Məhkəmə qərarları › İş №2(009)-1674/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1674/2020

07.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1674/2020 07.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, İddiaçı (Abdullayevanın), Cavabdeh iştirakları ilə İddiaçı İbadlı (Abdullayeva) Vəsilə Əlif qızının Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı İbadlı (Abdullayeva) Vəsilə Əlif qızı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, cavabdehlə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2016-cı il tarixdə X6 adlı uşağı anadan olmuşdur. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-5806/2017 saylı qətnaməsi ilə nikahın pozulması, uşağın himayəsində qalması, uşağın saxlanılması üçün aliment tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh qızı yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay saxlanılması üçün hər ay gəlirinin 1/4 hissəsi miqdarında aliment tutulması və 3 yaşına çatanadək saxlanılması üçün 70 manat miqdarında alimentin ödənilməsi qət edilmişdir. Yasamal rayon Məhkəməsinin qətnaməsindən cavabdehin apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. Cavabdehlə nikahları məhkəmə qaydasında pozulmamışdan da xeyli qabaq cavabdehlə münasibətləri pozulmuşdur. Övladı onunla, onun himayəsində yaşayır. Qızı Zəhranın 3 yaşı tamam olması səbəbindən cavabdehdən 70 manat pul tutulması üzrə icraata xitam verilmişdir. Ona görə də cavabdeh tərəfindən onlara əlavə maddi yardım göstərilməsinə ehtiyacları vardır. Təyin olunmuş alimentin məbləği onların heç ən minimum tələblərini belə təmin etmir. Bu səbəbdən məhkəmə tərəfindən təyin olunmuş alimentin dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanunla 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyənləşdirilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğinin alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçı İbadlı (Abdullayeva) Vəsilə Əlif qızı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul edərək öz izahatında göstərmişdir ki, o “Socar” da ambardar işləyir. Əmək haqqısı 350 manat təşkil edir. Alimentin sabit pul məbləğində 170 manat həddində müəyyən edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X6 xx.xx.2016-cı ildə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası X4r. İş üzrə Yasamal rayon Məhkəməsinin 2(004)-5806/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh və X7 arasında xx.xx.2015-ci il tarixli, 2457 No-li akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün X3 yanında qalması, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirinin 1/4 hissəsi miqdarında və 70 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi, xx.xx.2016-cı il təvəllüdlü X2 üç yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 100 manat aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. İş üzrə Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 323 No ilə qeyd edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü Zəhra adlı uşağı var. Tərəflər arasında olan nikah Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-5806/2017 saylı qətnaməsi ilə pozulmuş və cavabdehdən uşağın saxlanılması üçün aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında və 70 manat sabit pul məbləğində aliment, həmçinin uşağın 3 yaşınadək saxlanılması üçün hər ay 100 manat aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment miqdarı uşağın saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, həmçinin uşağın 3 yaşı tamam olması ilə əlaqədar cavabdehdən 100 manat pulun tutulması dayandırılmışdır. Hazırda yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuş və bu səbəbdən iddiaçı alimentin dəyişdirilərək sabit pul məbləği şəklində 170 manat həddində müəyyən edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, həmin alimentin sabit pul məbləği şəklində müəyyən edilməsi barədə iddiaçının irəli sürdüyü tələb aşağıdakılara əsasən əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 170 manat məbləğində təsdiq edilmişdir. AR Konstitusiya Məhkəməsi Plenumunun AR Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan uşağa görə müəyyən edilmiş alimentin məbləği cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi və 70 manat sabit pul məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş kartı üzrə hesabdan çıxarışdan görünür ki, iddiaçıya ayda alimentdə görə ödənilən pulun məbləği aylıq yaşayış minimum həddindən aşağıdır. Məhkəmə iclasında cavabdeh əmək haqıqsının 350 manat təşkil etməsini bildirmiş, həmin məbləği bir uşağa görə qanunda müəyyən edilən aliment miqdarı 1/4 həddə nəzərdə tutulduğundan, bu məbləğ - 87,5 manat kifayət qədər azyaşlı üçün nəzərdə tutulmuş yaşayış minimum həddindən aşağıdır. Bu səbəbdən həmçinin cavabdehin iddianı etiraf etməsini də nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment dəyişdirilməli və cavabdehdən tutulacaq aliment sabit pul məbləği şəklində 170 manat həddində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, sabit pul məbləğində alimentin tutulması iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qararının 8- 2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5806/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx xxxxxx 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İbadlı (Abdullayeva) Vəsilə Əlif qızına ödənilsin. Alimentin dəyişdirilməsi ilə bağlı Cavabdeh 170 (yüz yetmiş) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar