Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1463/2024 12.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan övladları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğinə çatdırılması və həmin aliment məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, cavabdeh ilə 2018-ci il tarixində ailə həyatı quraraq faktiki nikaha girmişdir. Lakin, sonradan aralarında olan ailə münasibəti pisləşmiş və ayrılmışlar. Cavabdehlə faktiki nikahdan xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X9 adlı övladları olmuşdur. Səbail Rayon Məhkəməsinin 2(009)-195/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında iddia tələbi təmin edilmiş və xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 xx.xx.2019-cu il tarixindən başlayaraq yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi öhdəliyi yaranmışdır. Sözügedən məhkəmə qətnaməsi əsasında faktiki nikahları pozulduğu vaxtdan da bir müddət əvvəldən övladları onun himayəsindədir, onların gündəlik məişət xarakterli təlabatlarını o təmin edir və uşaqlara o baxır, övladlarının bütün qayğısını və ehtiyaclarını tamamilə o çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Övladlarıyla qətiyyən maraqlanmır. Hal-hazırda övladlarının təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Onların təhsil, tibbi və digər əlaqədar xərclərinin çəkilməsi onun üçün bir sıra əlavə çətinliklər yaradır ki, buna da maddi rifahı yetmir. Övladının gündəlik xərclərini təmin edə bilmir. Həmçinin, mərhum atası X11 xx.xx.2020-ci il tarixində “kəskin respirator çatmamazlıq” xəstəliyindən vəfat etmişdir. Ailədə iki əkiz övladlarından əlava yaşlı anası da onun himayəsindədir. Buna görə də o, “aliment məbləğinin artırılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, hesab edir ki, məhkəmə Səbail Rayon Məhkəməsinin 2(009)-195/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsində göstərilmiş aliment məbləğinin artırılması ilə bağlı qətnamə qət etməlidir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamış şəxslər üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, alimentin artırılmasına etiraz etdiyini, hazırda başqa bir aliment öhdəliyi də olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(009)-195/2023 saylı qətnaməsindən görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı doğulmuş uşaqların İddiaçı yanında qalmasının müəyyən edilməsi və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin hər ay alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(009)-863/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü Hüseynli (Hüseynov) Atillaxan Şükür oğlunun və xx.xx.2019-cu il təvəllüdlü Hüseynli (Hüseynova) Diana Şükür qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-195/2020 saylı qətnaməsi ilə tutulması müəyyən edilən alimentin miqdarının artırılması və hər uşağa görə 190 manat, cəmi 380 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(006)-2317/2023 saylı qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüldü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Rza oğlundan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2354/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat olmaqla, ümumilikdə 380 (üç yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməsi və həmin pul vəsaitinin bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh Rza oğlundan hər ay sabit pul məbləğində tutularaq X1 verilməsi qət edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh “X6” MMC-də icraçı direktor vəzifəsində işləyir və əmək haqqı 350 manatdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sonuncu dəfə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(009)-863/2023 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü Hüseynli (Hüseynov) Atillaxan Şükür oğlunun və xx.xx.2019-cu il təvəllüdlü Hüseynli (Hüseynova) Diana Şükür qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-195/2020 saylı qətnaməsi ilə tutulması müəyyən edilən alimentin miqdarının artırılması və hər uşağa görə 190 manat, cəmi 380 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı 08 sentyabr 2019-cu il təvəllüdlü X2 və 08 sentyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün ödənilən alimentin məbləğinin artırılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 05 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, hal-hazırda yetkinlik yaşına çatmayan uşaqların iddiaçının himayəsində olmasını, tərəflərin ailə və maddi vəziyyətini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal səviyyədə saxlanılması zəruriliyini, 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumunun məbləğini, cavabdehin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(006)-2317/2023 saylı qətnaməsinə əsasən digər uşaqlar üçün də aliment ödəməsini nəzərə alaraq hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını məqsədə müvafiq hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, həmçinin aliment məbləğinin artan hissəsinə uyğun olaraq cavabdehdən (220-190=30*2*12=720 manat) 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, eyni zamanda ödənilmiş 50 manat mediasiya xərcinin 25 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh hər uşaq üçün sabit pul məbləğində tutulan 190 (bir yüz doxsan) manat alimentin həcmi artırılaraq hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməli, 08 sentyabr 2019cu il təvəllüdlü X2 və 08 sentyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırx) manat aliment bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq İddiaçı ödənilməli, Cavabdeh 50 (əlli) manat mediasiya xərcinin 25 (iyirmi beş) manat hissəsi tutularaq İddiaçı ödənilməli, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(009)-863/2023 saylı qətnaməsi əsasında Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan 190 (bir yüz doxsan) manat alimentin həcmi artırılaraq hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin. 08 sentyabr 2019-cu il təvəllüdlü X2 və 08 sentyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırx) manat aliment bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq İddiaçı ödənilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərcinin 25 (iyirmi beş) manat hissəsi tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1463/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1463/2024
12.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver