Məhkəmə qərarları › İş №2(009)-1472/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1472/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1472/2021 13.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 2330 (iki min üç yüz otuz) ABŞ dolları məbləğində əsas, 652 (altı yüz əlli iki) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 2982 (iki min doqquz yüz səksən iki) ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, Cavabdeh2 4127 (dörd min yüz iyirmi yeddi) ABŞ dolları məbləğində əsas, 1155 (bir min yüz əlli beş) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 5282 (beş min iki yüz səksən iki) ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, taxta satışı ilə məşğul olduğu üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 09.12.2016-cı il tarixdə ona müraciət edərək onlara taxta lazım olduğunu bildirmişlər. O, 09.12.2016-cı il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova 207 ünvanında Cavabdeh1 2330 ABŞ dolları dəyərində, Cavabdeh2 isə 4127 ABŞ dolları dəyərində taxtaları təhvil vermiş, onlar isə borclarını 10.04.2017-ci il tarixədək qaytarcaqlarına dair ona qəbz yazıb vermişlər. Lakin cavabdehlər taxtanın dəyərini hər dəfə müxtəlif bəhanələr gətirərək bugünədək ödəməmişlər. O, məcbur olub cavabdehlərin qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Binəqədi RPİ-nin 4-cü Polis Bölməsində cavabdehlərin şikayət üzrə izahatları alınmış və onlar ona borclu olduqlarını bir daha öz izahatlarında etiraf etmişlər. Həmçinin hesab edir ki, Cavabdeh1 2330 (iki min üç yüz otuz) ABŞ dolları və Cavabdeh2 4127 (dörd min yüz iyirmi yeddi) ABŞ dolları məbləğində pul vəsaitini dörd il ərzində qanunsuz saxlamaqla ondan faydalandıqları üçün həmin vəsaitlərin məbləğindən bir il üçün illik 7 faiz olmaqla Cavabdeh1 652 (altı yüz əlli iki) ABŞ dolları və Cavabdeh2 isə 1155 (bir min yüz əlli beş) ABŞ dolları faiz ödəməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat vermiş, əlavə olaraq Cavabdeh2 ona borcundan 500 ABŞ dolları qaytardığını qalan borcunu hələ də qaytarmadığını bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, o, oğlu Cavabdeh2 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində yerləşən mebel sexini işlətmişlər. Belə ki, 2016-cı ilin dekabr ayında o, İddiaçı 2300 ABŞ dolları, lakin 0,78 manatla hesablanmaqla, yəni 1817 manat məbləğində taxta material almışdır. Lakin sonradan işləri yaxşı getməmiş, sex bağlanmış, bu səbəbdən İddiaçı olan borcunu ödəyə bilməmişdir. O, İddiaçı borcunun olduğunu etiraf edir, lakin həmin məbləği o, 2016-cı ildə aldığından həmin məbləğ 2300 ABŞ dolları manat ekvivalentində 1817 manat məbləğində olmuşdur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin qismən təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh1 tərəfindən yazılmış və imzalanmış 09.12.2016-cı il tarixli qəbzdən görünür ki, o, İddiaçı 2330 ABŞ dolları borcunun olduğunu və bu borcu 10.04.2017-ci il tarixə kimi qaytaracağını qeyd etmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh2 tərəfindən yazılmış 09.12.2016-cı il tarixli qəbzdən görünür ki, o, İddiaçı 4127 ABŞ dolları borcunun olduğunu və bu borcu 10.04.2017-ci il tarixə kimi qaytaracağını qeyd etmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəisi, polis polkovnik leytenantı Rahib Mirzəyev tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material mülki iddia xarakterli olduğundan ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-si tərəfindən məhkəməyə təqdim olunmuş materialın surətindən görünür ki, Cavabdeh1 tərəfindən yazılmış izahatda göstərilmişdir ki, o, oğlu Cavabdeh2 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində yerləşən mebel sexini işlətmişlər. İddiaçı mebellər düzəltmək üçün taxta sifariş edib alırdılar. Belə ki, təxminən 2016-cı ilin dekabr ayında o, İddiaçı 2300 ABŞ dolları, lakin 0,78 manatla hesablanmaqla, yəni 1817 manat məbləğində taxta material almışdır. Lakin sonradan işləri yaxşı getmədiyindən İddiaçı olan borcunu ödəyə bilməmişdir. O, İddiaçı borcunu bir il ərzində hissə-hissə ayda 150-200 manat olmaqla ödəyəcəyini bildirmişdir. Həmin materiala əlavə olunmuş Cavabdeh2 tərəfindən yazılmış izahatdan görünür ki, o, atası Cavabdeh1 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində yerləşən mebel sexini işlətmişlər. İddiaçı mebellər düzəltmək üçün taxta ləvazimatı gətizdirirdilər. Belə ki, təxminən 2016-cı ilin dekabr ayında o, İddiaçı taxta sifariş etmiş və 4120 ABŞ dolları, lakin 0,78 manatla hesablanmaqla taxta material almışdır. Lakin sonradan işləri yaxşı getməmiş, sex bağlanmış, bu səbəbdən İddiaçı olan borcunu ödəyə bilməmişdir. Ona olan borcundan 850 manat qaytarmış və qalan 2363 manat borcunu bir il ərzində hissə-hissə ayda 200 manat olmaqla ödəyəcəyini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı taxta satışı ilə məşğul olduğu üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 09.12.2016-cı il tarixdə ona müraciət edərək onlara taxta lazım olduğunu bildirmiş və yazılı qəbzə imza etməklə 09.12.2016-cı il tarixdə Cavabdeh1 2330 ABŞ dolları dəyərində, Cavabdeh2 isə 4127 ABŞ dolları dəyərində taxtaları iddiaçıdan təhvil almış və taxtanın dəyərini yazılı şəkildə qəbzə imza etməklə 10.04.2017-ci il tarixədək qaytarcaqlarını qeyd etmişlər. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 ödəməli olduğu puldan 500 ABŞ dollarını iddiaçıya qaytarsa da qalan məbləği, eləcə də Cavabdeh1 ödəməli olduğu pulu hazıradək ödəməmişlər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi tərəflər aralarında razılığa gəlməklə 09.12.2016-cı il tarixdə Cavabdeh1 2330 ABŞ dolları dəyərində, Cavabdeh2 isə 4127 ABŞ dolları dəyərində taxtaları iddiaçıdan almış və taxtanın dəyərini yazılı şəkildə qəbzə imza etməklə 10.04.2017-ci il tarixədək qaytarcaqlarını qeyd edərək öhdəlik götürmüşlər. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış münasibətlər Mülki Məcəllənin aşağıdakı müddəaları baxımından aralarında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yarandığı üçün iddiaçının hazırki tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin faktiki hallarını, məhkəmə iclasında tədqiq edilmiş sübutları və iş materiallarını nəzərə alaraq tərəflər arasında yaranmış münasibətləri nisyə alqı-satqı müqaviləsi kimi qiymətləndirir və hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmış, iddiaçı taxtaları cavabdehlərə təhvil verməklə öhdəliyini icra etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməmişlər. Məhkəmə qeyd edir ki, Cavabdeh1 2330 ABŞ dolları məbləğində pulu iddiaçıya qaytarmasına dair öhdəlik götürməsi və hazıradək həmin öhdəliyi icra etməyərək pulu qaytarmaması məhkəmə iclasında tədqiq edilmiş sübutlar və iş materialları ilə, o cümlədən tərəflərin izahatları, yazılı formada tərtib edilmiş və cavabdeh tərəfindən imzalanmış 09.12.2016-cı il tarixli qəbzlə, eləcə də cavabdehin Binəqədi RPİ-nin 4-cü PŞ-də verdikləri izahatı ilə öz təsdiqini tapır. Odur ki, iddiaçı 2330 ABŞ dolları məbləğində pulu cavabdehdən tələb etməkdə haqlıdır və 2330 ABŞ dolları Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, İddiaçı Cavabdeh2 4127 ABŞ dolları məbləğində pulun tutulması tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh2 09.12.2016-cı il tarixli qəbzlə üzərinə 4127 ABŞ dolları məbləğində pulu qaytarmasına dair öhdəlik götürməsi məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar və iş materialları ilə öz təsdiqini tapsa da, cavabdehin Binəqədi RPİ-nin 4-cü PŞ-də verdiyi izahatı ilə yanaşı, məhkəmə iclasında iddiaçının da izahatı ilə müəyyən edilmişdir ki, Cavabdeh2 ödəməli olduğu 4127 ABŞ dolları məbləğdən 500 ABŞ dollarını iddiaçıya qaytarmış, hazırda ödəməli olduğu məbləğ isə 3627 ABŞ dollarıdır. Belə olan halda, iddia tələbi həmin hissədə qismən əsaslı olmaqla, 3627 ABŞ dolları Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehin pulun manatla hesablanmalı olmasına dair dəlillərini də əsassız hesab edir. Belə ki, cavabdehlər tərəfindən imzalanmış yazılı qəbzlərdə müvafiq olaraq qaytarılmalı olan pul məbləğləri 2330 ABŞ dolları və 4127 ABŞ dolları kimi göstərilmiş, iddiaçı tərəfindən də bu dəlil təsdiq edilməmişdir. Məhkəmə, eyni zamanda, iddia tələbinin borc məbləğinə hesablanmış bank uçot dərəcəsində pul vəsaitinin tutulması hissəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı aldıqları pul vəsaitini qəbzlərdə göstərilən tarixdə ödəməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişlər. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı pul öhdəliyini icra etmədiklərinə görə cavabdehlərdən gecikdirilən 4 il (10 aprel 2017-10 aprel 2021) müddəti üçün 7 faiz dərəcəsi ilə hesablamaqla Cavabdeh1 2330 ABŞ dolları üçün 652 ABŞ dolları məbləğində faiz borcu, Cavabdeh2 isə 4127 ABŞ dolları üçün 1155 ABŞ dolları məbləğində faiz borcunun ödənilməsini tələb edir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində (www.cbar.az) uçot faiz dərəcəsi 2017-2020-ci ilin dekabr ayınadək hər il üçün minimum faiz dərəcəsi 7 faiz, 2020-ci ilin dekabr ayından 6,25 faiz müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddia tələbi həcmində - 4 il (10 aprel 2017-10 aprel 2021) müddəti üçün 2017- 2020-ci ilin dekabr ayınadək gecikdirilmiş hər il üçün faiz dərəcəsi 7 faiz, 2020-ci ilin dekabr ayından 6,25 faiz dərəcəsi ilə hesablanmaqla, Cavabdeh1 2330 ABŞ dolları üçün 638,7 ABŞ dolları məbləğində faiz borcu, Cavabdeh2 isə hazırki qətnamə ilə 3627 ABŞ dolları pul tutulması nəticəsinə gəlindiyindən həmin məbləğ üçün 987,2 ABŞ dolları məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun 40 (iyirmi) manat hissəsi cavabdehlərin hər birindən 20 (iyirmi) manat olmaqla tutulub iddiaçıya ödənilməli, 20 (iyirmi) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 2330 (iki min üç yüz otuz) ABŞ dolları, gecikdirilmiş vaxt üçün bank uçot dərəcəsi ilə hesablanmış 638,7 (altı yüz otuz səkkiz dollar yetmiş sent) ABŞ dolları, cəmi 2968,7 (iki min doqquz yüz altmış səkkiz dolları yetmiş sent) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), Cavabdeh2 3627 (üç min altı yüz iyirmi yeddi) ABŞ dolları, gecikdirilmiş vaxt üçün bank uçot dərəcəsi ilə hesablanmış 987,2 (doqquz yüz səksən yeddi dollar iyirmi sent) ABŞ dolları, cəmi 4614,2 (dörd min altı yüz on dörd dollar iyirmi sent) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) və ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh1, 20 (iyirmi) manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı ödənilməli, dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2330 (iki min üç yüz otuz) ABŞ dolları, gecikdirilmiş vaxt üçün bank uçot dərəcəsi ilə hesablanmış 638,7 (altı yüz otuz səkkiz dollar yetmiş sent) ABŞ dolları, cəmi 2968,7 (iki min doqquz yüz altmış səkkiz dolları yetmiş sent) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), Cavabdeh2 3627 (üç min altı yüz iyirmi yeddi) ABŞ dolları, gecikdirilmiş vaxt üçün bank uçot dərəcəsi ilə hesablanmış 987,2 (doqquz yüz səksən yeddi dollar iyirmi sent) ABŞ dolları, cəmi 4614,2 (dörd min altı yüz on dörd dollar iyirmi sent) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh1, 20 (iyirmi) manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar