Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1597/2021 09.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" MMC-nın nümayəndəsi və vəkili Vəkil, Tərcüməçi G.G.Abbasovanın iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-ya qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-ya qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, uzun müddətdir ki, ünvan 1 ünvanında yaşayır. Yaşadığı bina çox tarixi və qədimi dörd mərtəbəli bir binadır. Binanın arxa hissəsində qarajlardan ibarət sahə vardır. 2015-ci ildə sözügedən binanın arxa hissəsində olan qarajların yerləşdiyi sahədə "xxxx" MMC şirkəti tərəfindən tikinti işləri aparılmağa başlamışdır. Belə ki, sözügedən şirkət çoxmərtəbəli bina inşa edilmişdir. Bütün problemlər bu tikintidən sonra başlamışdır. Belə ki, "xxxx" MMC şirkətinin apardığı bu tikintiyə görə onun yaşadığı binaya ciddi şəkildə ziyan dəymişdir. Sözügedən şirkət qaraj olan sahəni almaqla orada çoxmərtəbəli bina inşa edən zaman dam örtüyündə quraşdırılmış beton plitələrin sökülməsi nəticəsində mənzilinin bir çox yerlərində çatlar əmələ gəlmişdir. Belə ki, onlar binanın tikərkən 4-cü mərtəbəni inşa etməyə başlayanda onun evinin damından gəlib keçməli olurlar. Beləliklə, onun evinin dam örtüyünə ziyan dəyir. Tikinti apararkən tikinti yerinə gətirilən kran onun evinin divarına söykənirdi. Bu həm ona narahatçılıq yaradır, eyni zamanda da evinə ziyan vururdu. Evin 4 tüstü bacası var idi. "xxxx" MMC şirkəti apardığı tikinti zamanı o tüstü bacalarını çıxardıblar. Həmin tüstü bacaların yerində indi sadəcə deşiklər qalıb, hansı ki, həmin deşiklərdən qar, yağış bir başa onun evinə tökülür. O, evində nəvələri ilə birlikdə qalır. Özü yazlı insandır. Evdə yaşamaq mümkün deyil artıq. Bütün bunlar həm ona, həm nəvələrinin sağlamlığına ziyan törədir. Evinin dam örtüyünü, divarlarını, şüşəbəndini çox yararsız hala salmışlar.Onun evinin dam örtüyünün üzərindən gəlib keçməkdən örtüyü çox ciddi zədələmişlər. Bununla bağlı "xxxx" MMC şirkətinin mühəndisi ilə mübahisə etdikdən sonra, həyətdə olan keyfiyyətsiz bir materialı gətirib onun dam örtüyünə vurmuşlar. Onu da bir tərəfli bərkitdiklərinə görə yenə də təhlükəli və yararsız vəziyyətdə qalmaqda davam edir. Bir sözlə, onun evin yaşanılası vəziyyətdə deyil. Hər tərəfdən ev damır. Hətta dəfələrlə evinin dammağı nəticəsində evdə elektrik birləşməsi (yanğın) baş vermişdir. Bununla bağlı o, bir neçə qurum Fövqaladə Hallar Nazirliyinə, Səbail rayon İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinə müraciət etsə də, heç bir nəticə verməmişdir. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Onun tərəfindən "xxxx" MMC-yə müraciət olunmuş və onun evinə dəymiş ziyanla bağlı mütəxəssis rəyi verilmişdir. "xxxx" MMC-nin ƏES/A 02-012/21 nömrəli, 12.04.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə dəymiş zərərin həcmi və dəyərinin (işçilik və material xərci daxil olmaqla) məbləği bazar qiymətləri nəzərə alınmaqla 29454,1 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə "xxxx" MMC-nin vurduğu zərərin məbləğini təşkil edən 29.454,1 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı izahatında həmçinin göstərmişdir ki, ekspert rəyi ilə razı deyil, 2000-ci ildə zəlzələ baş verdikdə evdə hər hansı bir qüsur olmamışdır, evdə mövcud qüsurla cavabdeh tərəfindən bina inşası zamanı yaranmışdır, binanı tikmək üçün kran onların evinin divarına yaxın quraşdırılmışdır, dam örtüyü yenilənsə də, tam təcrid olunmayıb, 4 tüstü bacası çıxarılıb, binanın müxtəlif sakinlərinə şirkət tərəfindən təmirə köməklik edilsə də, ona edilməmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh "xxxx" MMC-nın nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, "xxxx" MMC ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 132 saylı 12 aprel 2013-cü il tarixli Sərəncamına əsasən ünvan 2 ünvanında 12 mərtəbəli yaşayış binasını inşa etmişdir. Həmin binanın tikintisi qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq dövlət orqanlarının icazələri və nəzarəti ilə tikilmiş və təhvil verilmişdir. Qeyd olunan binanın inşası zamanı iddiaçıya məxsus mənzilin yerləşdiyi binanın dam örtüyü və fasadı həmin binanın sakinlərinin xahişi ilə lütfi olaraq "xxxx" MMC tərəfindən təmir edilmişdir. Bu təmir üzrə yalnız dam örtüyünün təmirinə "xxxx" MMC 28935 manat məbləğində vəsait xərcləmişdir. Bundan başqa, "xxxx" MMC-nin inşa etdiyi binadan kənarda yerləşən iş üzrə mübahisəli mənzilin yerləşdiyi bina uzun müddət təmirsiz istismar edildiyi üçün fiziki köhnəlməyə məruz qalmış, yükdaşıyan divarlarında çatlar əmələ gəlmişdir. Bu hal iddiaçının məhkəməyə təqdim etdiyi AR FHN TTNDAnın 11.07.2017-ci il tarixli məktubu ilə təsdiqini tapır. Bu məktubda habelə binanın "xxxx" MMC tərəfindən təmir edildiyi da göstərilir. Göründüyü kimi, İddiaçı illər sonra irəli sürdüyü və həqiqətə uyğun olmayan hazırki iddia tələbi heç bir mötəbər sübuta söykənmir. Eyni zamanda məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyi ilə də müəyyən olunur ki, iddiaçının evində olan qüsurlar binanın fiziki aşınması nəticəsində yaranmışdır, inşa edilən yeni tikilinin buna heç bir aidiyyəti yoxdur. Bu səbəbdən iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 14.01.1995-ci il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, M.Hüseyn küçəsində yerləşən 79 saylı evin 63 saylı mənzili tam mülkiyyət hüququ üzrə X1 mülkiyyətindədir. İş üzrə Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Nadejda Yusifzadəyə ünvanlanmış 02.06.2017-ci il tarixli məktubun kserosurətindən görünür ki, qaldırdığı məsələnin araşdırılması barədə müvafiq tapşırıqlar verilmişdir. Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Y-1 saylı, 17.05.2017-ci il tarixli arayışı əsasında bildirirlər ki, sözügedən ünvana baxış keçirilmiş və aşkar olunan nöqsanların aradan qaldırılması üçün "xxxx" MMC-nin rəhbərliyinə rəsmi müraciət edilmişdir. İş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi tərəfindən 11.07.2017-ci il tarixli Nadejda Yusifzadəyə ünvanlanmış məktubun kserosurətindən görünür ki, yaşayış binasına baxış keçirilərkən onun yaxınlığında tikinti işləri aparan "xxxx" MMC tərəfindən arxa fasad hissəsinin təmir edilərək rəngləndiyi, dam örtüyündə metal vərəqlər quraşdırıldığı aşkar edilmişdir. Binanın uzun müddət təmirsiz istismar edildiyi üçün fiziki köhnəlməyə məruz qaldığı yükdaşıyan divarlarında çatların əmələ gəldiyi müşahidə olundu və bu səbəblərdən də binanın qəzalı vəziyətə düşə biləcəyi müəyyən olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, orada yaşayan və yaxınlıqdan keçən insanların təhlükəsizliyini, yaşayış binasının təhlükəsiz istismarını təmin etmək barədə təcili tədbirlərin görülməsi üçün Agentlik tərəfindən Bakı şəhər və Səbail rayon İcra Hakimiyyətlərinə müraciət edilmişdir. İş üzrə Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən Nadejda Yusifzadəyə ünvanlanmış 31.05.2018-ci il tarixli məktubun kserosurətindən görünür ki, hündürmərtəbəli binanın tikintisi və N.Yusifzadənin yaşadığı binanın dam örtüyünün təmiri "xxxx" MMC tərəfindən yerinə yetirildiyindən onlara müraciət etməsi məqsədəuyğundur. İş üzrə X1 sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş 12.04.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X2 məxsus ünvan 4 ünvanına dəymiş zərərin həcmi və dəyərini (işçilik və material xərci daxil olmaqla) məbləği bazar qiymətləri nəzərə alınmaqla 29.454,1 manat təşkil etmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10.11.2021-ci il tarixli 10/3426 №-li rəyinə əsasən: - 1-ci və 2-ci suallar üzrə: Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseynzadə küçəsində yerləşən 79 saylı evin 63 saylı mənzilinin divarlarında və tavanlarında çatların olduğu, 2 və 3 saylı tikilinin divarlarında və tavanlarında su sızma izlərinin olması, boya qatının şişməsi, hamam-ayaqyolunun bəzi yerlərdə kafellərin tökülməsi, metlağın üzərində uzununa istiqamətdə çatların olduğu müəyyən edilmişdir. Lakin mənzildə yaranan çatların aradan qaldırılması üçün aparılmalı tikinti işlərinin dəyəri təmir zamanı istifadə olunacaq tikinti materiallarından və tikintiyə sərf ediləcək xidmət haqqından asılı olaraq müəyyən edilə bilər. Bu səbəbdən də qərardadın iki sualı üzrə tədqiqat aparılmadı. - 3-cü və 4-cü suallar üzrə: 11.10.2013-cü il tarixdə 79 saylı binaya dair verilmiş binaların ümumi texniki vəziyyətinin qiymətləndirilməsi haqqında texniki rəyinə əsasən, həmin binada və mənzillərdə əvvəllər qüsurların mövcud olduğunu, yaşayış binalarının XX əsrin əvvəllərində inşa olunduğunu 63 saylı mənzildə mövcud olan qüsurların xüsusiyyətlərini, uzun müddət təmirsiz istismar edildiyini, mənzilin ağac materialından olan tavan və döşəmələrin uzun illər istismarını nəticəsində fiziki köhnəlməsini nəzərə alaraq, X1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseynzadə küçəsində yerləşən 79 saylı evin 63 saylı mənzilində mövcud zədələrin əmələ gəlməsinin binanın yaxınlığında "xxxx" MMC tərəfindən tikilmiş binanın inşa edilməsi nəticəsində deyil, həmin mənzilin yerləşdiyi binanın fiziki aşınmaşı nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseynzadə küçəsində yerləşən 79 saylı evin 63 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 132 saylı, 12.04.2013-cü il tarixli Sərəncamı ilə "xxxx" MMC ünvan 2 ünvanında 12 mərtəbəli yaşayış binası inşa etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh "xxxx" MMC tərəfidən aparılmış tikintinin nəticəsində iddiaçının mənzilində çatlar və zədələr əmələ gəlmişdir, cavabdehin apardığı tikinti nəticəsində mənzili qəzalı vəziyyətə düşmüş, bununla da onun və ailəsinin həyatına təhlükə yaratmışdır. Bu səbəbdən iddiaçı vurulmuş ziyana görə cavabdehdən 29454,1 manat məbləğində pulun tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən iş üzrə tam və obyektiv araşdırma aparılması üçün məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən verilmiş rəyə əsasən Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseynzadə küçəsində yerləşən 79 saylı evin 63 saylı mənzilinin divarlarında və tavanlarında çatların olduğu, 2 və 3 saylı tikilinin divarlarında və tavanlarında su sızma izlərinin olması, boya qatının şişməsi, hamam-ayaqyolunun bəzi yerlərdə kafellərin tökülməsi, metlağın üzərində uzununa istiqamətdə çatların olduğu müəyyən edilmişdir. 79 saylı binaya dair verilmiş binaların ümumi texniki vəziyyətinin qiymətləndirilməsi haqqında texniki rəyinə əsasən, həmin binada və mənzillərdə əvvəllər qüsurların mövcud olduğunu, yaşayış binalarının XX əsrin əvvəllərində inşa olunduğunu 63 saylı mənzildə mövcud olan qüsurların xüsusiyyətlərini, uzun müddət təmirsiz istismar edildiyini, mənzilin ağac materialından olan tavan və döşəmələrin uzun illər istismarını nəticəsində fiziki köhnəlməsini nəzərə alaraq, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseynzadə küçəsində yerləşən 79 saylı evin 63 saylı mənzilində mövcud zədələrin əmələ gəlməsinin binanın yaxınlığında "xxxx" MMC tərəfindən tikilmiş binanın inşa edilməsi nəticəsində deyil, həmin mənzilin yerləşdiyi binanın fiziki aşınmaşı nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilmişdir. Göründüyü kimi ekspert rəyi ilə aparılmış tədqiqat zamanı iddiaçının mülkiyyətindəki mənzildə qüsurların olması müəyyən olunsa da, həmin qüsurların məhz "xxxx" MMC tərəfindən tikilmiş binanın inşa edilməsi nəticəsində əmələ gəlməsi halı öz təsdiqini tapmamışdır. Qanunvericiliyin tələblərinə əsasən yalnız zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş ziyanı tələb edə bilər. Ziyanın isə tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlimiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Bu səbəbdən də mülki hüquqi məsuliyyətin əsasında şəxsin qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətləri dayanır. Kobud ehtiyatsızlıqda şəxs öz hərəkətinin və ya hərəkətsizliyinin zərərli nəticələr baş verə biləcəyi aşkar göründüyü halda etinasızlıq göstərərə onların qarşısını almır, adi ehtiyatsızlıqda isə baş verə biləcək zərərli nəticələr aşkar görünmür, onların aşkarlanması üçün xüsusi diqqət və qayğı tələb olunur. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması üçün bir sıra əsasların mövcudluğu tələb olunur. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün, bir qayda olaraq, mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Beləliklə, mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir:
1. Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır.
2. Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur.
3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir.
4. Hüququpozan şəxsin təqsirinin olması. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülki hüquq pozuntusunun yaranması üçün dörd şərtin olması vacibdir. Eyni zamanda zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqə olmalıdır. Yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilində yaranmış qüsurların cavabdehin apardığı tikinti nəticəsində baş verməsini iddia etsə də, həmin qüsurların məhz tikinti başlayan və aparılan vaxt yaranması, aparılan tikinti ilə yaranmış qüsurlar arasında səbəbli əlaqənin olması müəyyən olunmadığından və bu hal iş üzrə olan ekspert rəyi ilə öz təsdiqini tapmadığından, eyni zamanda iddiaçı tərəfindən ziyanın məhz cavabdehin hərəkətləri nəticəsində vurulması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edilmədiyindən, ekspert rəyi hazırki iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert və mütəxəssis rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəylər hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının mənzilində yaranmış qüsurların məhz cavabdehin apardığı tikinti işləri nəticəsində əmələ gəlməsi halı öz təsdiqini tapmadığından, iddiaçının cavabdehdən vurulmuş ziyan məbləğinin tələb etməsi əsassızdır və bu səbəbdən iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. AR MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. «Məhkəmə və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinin 2-ci hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi təmin olunmadığından, iş üzrə keçirilmiş ekspertiza xərci iddiaçıya aid edilməlidir . Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə…
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı yaşadığı və mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseynzadə küçəsində yerləşən 79 saylı evin 63 saylı mənzilinə vurduğu zərərin məbləğini təşkil edən 29.454,1 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən onun xeyrinə tutulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. İddiaçı dövlət nəfinə keçirilmiş məhkəmə ekspertiza xərcinin əvəzi kimi 100 (bir yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev