Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1547/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh 52 saylı notariat kontorunda bağlanmış müqaviləyə əsasən ondan 31.400 manat borc alsa da, bu günə kimi öhdəliyini icra edib borcu qaytarmır. Cavabdeh hətta notariat kontorunun icra qeydinə və icra qeydi əsasında icra şöbəsində həyata keçirilmiş icra tədbirlərinə məhəl qoymayaraq bu günə kimi pulunu istifadəsində saxlamaqdadır. Borcun ödənilməsi gecikdirilir. Beləliklə, işin hallarından və təqdim edilmiş sənədlərdən göründüyü kimi, cavabdehin tələb olunan həcmdə ondan pul alması və qaytarmaması işin mübahisəsiz halıdır. Cavabdeh faktı təkzib etmir. Cavabdeh borcu qaytara bilməməsinin dəqiq səbəbi göstərə bilmir və kifayət qədər maddi imkanın olmasına baxmayaraq hər dəfə müxtəlif bəhanələr gətirərək öhdəliyin icrasından yayınır. Belə olun halda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehdən 31.400 manat borcun, xx.xx.2023-cü il tarixdən bu günə kimi ödənilməmiş faiz kimi 1500 manatın və 189 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, onlar ticarətlə məşğuldurlar. Maşın alveri edirlər. Cavabdehlə aralarında borc yaranmış, onlar da borc müqaviləsi bağlamışlar. Cavabdehin ona 31400 manat borcu var. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh öz izahatında göstərmişdir ki, iddiaçıya 31.400 manat borcun olması etiraf edir. Onlar iddiaçı ilə maşın alveri edirlər, birgə işbirliyi olmuşdur. Lakin sonradan o, borca düşmüş, iddiaçıya olan borcunu qaytara bilməmişdir. Ona da borclu olan şəxslər var. Hazırda iddiaçı ilə danışmışdır, taksi fəaliyyəti ilə məşğul olur, ayda 800 manata qədər ödəniş edəcəkdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə Bakı şəhəri 52 saylı notariat ofisində təsdiq edilmiş və “Borc verən” qismində İddiaçı ilə “Borclu” qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli mövcud borcun etirafı haqqında müqaviləsinin surətinə əsasən borclu Cavabdeh bu müqavilə ilə borc verən İddiaçı 33.000 manat borunun olduğunu bəyan və tam etiraf etmiş və həmin məbləği bu Müqavilədə müəyyən edilmiş müddətdə və şərtlərlə borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür. Borclu bu müqavilə ilə etiraf etdiyi borcdan xx.xx.2023-cü il tarixdə 15000 manatın ödənilməsi, qalan 18000 manatı isə xx.xx.2023-cü il tarixdən başlamaqla 22 ay hər ay 800 manat, 23-cü ay isə 400 manat olmaqla borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, borclu Cavabdeh barəsində Bakı şəhəri 52 saylı notariat ofisində xx.xx.2023-cü il tarixli 3M-377 saylı borcun mübahisəsiz olduğunu təsdiq edən Mövcud borcun etirafı haqqında müqavilə mövcuddur. Həmin müqaviləyə görə Cavabdeh ona 33000 manat məbləğində borcu var. müqavilənin 2-ci bəndinə görə qeyd olunan məbləği xx.xx.2023-cü il tarixdə 15000 manatı ödəməli, qalan 18000 manatı xx.xx.2023-cü il tarixdən başlamaqla 22 ay hər ay 800 manat, 23-cü ay isə 400 manat olmaqla qaytarmaq öhdəliyi vardır. Lakin bu öhdəlikdən cəmi 2 ay 800+800 (toplam 1600) manat ödənilmişdir. Lakin bu günə kimi Cavabdeh götürdüyü bhdəliyi qalan hissəsini yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixdən etibarən yuxarıda qeyd olunan müqavilə ilə müəyyən edilmiş öhdəliyin icra edilməməsi nəticəsində xx.xx.2013-cü il tarixli 3M/835 saylı müqavilədən irəli gələrək, qalan ödənilməmiş öhdəliyini bütöv olaraq ödənilməlidir. Borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasının təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. İş üzrə Bakı şəhəri 52 saylı notariat ofisinin 8İ-498 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən İddiaçı xeyrinə Cavabdeh müddət üçün vaxtında ödənilməmiş 31.400 manat pul tutulmalıdır. İş üzrə Bakı şəhəri Səbail rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri 52 saylı notariat kontorunun 8İ-498 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Cavabdeh 31400 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rusumu tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobili, VÖEN-nin qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıbalmaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin borclu Cavabdeh icra sənədində göstərilən Bakı şəhəri, Salyan yolu, dal.4,ö/t 26a ünvanında olmuşlar, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirildi, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmadı və bu barədə akt tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq icra sənədi Bakı şəhəri 52 saylı notariat kontoruna qaytarılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə mövcud borcun etirafı haqqında müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 33000 manat borcun olduğunu etiraf etmiş, etiraf etdiyi borcdan xx.xx.2023-cü il tarixdə 15000 manatın ödənilməsi, qalan 18000 manatı isə xx.xx.2023-cü il tarixdən başlamaqla 22 ay hər ay 800 manat, 23-cü ay isə 400 manat olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh isə pulu müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmalı olduğu halda, bunu etməmiş, həmin məbləğdən 1800 manat qaytarmış, qalan 31.400 manat qaytarmamış və bununla da müqavilə ilə üzərinə düşən öhdəlikləri pozmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri 52 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Cavabdeh 31400 manat məbləğində pul vəsaitini tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. Səbail rayon icra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarı ilə borclunun mülkiyyətində heç bir əmlak, həmçinin tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak olunmaması ilə əlaqədar Bakı şəhəri 52 saylı notariat ofisindən daxil olmuş icra qeydi geri qaytarılmışdır. İcra qeydi icra sənədi kimi icra məmuru tərəfindən geri qaytarılıdığından, məhkəmə hesab edir ki, iddiaçı mülki mühakimə icraatı qaydasında hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı hesab edilməlidir. Məhkəmə cavabdehin xx.xx.2023-cü il tarixli mövcud borcun etirafı haqqında müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam yerinə yetirilməməsini və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh müqavilə şərtlərinin tam yerinə yetirmədiyindən, iddiaçı müqavilə üzrə ödənilməmiş qalmış borcun tutulması ilə əlaqədar qaldırdığı iddianı əsası hesab edir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bu hal cavabdeh tərəfindən etiraf olunduğundan iddia tələbi 31.400 manat borcun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixdən bu günə kimi ödənilməmiş faiz kimi 1500 manatın tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi pozsa da, iddiaçıdan aldığı pul vəsaitinin saxlamaqla ondan faydalanmasına dair hər hansı bir sübut mövcud olmadığından, məhkəmə həmin hissədə iddia tələbi əsaslı hesab etmir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu üçün, məhkəmə xərcləri ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (184,20 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 31.400 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 184,20 manat, cəmi 31.584,2 (otuz bir min beş yüz səksən dörd manat, iyirmi qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1547/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1547/2025
24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver