Məhkəmə qərarları › İş №2(009)-1484/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1484/2020

07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1484/2020 07.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 2018-ci ilin yanvar ayından etibarən Cavabdeh ilə tanışlıq münasibətində olmuşdur. Cavabdeh Beyləqan rayon sakini olmasına baxmayaraq Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, A.Abbasov küçəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Cavabdeh 2018-ci ilin mart ayının 6-10 arası qızına toy edəcəyinə, imkanının olmadığını və ona borc olaraq pul verməsini xahiş etmişdir. Həmin aldığı borc pulu isə toydan yığılan pul vasitəsi ilə geri qaytaracağına öhdəlik götürmüşdür. Həmçinin qızına cehiz əşyaları almaq üçün Beyləqan şəhərində yerləşən “Orucoğlu” mebel mağazasından öz adına mebel götürdü və onu da həmin mağazaya zamin kimi sənədləşdirdilər. Bu faktı iddia ərizəsinə əlavə etdiyi xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələri belə təsdiq edirlər. Həmin mebellərin dəyəri 1740 manat təşkil edir. Cavabdeh həmin pulu ödəmədiyinə görə zamin kimi həmin pulun hamısını mebel mağazasına o, ödəmişdir. Bundan başqa, o, poçt vasitəsi ilə Cavabdeh 610 manat nağd pul göndərmişdir. Ümumilikdə cavabdehə 2350 manat pul vermişdir. Lakin Cavabdeh ondan götürdüyü borc puldan bu günədək bir manat belə olsun geri qaytarmamışdır. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh ondan borca götürdüyü pulu geri qaytarmamışdır. O, dəfələrlə cavabdehə zəng vuraraq pulunu tələb etdikdə sonuncu ona cavabında pulu tez bir zamanda verəcəyinə dair yalandan vədlər verirdi. Əvvəllər telefonuna cavab versə də, sonradan telefonuna cavab belə vermədi. Hal-hazırda yeni nömrə işlədərək onun zərglərindən yayınır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 2350 manat əsas borcun, 388,63 manat real inflyasiya dəyərinin, mütəxəssis rəyi üçün ödədiyi 125 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 2893,63 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, cavabdeh ona bildirmişdir ki, qızına toy edir, qızıl almaq istəyir, ona pul lazımdır. O, da başqa adamdan 1000 manat faizə pul götürüb cavabdehə vermişdir. Cavabdeh həmin pulun toy gününün səhəri qaytaracağını bildirmişdir. Sonradan cavabdeh iyun ayında 600 manat pul istəmiş, onu da tapıb cavabdehə vermişdir, lakin sonuncu heç birini qaytarmadı. O, bu günə qədər onun əvəzinə faiz verir. İddiaçı həmçinin göstərmişdir ki, o cavabdehlə il boyu ər-arvad münasibətlərində olmamış, bir ildir ki, o ümumiyyətlə onu görmür. Onunla iki aydan üç aydan bir görüşmüş və yaxınlıq etmişdir. Mebel mağazasından məhkəməyə təqdim etdiyi arayışla da təsdiq olunur ki, Cavabdehyinin mağazadan götürdüyü malların 1740 manat məbləğində pulunu o ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh X3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında izahatı alınmış cavabdeh X3 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, iddiaçı ilə təxminən 4-5 il qeyri-rəsmi yaşamışdır. İddiaçı ona bildirmişdir ki, onun həyat yoldaşı xəstədir, ondan boşanacaq və onlar rəsmi nikah bağlayarlar. Onun qızı böyük olduğundan o, iddiaçı ilə nikaha girməkdən imtina etmiş və onlar qeyri-rəsmi yaşamışlar. 2 il sonra onun qızı ailə qurmuşdur və iddiaçı ona kondisioner, ağ rəngdə şkaf-kupe hədiyyə almışdır. Qızına cehiz olaraq 170 manata 6 stul almışlar, onun da 100 manatı o, vermiş, 70 manatı isə cavabdeh vermişdir. Sonradan 180 manata şkaf almışlar, onun da 100 manatını o, 80 manatını isə Ramiz vermişdir. İddiaçı ona poçt vasitəsilə göndərdiyi 20,50,60 manat və digər pulları almışdır. Birgə yaşadıqları üçün evdə yemək, çörək lazım olduğu üçün o, cavabdehə demişdir, sonuncu da pul göndərirdi. Birgə yaşayanda xərclənən pullar geri alınmamalıdır. Onun Ramizə 1600 manat borcu yoxdur. Qızı ailə qurduqdan sonra o, yeznəsindən utanıb Ramizlə münasibətlərini kəsmişdir. O, cavabdehdən ayrıldıqdan sonra sonuncu ondan pul tələb etməyə başlamışdır. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə “Satıcı” qismində “Cəliloğlu Elektrik” mağaza “Alıcı” qismində Cavabdeh və “Zamin” qismində İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı (daxili kredit) müqaviləsinə əsasən satıcı “Star X” televizoru 330 manata alıcı Cavabdeh satmış, zamin İddiaçı həmin müqavilə üzrə irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə “Satıcı” qismində “Orucoğlu” Mebel salonu “Alıcı” qismində Cavabdeh və “Zamin” qismində İddiaçı göstərilmiş xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli alqı-satqı (daxili kredit) müqavilələrindən görünür ki, satıcı 6 ədəd stul 270 manata, şkaf-kupe 340 manat və kondisioner 680 manata alıcı Cavabdeh satmış, zamin İddiaçı həmin müqavilə üzrə irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilələr yalnız zamin kimi İddiaçı tərəfindən imzalanmış, alıcı Cavabdeh tərəfindən isə imzalanmamışdır. İş üzrə “xxxxxxxx” MMC-nin Beyləqan Poçt filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019cu tarixli məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2018-ci il tarixdə 20 manat, xx.xx.2018-ci il tarixdə 50 manat, xx.xx.2018-ci il tarixdə 60 manat, xx.xx.2018-ci il tarixdə 30 manat, xx.xx.2018-ci il tarixdə 300 manat, xx.xx.2018-ci il tarixdə 25 manat, xx.xx.2018-ci il tarixdə 25 manat məbləğində pul göndərilmişdir. İş üzrə “xxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli dublikat çekindən görünür ki, İddiaçı tərəfindən X1 95 manat pul köçürülmüşdür. İş üzrə İddiaçı sifarişi ilə “xxxxxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 16 saylı qiymətləndirmə rəyindən görünür ki, İddiaçı yanvar 2018-ci il tarixdə tanışı X2 borc olaraq verdiyi, lakin bu günə kimi geri ala bilmədiyi 2350 manat pulun bu rəy verilən günə, yəni iki il beş ay (yanvar 2018-iyun 2020) müddətinə müvafiq inflyasiya məbləği nəzərə alınmaqla ekvivalentini dövrü əhatə edən illərdə göstərdiyi parametrlərin təsiri orta həddi qədər mövcud olmuş real inflyasiya 2738,63 (2350+388,63) manat təşkil edir. İş üzrə “xxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ƏZU seriyalı 048882 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı 125 manat xidmət haqqı ödəmişdir. İş üzrə “Orucoğlu” mebel mağazasının müdiri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən “Orucoğlu” mebel mağazasından xx.xx.2018, xx.xx.2018, xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərdə Cavabdeh götürdüyü 1740 manat dəyərində malların pulunu İddiaçı hissə-hissə tam ödəmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərdən görünür ki, o, 2018-ci ilin yanvar ayında cavabdehlə tanış olmuş və aralarında tanışlıq münasibətləri olmuşdur. 2018-ci ilin mart ayında cavabdeh qızına toy edilməsi və cehiz əşyaları alması üçün ondan borc pul istəmişdir. Cavabdeh müxtəlif vaxtlarda öz adına mebel götürmüş və iddiaçı zamin kimi durmuşdur. Həmin mebellərin dəyəri 1740 manat təşkil edir. Cavabdeh həmin pulu ödəmədiyinə görə iddiaçı zamin kimi pulun hamısını ödəmişdir. Bundan başqa iddiaçı poçt vasitəsi ilə cavabdehə 610 manat pul göndərmişdir. İddiaçı cavabdehə cəmi 2350 manat məbləğində borca pul vermişdir və cavabdeh həmin borcu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı cavabdehdən 2350 manat əsas borcun, 388.63 manat real inflyasiyanın, 125 manat mütəxəssisə ödənilmiş pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə iddiaçı tərəfindən cavabdehə poçt vasitəsi ilə göndərilən pulun borc kimi göndərilməsi və həmin pulun cavabdehdən tutulması ilə bağlı tələbi üzrə qeyd edir ki, həmin tələb əsassızdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər bir müddət qeyri-rəsmi münasibətlərdə olaraq birgə yaşamışlar və bu müddət ərzində cavabdehin aylıq xərclərini qarşılamaq məqsədilə iddiaçı tərəfindən könüllü surətdə cavabdehə cəmi 510 manat məbləğində poçt vasitəsi ilə pul göndərilmişdir. Bu səbəbdən məhkəmə poçt vasitəsilə göndərilən pul məbləğinin borc kimi cavabdehə verilməsi barədə iddiaçının dəlillərini əsaslı hesab etmir və iddia tələbini poçt vasitəsi ilə göndərilən pulun cavabdehdən tutulması hissəsində əsassız hesab edir. İddiaçı məhkəməyə “Orucoğlu” mebel salonundan alğı-satqı müqaviləsi əsasında ayrı-ayrı əmlakların alınmasına görə cavabdehin əvəzinə ödədiyi pul məbləğini də geri tələb edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli alğısatqı müqavilələrində alıcı qismində Cavabdeh göstərilsə də, həmin müqavilələrin yalnız birində, yəni xx.xx.2018-ci il tarixli qiyməti 330 manat (70 manat ilkin ödəniş həyata keçirilməklə həmin müqavilə üzrə ödənilməli olan pul 260 manat təşkil edir) televizovun alınması ilə bağlı rəsmiləşdirilmiş alğı-satqı müqaviləsində Cavabdeh imzası mövcuddur. Bu hal onu təsdiq edir ki, digər müqavilələr üzrə cavabdeh öhdəlik daşıya bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilən Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Göründüyü kimi qanunvericilik yalnız tərəflər arasında bağlanılmış müqavilə əsasında öhdəliyin yaranmasını müəyyən edir. Müqavilədə iradə ifadəsi tərəflərin imzası ilə rəsmiləşdirilir.Cavabdeh tərəfindən yuxarıda qeyd edilən üç müqavilə imzalanmadığından, həmin müqavilələr üzrə cavabdeh öhdəlik daşıya bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, tərəflər qeyri-rəsmi ailə münasibətlərində olduqlarından və həmin ərəfədə cavabdehin qızı ailə həyatı qurduğundan iddiaçı tərəfindən cavabdehin qızına hədiyyə şəklində verilən əmlakların dəyərinin cavabdehdən tələb edilməsini də məhkəmə əsaslı hesab etmir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş 2350 manat borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 2350 manat pulun tutulması hissəsində əsassız hesab edildiyindən, həmin pulun real inflyasiya dəyəri kimi 388,63 manat, mütəxəssis rəyi üçün ödədiyi 125 manat və dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması hissəsində tələblər təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 2350 manat borc pul vəsaitinin, 388,63 manat real inflyasiya dəyərinin, və mütəxəssis rəyi üçün ödənilmiş 125 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 2893,63 manat məbləğində pulun cavabdehdən tutulması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar