Məhkəmə qərarları › İş №2(009)-1709/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1709/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1709/2021 02.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızıınn katibliyi ilə, İddiaçının nümayəndəsi G.Q.Sadıqsoyun, Cavabdehlər Cavabdeh1 Tərcüməçi R.E.Nəsibovun iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 22.10.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “xxxx” İKB ASC-nin “9 saylı” filialından 21 faizlə 36 ay müddətinə 13300 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 19,3 kv.m. yaşayış sahəsindən ibarət olan 21 saylı evin 44 saylı mənzili 22.10.2015-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 22.10.2015-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 36% həcmində cərimə hesablayıb borcludan tələb edir. 21.04.2021-ci il tarixədək Cavabdeh1 22.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 2199,24 ABŞ dolları əsas borc, 1548,21 ABŞ dolları faiz borcu, 46,1 ABŞ dolları cərimə, 6,85 ABŞ dolları əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 3800,4 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətinə keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan baqna, 21.04.2021-ci il tarixli maliyyə arayışına əsasən 22.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 2199,24 ABŞ dolları əsas borc, 1548,21 ABŞ dolları faiz borcu, 46,1 ABŞ dolları cərimə borcu, 6,85 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 3800,4 ABŞ dolları borcu vardır. 22.10.2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırki vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 22.10.2015ci il tarixli kredit müqaviləsi üzrə banka 2199,24 ABŞ dolları əsas borcu, 1538,21 ABŞ dolları faiz borcu, 4,61 ABŞ dolları cərimə borcu, 6,85 ABŞ dolları əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 3800,4 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 19,3 kv.m. yaşayış sahəsindən ibarət olan 21 saylı evin 44 saylı mənzilinin açıq hərracdan satılması və borcun Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 19,3 kv.m. yaşayış sahəsindən ibarət olan 21 saylı evin 44 saylı mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 19,3 kv.m. yaşayış sahəsindən ibarət olan 21 saylı evin 44 saylı mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 19,3 kv.m. yaşayış sahəsindən ibarət olan 21 saylı evin 44 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, məhkəməyə təqdim olunan maliyyə arayışı cavabdehin 21.04.2021-ci il tarixədək olan borcu ilə bağlıdır. Ondan sonra ödənişlər həyata keçirilmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, 2015-ci ildə kredit götürüb bir il qrafik üzrə vaxtında ödəniş etmiş, sonra maddi çətinlik ucbatından ödənişləri gecikdirmişdir. Həqiqətən etiraf edir ki, onun 21.04.2021-ci il tarixədək olan borcu 3800 ABŞ dolları təşkil etmişdir. Lakin həmin vaxtdan sonra da onun tərəfindən banka müxtəlif ödənişlər edilmişdir. O borcu ödəməkdən imtina etmir, lakin bir dəfəyə ödəmək imkanı yoxdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə «Bank» qismində «xxxx» İKB ASC ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh1 arasında bağlanılmış 22.10.2015-ci il tarixli 21-G1-1-0-427-15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 21% ödəmək şərtilə 13300 ABŞ dolları məbləğində kredit verilmişdir. İş üzrə “İpoteka saxlayan” qismində «xxxx» İKB ASC ilə “İpoteka qoyan-Borcalan” qismində Cavabdeh1 arasında bağlanılmış 22.10.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla Cavabdeh1 arasında bağlanmış 22.10.2015-ci il tarixli 21-G1-1-0-427-15 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, e 21, mənzil 44 ünanında yerləşən, yaşayış sahəsi 19,3 kv.m. olan 1 otaqlı mənzili ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri “İpoteka qoyan”ın və “İpoteka saxlayan”ın razılığı ilə 35000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışın kserosurətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 21 saylı evin 44 saylı mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh1 Vladimirovanın adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* №-li çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Cavabdeh1 tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu,Zərifə Əliyeva küçəsində yerləşən, 21 saylı evin 44 saylı mənzil 22.10.2015-ci il tarixli, 22-G1-1-0-427-15 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə ipoteka müqaviləsi üzrə «xxxx» İKB ASC-nin 9 saylı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə Səbail rayon MKTB-nin 5 saylı MKİS-nin 512 No-li arayışa əsasən Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 21 saylı evin 44 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə Cavabdeh1 tərəfindən yazılmış və Bakı şəhəri 46 saylı notariat kontorunda təsdiq edilmiş ərizənin kserosurətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 21 saylı evin 44 saylı mənzilini əldə edərkən rəsmi nikahda olmamışdır. Bu məlumata görə bütün məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə Cavabdeh2 tərəfindən yazılmış və Bakı şəhəri 46 saylı notariat kontorunda təsdiq edilmiş ərizənin kserosurətindən görünür ki, o, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 21 saylı evin 44 saylı mənzilinin “xxxx” İKB ASC-yə ipotekaya (girov) qoyulmasına etiraz etmir. İpoteka müqaviləsinin şərtləri ilə tanışdır və banka olan əsas, faiz və digər borclar ödənilmədiyi təqdirdə tutmanın məhkəməyə müraciət etmədən həmin əmlaka yönəldilməsinə razıdır və bu halda Bankın tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1 31.03.2021-ci tarixdə ünvanlanmış bildirişdən görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən öhdəlik icra edilmədiyi təqdirdə tutmanın öhdəliyin icrasının təminatı kimi Banka ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 21 saylı evin 44 saylı mənzilə yönəldilməsi barədə Bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş üzrə İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 05.04.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizədən və həmin ərizə üzərində aparılmış qeyddən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 21 saylı evin 44 saylı mənzilinə tutmanın yönəldilməsinə dair bildiriş 08.04.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə 21.04.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 22.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2199,24 ABŞ dolları əsas, 1548,21 ABŞ dolları faiz, 46,1 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 6,85 ABŞ dolları borc, cəmi 3800,4 ABŞ dolları borcu var. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış 22.10.2015-ci il tarixli 21-G1-1-0-427-15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə, illik 21% ödəmək şərtilə 13300 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi Bank və ipotekaqoyan Cavabdeh1 arasında 22.10.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 21 saylı evin 44 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka borcu yaranmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bank Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış 2199,24 ABŞ dolları əsas, 1548,21 ABŞ dolları faiz, 46,1 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 6,85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3800,4 ABŞ dolları tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin Cavabdeh1 kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi 2199,24 ABŞ dolları əsas, 1548,21 ABŞ dolları faiz və 46,1 ABŞ dolları cərimə borcunun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% illik faiz dərəcəsi olmaqla 6,85 ABŞ dolları məbləğində borcun tutulması hissəsində də əsaslıdır. AR Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi nəzərə alınmaqla 6,85 ABŞ dolları məbləğində pulun tutulması hissəsində də təmin edilməlidir. Məhkəmə iddia tələbinin tutulacaq borcun kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir. AR Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bu Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göstərilən Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləq borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. «İpoteka haqqında» AR Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 tutulmalı olan borc məbləği ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “İpoteka haqqında” AR Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. Belə ki, «İpoteka haqqında» AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Məhkəmə ipoteka predmeti olan mənzilin ipoteka müqaviləsində göstərilən məbləği nəzərə alaraq hesab edir ki, mənzilin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə ipoteka müqaviləsində göstərilən məbləğ – 35.000 manat nəzərə alınmaqla göstərilməlidir. Məhkəmə iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli 4№-li qərarının 6.8-ci maddəsin əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsində tutulmalı olan pul məbləği konkret göstərilməli olduğundan, ipoteka ilə yüklü edilmiş əmlakın satışından isə əldə edilən pulun borcun ödənilməsinə yetərli olmaması və yerdə qalan borcun hansı məbləğ təşkil etməsi məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən, həmçinin yaranmış ümumi borc qətnamə ilə tutulduğundan və ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda yerdə qalan borcun yenidən tutulması cavabdehlərdən tutulacaq borcun təkrar tutulması ilə nəticələndiyindən və bu hal qanunvericiliyin tələblərinə zidd olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ipoteka qoyulmuş yaşayış evi satıldıqdan 1 ay sonra ipoteka qoyan Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 ipoteka qoyulmuş mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi hissəsində də təmin edilməlidir. “İpoteka haqqında” AR Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Göstərilən Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutalaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş mənzilə tutma yönəldildikdən sonra həmin mənzil 1 ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılmalı, əks təqdirdə cavabdehlər məcburi qaydada mənzildən çıxarılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində mənzil üzrə qeydiyyatdan çıxmazsa, bu halda onların istifadə hüquqlarına məcburi qaydada xitam verilməlidir. Məhkəmə ipoteka predmeti olan mənzil satıldıqdan sonra onun banka təhvil verilməsi tələbi üzrə qeyd edir ki, həmin hissədə əsassızdır. Belə ki, ipoteka predmeti olan mənzil açıq hərracdan satıldıqdan və Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldıldıqdan sonra mənzil onu almış şəxsə təhvil verilməlidir. Məhkəmə habelə qeyd edir ki, Cavabdeh1 tutulması tələb olunan pul məbləği xarici valyuta ilə göstərildiyindən, tutulacaq məbləğ AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı da tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…. QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 22.10.2015-ci il tarixli, 21-G1-1-0-427- 15 saylı kredit müqaviləsi üzrə 21.04.2021-ci il tarixə yaranmış 2199,24 ABŞ dolları əsas borc, 1548,21 ABŞ dolları faiz, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış 5% illik faiz dərəcəsi alınmaqla 6,85 ABŞ dolları faiz borcu, cəmi 3800,4 (üç min səkkiz yüz ABŞ dolları qırx sent) ABŞ dolları məbləğində pul vəsaiti tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat və ipoteka haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 (on) manat və xidmət haqqı kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul tutulsun. Həmin tutma Cavabdeh1 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 21 saylı evin 44 saylı mənzilinə yönəldilsin, həmin əmlak ilkin satış qiyməti 35.000 (otuz beş min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Cavabdeh1 qaytarılsın. İpoteka predmeti olan əmlak açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılsın və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılsınlar. Cavabdeh1 və Cavabdeh2 mənzil satıldıqdan 1 ay sonra mənzildən qeydiyyatdan çıxmazlarsa, onların istifadə hüquqlarına 10 təqvim günü müddətində məcburi qaydada xitam verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar