Məhkəmə qərarları › İş №2(009)-1600/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1600/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1600/2021 24.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi F.Ə.Qəhrəmanovun iştirakı ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh “xxxx” MMC ilə 02.02.2020-ci il tarixli və 08.05.2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********27782 olan “iPhone 11 PRO” markalı telefon və “Apple Airpods 2” markalı qulaqcıq almış və nəticədə 2650 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.02.2019-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2940 manat (12 ay x 245 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********27782 “iPhone 11 PRO” markalı telefon üçün ümumilikdə 2279 manat olmaqla, ondan 1765 manat ödənilməmiş məbləğ, 514 manat dəbbə pulu; 08.05.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 456 manat (12 ay x 38 manat + 0 manat ilkin ödəniş) olan “Apple Airpods 2” markalı qulaqcıq üçün ümumilikdə 371 manat olmaqla, ondan 280 manat ödənilməmiş məbləğ, 91 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1351 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı 02.02.2020-ci il tarixli müqaviləsinə əsasən “iPhone 11 PRO” markalı telefon üçün 1765 manat əsas borc, 514 manat dəbbə pulu; 08.05.2020-ci il tarixli müqaviləsinə əsasən “Apple Airpods 2” markalı qulaqcıq üçün 280 manat əsas borc, 91 manat dəbbə pulu, ümumilikdə 2650 manat borc, 30 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 02 fevral 2020-ci il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “iPhone 11 PRO” markalı telefonu 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 245 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 2940 manat təşkil edir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 08 may 2020-ci il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “Apple Airpods 2” markalı qılaqcıq 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 38 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 456 manat təşkil edir. İş üzrə «xxxx» MMC tərəfindən verilmiş 10.05.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 02.02.2020-ci il tarixli müqavilə üzrə 1765 manat əsas, 514 manat cərimə, 08.05.2020-ci il tarixli müqavilə üzrə 280 manat əsas, 91 manat cərimə, cəmi 2650 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 02.02.2020-ci il tarixdə və 08.05.2020-ci il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 2940 manat olan “iPhone 11 PRO” markalı telefon və alqı-satqı qiyməti 456 manat “Apple Airpods 2” markalı qulaqcıq pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni müqavilədə göstərilən əmlaklar Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilənin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 02.02.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 1765 manat və 08.05.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 280 manat məbləğində borcun tutulması hissəsində əsaslı hesab edilməlidir. Məhkəmə iddia tələbinin 02.02.2020-ci il tarixli müqavilə üzrə 514 manat və 08.05.2020-ci il tarixli müqavilə üzrə 91 manat dəbbə borcunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən icarəyə götürülmüş əmlakın alqı-satqı qiymətini, ödənilməmiş qalmış borcun və hesablanmış cərimənin əmlakın qiymətinə və ödənilməmiş qalmış borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin cavabdehin digər əmlak və əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, 02.02.2020-ci il tarixli müqavilə üzrə dəbbə pulu 30 manat və 08.05.2020-ci il tarixli müqavilə üzrə dəbbə pulu 10 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh «xxxx» MMC-nin xeyrinə 02.02.2020-ci il tarixli 20076225 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 10.05.2021-ci il tarixə yaranmış 1765 manat borc, 30 manat dəbbə pulu, 08.05.2020-ci il tarixli 20266138 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 10.05.2021-ci il tarixə yaranmış 280 manat borc, 10 manat dəbbə pulu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 2115 (iki min yüz on beş) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar