Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-154/2022 14.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Tomayev Deputat Süleyman oğlunun katibliyi X1 tərcüməçiliyi ilə, İddiaçı, Cavabdeh və 3-cü şəxs X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14 yanvar 2022-ci il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilə istifadə hüququnun tanınması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı 24 sentyabr 1994-cü il tarixdə cavabdeh ilə nikaha daxil olmuşdur. O, cavabdehin və valideynlərinin yaşadığı ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilə gəlin köçərək hazırki vaxta kimi həmin ünvanda yaşayır. O, cavabdehdən dəfələrlə onun həmin mənzilə qeydiyyata alınmağını xahiş etsə də, cavabdeh buna əməl etməmiş və iddiaçı həmin mənzildə qeydiyyata alınmamışdır. Qeyd edilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: ******* nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 28 dekabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 29.04.2008-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Tərəflərin izahatından aydın olur ki, iddiaçı ilə cavabdeh 24 sentyabr 1994-cü il tarixdə rəsmi nikaha daxil olmuş və nikahdan sonra iddiaçı ünvan 1 ünvanında yerləşən köçərək hazırki vaxtadək həmin mənzildə yaşayır. AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırki mübahisəyə köhnə Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin Məcəllənin: 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə işin hallarını qanunvericiliyin göstərilən normaları ilə yanaşı yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaçı cavabdehin və onun ailə üzvlərinin razılığı ilə mübahisəli evə köçmüşdür. İddiaçı həmin evə köçürülərkən evin mülkiyyətçisi ilə onun arasında hər hansı qeyd-şərt razılaşdırılmadığından və o, yaşayış sahəsində cavabdehlərin razılığı ilə yaşadığından onun həmin yaşayış sahəsindən ailənin digər üzvləri ilə bərabər istifadə etmək hüquqları yaranmışdır. Bu səbbədən iddaçı yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü sayılmaqla həmin yaşayış sahəsindən digər ailə üzvləri ilə bərabər istifadə hüququna malikdir. Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, hazırki iddia tələbi təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququ tanınsın. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-154/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-154/2022
14.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver