Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-172/2021 22.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh MMC-də cərrah işləyən Xəyyam Məsiyev tərəfindən xx xxx 2019-cu il tarixdə burun çəpərində olan problem səbəbindən əməliyyat olunmuşdur.Sözügedən əməliyyata görə onun tərəfindən cavabdehə 1345 manat məbləğində pul ödəniş edilmişdir. Əməliyyat uğursuz keçmişdir, təkrar əməliyyat olması üçün isə 1700 manat məbləğində pul tələb olunur. Təkrar əməliyyat olunmasına səbəb isə cavabdeh klinikada fəaliyyət göstərən cərrah Xəyyam Məsiyevin bu əməliyyata səhlənkar yanaşmasıdır. Özü ilə görüşdükdə isə əməliyyatın uğursuz keçdiyini və təkrar əməliyyata ehtiyac olduğunu və buna görə isə yenidən 1700 manat məbləğində pul yenidən ödəməli olduğunu bildirir. Bu uğursuz əməliyyata görə ödədiyi məbləği geri qaytarılması üçün cavabdehə xx.xx.2020-ci il tarixdə pretenziya məktubu göndərilsə də, bu günə qədər binada məhəl qoyulmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh MMC tərəfindən vurulmuş zərərə görə 1345 manat, 8 manat kuryer xidməti üçün ödənilmiş məbləğ, 31 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, cəmi 1384 manat pulun İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o ekspert rəyi ilə razı deyil. Ekspertizada olarkən onu müayinə edən ekspertə nəfəs almada problemin olduğunu bildirmiş, ona demişlər ki, onlar o işə baxmırlar, onlar yalnız həkimin apardığı əməliyyatın düzgünlüyünü yoxlayırlar. Nəfəs almada problemi olduğu üçün həkimə müraciət etmişdir, lakin əməliyyatdan sonra bu problem aradan qalxmadığından və nəticəsiz olduğundan həkim ondan təkrar əməliyyat üçün pul tələb etdiyindən o, isə bununla razılaşmadığı üçün hesab edir ki, nəticəsiz olan əməliyyata görə sərf etdiyi pul ona geri qaytarılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Xəyyam Məsiyev məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə “Hospital” qismində “xxxx” MMC-nin tabeçiliyində olan Cavabdeh ilə “Xəstə” qismində İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli tibbi xidmət müqaviləsinin kserosurətindən görünür ki, “Hospital” əvvəlcədən razılaşdırılmış tibbi xidməti həyata keçirməyi, “Xəstə” və ya “Xəstənin qohumu” isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əlavə 1”də təqdim olunan “Qiymət Cədvəli”nə əsasən müəyyənləşdirilən xidmət haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən “Hospital” tibbi xidmətləri və cərrahi əməliyyatı “Xəstə və ya “Xəstənin qohumu” ilə imzalanmış bu müqaviləyə və “Cərrahi əməliyyatın keçirilməsinə razılıq vərəqəsi”nə əsasən göstərir. İş üzrə İddiaçı tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli cərrahi əməliyyatın keçirilməsinə razılıq vərəqəsindən görünür ki, aparılmış müayinələrin nəticələrinə əsasən xəstə İddiaçı cərrahi müdaxilə göstərişdir. Buna görə də həkim-cərrah Xəyyam Məsiyev və həkim anestezioloqreanimatoloq Fuad Quliyev xəbərdar edirlər ki, cərrahi əməliyyat və ənesteziya zamanı, eləcə də əməliyyatdan sonrakı dövrdə xəstədə ağrlaşmaların (o cümlədən ölümlə nəticələnəcəyi istisna olunmayan) olması mümkündür. Onlar bəyan edirlər ki, qeyd edilənlərlə, o cümlədən cərrahi əməliyyatın həyatı riskləri, təhlükələri, əmələ gələ biləcək fəsadları barədə onlara tam məlumat verildi və onlar cərrahi əməliyyatın istisna olunmayan müvəffəqiyyətsizliyinin (həkim səhvi istisna olmaqla) maddi və mənəvi məsuliyyətini öz üzərinə götürməklə, öz azad iradəsi ilə cərrahi əməliyyatın aparılmasına yazılı surətdə razlıq verirlər. İş üzrə Cavabdeh MMC-nin 0898/19 No-li Xəstəlik tarixindən çıxarış-Epikrizdən görünür ki, xəstə İddiaçı xx.xx.2019-cu il tarixdə klinikaya daxil olmuşdur. Kliniki diaqnoz: Burun çəpəri əyriliyi. Burun balıqqulaqlarının hipertrofiyası. Xəstənin deməsinə görə özünü bir neçə ildir ki, xəstə hesab edir. Şikayətləri burun tənəffüsünün pozulması, təngənəfəslik. Klinikaya müraciət etmiş, müayinələrdən keçmiş, yuxarıda qeyd olunan diaqnoz qoyulmuş və cərrahi müalicə təklif olunmuşdur. Xəstə stasionar müayinə və müalicə üçün hospitalizasiya olunur. Xəstəyə kardioloqun və anestezioloqun baxışı olmuşdur. xx.xx.2019-cu il tarixdə xəstə üzərində “Septoplastika. Knka RF” cərrahi əməliyyatı aparılıb. Əməliyyat fəsadsız keçib. Əməliyyatdan sonakı dövrdə xəstəyə antibakterial, simptomatik müalicə aparılmış, ağırlaşma qeyd olunmamışdır. Xəstə xx.xx.2019-cu il tarixdən kafi vəziyyətdə ambulator müalicəyə yazılır. Evə yazılarkən xəstənin ümumi vəziyyəti qənaətbəxşdir. Fəaldır. Dəri və selikli qişaları təmizdir. Ambulator nəzarət məsləhət görülmüşdür. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 496/KEŞ saylı rəyinə əsasən, 1956-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:
1. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeha müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “Burun çəpəri əyriliyi. Alt burun balıqqulaqlarının hipertrofiyası” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq “Septoplastika. Konxa RF” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra hər hansı bir ağırlaşma olmamış və xəstə həmin gün kafi vəziyyətdə evə yazılmışdır.
2. İddiaçı üzərində aparılmış cərrahiyyə əməliyyatı faktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir.
3. İddiaçı mütəxəssis müayinəsinə əsasən onda burun tənəffüsünün çətinləşməsi aparılmış cərrahiyyə əməliyyatı ilə deyil, burun qanadlarının prolapsusu ilə əlaqədar olduğu müəyyən edilmişdir. 4.,5. İddiaçı icra edilmiş “Septoplastika” cərrahiyyə əməliyyatı ilə əlaqədar ona təkrar operativ müdaxilənin aparılmasına tibbi göstəriş yoxdur. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə tibbi xidmət müqaviləsi bağlanılmış, aparılmış müvafiq müayinələrdən sonra iddiaçıya “Burun çəpəri əyriliyi. Alt burun balıqqulaqlarının hipertrofiyası” diaqnozu təyin edilmiş, diaqnoza uyğun olaraq “Septoplastika. Konka RF” cərrahiyyə əməliyyatı həyata keçirilmişdir. Əməliyyatdan sonra iddiaçı kafi vəziyyətdə evə buraxılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı hospitala müraciət edərək ilkin müayinə üçün 45 manat, cərrahiyyə əməliyyatı üçün 1300 manat ödəniş etmiş, lakin əməliyyatdan sonra ondan olan problem aradan qalxmamışdır və nəfəs almağa yenə də çətinlik var. İlkin əməliyyat uğursuz keçdiyinə görə iddiaçı təkrar əməliyyat üçün 1700 manat məbləğində pul ödəməlidir. Uğursuz əməliyyata görə iddiaçıya 1345 manat ziyan dəymişdir. Bu səbəbdən iddiaçı 1345 manat ziyanın, 8 manat kuryer xidməti üçün ödənilmiş məbləğin və 31 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı üzərində aparılmış əməliyyatın uğurlu olub-olmaması, həmin əməliyyatdan sonra təkrar operativ müdaxilənin aparılmasına zərurət olub-olmamasını müəyyən edilməsi xüsusi bilik tələb edən məsələ olduğundan, məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmişdir . Verilmiş ekspert rəyi ilə müyyən edilmişdir ki, İddiaçı üzərində aparılmış cərrahiyyə əməliyyatı faktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir, onda burun tənəffüsünün çətinləşməsi aparılmış cərrahiyyə əməliyyatı ilə deyil, burun qanadlarının prolapsusu ilə əlaqədardır və icra edilmiş “Septoplastika” cərrahiyyə əməliyyatı ilə əlaqədar ona təkrar operativ müdaxilənin aparılmasına tibbi göstəriş yoxdur. Göründüyü kimi eksprert rəyi ilə iddiaçı üzərində cərrahiyyə əməliyyatının hər hansı pozuntu olmadan həyata keçirilməsi müəyyən edilmişdir. Eyni zamanda ekspert rəyi ilə iddiaçıda burun tənəffüsünün çətinləşməsi aparılmış cərrahiyyə əməliyyatı ilə deyil, burun qanadlarının prolapsusu ilə əlaqədar olmasını və aparılmış “Septoplastika” cərrahiyyə əməliyyatı ilə əlaqədar ona təkrar operativ müdaxilənin aparılmasına tibbi göstəriş olmamasını müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə iddiaçı üzərində cərrahi əməliyyatın uğursuz aparılması müəyyən edilmədiyindən və bu hal iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapdığından, eyni zamanda iddiaçı tərəfindən bu halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından, irəli sürülmüş tələb əsaslı hesab edilə bilməz. Belə ki, qanunvericiliyin tələblərinə əsasən ziyanın tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlmiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. İddiaçının burun tənəffüsünün çətinləşməsi aparılmış cərrahi əməliyyat nəticəsində baş verməsi müəyyən edilmədiyindən, eyni zamanda iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 1345 manat ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi 1345 manat məbləğində pulun tutulması hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə xx xxxxx 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X1 Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Göründüyü kimi həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də X1 Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının tələbi 1345 manatın tutulması hissəsində əsassız hesab edildiyindən, iddia tələbi kuryer xidməti üçün ödənilmiş 8 manat pulun və dövlət rüsumunun tutulması hissəsində də əsassız hesab edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddiaçı Cavabdeh MMC-yə qarşı vurulmuş zərərə görə 1345 manat, kuryer xidməti üçün ödənilmiş 8 manat, ödənilmiş dövlət rüsumunun əvəzi 31 manat, cəmi 1384 manat pulun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Şahin Abdullayev