Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1500/2022 17.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, İddiaçının və nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı – Cavabdeh MMC-yə qarşı «ziyan» tələbinə dair mülki işə 17 avqust 2022-ci il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh MMC-yə qarşı «ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 34,000 manat pulun, əldən çıxmış faydaya görə isə ödənilən məbləğin illik 5 %-i olan 18,700 manat pulun və 11,000 manat mənəvi zərərin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı "Fuad LTD” MMC ilə 04 fevral 2011-ci il tarixdə müqavilə bağlayaraq sonuncunun Abşeron rayonu, Xırdalan şəhəri, Z.Tağıyev küçəsi, ev 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda 6-ci mərtəbədə sahəsi 85 kv.m olan 96 saylı mənzili 34000 manata almışdır. O, həmin pul vəsaitini tam olaraq 04 fevral 2011-ci il tarixdə MMC-yə ödəmişdir. "xxxx" MMC həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı öhdəliyin icra olunmasının həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 03 may 2013-cü il tarixli 2(012)-957/2013 saylı qətnaməsi ilə iddia təmin edilərək "xxxx" MMC- nin üzərinə 04 fevral 2011-ci il tarixli müqavilə əsasında üzərinə götürdüyü Abşeron rayonu, Xırdalan şəhəri, Z.Tağıyev küçəsi, ev 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasmm 2-ci blokunda, 6-ci mərtəbədə sahəsi 85 kv.m olan 96 saylı mənzilinin İddiaçı təhvil verilməsi öhdəliyini yerinə yetirmək vəzifəsi qoyulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. İcra hərəkətləri zamanı "xxxx" MMC-nin adı dəyişdirilib "xxxx" MMC qoyulmuşdur. Abşeron Rayon Məhkəməsinin 06 iyun 2014-cü il tarixli 8(012)-3 39/2014 qərardadma əsasən izah olunmuşdur ki, "xxxx" MMC-nin admm dəyişdirilib “Abşeron LTD-2013" MMC olması ilə əlaqədar Abşeron Rayon Məhkəməsinin ...xx.xx.2013-cü il tarixli 2(012)-957/2013 saylı qətnaməsinin icrası ilə əlaqədar tələblər Cavabdeh MMC-yə yönəldilməlidir. Sonradan məlum olmuşdur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(012)-957/2013 saylı qətnaməsinə əsasən İddiaçı təhvil verilməsi nəzərdə tutulan Abşeron rayonu, Xırdalan şəhəri, Z.Tağıyev küçəsi, ev 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 6-ci mərtəbədə sahəsi 85 kv.m olan 96 saylı mənzil həmçinin X1. Tərəflər arasındakı həmin mübahisə üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-5/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı iddiası təmin edilməmiş, Cavabdeh MMC-nin və X2 iddiaları isə təmin edilərək, "xxxx" MMC ilə İddiaçı arasında Abşeron rayonu, Xırdalan şəhəri, Z.Tağıyev küçəsi, ev 1 ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda 6-cı mərtəbəsində ümumi sahəsi 83 kv.m olan 96 saylı mənzilinə dair bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi qət olunmuş, həmin qətnamə yuxan instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Həmin mübahisəyə baxmış məhkəmələrin mövqeyi belə olmuşdur ki, mübahisəli mənzilə ilkin olaraq "xxxx" MMC ilə X4 arasında 01 may 2007-ci ildə müqavilə bağlanmış, sonuncu həmin mənzilin dəyərini tam ödəməklə MM-nin 178.8-ci maddəsi və həmin maddənin şərhi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq elə həmin gündən (yəni, 01 may 2007-ci ildən) həmin mənzilə mülkiyyət hüququnu əldə etmişdir. Buna görə də sonradan - yəni, 04 fevral 2011-ci il tarixdə İddiaçı ilə həmin mənzilə dair müqavilə bağlanarkən "xxxx" MMC həmin mənzilin ixtiyarlı şəxsi olmamışdır. Belə olan halda, "xxxx" MMC-nin həmin mənzillə bağlı hər hansı əqd bağlamaq hüququ istisna olunduğu üçün cəmiyyətlə İddiaçı arasındakı 04 fevral 2011-ci il tarixli müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlanmışdır. Nəticə etibari ilə, Cavabdeh MMC Abşeron rayonu, Xırdalan şəhəri, Z.Tağıyev küçəsi, ev 1 ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda 6cı mərtəbəsində ümumi sahəsi 83 kv.m olan 96 saylı mənzilinə münasibətdə səlahiyyəti şəxs olmadığı halda, İddiaçı aldadaraq onunla daha əvvəldən üçüncü şəxsə (X3) satılan mənzil barədə müqavilə bağlamaqla ona məxsus pul vəsaitini (34000 manatı) əldə keçirərək ona qarşı mülki hüquq pozuntusu törətmişdir və MM-nin tələblərinə görə buna görə məsuliyyət daşıyır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 04 fevral 2011-ci il tarixli "xxxx" MMC ilə İddiaçı arasında imzalanmış “Kooperativ binada mənzil tikintisi üçün” Müqavilənin surətindən görünür ki, ünvan 2 ünvanda tikilən 96 nömrəli mənzil üçün 26.240 manat pul ödənilir. 04 fevral 2011-cu il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən 04 fevral 2011-ci il tarixdə "xxxx" MMC-dən ümumi sahəsi 85 metr kvadrat olan 2 otaqlı mənzili almış və 34,000 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 avqust 2020-ci il tarixli 2(102)- 3160/2020 saylı Qərarında qeyd edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında mübahisəli mənzilə dair müqavilə 04 fevral 2011-ci il tarixdə bağlanmışdır və həmin müqavilə bağlanarkən mübahisəli mənzil artıq 4 ilə yaxın idi ki, X1. İddiaçı ilə 04 fevral 2011-ci il tarixdə ünvan 2 ünvanda tikilən 96 nömrəli mənzilə dair müqavilə bağlanarkən, həmin mənzilə mülkiyyət hüququnu artıq 01 may 2007-ci ildə X4 əldə etdiyi üçün "xxxx" MMC həmin mənzilin ixtiyarlı şəxsi olmamışdır. Belə olan halda "xxxx" MMC-nin həmin mənzillə bağlı hər hansı əqd bağlamaq hüququ istisna olunduğu üçün cəmiyyətlə İddiaçı arasındakı 04 fevral 2011-ci il tarixli müqavilə AR Mülki Məcəlləsi ilə müəyyəmləşdirilmiş şərtlər pozulmaqla bağlanmışdır. Abşeron rayon Məhkəməsinin 06 iyun 2014-cü il atrixli qərarında qeyd edilmişdir ki, "xxxx" MMC-nin adının dəyişdirilib "xxxx" MMC olması ilə əlaqədar qətnamənin icrası ilə əlaqədar tələblər Cavabdeh MMC-yə yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçı müqavilə ilə üzərinə götürmüş olduğu öhdəliyi tam yerinə yetirərək mənzilin dəyərini ödəməsinə baxmayaraq, "xxxx" MMC öz öhdəliyini yerinə yetirməmiş və müqavilə üzrə razılaşdırılmış mənzillə iddiaçını təmin etməmişdir. Bununla da MMC iddiaçıya maddi ziyan vurmuşdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə razılaşdırılmış mənzili əldə edə bilmədiyindən hazırda müqavilə üzrə ödəmiş olduğu pul vəsaətini cavabdehdən tələb etməkdə haqlıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbinin borcun qaytarılmasının gecikdirilməsinə görə əsas borca illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 18,700 manat faiz məbləğinin tutulması hissəsi təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında deyilir ki, “...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.” Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 445.7 və 449.1-cu maddəsinə və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına əsaslanaraq, məhkəmə hesab edir ki, tərəflər arasında «Mənzil tikintisi üçün Müqaviləsi» üzrə borclunun öhdəliklərinin icra edilməli olduğu vaxtdan (2011-ci ilin fevral ayından) hazırkı vaxtadək 11 illik dövr üçün 34,000 manat borc məbləğinə illik 5% dərəcəsi ilə faiz məbləği hesablanmaqla, 11 il üçün 18,700 manat faiz məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının mənəvi ziyana görə 11.000 manat tələb etməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən aldadılmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırkı iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş 282,42 manat dövlət rüsumunun 150 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi olaraq 52,700 manat, həmçinin məhkəmədə iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 150 manat hissəsi olmaqla, ümumilikdə 52,850 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1500/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1500/2022
17.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver