Məhkəmə qərarları › İş №2(009)-172/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-172/2023

27.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-172/2023 27.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın tutulması” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 manat maddi ziyanın və məhkəmə xərclərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, bir neçə ildir mənzilindən yuxarıda yaşayan vətəndaş Cavabdeh dəfələrlə müraciətinə baxmayaraq mənzilinə daima su axıntısının qarşısını almır və təmir aparmaqdan imtina edir. Növbəti müraciətinə kobud cavab verdikdə məcbur olub 58 saylı MKİS və Səbail RPİ-nin 9-cu polis şöbəsinə müraciət etmişdir. Hər iki təşkilatdan nümayəndələr gəlib baxış keçirərək akt tərtib etmişdirlər. Dəvət etdiyi mütəxəssislər Cavabdeh ona məxsus mənzildə su və kanalizasiya sistemini təmir etmiş olsa təmirə 2500 manat vəsait tələb olunduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında qonşunun evinə su axıntısının olduğunu təsdiqləmiş, bu axıntının necə baş verməsinin müəyyən edilməsi üçün 2 dəfə usta çağırdığını və həmin ustaların su axıntısının onun evindən axmadığını bildirmiş, akt tərtib edilən zaman isə orada olmadığını məhkəmənin diqqətinə çatdıraraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin MH seriyalı, 017229 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, A.İsgəndərov küçəsi 1 saylı evin 11 saylı mənzili X2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan 58 MKİS-nin 310 nömrəli arayışından görünür ki, A.İsgəndərov küçəsi 1 saylı evin 13 saylı mənzili xx.xx.2019-cu ildən Cavabdeh xüsusi mülkiyyətindədir. Qeydiyyatı yoxdur və hal-hazırda bu ünvanda yaşayır. İş materiallarında olan 58 MKİS-nin 305 nömrəli arayışından görünür ki, X3 A.İsgəndərov küçəsi 1 saylı evin 11 saylı mənzilində qeydiyyatdadır və yaşayır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 10/215 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən, iş üzrə cavabdehə məxsus 13 saylı mənzilə baxış zamanı mənzilin sanitar qovşağının aşkarda olan boru birləşmələrində və sanitar qovşaq avadanlıqlarında faktiki olaraq qüsur (su sızıntısı, boru birləşmələrində çatlar və s.) aşkar edilməmişdir. Belə olan halda su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Lakin, mülki iş materiallarında olan Səbail RPİ-nin 9-cu PB sahə inspektoru Y.Məmmədov, Səbail rayon 58 saylı MKİS-in sahə bələdçisi S.İsgəndərov və iş üzrə iddiaçı tərəf olan İddiaçı tərəfindən tərtib edilmiş akta əsasən ünvan 1 ünvanında yerləşən, iş üzrə iddiaçıya məxsus mənzilə həmin ünvanda yerləşən 13 saylı mənzildən su sızdığı müəyyən olunur. ünvan 1 ünvanında yerləşən iş üzrə iddiaçıya məxsus 11 saylı mənzilə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinri işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 1243 manat məbləğində müəyyən olunmuşdur. (aparılmış təhqiqatın dəyəri 50 manat) Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, A.İsgəndərov küçəsi 1 saylı evin 11 saylı mənzilində yaşayır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının yaşadığı mənzilinə su axıdılması nəticəsində mənzilində müxtəlif həcmdə qüsurlar yaranmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun yaşadığı mənzilə su cavabdehin yaşadığı mənzildən axıdılmış və bunun nəticəsində mənzilə maddi ziyan dəymişdir. Bu səbəbdən iddiaçı vurulmuş ziyanın cavabdehdən tutulması məhkəmədən xahiş etmişdir. Məhkəmə verilmiş tələb üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş Səbail RPİ-nin 9-cu PB sahə inspektoru Y.Məmmədov, Səbail rayon 58 saylı MKİS-in sahə bələdçisi S.İsgəndərov və iş üzrə iddiaçı tərəf olan İddiaçı tərəfindən tərtib edilmiş akt ilə bağlı məhkəmə qeyd edir ki, aktın tərtib edilmə tarixi qeyd edilmədiyindən, həmçinin A.İsgəndərov küçəsi 1 saylı evin 13 saylı mənzilin sahibinin iştirakı olmadan, mənzilə baxış keçirmədən birtərəfli qaydada tərtib edildiyindən və həmin hala dair digər sübut vasitəsi təqdim edilmədiyindən həqiqəti əks etdirən halın müəyyən edilməsi mümkün olmadığından qeyd edilən sübut vasitəsi iş üzrə mötəbər sübut qismində qəbul edilməsi məqsədə müvafiq deyildir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus əmlaka ziyan cavabdehin təqsiri, hüquqa zidd əməlləri nəticəsində vurulması iş üzrə toplanmış sübutlarla təsdiq olunmadığından cavabdeh həmin ziyanla bağlı mülki-hüquq məsuliyyəti daşımır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən aparılmış məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar