Məhkəmə qərarları › İş №2(009)-1663/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1663/2020

16.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1663/2020 16.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi ilə, İddiaçı, cavabdeh X1 nümayəndəsi və vəkili X6 iştirakları ilə İddiaçı cavabdeh X2 qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası, X1 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququ olmayan hesab edilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladı xx.xx.2019-cu il təvəllüdlü X5 ünvan 1 ünvanında yerləşən mənzilə olan yaşayış sahəsinə istifadə hüquqlarını müəyyən edərək, həmin mənzilə köçürülmələri və həmin mənzildə istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadır. Lakin hazırda atasına məxsus olan ünvan 2 mənzil 90 ünvanında yerləşən mənzildə yaşayır. Hazırki iddia ərizəsi üzrə cavabdeh qismində cəlb edilmiş X3 ilə xx.xx.2018-ci il tarixdə qeyd etdirməklə ailə həyatı quraraq aralarında olan nikah münasibətlərini xx.xx.2018-ci il tarixdə, eyni tarixli, 1551 nömrəli Nikah Aktı əsasında rəsmiləşdirmişlər. Cavabdehlə rəsmi nikahdan xx.xx.2019-cu il təvəllüdlü X8 adlı övladları vardır. Toydan sonra ünvan 3 ünvanında yerləşən mənzilə gəlin gəlmiş və cehiz əşyalarını da həmin mənzilə gətirmişdir. Cavabdehlə birgə yaşadıqları müddət ərzində münasibətləri normal olmamışdır, adi bir ailə kimi həyatları davam etməmişdir. Bu müddət ərzində əri, ailə münasibətlərinə etinasız yanaşaraq, tanımadığı nalayiq insanlarla ona xəyanət edir, onunla və doğulmaqda olan övladı ilə maraqlanmır, onların qayğısına qalmırdı. Cavabdehlə aralarında kəskin xasiyyət uyğunsuzluğu mövcud idi. Cavabdeh ailə qaydalarına zidd şəkildə davranışlar sərgiləyirdi, ona əl qaldıraraq döyür, təhqir edirdi. O, bütün olanlara uzun müddət dözdü, dəfələrlə münasibətlərini normallaşdırmağa çalışmış, lakin heç bir müsbət nəticə əldə edə bilməmişdir. Belə ki, əri X3 heç bir səbəb olmadan Səbail Rayon Məhkəməsinə “nikahın pozulması tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən aralarında bağlanmış xx.xx.2018-ci il tarixli nikahın pozulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. O öz növbəsində xx.xx.2019-cu il tarixində Amilin məhkəməyə təqdim etdiyi iddia ərizəsinə yazılı şəkildə rəsmi etiraz edərək, məhkəmədən iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bunu yalnız ona görə etmişdir ki, o, doğulmaqda olan övladının gələcəyini fikirləşərək ailə münasibətlərini normallaşdırmağa çalışmışdır, yenidən sağlam ailə kimi bir yerdə yaşamağa ümid etmişdir. Lakin buna baxmayaraq, cavabdeh eyni qaydada qanunazidd (qeyri-əxlaqi) hərəkətlərinə davam etmişdir, ailəyə etinasızlığını daha qabarıq formada ifadə etmişdir. Sonuncu dəfə yaşadıqları mənzilə gedib, onunla ünsiyyətə girərək mövcud problemin həllinə çalışmışdır. Lakin cavabdeh onu qapıdan içəriyə buraxmayaraq, yaşadıqları mənzilin yaxınlığındakı parka dəvət etmişdir. Amil ilə söhbətimizi orada davam etdirərkən, ona susadığını, su istədiyimi bildirmişdir. O isə öz növbəsində su almayaraq, qaçaraq oradan uzaqlaşmışdır. Hamilə vəziyyətdə olan qadın parkın ortasında tənha qalmış və məyus halda ata evinə geri qayıtmışdır. Bundan başqa, cavabdeh doğuş xərclərini də ödəməkdən imtina edir. Bütün bunlar cavabdehin ailə münasibətlərinə nə dərəcə etinasız olmasını bir daha sübut edir. Elə ona görə də “nikahın pozulması və doğuş xərclərinin cavabdehdən tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ailə qurduqdan sonra o, ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyata alınmışdır və həmin mənzildə xx.xx.2019-cu il tarixədək yaşamışdır. Cavabdehlə faktiki olaraq ayrıldıqdan sonra atasının ünvan 2 mənzil 90 ünvanında yerləşən mənzilinə gəlmişdir. Hazırda həmin mənzildə ailə üzvləri, o cümlədən övladı ilə birlikdə müvəqqəti olaraq yaşayır. Atasının yuxarıda qeyd etdiyi ünvanda yerləşən mənzili ümumilikdə 3 (üç) kiçik otaqdan ibarət olub, təxminən yaşam üçün əlverişsiz vəziyyətdədir. Həmin mənzildə 10 (on) nəfərdən ibarət ailə üzvləri ilə birlikdə yaşayırlar. Bundan başqa, hazırda yaşadıqları ünvanda yerləşən mənzil kommunal cəhətdən tam təchiz edilməmişdir. Elə ona görə də, hesab edir ki, məhkəmə onun və övladı X4 cavabdehin yaşadığı ünvan 1 ünvanda yerləşən mənzilinə istifadə hüquqlarını müəyyən edərək, həmin mənzilə köçürülmələri və mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında cavabdeh X1 nümayəndəsi və vəkili N.İ.Bağırov qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmmədov küçəsi, 8 saylı evin bir otaqlı 525 saylı mənzilinə istifadə hüququ olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Amil İbrəhimov xx.xx.2018-ci ildə ilk iddia üzrə İddiaçı ilə nikaha daxil olmuş, ailə qurandan sonra Amilin valideynləri ilə birlikdə İmişli rayonunun Xubiyarlı kəndində bir müddət yaşamış, Amil isə işi ilə bağlı Bakı şəhərinə gəlmişdir. Onlar 2018-ci ilin avqust-sentyabr aylarında Bakı şəhərinə gəlmiş, Amil İbrəhimov işi ilə bağlı iddiaçını valideynlərinin yaşadığı evə gətirmək istəyərkən aralarında narazılıq yaranmışdır. İddiaçı yaşamaq üçün rayona getmədiyinə görə aralarında narazılıq yaranmış, bununla bağlı xx.xx.2019-cu ildə İddiaçı atası Azat İskəndərov ilə birlikdə özünə məxsus əşyalarını da götürərək atası evinə, yəni Xətai rayonu, Sadıqcan küçəsi, ev 27, mənzil 90 ünvanına getmişdir. Amil həmin vaxt iddiaçının özünə və atasına da bildirmişdir ki, əgər evdən çıxıb ata evinə gedirsə, bir daha geri dönməyəcək. Onların nikahından xx.xx.2019-cu ildə X9 anadan olmuşdur. Turanə Amil ilə yaşamaq istəmədiyini bildirib atası ilə birlikdə çıxıb getdi. Bundan sonra X11 evdən getdiyini görüb nikahın pozulması barədə Səbail rayon Məhkəməsində iddia qaldırmış (2(009)-1204/2019), İddiaçı tərəfindən iddia ərizəsinə etiraz verilərək, nikahın pozulmasına razı olmadığını, nikahlarından 3 aylıq hamilə olduğunu yazmış, bu əsasla nikahın pozulması barədə iş üzrə icraata xitam verildi. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2016-cı il tarixli 56/2 saylı sərəncamı əsasında sahəsi 18 kv.m olan 1 otaqlı 525 saylı yataqxana otağına Amil İbrəhimovun adına kirayə müqaviləsinin bağlanması və həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmış, DƏDƏRX-in Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2017-ci ildə verilmiş RX seriyalı ******* saylı çıxarış əsasında Amil İbrəhimovun 525 saylı yataqxana otağı üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyd olunan 1 otaqlı mənzildə Amil və Turanədən başqa, 5 nəfər qeydiyyatda olan şəxs var. İddiaçı təxminən 20-30 gün mübahisəli ünvanda yaşamış, sonra isə könüllü şəkildə atası ilə birlikdə çıxıb getmişdir. Lakin onun qeydiyyatı formal olaraq mənzildə qalmışdır. Tərəflər arasında iki dəfə nikahın pozulması ilə bağlı məhkəmə mübahisəsi olmuş, hər iki halda, onların azyaşlı uşaqlarının 1 yaşının olmaması əsası ilə icraata xitam verilmişdir. Amil İbrəhimov xx.xx.2019-cu il təvəllüdlü övladının 1 yaşı tamam olduqdan sonra, ailə münasibətlərinin bərpa olunmadığı üçün nikahın pozulması barədə iddia ilə məhkəməyə müraciət edəcəkdir. Bundan başqa, Qeydiyyatın məqsədi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqınd” Azərbaycan Respublikasının Qanununda açıqlanmışdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi qeydiyyat hər hansı hüquq yaratmır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. İddiaçı həqiqətən də 1 otaqlı 525 saylı mənzildən istifadə hüququ yoxdur, lakin belə nəticə müdafiəsi tələb olunan hüququn (ev üzərində Amil İbrəhimovun mülkiyyət hüququnun) müdafiəsiz qalmasına səbəb olur. Ona görə də iddianın əsası nəzərə alınmaqla cavabdehin mənzildən istifadə hüququnun olmadığı müəyyən edilməlidir. Həmçinin bu tip mübahisələr həll edilərkən mülkiyyətçinin məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Cavabdehin mənzildə qeydiyyatda qalması iddiaçıya mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehin mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Cavabdehin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Ona görə də İddiaçı X2 qarşı yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair ilk iddiasının rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilərək, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi, 8 saylı evin 1 otaqdan ibarət 525-ci mənzilinə istifadə hüququ olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında İddiaçı qarşılıqlı iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmaısını, öz iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh X1 nümayəndəsi və vəkili Namiq Bağırov iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını, qarşılıqlı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verdi. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli və qarşılıqlı iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki iş materiallarında olan Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, İddiaçı ünvan 4 ünvanda qeydiyyatdadır. Məhkəməyə təqdim olunmuş Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, X3 ünvan 4 ünvanda qeydiyyatdadır. Məhkəməyə təqdim olunmuş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışından görünür ki, ünvan 4 mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Tərəflər arasında mübahisəli hüquq münasibətləri 2018-ci ildə yarandığından, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normaları tətbiq edilməli və mübahisə xx xxxxxxx 2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməlidir. 2009-cu ilin oktyabr ayının 1-dən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci və 30.2ci maddələrinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdehlə rəsmi nikaha daxil olaraq cavabdehin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi, 8 saylı evin 1 otaqdan ibarət 525-ci mənzilinə gəlin köçmüş, özünə məxsus cehiz əmlakını da həmin mənzilə gətirmişdir. İddiaçı həmin mənzildə xx.xx.2019-cu il tarixinədək qeydiyyatda olaraq yaşamış, orada cavabdehlə birgə təsərrüfat idarə etmişdir. Eləcə də, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının mübahisəli evdən gedərək valideynlərinin yanında yaşaması məcburiyyətdən olmuşdur. İddiaçıya məxsus cehiz əmlakı mübahisəli mənzildə yerləşir. İddiaçı birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X10 ilə qeydiyyatda olub yaşadığı cavabdehə məxsus mənzilə köçmək istəsə də, cavabdeh buna imkan vermir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli evə gəlin köçərək orada cavabdehlə birlikdə ümumi təsərrüfat apardığından həmin mənzildən istifadə hüququ əldə etmişdir və övladı xx.xx.2019-cu il təvəllüdlü X10 ilə mübahisəli mənzilə köçürülməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi mənzildə isitfadə qaydasının müəyyən edilməsi hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 153.4-cü maddələrinə əsasən formasından asılı olmayaraq mülkiyyət hüququnun həyata keçirilməsində məhdudiyyətə yaxud üstünlüyə yol verilmir. İddiaçı cavabdehə məxsus bir otaqlı mənzildə istifadə qaydasının müəyyən edilməsi barədə tələb irəli sürməklə mülkiyyətçi A.İbrəhimovun mübahisəli mənzildən sahiblik, istifadə və sərəncam hüquqularının məhdudlaşdırılmasını tələb etmişdir. Mülkiyyətçiyə münasibətdə başqa şəxslər tərəfindən həmin hərəkətlərin edilməsi qanunun yuxarıda göstərilən normalarına əsasən yolverilməzdir. Deməli, İddiaçı maddi hüququn tələblərinə və mülkiyyətin müdafiəsinə təminat verən Azərbaycan Respublikası Konstitusiyasına uyğun olmayan əsassız tələb irəli sürmüşdür. İddiaçı mübahisəli mənzilə istifadə hüququ olmayan hesab edilməsi barədə qarşılıqlı iddia tələbini isə məhkəmə yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edir. Ona görə də, qarşılıqlı iddia tələbi təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi, 8 saylı evin 525 saylı mənzilinə istifadə hüququ tanınsın və o, xx.xx.2019-cu il təvəllüdlü X10 ilə birlikdə həmin mənzilə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin.Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar