Məhkəmə qərarları › İş №2(009)-1487/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1487/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1487/2020 21.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********27399 “iPhone X 64GB” telefon üçün 2208 (iki min iki yüz səkkiz) ödənilməmiş hissə, 662 (altı yüz altmış iki) dəbbə pulu olmaqla,ümumilikdə 2870 manat borc, 30 (otuz) manat dövlət rüsumu, cəmi 2900 (iki min doqquz yüz) manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki,cavabdeh «xxxxxxxxxxx» MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********27399 “iPhone X 64GB” telefon almış və nəticədə 2870 (iki min səkkiz yüz yetmiş) manat borc yaranmışdır.Müqavilənin şərtlərinə əsasən cavabdeh alqı-satqı qiyməti 2618 (iki min altı yüz on səkkiz) manat (12 ay x 184 manat + 410 manat ilkin ödəniş) olan İMEİ kodu **********27399 “iPhone X 64GB” telefon üçün ümumilikdə 2870 (iki min səkkiz yüz yetmiş) manat olmaqla, ondan 2208 (iki min iki yüz səkkiz) manat ödənilməmiş hissə, 662 (altı yüz altmış iki) manat dəbbə pulu, (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında dəbbə pulu) borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 410 manat təşkil edir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştəri’nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə olan cərimə borcunun azaldılmasını və iddia tələbinin qismən təmin edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, k00535522 saylı müqavilədən görünür ki,satıcı İddiaçı MMC 12 ay müddətinə, “iPhone X 64GB” telefonu alıcı Cavabdeh satmışdır. Ödəniş cədvəlinin 2 və 5-ci bəndlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz olaraq yerinə yetirməlidir. İşdə olan İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi 410 manat ödəniş etmiş, hal-hazırda cavabdehin müqavilə üzrə 2208 manat əsas, 662 manat dəbbə pulu olmaqla, İddiaçı MMC-yə cəmi 2870 manat borcu vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən alqı-satqı müqaviləsi üzrə aldığı əşyaların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə “iPhone X 64GB” telefon üçün 2208 manat yaranmış əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “müvafiq müqavilə üzrə tələb edilən 662 manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, müqavilədən irəli gələn “iPhone X 64GB” telefon üçün 2208 manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq müqavilə üzrə “662 manat dəbbə pulunun azaldılaraq 70 manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, 10 (on) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “iPhone X 64GB” telefon üçün 2208 (iki min iki yüz səkkiz) manat ödənilməmiş hissə və 70 (yetmiş) manat cərimə borcu olmaqla, cəmi 2278 (iki min iki yüz yetmiş səkkiz) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “iPhone X 64GB” telefon üçün 2208 (iki min iki yüz səkkiz) manat ödənilməmiş hissə və 70 (yetmiş) manat cərimə borcu olmaqla, cəmi 2278 (iki min iki yüz yetmiş səkkiz) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin, dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar