197 (min yüz doxsan yeddi) manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh Saməd oğlu xx.xx.2019-cu il tarixli müqavilə üzrə Nikon “D7500” markalı fotoaparatı xx.xx.2020-ci il tarixində geri qaytarmış və məhsul 1750 manat qiymətləndirilmiş, həmin məbləğ qalıq məbləğdən çıxılmış, nəticədə 902 manat borc qalmışdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddi ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və əlavə olaraq göstərmişdir ki, cavabdeh malı aldıqdan 16 gün sonra onu gətirib mağazaya qaytarmaq istəmiş, lakin mağaza tərəfindən malın qaytarılması rəsmiləşdirilməmişdir. Belə ki, alıcının malı 14 gün ərzində qaytarmaq hüququ olmasına baxmayaraq o, malı aldıqdan 16 gün sonra gətirib qaytarmaq istəmişdir. Mağazanın işçisi tərəfindən mal qəbul olunmamış və alıcıya çalın üzərində cızıqlar olduğu, ekspertiza təyin edilərək qiymətləndirmə aparılmalı olduğu bildirilmişdir. Buna baxmayaraq alıcı malı mağazada qoyub çıxıb getmişdir. O gündən sonra nə malı gəlib götürməmiş, nə də ki, heç bir ödəniş etməmişdir. İddiaçı tərəf dəfələrlə Cavabdeh gəlib malı götürməsi və borcunu ödəməsi barədə xəbərdar etsə də, o, bununla bağlı heç bir cəhd etməmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək göstərmişdir ki, malın geri qaytarılması xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilmiş, məhsul 1750 manat qiymətləndirilmiş, həmin məbləğ qalıq məbləğdən çıxılmış, nəticədə 902 manat ödənilməmiş hissə, 265 manat dəbbə pulu olmaqla, cəmi 1197 manat borc qalmışdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, «xxxxxxxxxxx» MMC ilə xx.xx.2019-cu il tarixli müqavilə bağlayaraq hissə-hissə ödəmək şərtilə “Nikon D7500” markalı fotoaparat və “Samsung Micros” aksesuar almış, lakin “Nikon D7500” markalı fotoaparata görə aylıq ödəniş edə bilmədiyi səbəbindən 16 gündən sonra həmin fotoaparatı «xxxxxxxxxxx» MMC-yə qaytarmış, yol-nəqliyyat qəzası keçirdiyindən malı 14 ərzində deyil, 16 gün sonra qaytara bilmişdir. Mağazadan ona kamerada cızıqlar olduğu və bu vəziyyətdə geri götürə bilməyəcəklərini bildirmişlər, o, isə qəzəblənərək malı mağazada qoyub getmişdir. “Nikon D7500” markalı fotoaparat və aksessuardan istifadə etmədiyindən və aldıqdan 16 gün sonra iddiaçıya qaytardığından və hazırda da mal iddiaçıda olduğundan iddiaçı tərəfindən ona qarşı sürülən əsas borcun və hesablanmış cərimənin ödənilməsi tələbini əsassız hesab edir. Həmçinin qeyd etmişdir ki, alındıqdan 16 gün sonra qaytarılan mala görə borc və cərimənin hesablanması və borc tələbi ilə ona qarşı məhkəməyə müraciət edilməsi anlaşılan deyil, iddiaçı tərəf ona cərimə borcunu ödədikdən sonra gəlib malı götürə biləcəyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 00823071 saylı müqavilədən görünür ki, satıcı İddiaçı MMC özünə məxsus olan “Nikon D7500” markalı fotoaparatı və “Samsung Micros” aksesuarı müqavilənin şərtlərinə əsasən alıcının sahibliyinə vermişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, «xxxxxxxxxxx» MMC Cavabdeh ilə xx.xx.2019-cu il tarixli müqavilə bağlayaraq hissə-hissə ödəmək şərtilə “Nikon D7500” markalı fotoaparat və “Samsung Micros” aksesuarı alıcının sahibliyinə vermişdir. Lakin, Cavabdeh “Nikon D7500” markalı fotoaparatı və “Samsung Micros” aksesuarı aldıqdan 16 gün sonra «xxxxxxxxxxx» MMC-yə gələrək qaytarmaq istəmiş, mağazanın işçisi isə alıcının malı 14 gün ərzində qaytarmaq hüququ olduğunu, malın 16 gündən sonra qaytarılmasının mümkün olmamasını, həmçinin malın üzərində cızıqlar olduğundan qiymətləndirilməli olduğunu əsas gətirərək qəbul etməsə də, cavabdeh malı mağazada qoyub çıxıb getmişdir. O gündən sonra nə malı gəlib götürməmiş, nə də ki, heç bir ödəniş etməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2020-ci il tarixdə isə (məhkəməyə müraciət etdikdən sonra) malın geri qaytarılması iddiaçı tərəfindən rəsmiləşdirilmişdir. Hazırda iddiaçı tərəf məhsulun geri qaytarılmasını xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilməklə 1750 manat məbləğində qiymətləndirilməsini və həmin məbləğin qalıq məbləğdən çıxılmaqla nəticədə 902 manat ödənilməmiş hissə, 265 manat dəbbə pulu olmaqla, cəmi 1197 manat borc qalmasını əsas gətirərək 1197 manat borcun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddia tələbini qəbul etməyərək «xxxxxxxxxxx» MMC ilə xx.xx.2019-cu il tarixdə bağladığı müqavilə əsasında hissə-hissə ödəmək şərtilə aldığı “Nikon D7500” markalı fotoaparat və aksessuardan istifadə etmədiyini, aldıqdan 16 gün sonra iddiaçıya qaytardığını və hazırda da malın iddiaçıda olduğunu əsas gətirərək iddiaçı tərəfindən ona qarşı sürülən əsas borcun və hesablanmış cərimənin ödənilməsi tələbini əsassız hesab edir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarından da göründüyü kimi Cavabdeh «xxxxxxxxxxx» MMC ilə xx.xx.2019-cu il tarixli müqavilə bağlayaraq hissə-hissə ödəmək şərtilə “Nikon D7500” markalı fotoaparat və “Samsung Micros” aksesuarı almış, lakin məhsulu aldıqdan 16 gün sonra «xxxxxxxxxxx» MMC-yə gələrək qaytarmaq istəmiş, mağazanın işçisi isə alıcının malı 14 gün ərzində qaytarmaq hüququ olduğunu, malın 16 gündən sonra qaytarılmasının mümkün olmamasını, həmçinin malın üzərində cızıqlar olduğundan qiymətləndirilməli olduğunu əsas gətirərək qəbul etməmiş, Cavabdeh isə öz növbəsində malı mağazada qoyub çıxıb getmiş, o gündən sonra nə malı gəlib götürməmiş, nə də ki, heç bir ödəniş etməmişdir. Malın mağazada- iddiaçıda qalmasına baxmayaraq «xxxxxxxxxxx» MMC tərəfindən malın qaytarılması rəsmiləşdirilməməklə cavabdehə əsas və cərimə borcu hesablanaraq xx.xx.2020-ci il tarixdə borcun ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət edildikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə malın geri qaytarılması iddiaçı tərəfindən rəsmiləşdirilmişdir. Lakin bütün bu vaxt ərzində, yəni cavabdehin məhsulu aldıqdan 16 gün sonra qaytardığı gündən hazıradək məhsul iddiaçının özündə olmuş, cavabdeh həmin məhsuldan bu və ya digər qaydada istifadə etməmişdir. İddiaçının iddia tələbinin əsasını «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00823071 nömrəli müqavilə və ödəniş cədvəli təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçı ilkin olaraq tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə istinad edərək 2652 (iki min altı yüz əlli iki) ödənilməmiş hissə, 597 (beş yüz doxsan yeddi) manat dəbbə pulunun cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət etsə də, sonradan məhkəmə araşdırması ərəfəsində, yəni xx.xx.2020-ci il tarixdə malın geri qaytarılmasını rəsmiləşdirməklə “Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə Nikon “D7500” markalı fotoaparatı xx.xx.2020-ci il tarixində geri qaytarmasına və məhsulun 1750 manat qiymətləndirilməsinə, həmin məbləğin qalıq məbləğdən çıxılmaqla, nəticədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə “Nikon D7500” markalı fotoaparat və “Samsung Micros” aksesuar üçün 902 (doqquz yüz iki) manat ödənilməmiş hissə, 265 manat dəbbə pulu olmaqla, cəmi 1197 manat borc qalmasına” istinad edərək Cavabdeh 1197 manat borcun alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qanunvericiliyin tələbini və işin faktiki hallarını, o cümlədən iddiaçı tərəfindən rəsmiləşdirilməmiş olsa belə, məhsulun alındıqdan 16 gün sonra faktiki olaraq iddiaçıya qaytarılmasını və hazıradək iddiaçıda olmasını nəzərə alaraq belə hesab edir ki, iddiaçı “Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə Nikon “D7500” markalı fotoaparatı xx.xx.2020-ci il tarixində geri qaytarmasına və məhsulun 1750 manat qiymətləndirilməsinə, həmin məbləğin qalıq məbləğdən çıxılmaqla, nəticədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə “Nikon D7500” markalı fotoaparat və “Samsung Micros” aksesuar üçün 902 (doqquz yüz iki) manat ödənilməmiş hissə, 265 manat dəbbə pulu olmaqla, cəmi 1197 manat borc qalmasına” dair mövqeyini kifayət qədər əsaslandıra bilməmiş, həmçinin hazırki tələbinin hüquqi əsasının da nədən ibarət olmasını izah edə bilməmişdir. Bununla yanaşı, iddiaçı hazırki iddia tələbini əsaslandırmağa çalışdığı halları təsdiq edən mötəbər sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, ilk növbədə hər hansı iddia tələbi üzrə iddiaçının tələbinə uyğun olan iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılması zamanı irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına zərurət qalmır, belə ki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin - Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar