Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1536/2023 18.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlı şəxs kimi qeyd edilməklə) “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə Təsviri hissə: Ərizəçi (Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlı şəxs kimi qeyd edilməklə) “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya ölmüş elan edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırda himayəsində olan 3 azyaşlı uşağın qəyyumluğu üçün aylıq pul müavinəti təyin edilməsi üçün oğlu Maraqlı şəxs3 itkin düşmüş və ya ölmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin dəlilləri: xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş oğlu Maraqlı şəxs3 xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk edərək naməlum yolla Suriya Ərəb Respublikasına və İraq Ərəb Respublikasına gedərək, həmin ölkələrin ərazisində yaradılmış silahlı dəstələrin tərkibinə daxil olmuş və döyüşlərdə iştirak etmişdir. Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-10767/2018 nömrəli qətnaməsinə əsasən oğlu Maraqlı şəxs3 xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etdiyi və geri qayıtmamasını sübuta yetirərək, vətəndaşlığının itirilməsinə dair qətnamə çıxarılmışdır. Onlarda olan şifahi məlumatlara əsasən Maraqlı şəxs3 İraq Ərəb Respublikasında döyüş əməliyyatları zamanı həlak olmuş, oğlunun həyat yoldaşı X4 isə İraq Ərəb Respublikasında həbsdədir. Maraqlı şəxs3 3 övladı-xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 Azərbaycan Respublikasına gətirilmişlər və xx.xx.2022-ci il tarixli 133 №-li sərəncam əsasında o, onların üzərində qəyyum təyin edilmiş və uşaqlar hazırda onunla birlikdə ünvan 1 ünvanında yaşayırlar. Sərəncamın surəti Qəyyumluq və Himayəçilik Komissiyasına, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinə göndərilmişdir. Həmin vaxtdan ona uşaqların minimal xərcləri və dolanışığı üçün aylıq pul kompensasiyası təyin edilməmişdir. xx.xx.2014-cü il təvəllüdlü X2 gözündən əməliyyat olunması ilə əlaqədar Qızıl Xaç Cəmiyyəti tərəfindən 1500 manat pul verilmişdir. Həmçinin uşaqların loqoped həkiminin müalicəsi və yol xərcləri üçün 6 aylıq (hər ay 300 manat) pul müavinəti təyin edilmişdir. Lakin uşaqlara 18 yaşına çatanadək pul müavinəti təyin edilməmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-37/2-M-5178-26-1-08-15918/2023 nömrəli məktubundan görünür ki, Maraqlı şəxs3 Azərbaycan Respublikası vətəndaşlığı itirməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs3 «şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi» barədə ərizə ilə Səbail rayon məhkəməsinə müraciət etmiş, ərizə ilə bağlı Kapitalbanka 101 manat (komissiya haqqı ilə birgə) ödəmişdir. Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-1134/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən ərizə geri qaytarılmışdır. Bildirir ki, qeyd olunan ərizədə göstərilən icraat işi üzrə maraqlı şəxs odur - Ərizəçi, çünki uşaqlar onun himayəsindədir. «Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi» və ya ölmüş hesab edilməsi ona 3 azyaşlı uşağın qəyyumluğu üçün aylıq pul müavinəti təyin edilməsi üçün lazımdır. «Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi» və ya ölmüş hesab edilməsini təsdiq edən fotoşəkil var. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasında iştirak edən Maraqlı şəxs1 etibarnamə üzrə nümayəndəsi X8 izahatında Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 133 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamından görünür ki, azyaşlı xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 üzərində babaları Ərizəçi qəyyum təyin edildiyini, uşaqlara ərizəçinin baxdığını və bütün xərclərini onun qarşıladığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxs2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmiş və işin məhkəmənin mülahizəsinə buraxıldığını bildirmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10767/2018 saylı, 20 dekabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs3 (doğulduğu tarix xx.xx.1992-ci il, doğulduğu yer Bakı şəhəri, şəxsiyyəti təsdiq edən sənədin PİN nömrəsi – xxxxxxx, seriya və nömrəsi AZE 1********) Azərbaycan Respublikası vətəndaşlığını itirmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası - Ərizəçi, anası X1r. - Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 133 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamından görünür ki, azyaşlı xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 üzərində babaları Ərizəçi qəyyum təyin edilmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti vətəndaşlıq xidməti məhkəmənin 10 avqust 2023-cü il tarixli sorğusuna cavab olaraq bildirmişdir ki, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş Maraqlı şəxs3 Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsinə görə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-10767/2018 saylı qətnaməsi ilə Azərbaycan Respublikası vətəndaşlığını itirməsi qət edilmişdir. Digər dövlətin vətəndaşlığını alması barədə məlumat daxil olmamışdır. - Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirakı ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin nəticələrinə dair arayışdan görünür ki, AR vətəndaşı Maraqlı şəxs3 xx.xx.2014-cü il tarixdə ölkə ərazisini tərk edərək qeyri-qanuni yollarla Suriyaya gedərək həmin ölkənin ərazisində ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış “İŞİD” adlı cinayətkar birliyin tərkibinə daxil olub həmin ölkənin ərazisində aparılan silahlı münaqişələrdə və terror əməliyyatlarında iştirak edir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs3 sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2014-cü il tarixdə ölkədən çıxışı qeyd olunmuşdur. - Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsi məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs3 ilk dəfə xx.xx.2006-cı il tarixdə AZE – 10022776 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuş, xx.xx.2014-cü il tarixdə ona verilmiş AZE- 14426446 nömrəli şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixl 08/452 nömrəli məktuba əsasən vətəndaşlıqdan məhrumetmə səbəbilə deaktivləşdirilmişdir. Əsaslandırıcı hissə: İşin müəyyən edilmiş halları: - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti “Azərbaycan Respublikasının vətəndaşı Maraqlı şəxs3 xx.xx.2014-cü il tarixdə ölkə ərazisini tərk edərək qeyri-qanuni yollarla Suriyaya gedərək həmin ölkənin ərazisində ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış “İŞİD” adlı cinayətkar birliyin tərkibinə daxil olub həmin ölkənin ərazisində aparılan silahlı münaqişələrdə və terror əməliyyatlarında iştirak etməsi hallarının mövcudluğunun hüquq mühafizə orqanı tərəfindən aparılan araşdırmalarla təsdiq olunmasına” dair rəylə məhkəməyə müraciət edərək şəxsin vətəndaşlığının itirilməsini xahiş etmiş və xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş Maraqlı şəxs3 Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsinə kifayət qədər əsaslar olduğuna görə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-10767/2018 saylı qətnaməsi ilə onun Azərbaycan Respublikası vətəndaşlığını itirməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunmuşdur. Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsi məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs3 ilk dəfə xx.xx.2006-cı il tarixdə AZE – 10022776 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuş, xx.xx.2014-cü il tarixdə ona verilmiş AZE- 14426446 nömrəli şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixl 08/452 nömrəli məktuba əsasən vətəndaşlıqdan məhrumetmə səbəbilə deaktivləşdirilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti xx.xx.2023-cü il tarixli məktubu ilə xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs3 sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2014-cü il tarixdə ölkədən çıxışı qeyd olunmuşdur. Giriş barədə məlumat qeydə alınmamışdır. Bundan başqa müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 133 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamı ilə azyaşlı xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 üzərində babaları Ərizəçi qəyyum təyin edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. - 40.2-ci maddəsinə əsasən, itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. - 40.3-cü maddəsinə əsasən, xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. - 40.4-cü maddəsinə əsasən, xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. - 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. - 41.2-ci maddəsinə əsasən, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. - 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. - 41.4-cü maddəsinə əsasən, bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 305.1.2-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. - 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. - 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. - 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. - 315.1. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. - 316. Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır Məhkəmənin mövqeyi: Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Maraqlı şəxs3 xx.xx.2014-cü il tarixdə ölkə ərazisini tərk edərək qeyri-qanuni yollarla Suriyaya gedərək həmin ölkənin ərazisində ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış “İŞİD” adlı cinayətkar birliyin tərkibinə daxil olub həmin ölkənin ərazisində aparılan silahlı münaqişələrdə və terror əməliyyatlarında iştirak etməsi hallarının mövcudluğunun hüquq mühafizə orqanı tərəfindən aparılan araşdırmalarla təsdiq olunmasına dair rəylə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəməyə müraciət edərək şəxsin vətəndaşlığının itirilməsini xahiş etmiş və xx.xx.1992ci ildə Bakı şəhərində anadan olmuş Maraqlı şəxs3 Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsinə kifayət qədər əsaslar olduğuna görə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-10767/2018 saylı qətnaməsi ilə onun Azərbaycan Respublikası vətəndaşlığını itirməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunmuşdur. xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs3 ilk dəfə xx.xx.2006-cı il tarixdə AZE – 10022776 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuş, xx.xx.2014-cü il tarixdə ona verilmiş AZE- 14426446 nömrəli şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixl 08/452 nömrəli məktuba əsasən vətəndaşlıqdan məhrumetmə səbəbilə deaktivləşdirilmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim edilmiş icraat materiallarında olan Maraqlı şəxs3 qardaşı X3 yazılı qaydada verdiyi izahatında sonuncu Maraqlı şəxs3 ilə sonuncu dəfə 2018-ci ilin may ayında əlaqə saxlanıldığını, ondan sonra onun harada olması barədə məlumat olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti xx.xx.2023cü il tarixli məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs3 sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2014-cü il tarixdə ölkədən çıxışı qeyd olunmuş, giriş qeydə alınmamışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara və araşdırmalara əsasən belə qənaətə gəlir ki, xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs3 xəbərsiz itkin düşmüş hesab etmək üçün kifayət qədər əsas vardır. Məhkəmə, işin faktiki hallarını, yəni Maraqlı şəxs3 2014-cü ildə Azərbaycan Respublikasını tərk etməsini və geri qayıtması barədə məlumat olmadığını, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin müvafiq rəyində istinad edilən halları və məhkəməyə müraciət etməsini, Maraqlı şəxs3 Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsinə kifayət qədər əsaslar olduğuna görə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-10767/2018 saylı qətnaməsi ilə onun Azərbaycan Respublikası vətəndaşlığını itirməsinin qət edilməsi barədə qanuni qüvvəyə minmiş qətnamə olmasını, onun olduğu yerin hazırda məlum olmadığını, iki ildən də çox müddətdir ki, yaşayış yerində görünmədiyini və bununla bağlı qanunvericiliyin tələblərini nəzərə alaraq, Maraqlı şəxs3 xəbərsiz itkin düşmüş hesab edilməsini mümkün hesab edir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq, Maraqlı şəxs3 xəbərsiz itkin düşməsi vaxtının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, qardaşının izahatında onunla sonuncu dəfə 2018-ci ilin may ayında əlaqə saxlanıldığı və bundan sonra harada olması barədə məlumat olmaması göstərilsə də, hazırda onun itkin düşməsi haqqında son məlumatların alındığı günü dəqiq müəyyənləşdirmək mümkün olmadığından, məhkəmə həm qardaşının izahatında göstərdiyi vaxtı, həm də dövlət orqanları tərəfindən araşdırmanın aparılması və yekunlaşması vaxtının 2018-ci ilin dekabr ayına təsadüf etdiyini nəzərə alaraq, Maraqlı şəxs3 xəbərsiz itkin düşməsi vaxtının növbəti ilin yanvar ayının 1-dən, yəni 01 yanvar 2019-cu il tarixindən sayılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. Məhkəmə onu da qeyd edir ki, qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. Odur ki, məhkəmə hazırki mərhələdə Maraqlı şəxs3 ölmüş elan edilməsini mümkün hesab etmir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş Maraqlı şəxs3 xəbərsiz itkin düşmüş hesab edilməli, onun xəbərsiz itkin düşməsi vaxtı 01 yanvar 2019-cu il tarixindən sayılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 316-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş Maraqlı şəxs3 01 yanvar 2019-cu il tarixindən xəbərsiz itkin düşmüş hesab edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1536/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1536/2023
18.10.2023 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver