Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1655/2021 30.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Tomayev Deputat Süleyman oğlunun katibliyi X1 tərcüməçiliyi İddiaçının və cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı – Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12,000 manat və 5.000 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bir neçə il iddiaçının cavabdeh ilə biznes münasibətləri olmuş, sonuncu dəfə 2019-cu ilin may ayında münasibətləri korlanmış və cavabdehin iddiaçıya 23.000 manat ziyan vurması iddiaçıya məlum olmuşdur. Elçin nağd pulunun olmadığını, lakin tezliklə 23.000 manat pulu ödəyəcəyini bildirirdi. 2019-cu ilin may ayında Elçin öz adına şirkət təsis etdi. Daha sonra Elçin işə başlamaq üçün vəsait tapmalı olduqlarını bildirdi və iddiaçı ona 5.000 ABŞ dolları pul verdi. Təxminən 10 ay müddətində onlar birlikdə işlədilər. Həmin 10 ay ərzində 23.000 manat iddiaçıya vurulmuş ziyandan 11.000 manat pulu Elçin iddiaçıya ödəmişdir. Lakin Elçin bugünədək 12.000 manat və 5.000 ABŞ dolları məbləğində pulu iddiaçıya qaytarmamışdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, turizm şirkətinin fəaliyyət göstərdiyi dövr ərzində cavabdeh ona 11.000 manat məbləğində pul vermişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan: Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 14 oktyabr 2020-ci il tarixli Qərarın surətindən görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, Rafiz onun təşkil etdiyi “Ze tour” şirkətində menecer kimi işləmiş və vaxtlı-vaxtında əmək haqqısını almışdır. Rafiz sonradan ona yaxınlaşaraq yaratdığı yeni turizm şirkətində şərikli işləməyi təklif etmişdir. O da bu sahədə Rafizin geniş əlaqələri olduğu üçün sonuncunun təklifini qəbul edib bu iş üçün 5.000 ABŞ dolları sərmayə qoymalı olduğunu bildirmişdir. Rafiz də onunla razılaşaraq dəqiq xatırlamasa da, 2019-cu ilin yanvar ayında xatırlamadığı yerdə gətirib ona 5.000 ABŞ dolları pulu vermişdir. O da Rafizin verdiyi 5.000 ABŞ dolarının üzərinə özü də şərik 10.000 ABŞ dolları pul qoyub təsis etdiyi “xxxx” MMC şirkətini işlətməyə başlamışdır. Həmin şirkətin əldə etdiyi gəlirdən o, Rafizə 13.000 manat pul vermişdir. Lakin 2020-ci ilin aprel ayından dünyada yaranmış pandemiya şəraitində turizm şirkətlərinin işləri dayanmağa başlamışdır. Buna görə də “xxxx” MMC fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. O, Rafizə MMC-ni sonuncunun adına keçirməyi təklif etsə də, Rafiz onun bu təklifini qəbul etməyərək ondan şirkət yaranarkən şərikli şəkildə qoyduqları puldan öz payına düşən 5.000 ABŞ dolları pulu geri tələb etmişdir. Həmçinin o Rafizə MMC təsis edilərkən qoyduğu 5.000 ABŞ dolları müqabilindəhəmin şirkətdən qazanc olaraq 13.000 manat pul qazandığını, bu səbəbdən Rafizə heç bir borcu qalmadığını bildirmişdir. O bildirmişdir ki, əgər onun Rafizə 23.000 manat borcu olsaydı Rafiz ona yenidən şərikli şirkət qurmaq üçün 5.000 ABŞ dolları pul verməzdi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər şərikli ticarət qurmaq üçün razılığa gəlmiş və bunun üçün həmin şirkətin təsis edilməsi üçün pul yatırmışlar. İddiaçı tərəfindən şirkətin təsis edilməsi üçün 5.000 ABŞ dolları məbləğində pulu cavabdehə verməsi tərəflərin izahatlarına əsasən işin mübahisəsiz halıdır. Cavabdeh tərəfindən şirkət fəaliyyət göstərdiyi dövr ərzində iddiaçıya pul ödənilməsi də işin mübahisəsiz halıdır. Lakin həmin vəsaitin məbləği tərəflərin izahatlarında ziddiyyət təşkil edir. Belə ki, cavabdeh iddiaçıya 13.000 manat məbləğində pul vəsaiti ödədiyini bildirsə də, iddiaçı həmin məbləğin 11.000 manat təşkil etdiyini bildirir. Bundan başqa iddiaçı cavabdehin ona bundan öncəki birgə biznes fəaliyyətləri dövründən 23.000 manat məbləğində borcu qaldığını bildirsə də, bu halı təsdiq edə biləcək hər hansı mötərbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 5.000 ABŞ dolları məbləği cavabdehə borc olaraq deyil, cavabdeh ilə birgə şərikli biznes qurmaqları üçün ödənilmişdir. Yəni ki tərəflər arasında yaranmış münasibətlər borc münasibətləri olmamışdır. İddiaçı sözügedən məbləğin müqabilində şərikli biznesin fəaliyyət göstərdiyi dövr ərzində mənfəət əldə etmişdir (özünün bildirdiyinə görə 11.000 manat məbləğində). İddiaçı ilə cavabdeh arasında şərikli biznesin uğursuz olacağı təqdirdə iddiaçı tərəfindən şirkətin təsis edilməsi üçün qoyulmuş 5.000 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılmasını özündə əks etdirən hər hansı bir razılaşma olmamışdır. Beləliklə, iddia tələbinin 5.000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi əsassız sayılmalıdır. Qeyd edilənlərə istinadən məhkəmə hesab edir ki, iddia tələbinin 12.000 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi təqdim olunan sübutlarla öz təsdiqini tapmadığından tələb həmin hissədə də təmin edilməməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia tələbi iddiaçı tərəfindən onun əsaslarına dair heç bir mötəbər sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə həmçinin MPM-nın 119-cu maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia təmin olunmadığı üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı – Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1655/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1655/2021
30.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver