Məhkəmə qərarları › İş №2(009)-1714/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1714/2020

18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1714/2020 18.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qurbanova (Cəfərova) Sabirə xanım Sabir qızına qarşı borcun qaytarılmasına dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qurbanova (Cəfərova) Sabirə xanım Sabir qızına qarşı borcun qaytarılmasına tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 2016-cı ilin yay aylarında Qurbanova (Cəfərova) Sabirəxanımla şifahi razılaşma əsasında xaricdə təhsil almağına görə 3-4 il ərzində qaytarmaq şərti ilə “xxxxxxxxxxxxxxx” ASC-nin “Western Union” sistemi vasitəsi ilə xx.xx.2016-cı, xx.xx.2016-cı, xx.xx.2016-cı, xx.xx.2016-cı, xx.xx.2018-ci il tarixlərində cəmi 4261 ABŞ dolları pul köçürmüşdür. Həmin dövrdə o, özünə məxsus mənzilini satıb və həmin puldan cavabdehə borc pul vermişdir. 10.000 ABŞ dolları mərhum atası X4 vasitəsilə əlbəəl cavabdehə verilib, əmisi Cəfərov X5 və əmisi oğlu Əfqan Cəfərovun adlarından cavabdehin adına pul köçürmüşdür. Lakin hal-hazırda sübut kimi yalnız öz adından göndərilən məbləğ sadəcə 4261 ABŞ dollarıdır. O, dövlət qulluqçusudur, Bakı Ağır Cinayətlər Məhkəməsində məsləhətçi-tərcüməçi çalışır. Himayəsində bir azyaşlı uşaq və epilepsiya xəstəliyindən əziyyət çəkən anası var. Cavabdehə dəfələrlə zərg etmişdir, lakin sonuncu cavab vermir, sms yazıb bildirmişdir çətin vəziyyətini, oxuyub cavab vermədən onun bütün nömrələrini atır bloka, borcunu qaytarmaqdan yayınır. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 4261 ABŞ dolları məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdeh onun bacısıdır. Cavabdeh Çexiya Respublikasında təhsil almaq üçün 10000 ABŞ dolları məbləğində pul lazım olduğunu bildirmiş. O, evinin satışından əldə etdiyi pul vəsaitindən 10000 ABŞ dolları məbləğində pulu mərhum atası vasitəsi ilə bacısına vermişdir. həmin pul bu günədək ona qaytarılmamışdır. Eyni zamanda bacısı təhsil aldığı müddətdə təhsil haqqı adı ilə ondan pul köçürmələrini xahiş etmiş və bildirmişdir ki, Bakıya qayıtdıqdan sonra 3-4 il ərzində həmin pulu da qaytaracaq. Lakin 2016-cı ildə cəmi 4261 ABŞ dolları məbləğində pulu köçürümə yolu ilə cavabdehə göndərsə də, həmin vaxtdan cavabdehin qaytarmaq üçün öhdəlik götürdüyü müddət də keçsə də, bu günədək borc qaytarılmamışdır. Ona görə də məcburiyyət qarşısında qalıb hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Qurbanova (Cəfərova) Sabirəxanım Sabir qızı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Bakı şəhəri 5 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin kserosurətinə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 6/8 saylı evin 10 saylı mənzilini X1. İş üzrə “xxxxxxxxxxxxxxx” ASC-nin pul köçürülməsi haqqında ərizədərdən və hesabdan çıxarışından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2016-cı il tarixdə 951 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 851 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 404 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 851 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 1051 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 153 ABŞ dolları, cəmi 4261 ABŞ dolları məbləğində pul köçürülmüşdür. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun tərəfindən cavabdehin xahişi ilə 2016-cı ilin müxtəlif aylarında “Vestern Union” pul köçürməsi xidməti vasitəsi ilə 4261 ABŞ dolları məbləğində pul köçürülmüşdür. Həmin pul məbləğlərini cavabdehin xaricdə təhsil alması ilə bağlı göndərmiş və cavabdeh həmin geri pulu qaytarmaq barədə öhdəlik götürsə də, həmin öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı həmin pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, həqiqətən də iddiaçı tərəfindən cavabdeh Qurbanova (Cəfərova) Sabirəxanım Sabir qızına xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il tarixlərdə cəmi 4261 ABŞ dolları məbləğində pul “Vestern Union pul köçürmələri xidməti vasitəsi ilə köçürülmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh ona iddiaçı tərəfindən köçürülmüş pulu qəbul etsə də, hazırki vaxtadək onu iddiaçıya qaytarmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında olan münasibətlər borc münasibətləri olmuşdur və onlar arasında bu münasibətlər yazılı formada rəsmiləşdirilməsə də, iddiaçı tərəfindən cavabdehə pul köçürmə xidməti vasitəsi ilə göndərilmiş pul məbləğləri yazılı formada bağlanmış əqdə bərabər tutulmalıdır. Belə ki, iddiaçı tərəfindən pul köçürülən zaman cavabdeh xarici ölkədə olmuşdur və bu səbəbdən həmin əqdin yazılı formasına riayət edilməsi mümkün olmamışdır. Digər tərəfdən pul hissə-hissə göndərilmiş və göndərilən məbləğlərin heç biri borcun yazılı formasına riayət edilməsini nəzərdə tutan qanunun müəyyən edilmiş həddini keçməmişdir. AR Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd edir cavabdehin iddiaçı qarşısında olan borc öhdəliyinin yaranması təqdim olunan sənədlərlə sübut olunduğundan və cavabdeh həmin borcun qaytarılması barədə götürdüyü öhdəliyi bu günədək yerinə yetirmədiyindən, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı hesab edilməlidir. AR Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Qurbanova (Cəfərova) Sabirəxanım Sabir qızından İddiaçı xeyrinə 4261 (dörd min iki yüz altmış bir) ABŞ dolları məbləğində pul vəsaiti tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar