Məhkəmə qərarları › İş №2(009)-1499/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1499/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1499/2020 22.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı – cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyətinin MKTD-yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Bakı şəhəri 13 saylı Notariat ofisi qeyd edilən) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ziyanın ödənilməsi” tələbinədair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyətinin MKTD-yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Bakı şəhəri 13 saylı Notariat ofisi qeyd edilən) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən ərizəçinin mənzili yerləşən binanın yaşayış üçün yarıtmaz vəziyyətə salınması, boşaldılmış mənzillərinin sökülməsi, yükdaşıyan divar və konstruksiyalarının zədələnməsi, eləcə də davamlı səs-küy salınması, elektrik enerjisi, su, qaz və başqa kommunikasiya xətlərinin bağlanılması, ona qarşı psixoloji təzyiqə yol verilməsi və s. narahatçılığın yaradılması ərizəçinin pis rəftara məruz qalmamaq, mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi, onunla cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti arasında bağlanılmış və Bakı şəhəri 13 saylı notariat ofisində təsdiq edilmiş xx xxxxx 2020-ci il tarixli AN-10716292 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, cavabdehlərdən müştərək qaydada maddi zərərə görə, 399626,1 (üç yüz doxsan doqquz min altı yuz iyirmi altı manat bir qəpik) manat, mənəvi zərərə görə, 50000 (əlli min) manat məbləğində kompensasiyanın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, 10-cu Park döngəsindəki 6 nömrəli evin 5 saylı mənzili tam mülkiyyət hüququ ilə ərizəçiyə məxsusdur. Onun mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sonuncu dəfə xx.xx.2008-ci il tarixində verdiyi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış MH 01285592 nömrəli (qeydiyyat nömrəsi **********) çıxarış ilə təsdiq olunmuşdur. Ərizəçinin mənzili yerləşən ev Prezident Sarayı və Nazirlər Kabinetinin inzibati binaları, onların qarşısındakı park, eləcə də Yaşıl Teatrın yaxınlığında olmaqla, Bakı şəhərinin ən gözəgəlimli, bahalı ərazisindədir. 2000-ci ildə baş vermiş zəlzələdən ərizəçinin mənzili olan ev zədəsiz və çatsız çıxıb. Bir neçə il əvvəl 3-cü cavabdehin sərəncamı ilə binanın fasadı və daxili kommunikasiyaları təmir edilmişdir. Bundan sonra binanın əksər sakinləri öz mənzillərini təmir edərək əhəmiyyətli maddi xərclər çəkmişlər. Evin yaşayış üçün tam yararlı olması fikri bu yaxınlaradək heç kimdə şübhə yaratmamışdır. Lakin ötən ilin oktyabrında Azərbaycan Respublikasının Baş Naziri təyin olunmuş Əli Əsədov Nazirlər Kabinetinin inzibati binasını genişləndirmək arzusunu gerçəkləşdirmək üçün həmin qurumun adından xx xxxxxx 2019-cu il tarixli, 764s nömrəli sərəncamı imzalayır. Həmin sərəncamın mətni ilə ərizəçi və başqa sakinlər heç vaxt tanış olmayıblar, çünki sənədin surəti nə onlara təqdim edilib, nə də ki, mətni 3-cü cavabdehin saytında var. 2020-ci il yanvar ayının ortalarından başlayaraq ərizəçinin mənzili yerləşən yaşayış binasına başda Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılov (sonradan bilinib ki, o, “qəzalı vəziyyətdə olan yaşayış binalarından sakinlərin köçürülməsinin təmin edilməsi məqsədilə” yaradılan komissiyanın sədridir) olmaqla 1-ci cavabdehin əməkdaşları gələrək sakinlərdən mənzillərini tərk etmələrini tələb etmiş, 3-cü cavabdehin həmin evin yerində yeni bina tikəcəyi barədə sərəncamın olması, mənzillərin əvəzində onların sahəsinin hər kvadrat metrinə görə mülkiyyətçilərə 2500 manat kompensasiya ödəniləcəyini bildirmişlər. 1-ci cavabdehin nümayəndələri deyiblər ki, bina guya qəza vəziyyətindədir və sökülməlidir, ultimativ şəkildə mənzil mülkiyyətçilərinin, o cümlədən ərizəçinin mənzillərini satmasını tələb etmişlər. Onlar sakinlərə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” DLİ-nin xx xxxxxx 2019-cu il tarixli aktını göstərmişlər. Vizual baxış əsasında tərtib olunmuş akta görə ərizəçinin mənzili olan bina guya 1930-cu ildə tikilib və texniki cəhətdən yolverilməz vəziyyətdədir, divarlar əhəng daşından, dam örtükləri ağac materiallarındandır. Buna cavab olaraq ərizəçi və başqa sakinlər deyiblər ki, aktda göstərilənlər həqiqətə uyğun deyil, binanın 1930-cu ildə tikilməsi iddiası yalandır, o, 1960-cı ildə inşa edilib, tavanlar beton plitələrdir, mənzillərarası və otaqlararası divarlar kərpicdən hörülmüşdür. Bina özü qayada tikilmiş, armatur relsli kəmərə və beton özülə malikdir, yükdaşıyan divarları daş kubdandır. Sakinlər cavabdehlərin nümayəndələrinə deyiblər ki, mənzillərini təklif olunan qiymətə satıb, şəhərin başqa yaşayış massivlərinə köçmək niyyətləri yoxdur. Bakı şəhərinin bu ərazisində şəhərin ən gözəl, sakit, insan və bina sıxlığı az olan hissəsindən şəhərin başqa hissəsinə köçmək istəmirlər. Sakinlər, 3-cü cavabdehin belə səlahiyyəti olmaması, yaşadıqları binanın hətta 2000-ci il zəlzələsi zamanı ziyan çəkməməsi, özülünün monolit qaya olması, çox dayanıqlı olmasını da bildirmişlər. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 409 nömrəli “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli, 764 s nömrəli sərəncamının icrasının təmin edilməsi haqqında” sərəncamına görə, ərizəçinin mənzili olan bina guya qəza vəziyyətindədir və onun əsasında yaşayış sahələrinin mülkiyyətçiləri ilə müqavilələr bağlanılması 2-ci cavabdehə həvalə edilmişdir. Ərizəçi və başqa sakinlərin dövlət hakimiyyəti orqanlarına, inzibati orqanlara çoxsaylı müraciətləri heç bir nəticə verməmişdir. Həmin müraciətlər icra üçün, bir qayda olaraq, 1-ci cavabdehə göndərilmiş, 1-ci cavabdehdən də ərizəçiyə sərəncamda yazılanları təkrarlayan şablon məktublar yollanmışdır. 1-ci cavabdehin nümayəndələri bundan sonra da dəfələrlə ərizəçinin evinə gələrək onun və başqa mənzil mülkiyyətçiləri qısa zamanda müqavilə bağlamayacaqları təqdirdə su, qaz, telefon, elektrik enerjisi təchizatının kəsiləcəyi, pilləkənlərinin söküləcəyi ilə hədələmişlər. Ərizəçinin tələblərinə baxmayaraq, 3-cü cavabdehin bina barəsindəki sərəncamının surəti ona ümumiyyətlə verməmiş, 1-ci cavabdehin bu barədə sərəncamının surətini isə o qeyri-rəsmi yolla əldə etmişdir. Cavabdehlərin ərizəçi və başqa mülkiyyətçiləri mənzillərindən çıxarma fəaliyyəti “Covid-19” ilə bağlı karantin dövründə xüsusi vüsət almışdır. xx xxxxx 2020-ci il tarixində ərizəçinin mənzili olan binanın dağıdılması başlanılıb, halbuki həmin vaxta binanın sakinlərindən heç biri cavabdehlərlə razılığa gəlməmişdi. Bu zaman boşaldılmış mənzillərinin sökülüb, yükdaşıyan divar və konstruksiyalarının zədələnib, söküntü davamlı dözülməz səs-küylə müşayiət olunub, elektrik enerjisi, su, qaz və başqa kommunikasiya kəsilib. «xxxxxxx» MMC-nin xx xxx 2020-cı il tarixli qiymətləndirmə hesabatına əsasən ərizəçinin mənzilinin bazar dəyəri (torpaq sahəsinin qiyməti, eləcə də «Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında» Qanundan irəli gələn kompensasiyalar nəzərə alınmamaqla) həmin tarixə 215097 manat olmuşdur. xx xxxxx 2020-ci il tarixində ərizəçi cavabdehlərin inzibati orqanların özbaşınalığı, hakimiyyətdən sui-istifadəsi, hədələrinin təsiri altında, mənzilini - yaşayış yerini faktiki itirərək ağır vəziyyətə düşərək cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə AN-İ ******* nömrəli daşınmaz əmlakın (mənzilinin) alqı-satqı müqaviləsi bağlayıb, həmin müqavilə Bakı şəhəri 13 saylı notariat ofisində təsdiq edilmişdir. Mülkiyyətçiyə məxsus mənzil dövlət ehtiyacları üçün alınmamış və mülkiyyətçilər yəni birgə iddiaçılar istənilən məbləğə ona məxsus olan mənzili sata bilərlər. Ərizəçi hüquqi baxımdan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun təsirinə məruz qalanlardan daha əlverişli statusa malik olduğundan, onun həmin şəxslər üçün nəzərdə tutulmuş kompensasiyalara (mənzilin bazar qiymətinin 20 faiz miqdarında və 10 faiz miqdarında çətinliklə bağlı) tam hüququ var. Mənzilin bazar qiymətinin (215097 manat) 20%-ni (43019,4) manat təşkil edir. Həmin mənzilin bazar qiymətinin 10%-ni 21509,7 manat təşkil edir. Beləliklə, təkcə məhv edilmiş mənzilə görə ərizəçiyə (215907+43019,4+21509,7) 279626,1 manat maddi kompensasiya məbləği kimi ödənilməlidir. Bundan başqa, ərizəçinin evinin yerləşdiyi torpaq sahəsi də Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququ ilə, o cümlədən ona məxsusdur. Daşınmaz əmlakının torpağa aid hissəsini ərizəçi 120000 manat qiymətləndirir. Beləliklə, ərizəçiyə dəymiş maddi ziyana görə, ona 399626,1 (üç yüz doxsan doqquz min altı yuz iyirmi altı tam onda bir) manat ödənilməlidir. Ərizəçi, ona dəymiş maddi zərərin miqdarını 399626,1 (üç yüz doxsan doqquz min altı yuz iyirmi altı tam onda bir) manat, mənəvi zərəri isə 50000 (əlli min) manata uyğun hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 iddia ərizəsinin məzmumuna uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 iddia tələbini əsassız hesab edərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinin MKTD və Azərbaycan Respublikası Nazirlər Kabineti, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Bakı şəhəri 13 saylı Notariat ofisinin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 10-cu Park döngəsində istifadədə olan 0.0228 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 4 mərtəbəli binada yerləşən 48.8 kv.m ümumi, 35.2 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 5 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 435 nömrəli reyestr kitabının 40346 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Bakı şəhəri 13 saylı Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı ünvan 1 ünvanında yerləşən, ümurni sahəsi 48.8 kv.m, yaşayış sahəsi 35.2 kv.m, yardımçı sahəsi 13.6 kv.m (faktiki ümumi sahəsi 69.0 kv.m) olan 2 (iki) otaqlı, 5 saylı, mənzilini “alıcı” Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-kommunal Təsərrüfatı Departamentinin mülkiyyətinə vermiş, “alıcı” Bakı şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti (əvəzindən çıxış edir həmin departamentin hüquq şöbəsinin müdiri X4) “satıcı” İddiaçı satdığı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 48.8 kv/m, yaşayış sahəsi 35.2 kv/m, yardımçı sahəsi 13.6 kv/m, (faktiki ümumi sahəsi 69,0 kv/m) olan 2 (iki) otaqlı, 5 saylı mənzilini ondan 173250 manat 00 qəpik (bir yüz yetmiş üç min iki yüz əlli rnanat sıfır qəpik) qiymətinə almışdır. İşə əlavə edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli, 764 s nömrəli sərəncamının icrasının təmin edilməsi haqqında” sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 409 nömrəli sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli, 764 s nömrəli sərəncamına əsasan Bakı şəhəri, Saraykin küçəsi, 57 ünvanında yerləşən 16 mənzilli və 10-cu park döngəsi, 6 ünvanında yeriəşən 9 mənzilli qəzalı vəziyyətdə olan yaşayış binalarından sakinlərin köçürülməsi, həmin binaların sökülməsi və digər zəruri tədbirlərin görülməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmiş, Bakı şəhəri, Saraykin küçəsi, 57 ünvanında yerləşən 16 mənzilli və 10-cu park döngəsi, 6 ünvanında yerləşən 9 mənzilli qəzalı vəziyyətdə olan yaşayış binalarından köçürülməli olan hər bir ailəyə ödəniləcək birdəfəlik maddi yardımın (kompensasiyanın) məbləğini, həmçinin həmin binaların sökülməsi və digər zəruri tədbirlərin görülməsi üçün tələb olunan xərcləri qanunvericiliklə müəyyən olunmuş qaydada ayrılan vəsait dairəsində real bazar qiymətləri nəzərə alınmaqla müəyyənləşdirilməsi, göstərilən ünvanlarda mövcud olan yaşayış sahələrinin mülkiyyətçiləri ilə notarial qaydada alqı satqı müqavilələrinin bağlanması Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-kommunal Təsərrüfatı Departamentinə həvalə edilməsi, alqı-satqı müqaviləsinə əsasən alınan daşınmaz əmlakın dəyərinin ödənilməsi dövlət notariusunun müvafiq məktubuna əsasən Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-kommunal Təsərrüfatı Departamentinin hesabından notariusun depozit hesabına köçürülməklə vətəndaşlar tərəfindən həmin vəsaitin bankdan əldə edilməsi yolu ilə həyata keçirilməsi Komsissiyaya tapşırılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətsənayelayihə” DLİ-nin xx xxxxxx 2019-cu il tarixli ünvan 3 ünvanında yerləşən yaşayış evinin texniki vəziyyəti haqqında Aktın surətindən görünür ki, “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun əməkdaşları ünvan 3 ünvanında yerləşən yaşayış evinə vizual baxış keçirmişlər və baxış zamanı müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən yaşayış evi 1 girişli 4 mərtəbəli olub, 1930-cu ildə inşa edilmişdir. Evin əsas yükdaşıyan divarlarının qalınlığı 0,4 metr olmaqla əhəng daşından yerinə yetirilmiş, mərtəbələrarası örtükləri ağac materialındandır, damı çardaq tipli olub dalğavari metal vərəqələrlə örtülmüşdür. Baxış zamanı yaşayış evində aşağıdakı qeyd edilən qüsurlar aşkar olunmuşdur: - yaşayış evinin arxa fasad hissəsində vətəndaşlar tərəfindən pərakəndə şəkildə heç bir tikinti norma və qaydalarının tələblərinə əməl etmədən əlavə artırmalar inşa edilmiş, sonradan inşa edilmiş bu artırmalar evin əlavə yüklənməsinə və yükdaşıma qabiliyyətinin o cümlədən zəlzələyə davamlılığının azalmasına səbəb olmuş, yaşayış evinin bəzi eyvanları metal tirlərin əsas yükdaşıyan divarlara bərkidilməsi vasitəsilə genişləndirilmişdir ki, bu da evin bir daha əlavə yüklənməsinə səbəb olmuşdur. Yaşayış evinin antiseysmik kəmərləri və digər seysmikə davamlılığını artıran konstruksiyalar (dəmir-beton içliklər, pəncərə boşluqları arası hörgü məsafələri və s.) yoxdur. Yaşayş evi uzun müddət əsaslı təmirsiz istifadə edildiyindən ağac materiallarından olan örtük konstruksiyaları fiziki cəhətdən köhnəlmiş, çürüməyə məruz qalmış və öz möhkəmliliyini itirmişdir. Yaşayış evi memarlıq və tarixi nöqteyi nəzərdən heç bir tarixi əhəmiyyət kəsb etmir. ünvan 3 ünvanında yerləşən yaşayış evi texniki cəhətdən yolverilməz vəziyyətdədir, onun istismarı təhlükəlidir və burada bərpa-gücləndirmə işlərinin aparılması iqtisadi və texniki tərəfdən məqsədəuyğun hesab edilmir. Belə ki, yaşayış binası mövcud tikinti, o cümlədən zəlzələyə davamlı norma və qaydaların tələblərinə cavab vermir. İşə əlavə edilmiş “xxxxxxx” MMC-nin xx xxx 2020-ci il tarixli, MB 13/537 nömrəli rəyindən görünür ki, qiymətləndirməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (Seriya MH 0128592; 435 saylı reyestr kitabının 40346 nömrəli vərəqi, Reyestr **********24-05101-093002, Qeydiyyat **********; xx.xx.2008-ci il tarixli) əsasında ünvan 1 ünvanında istifadədə olan 0.0228 ha torpaq sahəsində yerləşən 4 mərtəbəli binanın, 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən, sənəd üzrə 48,8 (faktiki 64,91) kv.m. ümumi sahədən ibarət olan 2 otaqlı 5 saylı mənzilin bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirilmə işi həyata keçirilmiş, qiymətləndirmə zamanı aparılan hesablamalarda mütəxəssislər tərəfindən xüsusi olaraq əldə edilmiş daşınmaz əmlak bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, bu tipli əmlaka olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən alınmış informasiyalardan istifadə olunmuşdur. Bütün göstərilənlər nəzərə alınaraq, apardıqları təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən 2 otaqlı 5 saylı mənzilin xx xxx 2020-ci il tarixinə hesablanmış bazar dəyəri 215 097 (iki yüz on beş min doxsan yeddi) manat təşkil edir. O cümlədən, mənzil - 214203 (iki yüz on dörd min iki yüz üç) manat, həyətyanı tikili – 894 (səkkiz yüz doxsan dörd) manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 10cu Park döngəsində istifadədə olan 0.0228 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 4 mərtəbəli binada yerləşən 48.8 kv.m ümumi, 35.2 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 5 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olmuş, mənzilin yerləşdiyi yaşayış evinin texniki cəhətdən yolverilməz vəziyyətdə olmaqla, onun istismarının təhlükəli olması, burada bərpa-gücləndirmə işlərinin aparılmasının iqtisadi və texniki tərəfdən məqsədəuyğun hesab edilməməsi, yaşayış binasının mövcud tikinti, o cümlədən zəlzələyə davamlı norma və qaydaların tələblərinə cavab verməməsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətsənayelayihə” DLİ-si tərəfindən xx xxxxxx 2019-cu il tarixli ünvan 3 ünvanında yerləşən yaşayış evinin texniki vəziyyəti haqqında Akt qəbul edilmişdir. Bundan sonra “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli, 764 s nömrəli sərəncamının icrasının təmin edilməsi haqqında” sərəncamı qəbul edilmiş və bu sərəncama əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 409 nömrəli sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli, 764 s nömrəli sərəncamına əsasan Bakı şəhəri, Saraykin küçəsi, 57 ünvanında yerləşən 16 mənzilli və 10-cu park döngəsi, 6 ünvanında yerləşən 9 mənzilli qəzalı vəziyyətdə olan yaşayış binalarından sakinlərin köçürülməsi, həmin binaların sökülməsi və digər zəruri tədbirlərin görülməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Qeyd edilən sərəncamın icrasının təmin edilməsi məqsədi ilə Bakı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən xx.xx.2019-cu il tarixli 409 saylı sərəncam qəbul edilərək köçürmə komissiyası yaradılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 409 nömrəli sərəncamı ilə həmçinin Bakı şəhəri, Saraykin küçəsi, 57 ünvanında yerləşən 16 mənzilli və 10-cu park döngəsi, 6 ünvanında yerləşən 9 mənzilli qəzalı vəziyyətdə olan yaşayış binalarından köçürülməli olan hər bir ailəyə ödəniləcək birdəfəlik maddi yardımın (kompensasiyanın) məbləğinin, həmçinin həmin binaların sökülməsi və digər zəruri tədbirlərin görülməsi üçün tələb olunan xərcləri qanunvericiliklə müəyyən olunmuş qaydada ayrılan vəsait dairəsində real bazar qiymətləri nəzərə alınmaqla müəyyənləşdirilməsi, göstərilən ünvanlarda mövcud olan yaşayış sahələrinin mülkiyyətçiləri ilə notarial qaydada alqı-satqı müqavilələrinin bağlanmasının Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-kommunal Təsərrüfatı Departamentinə həvalə edilməsi, alqı-satqı müqaviləsinə əsasən alınan daşınmaz əmlakın dəyərinin ödənilməsinin dövlət notariusunun müvafiq məktubuna əsasən Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-kommunal Təsərrüfatı Departamentinin hesabından notariusun depozit hesabına köçürülməklə vətəndaşlar tərəfindən həmin vəsaitin bankdan əldə edilməsi yolu ilə həyata keçirilməsi Komsissiyaya tapşırılmışdır. İşin materiallarından görünür ki, İddiaçı ilə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 48.8 kv.m, yaşayış sahəsi 35.2 kv.m, yardımçı sahəsi 13.6 kv.m (faktiki ümumi sahəsi 69.0 kv.m) olan 2 (iki) otaqlı, 5 saylı mənzilinə dair Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-kommunal Təsərrüfatı Departamenti arasında Bakı şəhəri 13 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmış və sözügedən müqavilə əsasında ona 173250 manat 00 qəpik (bir yüz yetmiş üç min iki yüz əlli manat sıfır qəpik) ödənilmişdir. Hazırda iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə AN-İ ******* nömrəli daşınmaz əmlakın (mənzilinin) alqı-satqı müqaviləsi bağlanmasına dair müqavilənin etibarsızlığının əsası kimi cavabdehlərin - inzibati orqanların özbaşınalığı, hakimiyyətdən sui-istifadəsi, hədələrinin təsiri altında, mənzilini yaşayış yerini faktiki itirərək ağır vəziyyətə düşməsinə istinad etmiş və tələbinin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1., 152.1-152.5, 339.1, 339- 4-339.5, 337.5, 390.1, 1096.1, 1115.1-ci, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 7.1, 66.4-cü maddələrinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qanunvericiliyin mənasına görə müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirməyi ehtiva edən bir anlayışdır. Bütün bunlara əsasən müqavilə bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan bu iradəsinin formalaşması və ifadəsi onun özünə mənsubdur. Müqavilə tərəflərin arasında hüquq və vəzifələrin yaranması, dəyişdirilməsi və xitam edilməsi üçün qanuni əsas olmaqla, mülki dövriyyə iştirakçıları arasında münasibətlərin tənzimlənməsində və mübahisələrin həlli zamanı müəyyənliyinin təmin olunmasında xüsusi qüvvəyə malikdir. Bu baxımdan, təqdim olunmuş rəsmi hüquqi sənədlərdə və yazılı müqavilədə əks olunmuş məlumatları təkzib edən tərəfin dəlilləri o halda qəbul oluna bilər ki, həmin dəlillər bir-birinə uyğunluğu, tamlığı, işə aidliyi, mümkünlüyü, obyektivliyi, mötəbərliyi və qanuniliyi xassələrinə malik olsun və ən əsası, rəsmi sənədlərdə əksini tapmış bu məlumatların həqiqiliyini şübhə altına almaq üçün kifayət etsin. Hazırki işdə də iddiaçı cavabdehlərdən Bakı şəhər İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Departamenti ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsində əksini tapmış məlumatları mübahisələndirir və bu cür sübutlar təqdim etməyə borcludur. Məhkəmə alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Həmçinin, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı mülkiyyəti ilə bağlı alqı-satqı müqaviləsi bağlamamışdan əvvəl 2020-ci ilin əvvəllərində mənzilinin yerləşdiyi binanın sökülməsinə narazılığına dair müraciətlər etmiş və ona müvafiq qaydada cavablar verilmişdir. İddiaçı həyata keçirilməli olan söküntü və köçürmə işlərinə dair cavabdehlərin hərəkətlərini məhkəmə qaydasında mübahisələndirməni həyata keçirməmiş, Bakı şəhəri 13 saylı notariat ofisində Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti arasında xx xxxxx 2020-ci il tarixli AN-10716292 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini könüllü qaydada bağlamış və müqavilədə əksini tapmış məbləği aldıqdan sonra 2020-ci ilin iyun ayında qeyd edilən müqavilənin etibarsızlığı və s. tələblərlə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqdi) zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etbarsız sayılmasını tələb edə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqauyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. Başqa sözlə, qanunvericinin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Lakin məhkəmə baxışı zamanı iddiaçıya münasibətdə cavabdehlər tərəfindən pis rəftara məruz qalması, onun mənzil və mülkiyyət hüquqlarının pozulması, müqavilənin cavabdehlərin-inzibati orqanların özbaşınalığı, hakimiyyətdən sui-istifadəsi, hədələrinin təsiri altında bağlanması kimi iddia dəlilləri öz təsdiqini tapmamışdır. Başqa sözlə, məhkəmə hesab edir ki, mübahisələndirilən müqavilənin etibarsız sayılması üçün irəli sürülmüş iddia tələbinin qanuni əsası müəyyən edilməmiş və məhkəmədə bildirilən faktiki hallar iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmamışdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. X6 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəaları baxmından iddiaçı alqı-satqı müqaviləsinin etibarsızlığına dair öz hüquqi mövqeyini sübut edə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə iddianın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin bu hissəsi üzrə qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Buna görə də məhkəmə iddianın bu hissəsini əsassız sayır. Məhkəmə həmçinin qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiasının əsaslı olması öz təsdiqini tapmadığı üçün iddia tələbinin digər hissələri üzrə araşdırılmanın davam etdirilməsinə və bu tələblərə də hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı – cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyətinin MKTD-yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Bakı şəhəri 13 saylı Notariat ofisi qeyd edilən) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı – cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyətinin MKTD-yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Bakı şəhəri 13 saylı Notariat ofisi qeyd edilən) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ziyanın ödənilməsi” tələbinə dairiddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar