Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-170/2024 13.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15122 manat maddi ziyan və 136 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 163.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması və onun mülki iddiasının baxılmamış saxlanılması qət edilmişdir. Cavabdeh təqsirindən olan avtoqəza hadisəsi zamanı iddiaçının istifadəsində olan “Kia Sorento” markalı, ** TE *** dövlət qeydiyyat nişanlı minik maşınına 15122 manat maddi ziyan vurmuşdur. Bu ziyanın vurulması və məbləği istintaq zamanı müəyyən olunaraq təsdiq (serviz qüsür aktı var) olunmuşdur. Ona görə də, cavabdehdən onun xeyrinə 15122 manat pulun tutulmasını istəyir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir: İş materiallarında olan “Kia Motorrs” servis mərkəzinin 14.07.202-ci il tarixli qüsur aktından görünür ki, “Kia Sorento” markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 15122,0 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-106/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Cavabdeh üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini ğəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, cəzaçəkmə müddətinin əvvəli Cavabdeh cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrası Bakı Şəhəri Probasiya idarəsinə həvalə edilməsi, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, X2, İddiaçı və “Sun Food" MMC tərəfindən verilmiş mülki iddiaların baxılmamış saxlanılması və onlara mülki qaydada məhkəməyə müraciət etmə hüququnun izah olunması, iş üzrə maddi sübut kimi tanınmış "Hyundai Accent” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı **-FM- *** dövlət qeydiyyat nişanlı, “Renault Megane" markalı **-SH-*** dövlət qeydiyyat nişanlı və “Kia Sorento" markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qaytarılmasının nəzərə alınması hökm edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/10160 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, nəzəri hesablama yolu ilə “Kia Motors” Servis Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktında olan məlumatlara əsasən, 2014-cü il buraxılışlı, ağ mirvari rəngli, “Kia Sorenti minik” markalı, **- TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən: 1.Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymtinə müvafiq hesablanmaqla 15122,00 manat. O cümlədən:-dəyişməli hissələrin qiyməti- 13089,00 manat;-təmir-bərpa işlərinin qiyməti-2033,00 manat. 2.Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 11475,00 manat. O cümlədən:-dəyişilməli hissələrin qiyməti-9442,00 manat;-təmir-bərpa işlərinin qiyməti-2033,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Adı çəkilən Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunmalıdır ki, qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu baş verməlidir, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Ekspert rəyini, habelə iddiaçının təqdim etdiyi sübutları əsas götürməklə məhkəmə belə qənaətə gəlir ki, “Kia Sorenti minik” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 11475 (on bir min dörd yüz yetmiş beş) manat təşkil edən həmin xərclər cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bu qənaətə gələrkən məhkəmə, tədqiq olunmuş sübutlara əsasən gəldiyi daxili inamını da rəhbər tutaraq həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ekspertiza xərcini tərəflər arasında bölüşdürərkən məhkəmə nəzərə alır ki, iddia tələbinin yalnız 11475 manatlıq hissəsi ilə bağlı irəli sürülən arqumentlər ekspertiza tədqiqatının predmeti olmuşdur və mütənasiblik də bu konteksdə hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 11475 (on bir min dörd yüz yetmiş beş) manat və ödənilmiş 136 (yüz otuz altı) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-170/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-170/2024
13.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver