Məhkəmə qərarları › İş №2(009)-1649/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1649/2025

11.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1649/2025 11.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi R.Ə.Məmmədovun, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi və zərər vurmaya səbəb olan halların aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi və zərər vurmaya səbəb olan halların aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən mülkiyyətində və sahibliyində olan 165 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin dam hissəsi tərəfindən təmir edildikdən saonra yuxarı hissədə yerləşən 4 nömrəli mənzilin sahibi Cavabdeh tərəfindən dam hissə zəbt edilərək eyvan kimi istifadə edilir. Qonşuluq münasibətlərini nəzərə alaraq o, cavabdehin hərəkətlərinə etiraz etməmişdir. Lakin cavabdeh istifadə qaydalarına məhəl qoymayaraq ona məxsus sahənin dam örtüyünün dağıdıb. Nəticədə yağan yağış suları, onun eyvan kimi istifadə etdiyi sahəyə su axıdığı səbəbindən dam örtüyü tamamilə sıradan çıxmışdır. Dəfələrlə bu barədə cavabdehə xəbərdarlıq edilmiş, lakin cavabdeh bununla bağlı hər hansı tədbir görməmiş, nəticədə ona məxsus sahənin tavanı yararsız vəziyyətə düşmüş, hətta bir neçə dəfə bu səbəbdən qısa qapanma baş vermişdir, tavan örtüyü yararsız vəziyyətə düşüb. Alçıpan örtüyü qoparaq döşəmənin üzərinə düşmüş. Yerdə qalan alçıpan örtük demək olar ki, tam sıradan çıxmışdır. Həmçinin divarların üzərində şaquli istiqamətdə su sızması nəticəsində emulsiya və şpaklyovka qatı köpərək qabarmış və fiklənmiş, qoparaq tökülmüş, eləcə də digər elementlər ləkələnmişdir. Tavana vurulmuş elektrik lampalar yerində çıxmış, döşəməyə düşərək sınmış, elektrik xətti faktiki olaraq sıradan çıxmışdır. Cavabdehdən ona vurduğu maddi zərəri və həmin zərər vurmaya səbəb olan halları aradan qaldırmağı tələb edir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin ünvan 1 ünvanında yerləşən mülkiyyətində və sahibliyində olan 165 kv.m. sahəsi olan qeyriyaşayış sahəsinə maddi zərər vurması iddia ərizəsinə əlavə etdiyi, xx.xx.2025-ci il tarixli aktla və sahəyə dəyən zərəri əks etdirən “X2” MMC-nin xx.xx.2025-ci il tarixli, ETM-045/T/25 nömrəli mütəxəssis rəyini iddia ərizəsinə əlavə olunur. Cavabdehin ona məxsus sahəyə vurduğu zərər 3352 manat, onun tərəfindən mütəxəssis rəyi üçün “X2” MMC ödənilmiş 500 manat, cəmi 3852 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq iddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən mülkiyyətində və sahibliyində olan 165 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinə vurduğu zərərə görə 3852 manat və ödənilmiş 58,52 manat dövlət rüsumu, cəmi 3910,52 manat Cavabdeh İmanqulu qızından tutularaq ona verilməsi, mülkiyyətində olan qeyri-yaşayış sahəsinə su axıntısına səbəb olmuş cavabdeh istifadə etdiyi eyvanda dağıntıların bərpa edilməsi, nasazlığın aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X5 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, çıxarışda sahə yalnız yaşayış sahəsini əks etdirir, yəni 35,4 kv.m-dir, digər sahələr qeyri-yaşayış sahəsidir və texniki pasportda əksini tapmışdır. Eyni zamanda cavabdehin mənzilindən çıxan eyvanı onlar inşa etməmişlər, ev həmin vəziyyətdə onlara satılmışdır. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının mülkiyyətində olan sahə 35,4 kv.m.-dir. Digər tikililər isə qanunsuzdur. Belə ki, iddiaçı həmin tikililəri inşa edib onların balkon kimi dediyi dam örtüyünü də özləri inşa edib tol vurublar. Həmin tol düzgün vurulmadığı üçün su axır. Həmin sahədən su axmaması üçün iddiaçı tərəfindən tədbir görülməsinə etiraz etmir, yəni buna şərait yaradır. Başqa sözlə həmin nöqsan iddiaçı tərəfindən aradan qaldırılmalıdır, çünki həmin tikili onlar tərəfindən tikilib və qanunsuzdur. İddiaçının məhkəməyə təqdim etdiyi texniki pasport isə saxtadır, həmin sənəddə nə imza, nə də möhür var. Onun mənzilinə dair verilən texniki pasportda balkon sahəsi əks olunmamışdır. Həmin sahə iddiaçı tərəfindən sonradan inşa edilmişdir. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 247108 nömrəli, xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 9 nömrəli evin 6 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışına əsasən Bakı şəhəri, Səbail rayonu, X7 küçəsində yerləşən 9 nömrəli evin 4 nömrəli mənzili birgə (paylı) mülkiyyət hüququ üzrə Cavabdeh və X1 adına qeydiyyata alınmışdır. İş üzrə Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 46 saylı MKİS tərəfindən 20 saylı vəkil bürosunun vəkili Abdul Bağırova ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, 2021-ci ilin sentyabr ayında X7 küçəsi, ev 9, mənzil 4-ün mülkiyyətçisi Cavabdeh qonşu tərəfindən yaşadığı mənzili altındkı zirzəmidə qeyri-qanuni qazıntı işləri aparıldığı ilə əlaqədar 46 saylı MKİS-ə yazılı müraciət etmişdir. MKİS tərəfindən həmin 4 saylı mənzilin altındakı zirzəmiyə baxış keçirilmiş, qeyri-qanuni qazıntı aşkarlanmış və qazıntı nəticəsində evdə çatlar əməl gəlmişdir. Bununla əlaqədar X6 46 saylı MKİS-ə dəvət olunmuş və təcili zirzəmidə təmir-tikinti işləri aparılması üçün xəbərdarlıq edilmişdir. Ünvan tərəflərindən nəzarətdə saxlanılır. İş üzrə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 2-dən aldıqları məktuba əsasən Q.Abbasov küçəsi, ev 9, 4-cü mənzilin sakini Cavabdeh yaşadığı mənzilin zirzəmisinə baxış keçirilmişdir. Qonşu tərəfindən zirzəminin bünövrəsində qeyri-aquni qazıntı işləri aparılan zaman həmin ünvanda çatlar əmələ gəlmiş bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət edilməsi zirzəmi problemi ilə əlaqədar olaraq isə iki qonşu arasında mülki mübahisəyə səbəb olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunur. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Səbail rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X7 küçəsində yerləşən 9 saylı evin 4-cü mənzilin altında yerləşən zirzəminin İddiaçı və ya digər şəxsin adına özəlləşdirilib-özəlləşdirilməməsi barədə ətraflı məlumat verilməsi, əgər həmin zirzəmi özəlləşdirilmişsə həmin zirzəminin hərraca çıxarılmasına, özəlləşdirilməsinə və ya satılmasına əsas olmuş sənədlərin təsdiq olunmuş surətinin sorğunu təqdim edən şəxsə verilməsi barədə sorğusuna baxılmışdır. Müraciətində qeyd olunan Bakı şəhəri, Səbail rayonu, X7 küçəsində yerləşən 9 nömrəli evin 4-cü mənzilin altında yerləşən zirzəmi İddiaçı və ya digər şəxsin adına qeydiyyatdan keçməsi özəlləşdirilməsi ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. İş üzrə 46 saylı MKİS-nin rəis əvəzi M.S.Əliyev, sahə bələdçisi V.A.Quliyev, sahə bələdçisi Ə.A.Qasımov, sahə bələdçisi A.Z.Əliyev, kargüzar K.Ə.Ağayeva tərəfindən tərtib edilmiş aktına əsasən X7 küçəsi, 9 saylı mənzilin sahibi İddiaçı şikayəti əsasında həmin mənzilin üst qonşusu X7 9 mənzil 4-ün ev sahibi Cavabdeh İmanqulu qızının mənzilindən su sızması ilə əlaqədar yerində baxış keçirilmiş, su sızması nəticəsində tavan yararsız vəziyyətdə düşdüyünə görə alçipan bir hissə qopub yerə düşməsi gözlə müşahidə olunmuşdur. İş üzrə İddiaçı sifarişi əsasında “X2” MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan qeyri-yaşayış sahəsinin planlı yerləşməsini, qeyri-yaşayış sahəsinin birbaşa üstündə, yəni dam hissəsində, yaşayış binasının 2-ci mərtəbəsində yaşayan sakinlər tərəfindən açıq eyvan inşa edildiyini, qeyri-yaşayış sahəsinin tikililərində qüsurlar əmələ gəldiyini və həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə həmin qeyri-yaşayış sahəsinin birbaşa üstündə, yəni dam hissəsində, yaşayış binasının 2-ci mərtəbəsində yaşayan sakinlər tərəfindən inşa edilmiş açıq eyvandan su sızdığı və nəticədə tədqiq olunan qeyri-yaşayış sahəsinin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyri-yaşayış sahəsinin tikililərinə su sızması, həmin qeyri-yaşayış sahəsinin dam hissəsində, yaşayış binasının 2-ci mərtəbəsində yaşayan sakinlər tərəfindən inşa edilmiş eyvanda yağış sularının kənarlaşdırılması üçün axıntı yuvarları və su novları quraşdırılmaması, həmçinin su sızma hallarının qarşısının alınması üçün izolyasiya işləri aparılmaması səbəbindən baş vermişdir. ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 3352 manat məbləğində müəyyən olunmuşdur. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-10/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi, zirzəminin əvvəlki vəziyyətə qaytarılması və zirzəmiyə giriş qapısının açılması” tələbinə dair iddiasının qismən təmin edilməsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi tərəfindən tərtib edilmiş müvafiq layihə alınmaqla Bakı şəhəri, Səbail rayonu, X7 küçəsindəki 9 saylı evin 4-cü və 6-cı mənzillərinə münasibətdə binanın (binanın həmin hissələri üzrə) əsas yükdaşıyan divarlarında bərpa-bərkitmə (gücləndirmə) işlərinin İddiaçı hesabına aparılması ona həvalə edilməsi, Bakı şəhəri, Səbail rayonu, X8 küçəsindəki 9 saylı evin 4-cü mənzilin təmiri üçün 3747 marat, iddiaçı tərəfindən təmir-bərkidilmə işlərinə çəkilmiş xərcin əvəzi olan 800 manat, hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 400 manat, “Azərdövlətsənayelayihə” DLİ tərəfindən texniki baxışın və rəyin verilməsi üçün ödənilmiş 596 manat, cəmi 5543 manat məbləğində pul və ödənilmiş dövlət rüsumun 75,23 manat hissəsi cavabdeh İddiaçı tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X7 küçəsi, ev 9 ünvanında yerləşən 6 saylı mənzil üzərində qeydiyyata alınmış hüquqların ləğv edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş xx.xx.2025-ci il tarixli müraciətə aidiyyəti üzrə baxılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinə uyğun olaraq sözügedən mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına qeydiyyata alınmışdır. Məlumat üçün bildirirlər ki, həmin Qanunun 2.3-cü və 2.4cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydalarında həll edilir. İş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 10/5990 saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən ünvan 1 ünvanda İddiaçı sahibliyində olan və qeyri-yaşayış sahəsi kimi istifadə olunan sahədə faktiki olaraq baxış zamanı susızması olmadığından, üst mərtəbədə yerləşən mənzillərə dair hər hansı göz ilə görünən kanalizasiya və su xətləri aşkar edilmədiyindən su axıdılmasının texniki səbəbini dəqiqiklə müəyyən etmək mümkün olmamışdır. Qeyd olunur ki, qeyri-yaşayış sahəsinin üzərində yerləşən mənzillərin açıq eyvan tikilisinin üst və ya hissələri açıq olduğundan atmosfer yağıntıları səbəbindən susızmasının baş verməsi istina edilmir. Məhkəmə verilmiş tələb üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsində yerləşən 9 saylı evin sahəsi 35,4 kv.m. olan 6 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə iddiaçının mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, X7 küçəsində yerləşən 9 nömrəli evin 4 nömrəli mənzili Cavabdeh və X1 birgə (paylı) mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan və qeyriyaşayış sahəsi kimi istifadə olunan mübahisəli sahə iddiaçının təqdim etdiyi texniki pasportda göstərilsə də, məhkəməyə təqdim edilən texniki pasport imzasız və möhürsüz olduğu üçün məhkəmə həmin sənədi sübut kimi dəyərləndirmir. Cavabdehin təqdim etdiyi texniki pasportda balkon tikilisinin mövcud olması əks olunmayıb, yəni həmin tikili sonradan inşa edilib. Ona görə də məhkəmə hesab edir ki, həmin tikili öz hüquqi statusuna görə özbaşına tikilidir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, ünvan 1 ünvanında yerləşən mülkiyyətində və sahibliyində olan 165 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin dam hissəsi tərəfindən təmir edildikdən sonra yuxarı hissədə yerləşən 4 nömrəli mənzilin sahibi Cavabdeh tərəfindən dam hissə zəbt edilərək eyvan kimi istifadə edilir. Qonşuluq münasibətlərini nəzərə alaraq o, cavabdehin hərəkətlərinə etiraz etməmişdir. Lakin cavabdeh istifadə qaydalarına məhəl qoymayaraq ona məxsus sahənin dam örtüyünün dağıdıb. Nəticədə yağan yağış suları, onun eyvan kimi istifadə etdiyi sahəyə su axıdığı səbəbindən dam örtüyü tamamilə sıradan çıxmışdır. Dəfələrlə bu barədə cavabdehə xəbərdarlıq edilmiş, lakin cavabdeh bununla bağlı hər hansı tədbir görməmiş, nəticədə ona məxsus sahənin tavanı yararsız vəziyyətə düşmüş, hətta bir neçə dəfə bu səbəbdən qısa qapanma baş vermişdir, tavan örtüyü yararsız vəziyyətə düşmüşdür. Alçıpan örtüyü qoparaq döşəmənin üzərinə düşmüş. Yerdə qalan alçıpan örtük demək olar ki, tam sıradan çıxmışdır. Həmçinin divarların üzərində şaquli istiqamətdə su sızması nəticəsində emulsiya və şpaklyovka qatı köpərək qabarmış və fiklənmiş, qoparaq tökülmüş, eləcə də digər elementlər ləkələnmişdir. Tavana vurulmuş elektrik lampalar yerində çıxmış, döşəməyə düşərək sınmış, elektrik xətti faktiki olaraq sıradan çıxmışdır. Cavabdehdən ona vurduğu maddi zərəri və həmin zərər vurmaya səbəb olan halları aradan qaldırmağı tələb edir. Cavabdehin ünvan 1 ünvanında yerləşən mülkiyyətində və sahibliyində olan 165 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinə maddi zərər vurması iddia ərizəsinə əlavə etdiyi, xx.xx.2025-ci il tarixli aktla və sahəyə dəyən zərəri əks etdirən “X2” MMC-nin xx.xx.2025-ci il tarixli, ETM-045/T/25 nömrəli mütəxəssis rəyini iddia ərizəsinə əlavə olunur. Cavabdehin ona məxsus sahəyə vurduğu zərər 3352 manat, onun tərəfindən mütəxəssis rəyi üçün “X2” MMC ödənilmiş 500 manat, cəmi 3852 manat təşkil edir. Bu səbəbdən iddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən mülkiyyətində və sahibliyində olan 165 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinə vurduğu zərərə görə 3852 manat və ödənilmiş 58,52 manat dövlət rüsumu, cəmi 3910,52 manat Cavabdeh İmanqulu qızından tutularaq ona verilməsi, mülkiyyətində olan qeyri-yaşayış sahəsinə su axıntısına səbəb olmuş cavabdeh istifadə etdiyi eyvanda dağıntıların bərpa edilməsi, nasazlığın aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında cavabdeh iddiaçı tərəfindən mübahisələndirilən qeyri-yaşayış sahəsinin qanunsuz olaraq inşa edildiyini, həmin tikilinin dam örtüyünün inşasını da məhz iddiaçı tərəfindən həyata keçirildiyini, düzgün izolyasiya edilməmə səbəbi ilə həmin sahəyə su axmasını və su axmanın onun təqsiri üzündən baş verməməsinə dair dəlillərini qiymətləndirərək hesab edir ki, həmin dəlillər əsaslı hesab edilməlidir. Belə ki, ekspert rəyi ilə də təsdiq olunur ki, mübahisəli sahənin üzərində yerləşən cavabdehin mənzilində kanalizasiya və su xətləri aşkar edilməmiş, lakin qeyri-yaşayış sahəsinin dam örtüyünün üst və yan hissələri açıq olduğu üçün atmosfer yağıntı səbəbindən su sızmasının baş verməsi istisna edilmir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin tavanı sonradan iddiaçının öz vəsaiti hesabına inşa edildiyindən, inşa zamanı müvafiq izolyasiya həyata keçirilmədiyi və yan hissələri açıq olduğundan, həmin sahəyə su axması halı istisna edilmədiyindən, bununla da mübahisəli qeyri-yaşayış sahəsinə su axması cavabdehin qanunsuz hərəkətləri ilə bağlı olmadığından, məhkəmə hesab edir ki, qaldırılan iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının maddi zərərin ödənilməsi barədə tələbi əsassız hesab olunduğu üçün, iddia tələbi qeyri-yaşayış sahəsinə su axıntısına səbəb olmuş cavabdeh istifadə etdiyi eyvanda dağıntıların bərpa edilməsi, nasazlığın aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində də əsassızdır və təmin edilməməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərin əsaslı olması müəyyən olunmadığından, həmin tələblər əsassız hesab olunmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir, həmçinin ekspertiza xərci iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mülkiyyətində və sahibliyində olan 165 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinə vurduğu zərərə görə 3852 manat və ödənilmiş 58,52 manat dövlət rüsumu, cəmi 3910,52 manat Cavabdeh İmanqulu qızından tutularaq ona verilməsi, mülkiyyətində olan qeyri-yaşayış sahəsinə su axıntısına səbəb olmuş cavabdeh istifadə etdiyi eyvanda dağıntıların bərpa edilməsi, nasazlığın aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İddiaçı keçirilmiş məhkəmə mühəndis-texniki ekspertiza xərci – 50 (əlli) manat məbləğində pul dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar