Məhkəmə qərarları › İş №2(009)-1547/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1547/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1547/2021 24.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı Cavabdeh Yusif oğluna qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Yusif oğluna qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 2009-cu ilin mart ayında Cavabdeh Yusif oğlu ondan 18 ay müddətinə qaytarmaq şərti ilə 6500 ABŞ dolları borc pul almışdır. Lakin cavabdeh öhdəliyini icra etməmiş və dəfələrlə tələb edilməsinə baxmayaraq göstərilən məbləği bu günədək qaytarmamışdır. Sonuncu dəfə borcluya hüquqi xidmət göstərən “xxxx” MMC tərəfindən borcluya iki dəfə yazılı xəbərdarlıq (pretenziya) edilmişdir. Lakin borclu yenə də borcunu ödəməkdən imtina etmişdir. Bundan başqa Cavabdeh Yusif oğlundan ödənişin gecikməsinə görə 3965 ABŞ dollarının (6500 ABŞ dolları/100=65 x 5%=325 ABŞ dolları x 12 il 2 ay = 3965 ABŞ dolları) ödəniş günü manat məzənnəsi ilə alınaraq ona ödənilməsi zəruridir. Odur ki, Cavabdeh Yusif oğlundan 6500 ABŞ dolları əsas borcun, ödənişin gecikdirilməsinə görə 3965 ABŞ dollarının, cəmi 10465 ABŞ dollarının ödəniş günü məzənnəsi ilə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh Yusif oğlundan 6500 ABŞ dolları əsas borcun, ödənişin gecikdirilməsinə görə 3965 ABŞ dolları faiz borcunun, cəmi 10465 ABŞ dollarının ödəniş günü manat məzənnəsi ilə və 30 manat məbləğində ödənilmiş dövlə rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə ünvanlandığı teleqramda məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alıb işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Cavabdeh Yusif oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəmənin hazırlıq iclasında iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir.xxxxqəbzdən görünür ki, “Hüseyn Rasimin vasitəsi ilə Rasimin dostundan götürülən 6500 ABŞ dollarının müqaviləsi. Borc on səkkiz ay müddətində ödəniləcək. Ödənmə başlayır. 2009-cu il aprel ayının axırı. İmza: Rasim. İmza: Hüseyn”xxxx“xxxx” MMC tərəfindən X1 ünvanlanmış 22.02.2021-ci il tarixli və 12.03.2021-ci il tarixli pretenziya məktublarından görünür ki, 2009-cu ilin mart ayında İddiaçı 18 ay müddətinə qaytarmaq şərti ilə 6500 ABŞ dolları borc pul almışdır. Lakin dəfələrlə tələb edilməsinə baxmayaraq göstərilən məbləği bu günədək qaytarmamışdır. Cavabdeh əsas məbləğlə bərabər ödənişin gecikdirilməsinə görə 3900 ABŞ dolları faiz borcu da tələb edilir (6500 ABŞ dolları/100%=65 x 5% = 325 ABŞ dolları x 12 il = 3900 ABŞ dolları). Göstərilənlərə əsasən bu pretenziya məktubu ünvanına daxil olduğu vaxtdan 5 gün müddətində 6500 ABŞ dolları əsas borcun və 3900 ABŞ dolları ödənişin gecikdirilməsinə görə faiz borcu, cəmi 10400 ABŞ dollarının ödənilməsi Cavabdeh təkrar olaraq tələb edilir. Əsk təqdirdə məhkəmədə Cavabdeh qarşı pul tələbinə dair iddia qaldırılacağı və məhkəmə xərclərinin də tələb ediləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o 2009-cu ilin mart ayında cavabdehə 18 ay müddətinə qaytarmaq şərti ilə 6500 ABŞ dolları borc pul vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və pulu qaytarmamışdır. İddiaçı tərəfindən cavabdehə 2021ci ilin fevral ayında borcun qaytarılması ilə bağlı pretenziya məktubu göndərilmiş, lakin buna baxmayaraq cavabdeh tərəfindən pul qaytarılmamışdır. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı cavabdehə 6500 ABŞ dolları borc pulun 18 ay müddtində qaytarılması şərti ilə verməsini iddia etsə də, tərəflər arasında belə bir müqavilənin bağlanılması ilə bağlı hər hansı sübut təqdim olunmamışdır. İddiaçı tərəfindən isə məhkəməyə təqdim edilmiş yazılı iltizamdan görünür ki, “Hüseyn” adlı şəxs Rasimin vasitəsi ilə Rasimin dostundan 6500 ABŞ dolları məbləğində pul götürmüş və həmin pulu 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi təqdim edilmiş iltizamdan ümumiyyətlə cavabdehlə iddiaçı arasında hər hansı borc müqaviləsinin bağlanması müəyyən edilmir. Əksinə həmin iltizamnamə ilə təsdiq olunur ki, mübahisəli borc iddiaçının vasitəsi ilə adı göstərilməyən iddiaçının dostundan götürülmüşdür. Belə olan halda təqdim edilmiş həmin iltizamnamə cavabdehin iddiaçı qarşısında borc öhdəliyinin olmasını təsdiq edən sübut növü kimi qəbul edilə bilməz. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Məhkəmə eyni zamanda qeyd edir ki, tərəflər arasında borc münasibətlərinin olması qəbul edilsə belə, həmin borc müqaviləsi üzrə yaranmış öhdəliyə artıq xitam verilməlidir. Belə ki, AR Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. AR Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Qeyd edilən Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. İddiaçının iddia etdiyinə görə onunla cavabdeh arasında 6500 ABŞ dolları məbləğində pulun verilməsinə dair borc müqaviləsi 2009-cu ilin mart ayında bağlanılmış və həmin borc 18 ay müddətində qaytarılmalı idi. Belə olan halda həmin borcu müqaviləsi üzrə öhdəliyin icra edilməsi müddəti 2010-cu ilin sentyabr ayında başa çatmışdır. İddiaçı tərəfindən isə 11 ilə yaxın müddət keçdikdən sonra borc müqaviləsi üzrə pulun tutulması ilə bağlı məhkəmədə iddia qaldırılmışdır. Məhkəmə hesab edir ki, hazırki tələb üzrə müddət keçdiyi üçün həmin tələb öz qüvvəsini itirmişdir. Bu səbəbdən həmin öhdəliyə qüvvəsini itirən öhdəlik kimi xitam verilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh tərəfindən hazırki tələb üzrə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verilmişdir və bu səbəbdən irəli sürülmüş tələb iddia müddətinin ötürülməsi əsası ilə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.(maddə 375.2). Qeyd edilən Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinə aid olunmuş Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir: «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir;üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.» Beləliklə məhkəmə iddiaçı tərəfindən borc müqaviləsi üzrə pozulmuş hüquqlarının bərpası ilə bağlı 3 illik iddia müddəti bitdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini və bununla da qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsini və həmin müddətinin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübutun məhkəməyə təqdim edilə bilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar da əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, borcun tutulması ilə bağlı tələb əsassız hesab edildiyi üçün, gecikdirməyə görə 3965 ABŞ dollarının və dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması ilə bağlı tələblər əsasız hesab edilməli və təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh Yusif oğluna qarşı 6500 ABŞ dolları əsas borcun, ödənişin gecikdirilməsinə görə 3965 ABŞ dolları faiz borcun, cəmi 10465 ABŞ dollarının ödəniş günü manat məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar