Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1498/2020 10.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili F.A.Ağayevin, Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi M.Ə.Ələkbərovun iştirakları ilə İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Departamentinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və ziyanın ödənilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Departamentinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsindəki, 57 nömrəli evin 42 saylı mənzili tam mülkiyyət hüququ ilə ona məxsusdur. Onun mülkiyyət hüququ Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2005-ci il tarixdə verdiyi ÖM 223936 No-li qeydiyyat vəsiqəsi ilə təsdiq olunub. Onun mənzili yerləşən ev Prezident Sarayı və Nazirlər Kabinetinin inzibati binaları, onların qarşısındakı park, eləcə də Yaşıl Teatrın yaxınlığında olmaqla, Bakı şəhərinin ən gözəgəlimli, bahalı ərazisindədir. 2000-ci ildə baş vermiş zəlzələdən onun mənzili olan ev zədəsiz və çatsız çıxıb. Bir neçə il əvvəl 3-cü cavabdehin sərəncamı ilə binanın fasadı və daxili kommunikasiyaları təmir edilib. Bundan sonra binanın əksər sakinləri öz mənzillərini təmir edərək əhəmiyyətli maddi xərclər çəkiblər. Evin yaşayış üçün tam yararlı olması fikri bu yaxınlaradək heç kimlə şübhə yaratmayıb. Lakin ötən ilin oktyabrında Azərbaycan Respublikasının Baş Naziri təyin olunmuş Əli Əsədov Nazirlər Kabinetinin inzibati binasını genişləndirmək arzusunu gerçəkləşdirmək üçün həmin qurumun adından xx.xx.2019-cu il tarixli, 764s nömrəli sərəncamı imzalayır. Həmin sərəncamın mətni ilə o, və başqa sakinlər heç vaxt tanış olmayıblar, çünki sənədin surəti nə onlara təqdim edilib, nə də ki mətni 3-cü cavabdehin saytında var. 2020-ci il yanvar ayının sonlarında başlayaraq onun mənzili yerləşən yaşayış binasına başda Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayıl (sonradan bilinib ki, o, “qəzalı vəziyyətdə olan yaşayış binalarından sakinlərin köçürülməsinin təmin edilməsi məqsədilə” yaradılan komissiyanın sədridir) olmaqla 1-ci cavabdehin əməkdaşları gələrək sakinlərdən mənzillərini tərk etmələrini tələb edib, 3-cü cavabdehin həmin evin yerində yeni bina tikəcəyi barədə sərəncamın olması, mənzillərin əvəzində onların sahəsinin hər kvadrat metrinə görə mülkiyyətçilərə 2500 manat kompensasiya ödəniləcəyini bildiriblər. 1-ci cavabdehin nümayəndələri deyiblər ki, bina guya qəza vəziyyətdədir və sökülməlidir, ultimativ şəkildə mənzil mülkiyyətçilərinin, o cümlədən onun mənzillərini satmasını tələb ediblər. Sakinlər 3-cü cavabdehin belə səlahiyyəti olmaması, yaşadıqları binanın hətta 2000-ci il zəlzələsi zamanı ziyan çəkməməsi, özülünün monolit qaya olması, çox dayanıqlı olmasını, təklif edilən cüzi kompensasiya müqabilində yaşayış yerlərini tərk etmək niyyətində olmadıqlarını bildiriblər. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 409 No-li “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli, 764s nömrəli “Sərəncamının icrasının təmin edilməsi haqqında” Sərəncamına görə, ərizəçinin mənzili olan bina guya qəza vəziyyətdədir və onun əsasında yaşayış sahələrinin mülkiyyətçiləri ilə müqavilələr bağlanması 2-ci cavabdehə həvalə edilib. xx.xx.2020-ci il tarixdə 58 No-li MİS-nin mühəndisi ultimativ şəkildə bildirib ki, o, ailəsi ilə birgə məcburi qaydada mənzilindən çıxarılacaq, çünki bina qəzalıdır və sökülməlidir. Bu zaman sonuncu ondan mülkiyyət hüququna dair sənədi və texniki pasportu tələb edib. xx.xx.2020-ci il tarixdə o, və oğlu Azərbaycan Respublikasının Prezidenti və Virinci Vitse-Prezidentinin adına teleqram göndərərək, düşdükləri vəziyyəti təsvir ediblər. 28 mart tarixdə Z.İsmayılov və onunla gələn şəxslər zorla onun mənzilinə daxil olmaqla cəhd göstəriblər. Martın 28-dən mayın 1-nə qədər o, dəfələrlə Dövlət Təhlükəsizlik Xidmətinə kömək üçün müraciət edib. Onun və başqa sakinlərin dövlət hakimiyyəti orqanlarına, inzibati orqanlara çoxsaylı müraciətləri heç bir nəticə verməyib. 1-ci cavabdehin nümayəndələri bundan sonra da dəfələrlə onun evinə gələrək onun və başqa mənzil mülkiyyətçiləri qısa zamanda müqavilə bağlamayacaqları təqdirdə su, qaz, telefon, elektrik enerjisi təchizatının kəsiləcəyi, pilləkənlərinin söküləcəyi ilə hədələyiblər. Onun tələblərinə baxmayaraq 3-cü cavabdehin bina barəsindəki sərəncamının surəti ona ümumiyyətlə verilməyib, 1-ci cavabdehin bu barədə sərəncamının surətini isə o, qeyri-rəsmi yolla əldə edib. Cavabdehlərin o, və başqa mülkiyyətçiləri mənzillərindən çıxarma fəaliyyəti COVİD-19 ilə bağlı karantin dövründə xüsusi vüsət alıb. xx.xx.2020-ci il tarixdə binaya sahə müvəkkili ilə birgə gəlmiş cavabdeh nümayəndələri bildiriblər ki, xaricdə olan sakinlərin mənzillərinin qapıları sındırılacaq və əşyaları başqa yerə aparılacaq. xx.xx.2020-ci il tarixdə onun evinə bitişik binanın dağıdılması başlanılıb, halbuki həmin vaxta binanın sakinlərindən heç biri cavabdehlərlə razılığa gəlməmişdir. Aprelin 11nə onun binası dağıdılma məqsədi ilə hasara alınıb. Aprelin 18-də 1-ci cavabdehin sakinlərə ünvanlanmış məktubundan məlum olub ki, onların cavabdehlərin hərəkətləri ilə bağlı verdikləri kollektiv şikayət 1-ci cavabdehə, ondan isə baxılması üçün 2-ci cavabdehə göndərilib. Artıq aprel ayında onun binasına gələn su xətti cavabdehlər tərəfindən zədələnib. Həmin vaxtdan mütəmadi olaraq yaşayış binasında su, elektrik enerjisi,qaz və başqa kommunikasiyalar ilə bağlı problemlər yaşanıb. “xxxxxxx MMC-nin xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatına əsasən onun mənzilinin bazar dəyəri (torpaq sahəsinin qiyməti, eləcə də “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Qanundan irəli gələn kompensasiyalar nəzərə alınmamaqla) həmin tarixə 217.431 manat olub. Aprelin 28-də 2-ci cavabdehin nümayəndələri yenidən binaya gələrək bu dəfə artıq kateqorik şəkildə onun 29 aprelə qədər mənzilini tərk etməsini tələb ediblər. Ona deyiblər ki, o, mənzilin satılmasına dair müqavilə bağlamasa, gecə vaxtı oğlu ilə birgə mənzilindən çıxarılacaq və ona əşyalarını götürmək imkanı belə verilməyəcək. Beləliklə, onun mülkiyyətində olan mənzilin, onun yerləşdiyi binanın taleyi, onun və oğlunun sağlamlığı və həyatı məmur özbaşınalığı səbəbindən real təhlükə altına alınıb. Cavabdehləri onun və başqa sakinlərin hüquqlarının mövcudluğu əsla narahat etməyib, onlar məhkəmə qərarı olmadan binanı tədricən yaşamaq üçün yararsız vəziyyətə salıblar. Həmin vaxta binada cəmi 2 mənzil mülkiyyətçisi olub. xx.xx.2020-ci il tarixdə o, cavabdehlərin inzibati orqanların özbaşınalığı, hakimiyyətdən suiistifadəsi, hədələrinin təsiri altında, mənzilini - yaşayış yerini faktiki itirərək ağır vəziyyətə düşərək cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə AN-İ ******* No-li daşınmaz əmlakın (mənzilinin) alqı-satqı müqaviləsi bağlayıb, həmin müqavilə Bakı şəhəri 13 saylı notariat ofisində təsdiq edilib. Göründüyü kimi, cavabdehlərin qanunsuz fəaliyyəti nəticəsində o, və ailəsi xeyli çətinlik və məşəqqətlərlə üzləşməsi olub. O, iradəsinə zidd olaraq, hakimiyyətdən sui-istifadə, ağır vəziyyətə düşmə nəticəsində özü və oğlunun həyatı və sağlamlığı üçün real təhlükə nəticəsində müqavilə bağlamağa məcbur olub. 22 ildən çoxdur ki, o, ailəsi ilə həmin mənzildə yaşayır. Beləliklə, qanunla nəzərdə tutulmuş 10% miqdarında kompensasiya ona verilməlidir. Mülkiyyətçiyə məxsus mənzil dövlət ehtiyacları üçün alınmamışdır və mülkiyyətçilər, yəni birgə iddiaçılar, istənilən məbləğə ona məxsus olan mənzili sata bilərlər. O, hüquqi baxımından “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun təsirinə məruz qalanlardan daha əlverişli statusa malik olduğundan, onun həmin şəxslər üçün nəzərdə tutulmuş kompensasiyalara (mənzilin bazar qiymətinin 20 faiz miqdarında və 10 faiz miqdarında çətinliklə bağlı) tam hüququ var. Mənzilin bazar qiymətinin (217.431 manat) 20%-ni 43.486,2 manat təşkil edir. Həmin mənzilin bazar qiymətinin 10%-i 21.743,1 manat təşkil edir. Beləliklə, təkcə məhv edilmiş mənzilə görə ona (217.431+43.486,2+21.743,1) 282.660,3 manat maddi kompensasiya məbləği kimi ödənilməlidir. Bundan başqa, onun evinin yerləşdiyi torpaq sahəsi də Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququ ilə, o cümlədən ona məxsusdur. Daşınmaz əmlakının torpağa aid hissəsini o, 140.000 manat qiymətləndirir. Beləliklə, dəymiş maddi ziyana görə ona 422,660 manat ödənilməlidir. O, dəymiş maddi zərərin miqdarını 422.660 manat, mənəvi zərəri isə 100.000 manata uyğun hesab edir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər tərəfindən onun mənzili yerləşən binanın yaşayış üçün yarıtmaz vəziyyətə salınması: boşaldılmış mənzillərin sökülməsi, yükdaşıyan divar və konstruksiyalarının zədələnməsi, eləcə də davamlı səs-küy salınması, elektrik enerjisi, su, qaz və başqa kommunikasiya xətlərinin bağlanılması, ona qarşı psixoloji təzyiqə yol verilməsi və s. narahatçılığın yaradılması onun pis rəftara məruz qalması, mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi, onunla cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti arasında bağlanılmış və Bakı şəhəri 13 saylı notarial ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli AN-İ ******* No-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 422.660 manat, mənəvi zərərə görə 100.000 manat məbləğində kompensasiya iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək öz izahatında göstərmişdir ki, iddia ərizəsində tələblərinin əsaslığı geniş şəkildə şərh edilmişdir. İddiaçının mülkiyyətində olmuş mənzilin yerləşdiyi bina Bakı şəhərinin ən görkəmli ərazisində yerləşmişdir. Çox təəsüf ki, müxtəlif səlahiyyətli insanlar öz planlarını həyata keçirmək üçün heç də qəzalı vəziyyətdə olmayan binalara rəy alaraq onları qəzalı vəziyyətdə olması kimi qiymətləndirib sökülməsinə qərar verirlər. Eyni zamanda yaşayan sakinlərə də ədalətli kompensasiya vermirlər. Hüquqlarını müdafiə etdiyi şəxs rus millətindəndir, bu hadisədə ona daha diqqətlə yanaşılmalı idi. Lakin yaradılan çıxılmaz şərait iddiaçını məcbur etmişdir ki, müqavilə bağlasın. Göstərilənləri nəzərə alaraq iddiaçının nümayəndəsi iddia tələblərinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinə qarşı yönələn iddianı əsassız hesab edir. İddiaçı öz mənzilinin satılması ilə bağlı notariat kontorunda müqavilə imzalamışdır. Onun ağır vəziyyətə düşməsi və təzyiq altında müqavilənin bağlanmasına dair sübutlar iddiaçı tərəfindən təqdim olunmalıdır. Belə bir hal mövcud deyil. Müqavilə əsasında ev özgəninkiləşdirildikdən sonra iddiaçı satışdaş əldə etdiyi pul vəsaitini də almışdır. Ona görə də hesab edir ki, iddianın heç bir hüquqi əsası yoxdur və rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinin MTKD-nin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin nümayəndələri, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 223036 №-li çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsində yerləşən 57 saylı evin 42 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətində olmuşdur. İş üzrə Bakı şəhər 13 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsində yerləşən 57 saylı evin yaşayış sahəsi 43,51 kv.m., ümumi sahəsi 59,41 kv.m. (faktiki 75,0 kv.m.) olan 3 otaqlı 42 saylı mənzilini Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinə 188.350 manata satmışdır. İş üzrə Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən X1 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunun kserosurətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsi, 57 və 10-cu Park döngəsi 6 saylı yaşayış binaları qəzalı vəziyyətdə olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 764s saylı sərəncamına əsasən qeyd olunan binalardan sakinlərin köçürülməsi, həmin binaların sökülməsi və digər zəruri tədbirlərin görülməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Qeyd olunan sərəncamın icrasını təmin edilməsi məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən xx.xx.2019-cu il tarixli, 409 saylı sərəncam qəbul edilərək köçürmə komissiyası yaradılmış və hal-hazırda komissiya tərəfindən qəzalı vəziyyətdə olan yaşayış binalarda yaşayan sakinlərə ayrılmış vəsaitə uyğun olaraq kompensasiya ödənilməklə köçürmə işlərinə başlamışdır. İş üzrə “xxxxxxx” MMC qiymətləndirmə şirkəti tərəfindən İddiaçı sifarişinə əsasən tərtib edilmiş qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsi, ev 57 ünvanında yerləşən 3 otaqlı 42 saylı mənzilin xx.xx.2020-ci il tarixinə hesablanmış bazar qiyməti 217.431 manat və ya 1 kv.m. bazar dəyəri 3314 manat təşkil edir. Məhkəmə ilk növbədə iddiaçının alqı-satqı müqavilənin etibarsız hesab olunması ilə əlaqədar gətirdiyi dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsin əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qeyd edilən Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Göstərilən Məcəllənin 339.2-ci maddəsin əsasən şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsində yerləşən 57 saylı evin 3 otaqlı 42 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətində olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 764s saylı sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsi, 57 və 10-cu Park döngəsi, 6 saylı yaşayış binaları qəzalı vəziyyətdə olduğundan qeyd olunan binalardan sakinlərin köçürülməsi, həmin binaların sökülməsi və digər zəruri tədbirlərin görülməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı ilə Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti arasında Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsi, 57 ünvanda yerləşən, yaşayış sahəsi 43,41 kv.m., ümumi sahəsi 59,41 kv.m. (faktiki 75,0 kv.m.) olan 3 otaqlı 42 saylı mənzilinə dair xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə Bakı şəhər 13 saylı notariat ofisində təsdiq olunmuşdur. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Məhkəmə həmçinin qeyd edir ki, müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. İddiaçı iddia tələbində alqı-satqı müqaviləsinin etibarsızlığının əsası kimi həmin müqavilənin iradəsinə zidd olaraq, müqavilə bağlamağa inzibati orqanının özbaşınalığı, hakimiyyətdən sui istifadə, aldatma, ağır vəziyyətə düşməsi və hədələmə nəticəsində məcbur edilməsini göstərmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Hakimiyyətdən sui istifadə nəticəsində bağlanılan əqd dedikdə hakimiyyət funskiyasını həyata keçirən dövlət orqanının vəzifəli şəxslərinin qəsdən öz vəzifəsindən sui istifadə nəzərdə tutulur. Hazırki iş üzrə tərəflər arasında 13 saylı notariat kontorunda rəsmiləşdirərək bağlanılmış alqısatqı müqaviləsi tərəflərin iradə ifadəsinə əsaslanmışdır. Tərəflər müvafiq razılığa gələrək müəyyən edilmiş pul məbləği qarşılığında həmin müqaviləni imzalamışlar. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsi, 57 saylı ünvanda yerləşən 42 saylı mənzilini cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə satarkən və notariat qaydada bu alqı-satqını rəsmiləşdirərkən həmin əqdin etibarsızlığına səbəb olan hallara yol verilməmişdir. Digər tərəfdən isə iddiaçı tərəfindən də həmin əqdin etibarsız hesab edilməsinə dair iddia ərizəsində göstərdiyi halları təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə tərəflər arasında bağlanılmış müqavilənin qanuni və əsaslı hesab etməklə qeyd edir ki, həmin müqavilənin etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur, iddiaçının əqdin etibarsız hesab edilməsi barədə gətirdiyi dəlilləri isə əsassızdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cavabdehlərin hərəkətlərinin iddiaçının pis rəftara məruz qalması kimi, mənzil və mülkiyyət hüququnun pozulması kimi hesab edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassızdır. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfindən bu halları təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmiş və həmin hallar öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin tərəflər arasında bağlanılmış müqavilənin qanuni və əsaslı olmasını və onun etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas olmaması qənaətinə gəldiyindən və iddia tələbi həmin hissədə təmin edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərdən maddi və mənəvi ziyanın əvəzi kimi pul tutulması hissələrində də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, qanunda zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş olduğu hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin real olması və bununla əlaqədar əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə iddiaçı tərəfindən cavabdehlərin hərəkətləri nəticəsində ona maddi ziyan vurulmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır, həmçinin vurulmuş zərərin real olmasını özündə əks etdirən hər hansı bir hal müəyyən edilməmişdir. Mənəvi ziyana gəldikdə isə məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında mənəvi zərərin sırf qeyri əmlak xarakterli olması birmənalı olaraq qeyd edilmişdir. Hazırki iddia tələbinin əsasını isə iddiaçı əmlak hüquqlarının pozulması ilə əlaqələndirdiyindən, məhkəmə hesab edir ki, bu halda mənəvi zərərin olması istisna olunur. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Departamentinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı cavabdehlər tərəfindən iddiaçının mənzili yerləşən binanın yaşayış üçün yarıtmaz vəziyyətə salınması: boşaldılmış mənzillərin sökülməsi, yükdaşıyan divar və konstruksiyalarının zədələnməsi, eləcə də davamlı səs-küy salınması, elektrik enerjisi, su, qaz və başqa kommunikasiya xətlərinin bağlanılması, ona qarşı psixoloji təzyiqə yol verilməsi və s. narahatçılığın yaradılması onun pis rəftara məruz qalması, mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi, iddiaçı ilə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti arasında Bakı şəhəri, Sarabski küçəsində yerləşən 57 saylı evin 42 saylı mənzilinə dair bağlanılmış və Bakı şəhəri 13 saylı notarial ofisində təsdiq edilmiş xx.xx.2020ci il tarixli AN-İ ******* No-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 422.660 manat, mənəvi zərərə görə 100.000 manat məbləğində kompensasiya tutulması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1498/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1498/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver