Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1644/2024 17.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh onu tanıdığından və onunla cavabdehi tanıdığından istifadə edərək ondan pul istəmişdir ki, o, da ona inanıb xx.xx.2022-ci ildə 10.000 manat cavabdehə borc verərək onunla notariat qaydasında “Kredit Müqaviləsi” bağlamışdır. “Kredit müqaviləsi”nin 1 və 2-ci bəndində göstərildiyi kimi o, cavabdehə 10.000 manat pul vəsaitini borca verir, cavabdeh isə həmin götürdüyü borc məbləğini xx.xx.2023-cü il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin hazırda cavabdeh bu günə kimi götürdüyü borcdan cəmi 1.000 manat geri qaytarmışdır ki, hazırda cavabdehin müqavilə üzrə əsas borcu 9.000 manat qalmaqda davam edir. Cavabdeh müqavilə üzrə qalan borcu müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməyərək qalan borcu qaytarmaqdan yayınır və bilərəkdən gecikdirir. Bütün bu səbəbdən də aralarında bağlanan xx.xx.2022-ci il tarixli “Kredit Müqaviləsi” üzrə borclu olduğu 9000 manat pulunun cavabdehdən alınaraq geri qaytarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Eyni zamanda da cavabdeh 2 il üçün əldən çıxmış faydaya görə ödəməli olduğu pul müqabilində illik 5% olmaqla 9.000 x 5 : 100 = 450 x 2 = 900 manat ona ödəməlidir. Göstərilməsini nəzərə alaraq iddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsi” üzrə əsas borca görə 9.000 manat pulun, 2 il üçün əldən çıxmış faydaya görə cavabdehin ödəməli olduğu pul müqabilində illik 5% olmaqla 9.000x5:100=450x2=900 manat pulun və məhkəmə üçün ödənilmiş 119 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, Gülnara xanımı 2015-ci ildən tanıyır, onun evinin təmiri ilə məşğul olmuşdur, 2021ci ildə arıçılıq biznesi qurmaq üçün 5000 manat pul lazım olmuş, Gülnara xanıma müraciət etmiş, o, 10.000 manat pul verə biləcəyini demiş, bunun müqabilində artıq pul qaytarmalı olduğunu bildirmişdir. O, bununla razılaşmışdır. Lakin biznes fəaliyyəti baş tutmadığı üçün pulu qaytara bilməmişdir.Cavabdeh həmçinin göstərmişdir ki, borcu birdəfəyə bağlamağa imkanı yoxdur, ayda 100 anat ödəyə bilər. Göstərilənləri nəzərə alaraq cavabdeh ondan iddiaçının xeyrinə 9000 manat kredit müqaviləsi üzrə ödənilməmiş pulun, həmçinin əldən çıxmış fayda kimi 900 manat məbləğində pulun, cəmi 9.900 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Bakı şəhəri 6 saylı notariat ofisində təsdiqlənmiş və “Borc verən” qismində İddiaçı ilə “Borc alan” qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin surətinə əsasən Əliyeva X1 Elmar Tofiq oğluna 10.000 manat məbləğində borc pul vermiş, Cavabdeh krediti xx.xx.2023-cü il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə borc pulun verilməsi barədə xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 10.000 manat məbləğində pul verilmiş, cavabdeh götürdüyü borcdan 1.000 manat məbləğində pul iddiaçıya qaytarmışdır. Cavabdeh isə ödənilməmiş qalmış 9.000 manat məbləğini müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmalı olduğu halda, bunu etməmiş və bununla da kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri pozmuşdur. Məhkəmə cavabdehin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirilməməsini və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinin yerinə yetirilmədiyindən, iddiaçı həmin borc məbləğinin – 9.000 manat məbləğində pulun cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, məhkəmə iclasında cavabdehin iddiaçıya borcun olmasını etiraf etdiyindən və onun xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9.000 manat ödənilməmiş borcun qalması öz təsdiqini tapdığından, iddia tələbi kredit müqaviləsi üzrə yaranmış əsas borcunun tutulması hissəsində təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 9.000 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya görə cavabdehin ödəməli olduğu pul müqabilində illik 5% olmaqla 900 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb cavabdeh tərəfindən etiraf olunduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, öhdəliyini icra etməyən borclu bir qayda olaraq kreditora dəymiş zərərin əvəzi ödəməlidir. Borclu öhdəliyin icra edilməməsinə görə öz təqsirli hərəkətləri üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. AR MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğundan, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 119 manat məbləğində pul tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9.000 manat borc, əldən çıxmış faydaya görə 900 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 119 manat, cəmi 10.019 (on min on doqquz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1644/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1644/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver