Məhkəmə qərarları › İş №2(009)-1585/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1585/2021

05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1585/2021 05.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 2996.88 manat əsas borc, 27.28 manat faiz borcu, cəmi 3024.16 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 02 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən xxxx KB ASC-dən illik 01 faizlə 60 ay müddətinə 2997,97 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin borclu müqavilənin şərtlərini pozaraq, dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 30.04.2021-ci il tarixinə «xxxx» KB ASC-yə 2996.88 manat əsas, 27.28 manat faiz, cəmi 3024.16 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor «xxxx» KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müracəit edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 02.12.2019-cu il tarixli güzəştli kredit və bank hesabı müqaviləsindən görünür ki, Cavabdeh 02 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən xxxx KB ASC-dən illik 1 faizlə 60 ay müddətinə 2997.97 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, tərəflər arasında kreditin və ona hesablanmış faizlərin 02.01.2020-ci il tarixdən başlayıb, hər ay 64 manat ödəməklə 02.12.2024-cü il tarixdə bitməli olmasını göstərən ödəniş qrafiki tərtib edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 30.04.2021-ci il tarixə 2996,88 manat əsas borc, 27,28 manat faiz borcu borcu vardır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh oğluna kredit verilmiş, Cavabdeh kredit və kreditə hesablanmış faiz borclarını vaxtıvaxtında qaytarmamış və tərəflər arasında mübahisə də məhz borc məbləginin vaxtında qaytarılmaması nəticəsində yaranmışdır. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıda sadalanan qanunvericilik normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, “xxxx” KB ASC ilə Cavabdeh oğlu arasında bağlanmış 02 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik 1 faizlə 60 ay müddətinə 2997,97 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda tam ödəniş etməmiş və bununla da, öhdəliyin lazımınca icra etməmiş və müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də, iddiaçı kredit müqaviləsi üzrə yaranmış 2996.88 manat əsas borc, 27.28 manat faiz borcu, cəmi 3024.16 manat borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehdən “X1” ASCnin xeyrinə 02 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 2996.88 manat əsas borc, 27.28 manat faiz borcu, cəmi 3024.16 manat borc və iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olaraq pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə 2996.88 (iki min doqquz yüz doxsan altı manat səksən səkkiz qəpik) manat məbləğində əsas borc, 27.28 (iyirmi yeddi manat iyirmi səkkiz qəpik ) manat məbləğində faiz borcu və ərizənin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar