Məhkəmə qərarları › İş №2(009)-1527/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1527/2020

20.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1527/2020 20.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından olan övladları X1 18 yaşa çatanadək saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat məbləğində alimentin və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilən aliment üzrə 3443 (üç min dörd yüz qırx üç manat) manat məbləğində borcun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh oğlu ilə xx xxxx 2004-cü il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx xxx 2005-ci il təvəllüdlü adlı X2 adlı övladları anadan olmuşdur. Lakin 2009-cu ildə aralarında ailə münasibətləri pozulmuş və azyaşlı övladı ilə birlikdə valideynlərinin evinə köçmüşdür. Həmin vaxtdan etibarən cavabdeh övladının saxlanmasına laqeyd yanaşmış və onun ehtiyaclarının ödənilməsi üçün maddi köməklik göstərməmişdir. Buna görə də Cavabdeh qarşı “nikahın pozulması, uşağın himayədə saxlanılması, aliment tutulması və uşağın yaşayış yerinin müəyyən edilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2044/2013 saylı iş üzrə xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsi ilə Cavabdehlə Bakı şəhəri Səadət Sarayında xx.xx.2004-cü il tarixdə bağlanmış 1590 saylı nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək onun himayəsində saxlanılması və xx.xx.2013-cü il tarixindən başlayaraq X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 93 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. Hal-hazırda övladları X1 14 yaşı var. Sözügedən qətnamədə qeyd olunan aliment məbləği uşağın həyat fəaliyyətinin minimum səviyyəsinin təmin edilməsi üçün kifayət etmir. Belə ki, uşaq orta məktəbdə təhsil alır və hal-hazırda böyüdüyünə görə geyimə, yeməyə və qayğıya olan tələbatlarının qarşılanması üçün çəkilən məsrəflər yetərincə artmışdır. Uşağın həmin vaxtda tələb olunan ehtiyacları əsas götürülməklə təyin edildiyini nəzərə alsaq, həmin aliment məbləği uşağın saxlanılması üçün hazırki vəziyyətdə azlıq təşkil edir. Uşağın bütün qayğısını tamamilə özü çəkir. Böyüdükcə onun saxlanması ilə bağlı məsrəfləri artsa da, cavabdeh övladına qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün olduqca çətindir. Yetkinlik yaşına çatmayan övladına qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi üçün bəlli maddi vəsait tələb etdiyindən və o, bu xərcləri təkbaşına təmin edə bilmədiyindən, birgə nikahdan olan uşaqlarının saxlanması üçün cavabdeh də, valideynlik vəzifələrini həyata keçirməli və alimentin məbləği artırılmalıdır. Bundan başqa, alimentin tutulmasına dair qətnamə qəbul edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş, yəni uşaqların saxlanılması üçün tələb olunan məbləğ kifayət qədər artmışdır. Ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu 2020-ci ildə hər uşaq üçün 170 manat müəyyən edilmişdir. Bir sözlə, alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir. Yuxarıda qeyd olunanlara əsasən hazırda uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin onun üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin digər valideyndən - cavabdehdən tutulmasına əsas yaradır. Cavabdeh övladı ilə maraqlanmamağının bariz nümunəsi olaraq məhkəmə qətnaməsi ilə müəyyən edilən və xx.xx.2013-cü ildən başlayaraq həyata keçirilməli olan aliment ödənişini gecikdirmiş və bəzən isə ümumiyyətlə, alimentin ödənilməsindən yayınmışdır. Nəticədə, aliment üzrə 3443 (üç min dörd yüz qırx üç manat) manat borc yaranmışdır. Bununla da cavabdehdən bu günə kimi ödəmədiyi alimentin hesablanıb ödənilməsi zərurəti yaranmışdır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək birgə nikahlarından olan övladları X1 18 yaşa çatanadək saxlanılması üçün aliment məbləğinin 170 (yüz yetmiş) manata artırılaraq Cavabdeh tutulması və ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 617411 nömrəli, xx xxxx 2005-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X2 xx xxx 2005-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 8(005)-331/2014 saylı qərardadının surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2044/2013 saylı, xx xxxxxxxx 2013-cü il tarixli icra vərəqəsinə əsasən İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Səadət Sarayında xx.xx.2004-cü il tarixdə bağlanmış 1590 saylı nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək İddiaçı himayəsində saxlanılması və xx.xx.2013-cü il tarixindən başlayaraq X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 93 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx xxx 2005-ci il təvəllüdlü X2 iddiaçının – anasının himayəsindədir və uşağın saxlanması üçün cavabdehdən – atasından tutulan alimentin məbləği onun artan tələbatlarını ödəmək üçün kifayət etmir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2019-cu il tarixli Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə alimentin tutulmasına dair qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, Azərbaycan Respublikasında 2020-ci il üçün müəyyən olunmuş yaşayış minimumu (uşaqlar üçün) məbləğini, hal-hazırda yetkinlik yaşına çatmayan uşağın iddiaçının himayəsində olmasını, tərəflərin ailə və maddi vəziyyətini, eləcə də uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal səviyyədə saxlanılması zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 9.1.2-ci maddəsinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında, 500 manatadək olduqda isə dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat müəyyən edilmişdir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı Cavabdeh ilə birgə nikahından doğulmuş xx xxx 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli, 2(005)-2044/2013 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 93 (doxsan üç) manat məbləğində alimentin həcmi artırılaraq 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməli, xx xxx 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməli, eləcə də Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli, 2(005)-2044/2013 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 93 (doxsan üç) manat məbləğində alimentin həcmi artırılaraq 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin, xx.xx.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar