Məhkəmə qərarları › İş №2(009)-1703/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1703/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1703/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi A.Ə.Mahmudovanın iştirakı ilə, İddiaçı ləğv prosesində olan «xxxxxxxxx» ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan «xxxxxxxxx» ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2014-cü il tarixli, 50759 saylı ssuda hesabı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxx” ASC tərəfindən 36 ay müddətinə 2000 manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2016-cı il tarixli əlavə sazişə əsasən kreditin qalığı məbləği 1696 manat təşkil edir və müddəti xx.xx.2017-ci il tarixə təyin edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. xx.xx.2020-ci il tarixədək Cavabdeh ləğv prosesində olan “xxxxxxxxx” ASC-yə 222,77 manat, müqavilənin bitmə tarixinə hesablanmış 195,55 manat faiz, 730,44 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 32,49 manat borc, ümumilikdə 1181,25 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ləğv prosesində olan “xxxxxxxxx” ASCnin xeyrinə 222,77 manat, müqavilənin bitmə tarixinə hesablanmış 195,55 manat faiz, 730,44 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 32,49 manat borc, ümumilikdə 1181,25 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə «Kreditor» qismində «xxxxxxxxx» ASC ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh arasında bağlanılmış xx xxxx 2014-cü il tarixli T/K 060 AZN saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə, 2000 manat məbləğində kredit xətti açılmışdır. İş üzrə “xxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanılmış T/K 060 saylı xx.xx.2014-cü il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə xx.xx.2016-cı il tarixli 02 saylı Əlavə Sazişindən görünür ki, müqavilənin adında olan “Kredit Kartın verilməsi və istifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit Müqaviləsi” kimi oxunmuş, kreditorun borcalana açdığı 2000 manat məbləğində kredit xətti ona hesablanmış faiz və cərimələr kapitallaşdırılaraq 1696 manat məbləğində kreditə çevrilməklə restrukturizasiya edilmiş, borcalanın kreditor qarşısındakı öhdəliyi 1696 manat təşkil etmiş, kredit Borcalana restrukturizasiya məqsədilə 18 ay müddətinə illik 27% ödəmək şərti ilə vermişdir. İş üzrə ləğv prosesində olan ləğv prosesində olan «xxxxxxxxx» ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 222,77 manat əsas, müqavilə müddəti üçün hesablanmış 195,55 manat faiz, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 730,44 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 32,49 manat borc, cəmi 1181,25 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və.i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, 2000 manat məbləğində kredit xətti açılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2014cü il tarixli, T/K 060 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsinə xx.xx.2016-cı il tarixli əlavə sazişinə əsasən 2000 manat məbləğində kredit xətti ona hesablanmış faiz və cərimələr kapitallaşdıraraq 1696 manat məbləğində kreditə çevrilməklə restrukturizasiya edilmiş, kreditin illik faiz dərəcəsi 27%, müəyyən edilmiş, kreditin müddəti 18 ay təşkil etmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun banka 222,77 manat əsas, 195,55 manat faiz, 730,44 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 32,49 manat borc, cəmi 1181,25 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin cavabdeh kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış 730,44 manat cərimənin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarını, həmçinin tələb olunan dəbbə pulun həmin məbləğlərə münasibətdə tənasübsüz olmasını və işin diqqətə layiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə tutulacaq dəbbə borcunun (dəbbə borcu) miqdarı 19,19 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% illik faiz dərəcəsi olmaqla 32,49 manat məbləğində borcun tutulması hissəsində də əsaslıdır. AR Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi nəzərə alınmaqla 32,49 manat məbləğində pulun tutulması hissəsində də təmin edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 222,77 manat əsas, 195,55 manat faiz, 19,19 manat cərimə və gecikdirilmiş vaxt üçün 32,49 manat, cəmi 470 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin dövlət rüsumunun tutulması hissəsi üzrə qeyd edir ki, iddia tələbi 470 manat məbləğində pulun tutulması hissəsində təmin olunduğu üçün, ödənilmiş dövlət rüsumu təmin edilmiş tələbə münasib olaraq tutulmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” AR Qanununa əsasən iddia qiyməti 500 manatdan az olduqda 20 manat, 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilir. Lakin iddiaçının irəli sürdüyü tələb 500 manatdan yuxarı olsa da, həmin tələb alnız 470 manatın tutulması hissəsində əsaslı hesab olunduğu üçün, ödənilmiş dövlət rüsumu 20 manatı cavabdehdən tutulmalı, 10 manatı isə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ləğv prosesində olan «xxxxxxxxx» ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli T/K 060 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsi və həmin müqaviləyə xx.xx.2016-cı il tarixli, 02 saylı əlavə sazişi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 222,77 manat əsas borc, 195,55 manat faiz borcu, 19,19 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış 5% illik faiz dərəcəsi alınmaqla 32,49 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat, cəmi 490 (dörd yüz doxsan) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar