Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1633/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 6 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” tələbinə dair mülk işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi 6 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1938-ci il təvəllüdlü Yusif-zadə Mustafa Nüsrət oğlunun 2000-ci ilin yanvar ayından etibarən xəbərsiz itkin düşmüş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin dəlilləri: atası xx.xx.1938-ci il təvəllüdlü Yusif-zadə Mustafa Nüsrət oğlu xx.xx.2000-ci il tarixdə işə getmək adı ilə evdən çıxmış, bir daha geri qayıtmamışdır. Həmin gün Nəsimi Rayon Polis İdarəsinə müraciət etmişlər. 3 gün sonra atası xx.xx.1938-ci il təvəllüdlü Yusifzadə Mustafa Nüsrət oğlu üçün axatarış işi açılmışdır. Sonradan onlar Xətai rayonunun ərazisinə qeydiyyata keçdikləri üçün atasının axtarış işi Xətai Rayon Polis İdarəsinə verilmişdir. Aparılan axtarışlar nəticə verməmiş, atası X1 barədə heç bir xəbər alınmamışdır. Həmin axtarış işi açılandan 11 il sonra Xətai Rayon Polis İdarəsinə çağırılaraq atasının barəsində olan axtarış işinin bağlanması üçün ərizə yazmaqlarını istəmişlər. Onlar da ərizə yazaraq atası xx.xx.1938-ci il təvəllüdlü Yusif-zadə Mustafa Nüsrət oğlu barəsində olan axtarış işinin bağlanmasına icazə vermişlər. Həmin vaxtdan indiyə qədər atası Yusif-zadə Mustafa Nüsrət oğlu barəsində heç bir məlumat ala bilməmişlər. Yuxarıda qeyd olunanları əsas götürərək, atası xx.xx.1938-ci il təvəllüdlü Yusif-zadə Mustafa Nüsrət oğlunun 2000-ci ilin yanvar ayından etibarən xəbərsiz itkin düşmüş hesab olunmasına dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs 6 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə maraqlı şəxs 6 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İV-ЖГ seriyalı, 580380 nömrəli pasportun surətindən görünür ki, xx.xx.1938-ci il təvəllüdlü Yusif-zadə Mustafa Nüsrət oğlu SSSR vətəndaşı olmuşdur. - Bakı şəhəri 26 Bakı Komissarlığı ZAKS bürosu tərəfindən verilmiş AЗ 728634 saylı вoğum haqqında şəhadətnamənin surətindən görünür ki, Yusif-zadə Nazilə Mustafa qızı xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Yusif-zadə Mustafa Nüsrət oğlu, anası Yusif-zadə Nelli Musa qızıdır. - 6 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış 15 iyun 2024-cü il məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə tərəflərindən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında atasının ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanları xaricindədir. - Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsinin 10 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış və xx.xx.1938-ci il təvəllüdlü Yusif-zadə Mustafa Nüsrət oğlunun nikah haqqında akt qeydindən başqa akt qeydi aşkar olunmamışdır. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin 23 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1938-ci il təvəllüdlü Yusif-zadə Mustafa Nüsrət oğlunun Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. Həmçinin, şəxsin digər dövlətin vətəndaşlığını əldə etməsinə dair Dövlət Miqrasiya Xidmətinə məlumat daxil olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 23 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1938-ci il təvəllüdlü Yusifzadə Mustafa Nüsrət oğlu Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu ilə sənədləşdirilməmişdir. M.Yusif-zadə ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 27 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1938-ci il təvəllüdlü Yusif-zadə Mustafa Nüsrət oğlunun dövlət sərhədindən hərəkəti İAMAS bazasında məlumat qeydə alınmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin 05 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1938-ci il tarixdə Bakı şəhərində anadan olmuş Yusif-zadə Mustafa Nüsrət oğlu ünvan 2 ünvanında qeydiyyatdadır. O, xx.xx.2000-ci il tarixdə Xətai RPİ-si tərəfindən itkin düşməsi ilə əlaqədar axtarışa elan edilmiş, xx.xx.2015-ci il tarixdə axtarış işinin icraatına xitam verilmişdir. Əsaslandırıcı hissə: İşin müəyyən edilmiş halları: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Yusif-zadə Mustafa Nüsrət oğlu xx.xx.2000-ci il tarixdə işə getmək adı ilə evdən çıxmış, bir daha geri qayıtmamışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 27 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1938-ci il təvəllüdlü Yusif-zadə Mustafa Nüsrət oğlunun dövlət sərhədindən hərəkəti İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin 05 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1938-ci il tarixdə Bakı şəhərində anadan olmuş Yusif-zadə Mustafa Nüsrət oğlu ünvan 2 ünvanında qeydiyyatdadır. O, xx.xx.2020-ci il tarixdə Xətai RPİ-si tərəfindən itkin düşməsi ilə əlaqədar axtarışa elan edilmiş, xx.xx.2015-ci il tarixdə axtarış işinin icraatına xitam verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. - 40.2-ci maddəsinə əsasən, itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. - 40.3-cü maddəsinə əsasən, xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. - 40.4-cü maddəsinə əsasən, xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 305.1.2-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. - 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. - 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. - 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. - 315.1. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. - 316. Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.1938-ci il təvəllüdlü Yusif-zadə Mustafa Nüsrət oğlu xx.xx.2000-ci il tarixdə işə getmək adı ilə evdən çıxmış, bir daha geri qayıtmamış və o, yaşadığı yerdə də görünməmişdir. Hazırda onun barəsində keçmiş ailə üzvlərində heç bir məlumat yoxdur. İş materiallarında olan müvafiq təşkilatların cavab məktublarından da göründüyü kimi, digər təşkilatlarda da xx.xx.1938-ci il təvəllüdlü Yusif-zadə Mustafa Nüsrət oğlunun barəsində hər hansı bir qaydada məlumatın qeydə alınmasına dair heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin 05 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1938-ci il tarixdə Bakı şəhərində anadan olmuş Yusif-zadə Mustafa Nüsrət oğlu ünvan 2 ünvanında qeydiyyatdadır. O, xx.xx.2000-ci il tarixdə Xətai RPİ-si tərəfindən itkin düşməsi ilə əlaqədar axtarışı elan edilmiş, xx.xx.2015-ci il tarixdə axtarış işinin icraatına xitam verilmişdir. Məhkəmə iclasında ərizəçi də onun harada olması barədə məlumat olmadığını bildirmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara və araşdırmalara əsasən belə qənaətə gəlir ki, xx.xx.1938-ci il təvəllüdlü Yusif-zadə Mustafa Nüsrət oğlunu xəbərsiz itkin düşmüş hesab etmək üçün kifayət qədər əsas vardır. Məhkəmə, işin faktiki hallarını, yəni Yusif-zadə Mustafa Nüsrət oğlunun xx.xx.2000-ci il tarixdə işə getmək adı ilə evdən çıxmasını və geri qayıtması barədə məlumat olmamasını, onun olduğu yerin hazırda məlum olmadığını, iki ildən də çox müddətdir ki, yaşayış yerində görünmədiyini və bununla bağlı qanunvericiliyin tələblərini nəzərə alaraq, Yusif-zadə Mustafa Nüsrət oğlunun xəbərsiz itkin düşmüş hesab edilməsini mümkün hesab edir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq, Yusif-zadə Mustafa Nüsrət oğlunun xəbərsiz itkin düşməsi vaxtının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, ərizənin məzmunundan və ərizəçinin izahatından görünür ki, Yusif-zadə Mustafa Nüsrət oğlu 2000-ci il tarixdə işə getmək adı ilə evdən çıxmış, bundan sonra harada olması barədə məlumat əldə edilməmişdir. Hazırda onun itkin düşməsi haqqında son məlumatların alındığı günü dəqiq müəyyənləşdirmək mümkün olmadığından, məhkəmə onun evi tərk etdiyi vaxtı (xx.xx.2000) nəzərə alaraq, Yusif-zadə Mustafa Nüsrət oğlunun xəbərsiz itkin düşməsi vaxtının növbəti ilin yanvar ayının 1-dən, yəni 01 yanvar 2001-ci il tarixindən sayılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1938-ci il təvəllüdlü Yusif-zadə Mustafa Nüsrət oğlu xəbərsiz itkin düşmüş hesab edilməli, onun xəbərsiz itkin düşməsi vaxtı 01 yanvar 2001-ci il tarixindən sayılmalıdır. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305-316-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1938-ci il təvəllüdlü Yusif-zadə Mustafa Nüsrət oğlu 01 yanvar 2001-ci il tarixindən xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1633/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1633/2024
26.11.2024 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver